ŞƏRƏFSİZLİK!

Nurəddin Xoca

Bu yaxınlarda KİV-də şəhidə qəbir yerinin pulla satılması haqqında bir informasiya getdi. Əslində, təəccüblu bir şey yoxdur, günün reallığıdır. Mənə təəccüblü gələn bu həyat normasına çevrilmış şərəfsizliyə reaksiyadır. Hamı elliklə narazılığını bildirir, söyür. Doğrudan da hələ bu cəmiyyətdə şərəfsizliyə qarşı belə güclü təpki var? Mən şəxsən elə bilirəm ki, biz artıq buna öyrəşmişik. Hətta yeri gələndə hər birimiz o dərəcədə olmasa da, insani parametrlərlə ölçüləndə hansısa pis hərəkətlərə yol vermişik. Məsələn,  heç də uzaq keçmişdə olmayan Qarabağ əlillərinin döyülmələri, onların bütün imtiyazlarının əllərindən alınması. Bunları niyə sayıram? Tutalım ki, mən TV-lərdə hamımızın üzünə bir tüpürcək olan verilişlərdən, məktəb və xəstəxanalarda baş alıb gedən rüşvətdən, xülasə, gündəlik həyat tərzimiz olan pisliklərdən ”kimin nə deməyindən asılı oımayaraq, hər bir azad və özünə hörmət edən şəxsin şərəfsizlik kimi qiymətləndirdiyi” digər olaylardan misal çəkə bilərdim. Amma yox, hamının qəzəbinə səbəb olan məhz şəhidə qəbir yerinin pulla satılmasıdır. Nə fərqi var şəhid və yaxud əlil? Bu hadisələrə cəmiyyətin münasibəti necə oldu? Bir az media yazdı və…

Neçə illərdir ki, gözünüzün qabağında bu insanlara qarşı şərəfsizlik hökm sürmürmü? Bütün millətin borçu olan şəhid və əlillərə qulluq, onlara firavan həyat yaratmaqdan ötrü siz bir cəmiyyət olaraq bir şey etmisinizmi? Yox və əsla yox! Hətta əksinə, çoxları əlillərin əlindən dad çəkib. Soruşanda axı NİYƏ? Deyirlər ki, əşi gəlib onu tələb edir, bunu tələb edir. Bəs etməlidir də!.. SİZ də, bütün millət də onlara ehtiram göstərməlidir ki, ŞƏRƏFSİZLƏR görsünlər ki, millət onun şərəfi yolunda olümə gedən oğullarını necə qiymətləndirir. Mən sizi əmin edirəm, onda bir nəfər belə  kimliyindən asılı olmayaraq, millətin onuru ilə oynaya bilməz. Amma bizdə Qarabağ əlili kimin yanına getməyindən asılı olmayaraq, onu elə qarşılıyırlar ki, elə bil bu adam düşmənlərlə yox, öz milləti ilə savaşda əlil olub. Bu münasibəti sərgiləyən sadə, qara camaat deyil. Əsasən, bizim fəxrlə dediyimiz ziyalılardır.Qarabağ əlillərinin uşaqları niyə məktəblərdən yayınırlar, bu insanlar xəstəxanalarda həkimlərlə nə müsibət çəkirlər, hansı idarəyə, hansı müəssisəyə getsələr onlara dilənçi kimi baxırlar. Mən neçəsinə görə şəxsən mübahisələrə düşmüşəm. Mən bunların çoxunun şahidi olmuşam. Bax, 3-5 nəfərlik ailə sahibi olan, ayda 200 manat pensiya alan müharibə əlili hər yerdə arzuolunmazdır. NİYƏ? Bəyəm onlardan pul uman müəllim, həkim, məhkəmə və i. və s. imkan sahiblərinin etdikləri şərəfsizlik deyilmi? Bəs bütün bunları görüb, bilib danışmamağa, üsyan etməməyə nə ad vermək olar, cənablar? Axı bu komediyada biz də tərəf müqabiliyik. Hərdən elə bilirəm ki, bu camaat müharibə əlili görəndə fikirləşir ki, “Ay kopəyoğlu, niyə ölmədin? İndi biz sənin dərdini çəkməliyik?” Bəli, mənə elə gəlir. Yoxsa şəhidə qarşı şərəfsizlik ediblər!

Qardaşlar, siz bir az da yarı dirilər haqqında fikirləşin. Şəhid olan oğul artıq TANRI qarşısında ən yüksək mükafatını alıb. Amma şikəst olub qalan, şəhidlik mərtəbəsinə yüksələ bilməyən oğullarımız nə etməlidir, görəsən? Dirilərin uğrunda mübarizə aparın ki, sabah ölülərə qarşı şərəfsizliklər görməyəsiniz. Bəs dövlət?

Mən onun haqqında yazmaq istəmirəm. Bu qədər bəsit…

İ.S. Milyardları öz vətəndaşlarına verməyib (hansı ki, əmanət kassalarındakı borcları qaytarmaq onların birbaşa olmayan vicdan borclarıdır) daşa, mərmərə verib yerə basdıran dövlətdən nə yazasan?

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button