Şər ilə üz-üzə qoyma məni, İlham Əliyev!

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

 Hər yazımda ona görə istinad nöqtəm məhz sənsən ki, bu gün rejimin başında sən dayanırsan. Hamıdan, hər kəsdən sorumlu da məhz sənsən. Sabah lap oğlum, qardaşım bu rejimin başında durub ədalətsiz olacaqsa, mövqeyimi yenə dəyişməyəcəm.

Bilmirəm, mənə qarşı son günlər hazırlanmış bu çirkin plan sənin yanında və ya səndən xəbərsiz, sənə xoş gəlmək üçün hazırlanıb, ya yox, amma çox bəsit və eybəcərdir. Cib telefonuma zəng edirlər, hədə-qorxu gəlirlər, ev telefonuma zəng edib məni soruşurlar, hər hansı bir ad deyib haradan olduqlarını demədən dəstəyi asırlar. Onları yaxşı tanıdıqlarımı söyləyirlər. Nəzərinə çatdırım ki, mənim ev telefonumu hətta qohumlarım belə bilmirlər. Mənim lazım olduğum adam üçün cib telefonum var. Müğənni deyiləm ki, telefonumu prodüsserim qaldırsın. Amma bu insanlar mənim evimə zəng edib ailədə narahatlıq yaradırlar. Kim verib mənim ev telefonumun nömrəsini onlara, cənab İlham Əliyev? Nə məqsədlə veriblər? Bu nə mübarizə metodudur?

Mən yalnız Allahımdan qorxuram, İlham Əliyev, həm də Ona tapınaraq, Onu qəlbən sevərək qorxuram. Adamların məni hədələmələri, şantaj və ya böhtan təhdidləri məni niyə qorxuzsun ki? Bəyəm Qənimət Zahidi hansısa bir qadının şəri ilə, Mirzəni istifadə etmədiyi narkotika ilə, Eynullanı ağlının ucundan belə keçirmədiyi terror şəri ilə həbs etmədilərmi? Nə oldu, nə baş verdi ki? Adamlara nəinki məmləkətləri, hətta bütün dünya qucaq açıb. Uduzan kim oldu? Guya Elmar öldürüldü, yerimi boş qaldı? Bu gün Azərbaycan mediasında nə qədər elmarlar var. Heç hesabını söyləməyiblərmi sənə? Hələ bir ay deyil uzun müddətli fasilədən sonra yenidən mətbuata qayıtmağım. Bilirəm, nəinki səni və komandanı, hətta dostları belə təəccübləndirmişəm. “Bu niyə belə sərt gedir?” – deyə biri digərindən soruşur. Nə deyib sevməliyəm, bu iqtidarı, qardaşım? Niyə sevməliyəm? Mən dərd danışan adam deyiləm. Hamı elə bilir hər şeyim var. Ötən gün siyasi məhbuslardan birinin atası redaksiyada məni görüb mehribanlıqla görüşəndən sonra “dedilər, gözəl biznesin var, bəs niyə bu qədər sərt yazırsan? Sənə xətər yetirərlər” – deyə qayğıma qaldı. Adamın balasını sənin rejimin həbs edib, o, həm də mənim qayğıma qalır. Budur, insanlıq İlham Əliyev, budur kişilik.

Mənim evimin əşyasını satıb balama çörək almağımdırmı biznesim, İlham Əliyev? Mənim balamın məktəbə getməsi üçün lombarddan götürdüyüm pulun hər ay faizini ödəməyimdirmi biznesim, İlham Əliyev?

Ömürlük əlil, xəstə olan ailə üzvümi illərdir müalicə etdirə bilməməyim, hər gün gözümün qarşısında qətrə-qətrə əriməyidirmi biznesim, İlham Əliyev?

Yenədəmi sayım? İstəmirəm qardaşım, səndən gələn nə xeyiri, nə də ki, bəlanı. Qoy hamı bilsin, dəfələrlə olan təklifləri rədd etmişəm, bu gün də israrlıyam. Mənim mübarizəm şəxsi arzularım deyil, millətimin arzusudur. Mən ucqar bir dağ kəndində dərdi ilə baş-başa qalan kəndlinin, balasına çörək tapa bilməyən həmvətənimin dərdini sənə deyirəm. Bəs sən nəyin peşindəsən? Yığışdır bu lüzumsuz zəngləri, hədə-qorxuları. Mən ömrüm boyu nə siqaret çəkmişəm, nə də içki içirəm. Narkotikanı televizorda, kriminal verilişlərində görmüşəm. Həyatım boyu əlimə silah almamışam. Ən bəsit silahı belə işlədə bilmərəm. İllərdir ibadət edirəm. Hətta məscidlərə belə çox getmirəm ki, kiminləsə və ya nəiləsə bağlaya biləsiniz. Səhər redaksiyaya, axşam evimə gəlirəm. Sanki kamera önündə olurmuş kimi bir həyatım var. Bəs nə deyib peşimə arvad, kişi salırlar?

Mən o qədər də kövrək budaq deyiləm…

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button