“Sənə desəm ki…”-ŞEİR

Gün Ay Ümid

 

ÖLÜMQABAĞI ŞEİR

 

Sənə desəm ki,

Hələ də Floranı dinləyirəm

Səndən ötrü darıxanda…

Hələ də sən yadıma düşürsən

Filimlərə baxanda…

 

Sənə desəm ki,

Həyata sətirlər ardından baxırdım

Sən gedəndə…

Ayaqların gedişinin dilində

Sərbəst şeir pıcıldayırdı

Yolların qulağına.

Mən susurdum.

 

Sənə desem ki,

Hər bahar ətrini səpələyir şeirlərimə…

Sən olanda

Misralarım dəstə-dəstə gül idi.

Yadımdadı

Qalmaq üçün bəhanə axtarırsan

Sətirlərin arasına sıxışmış vergül idi.

 

Sənə desəm ki…

Gedərkən

Hıçqıran addımlarının taqqıltısı

Şair bağrımı deşib qanadan nidaydı.

Unutmamışam

Titrək səsinə çarəsizlik qarışmışdı…

Şeir rəngli gözlərinə kədər daha çox yaraşmışdı.

 

Sənə desəm ki,

İçimi yumruqlamaqdan

Göyərib taqətimin qolları,

Qələmimə söykənib yorgunlugum…

Hər aprel gələndə

Bu şeiri yenidən doğur susqunluğum.

 

Sənə desəm ki,

dilaltı dərmanımla

heca-heca əriyir adın

Udqunduqca boğuluram!

 

Sənə desəm ki,

Hər şeyi unudum deyə

Əlimə keçən bütun şeirləri

Acgözlüklə başıma cəkirəm…

Tufan olub hisslərimdə qopursan.

Bütun şeirlər canına çəkib səni

Onlarla yenidən ruhuma hopursan…

 

Sənə desəm ki…

Desəm ki sənə…

Bütün sükutumda qulağımı batırır səsin…

Cəsarətim əllərimdə soyuyur,

titrəyir, itir…

Nə vaxt ki

“Çıx gəl” yazmaq istəyirəm

Mürəkkəbim bitir…

 

BİR DÖŞƏMƏ ŞƏKİL

 

Bir rəsmi çıxar qarşına və

Xatirələr dolu kimi yağar üstünə…

Unutdum dediyin

“O”-nun halqasından çıxmağa

qoymaz unudub yırtmadığın bircə rəsmi…

Armudu stəkanın boğazında düyunlənər çay…

İçməyi də unudarsan…

İşıqları sondürüb qaranlığı yandırarsan…

Dizi çıxmış pijamanın

Qucağında bircə yumruğa dönərsən…

Ovcunda əzib döşəməyə tulladığın

O rəsimdən düşüb gələr sənə sarı

Seçə bilməzsən üzünü de…

Ona deyəsi milyonlarla söz içindən

Bircə nəfəs giley pıçıldayarsan

“O”nun qulağına

“Niyə qayıtdın?…”

10.02.2018

 

 

MƏNİ

 

Şeytan qondu pəncərəmə,

Dünyam uçdu zəlzələmə,

Bu xaraba mənzərəmə,

Baxan seyr bildi məni.

 

Yerim qalmadı köçümdə,

Qisas olmadı öcümdə,

Sevdim dərdimi içimdə,

Kədər xeyir bildi məni.

 

Şaxtanın közündən düşdüm,
Bir lalın sözündən düşdüm,
Qələmin gözündən düşdüm,
Vərəq şeir bildi məni.
2012
BALIQÇI
Evdən çıxanda ümidini götürüb çıxdı.
Yollar ilana dönüb ürəyini sıxdı.
Şütüyən küləyin qəzəbi,
Arvadının tənəsi tək soyuq idi.
Qismətinin gözləri kor, bəxti tək oyuq idi.
Dünən də uşaqlarının yanına
Ciblərini yumruğuyla doldurub, getmişdi.
Dünən də boş əllərinin içində ərimişdi, bitmişdi!!!
Dünən də Duaya qalxmış əlləri,
Hörümçəyə dönüb gümanina ev toxuyurdu.
Dünən də süfrəsinin başinda
Aclıq xor oxuyurdu.
Bu gün də dənizdən boş çıxan qarmagi,
boğazina ilişmişdi,
qəhərini dəlmişdi.
Bu gün də dənizə qəlbinazik gəlmişdi.
Üşüyürdü…
Acmışdı dəniz də sahilini gəmirirdi.
Bir gəmi, bir qayıq gəzirdi batırmağa,
tutmağa.
Bir qismət adam gəzirdi udmağa.
Buludlar ağladıqca balıqçının vedrəsinə,
Qagayı ləpirlərinin əlindən tutub,
Son damlada doldu balıqçı.
Susdu dəniz,
kəsdi yağış,
Dənizə yem oldu balıqçı.
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button