Şərəfsiz məmurlar

Aynur İmranova

Şərəf və ləyaqətin təhqir olunması ittihamı ilə aparılan məhkəmələr… Azərbaycan mətbuatının neçə illər çəkildiyi əcir qapısı… Dövlət məmurlarının, ictimai xadimlərin, hörmətli-hörmətsiz hər kəsin haqlarında çıxan hər yazı üçün “ətəyini” əlinə alıb məhkəməyə qaçması bu ölkədə adi haldır. Azrəbaycanda bir çox insan Avropa ölkələrində və yaxud da ən azından Rusiya paytaxtında olub.

Məsələn, Rusiyanın paytaxtı Moskva şəhərində şəhərin mərkəzində, “Arbat” adlandırılan ərazidə insanlar kiçik stulların üzərinə çıxaraq ölkənin siyasi və ictimai xadimlərini tənqid və təhqir edə bilir. Hətta şeirlər belə yazılır. Onlar nə həbs olunur, nə də məhkəmələrdə “dara” çəkilir. Bu yaxınlarda “Xural” qəzetinin üzləşdiyi məhkəmə “dalğası” məni bu məsələ ilə bağlı bir daha düşünməyə vadar etdi. Çünki proseslərin gedişindən bəzən “nə yaxşı ki, orta əsrlərdə yaşamırıq, insanların duelə çağrılması dövrləri keçib” deyə düşünürəm.

Bəs dünyada bu sistem necədir? Amerikada və Avropada siyasi liderlərin şəkillərini yandıran, onları tənqid və təhqir edən insanlar hüquq adı altında maskalanmış təqiblərə məruz qalırmı? Az zaman öncə Zahir Əzəmətə qarşı qaldırılan eyni xarakterli məhkəmə işində vəkilin əsaslandırlımasında belə hallara Avropanın münasibətini gördük.

“Avropa Məhkəməsi oxşar ifadələrlə bağlı mövqeyini «Linqens Avstriyaya qarşı» işində göstərmişdir. Belə ki, Avstriyada çıxan «Profil» jurnalının yazarı olan cənab Linqens o zamankı Avstriya kansleri Cənab Krayskinin ünvanına «mənəviyyatsız», «ləyaqətsiz» və «ən aşağı səviyyəli opportunist» kimi ifadələr işlətmişdi. Məhz həmin iş üzrə ilk dəfə Avropa Məhkəməsi mətbuatın «cəmiyyətin keşikçisi» olması ifadəsini işlətmiş və jurnalistin şişirdilmiş və müəyyən provokativ ifadələrdən istifadə etmə azadlığını təsbit etmiş, həmçinin əlavə olaraq Məhkəmədə məlumatlarla (faktlarla) rəylər (qiymətləndirici mülahizələr) arasında fərq qoyulması zərurəti ideyasını ortaya atmışdı”.

Bu, nə demək idi? Avropa düşüncəsi siyasi və ictimai xadimin ictimaiyyətə mal olduğu üçün onun haqqında müzakirələri, münasibətləri, KİV nümayəndələrinin fikirlərini “təsvir etmək” üçün hətta təhqiramiz ifadələrdən istifadə etməsini sərbəst edir. Bu, o anlama gəlir ki, Avropanın, Amerikanın və bütün dünyanın demokratik kəsiminin siyasi xadimləri “şərəfsiz” və “ləyaqətsiz” hesab olunmalıdır? Axı, bu siyasətçilər bizim kimi “əldəqayırma” demokratik ölkələrin siyasətçilərindən çox-çox vicdanla və məsuliyyətlə işlərinin öhdəsindən gəlirlər. Əlbəttə ki, xeyr. İnkişaf etmiş ölkələrdə insanlar özlərinə heç də bizimkilərdən az hörmət etmirlər. Sadəcə, düşüncə və iş aydınları olaraq bu insanlar başa düşürlər ki, işində olan qüsurlara görə, bu qüsuru işıqlandıranları deyil, qüsuru aradan qaldırmaq lazımdır.

Bəs o zaman Azərbaycanda demokratik mühiti və azad dilləri boğmaq istəyənlər nə düşünür? Niyə jurnalistləri məhkəmə qapısında süründürür, sonra “qalib” gələrək öz şərəf və ləyaqətlərini 300-500, maksimum 3000 manata bərabər tutaraq özlərini daha da biabır edirlər? Arzumuz məmurlarımızın ən az Avropa məmurları qədər “şərəfsiz” olmasıdır. Qüsur göstərən aynanı sındırmaqla uğur əldə edilməz.

Düşün artıq azad mətbuatın yaxasından, qüsurlarınızı düzəldin!

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button