Sən, ey səcdəgahım mənim-ELÇİBƏY YAZI MÜSABİQƏSİNƏ

Böyük türk ƏBÜLFƏZ ELÇİBƏYin 80 illik yubileyinə

 

Elçibəyim, ey öndərim,

Ey saflığın nümunəsi,

Sənin ruhundan süzüldü,

Azərbaycanın haqq səsi.

Elçibəyim, ey öndərim,

Ey milyonların mürşidi,

Sən sağ ikən olandansan

Milli azadlıq şəhidi.

Elçibəyim, ey öndərim,

Ey peyğəmbər şahım mənim!

Ey üzü Allahın nuru,

Əməli salehim mənim!

Millətə ucalıq verən

Misilsiz bir dahim mənim!

 

İnsan kimi doğulmadın,

Doğdun Aytək, Günəş kimi.

Qolumdakı zəncirləri

Doğradın lap atəş kimi.

Düşüncəndə millət vardı,

Ürəyində qüdrət vardı.

Məmməd Əmin ruhusan sən,

Hər sözündə hikmət vardı.

Görürdün bəsirətinlə,

Şəfəq saçan istiqbalı,

Sənə doğma hədəf idi

Millətlərin istiqlalı.

Bilirdim ki, açılacaq

O xoşbəxt sabahım mənim.

 

Bu, qismətdi, doğubsan sən

Ulu Ulgenin ruhundan,

Haqq əmriylə törəyibsən

Oğuzların öz belindən.

Sən vərəq-vərəq oxunan

Tarixisən millətimin.

Hər görüşdə, hər çıxışda

Qayəsisən söhbətimin.

Min əzabdan keçmisən sən,

Zəfər durur qabağında.

Hüququdur bu, üçrəngli,

Ay-ulduzlu bayrağın da.

Təfsirin millət sevgisi,

Olubdur silahım mənim.

 

İndi hamı bayram edir

Yaşıyın səksən ilini.

Bəlkə səksən min il əvvəl

Şad eyləmisən elini.

Deyirlər, Mu qitəsində

Varıymış Günəş ölkəsi.

Başında da dayanırmış,

Yenilməz türk sərkərdəsi.

Yoxsa, Teoman, Metemi,

Babəkin özüydünmü sən?

Tarix boyu hayqırmısan

Daim Vətən, Vətən, Vətən!

Yuxumda da, əyanda da

Olursan pənahım mənim.

 

İmzan var mübarizədə,

Söz yox qeydimin üstündən.

Bu yurda gələn işğalçı

Keçər meydimin üstündən.

Hər müridin bir ordudur,

Yaşayırıq əqidənlə.

Nəfsimiz kəlam axtarır,

İşimiz yox ucuz dənlə.

Sənin qoyduğun miraslar

Bəlkə ən saf siyasətdi.

Allahın “Yaran” əmrinə

Sədaqətdi, mərhəmətdi.

Elə bunca müqəddəsdir

Ulu qibləgahım mənim.

 

Düşünürəm, sən dərgahda

Qırxların öz dəstindəsən.

Ədalətli amalıyın

Orada da üstündəsən.

Sözüyün əvvəli, sonu

Tanrıya söyləyirsən can,

Amma hər ikinci kəlmən

Müdam olur Azərbaycan.

Bilirəm kövrəkliyin var,

Qəlbin yamanca yuxadı.

Bəşəri sevgilər səndə

Coşqun çay kimi axadı.

Ürəklərdə heykəlin var,

Sən ey səcdəgahım mənim!

 

Elbəyi Cəlaloğlu, Bakı, 15.06.2018

 

Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button