Rubrikalar: GÜNDƏM KÖŞƏ YAZARLARI XuralTAC

Sərdar Cəlaloğlu yazır: “Müxalifət niyə birləşə bilmir?”

Sərdar CƏLALOĞLU,

Azərbaycan Demokrat Partiyasının sədri

I yazı

Bu gün hamını belə bir sual düşündürür: nə üçün Azərbaycan müxalifətinin 1993-cü ildən bu tərəfə apardığı mübarizə, verdiyi saysız-hesabsız itkilərə baxmayaraq, heç bir fayda verməmiş, ictimai-siyasi vəziyyət nəinki yaxşılığa doğru dəyişməmiş, əksinə pisləşmə istiqamətində inkşaf etmişdir?

Bu sualın bir və yeganə düzgün cavabı var: seçilmiş mübarizə üsulu mövcud vəziyyətin dəyişdirilməsinə qeyri-adekvat olmuşdur.

Azərbaycan müxalifəti dinc-demokratik (qeyri-zorakı) mübarizə apardığını iddia edir. Ciddi şəkildə təhlil etdikdə, aydın olur ki, müxalifətin böyük əksəriyyətinin bu cür yol seçməsi ona görə deyil ki, kifayət qədər silahı olmasına baxmayaraq, bundan imtina edir. Sadəcə ona görə imtina edir ki, silahı və gücü yoxdur. Bu da zahirdə dinc, batində zorakı mübarizə əhvalı doğurub ki, hakimiyyətə münasibətdə dinclik, özünə münasibətdə zorakılıq dilemması ilk növbədə müxalifətin özünün məhv olmasına gətirib çıxarıb. Yəni Azərbaycan müxalifətini iqtidar yox, özü özünü məğlub edib.

Buradan da sual doğur: müxalifət özünü necə məğlub edə bilər?

PSİXOLOJİ ZORAKILIQ – BİRLİKDƏN QAÇIŞ

Azərbaycanda demokratiya yoxdur və partiya çoxluğu demokratiyanın göstəricisi ola bilməz. Demokratiya yoxdursa, mübarizə demokratiya uğrunda və klassik demokratik prinsip və dəyərlərin formal olaraq hamısına əməl edilməsinə ehtiyac olmadan aparılmasını tələb edir ki, bu üsulun adı qeyri-zorakı müqavimətdir.

Bu gün demokratiyaya təhlükə həm iqtidardan, həm də çox partiyadan (çoxpartiyalılıqdan yox) gəlir.

XX əsrin məşhur fransız politoloqu Moris Dyuvrje “Siyasi partiyalar” adlı kitabında yazır: “Demokratiyanı partiyalı rejim yox, onların daxili quruluşlarındakı istiqamət təhdid edir: təhlükə partiyaların mövcudluğunda deyil, onların zaman-zaman əldə etdikləri hərbi, dini və totalitar təşkilatlanma tipindədir”.

Beləliklə, aydın olur ki, iqtidardan demokratiyaya gələn təhlükə iqtidarın mahiyyəti – onun anti-demokratikliyi, müxalifətdən gələn təhlükə müxalifətçiliyin forması – müxalifətin daxili quruluşunda yol verilən qüsurlarla bağlıdır. Buradan da “Azərbaycan siyasi pariylarının daxili qurulşunda demokratiyanı təhdid edən meyllər nədən ibarətdir və bu meyllər nədən yaranır?” sualına cavab vermək lazım gəlir.

UĞURSUZLUQ BATAQLIĞI

Dağlıq Qarabağ probleminin 30 ildən artıqdır ki, həll edilməməsi və bu sahədə ciddi bir nailiyyətin əldə edilməməsi milli səviyyədə nailiyyətsizlik sindromunu meydana çıxarmışdır – hansı ki, bu sindrom iqtidar və müxalifətdə fərqli əlamələtlərlə təzahür edir.

Azərbaycan iqtidarı uzun illərdir ki, bu sindromun təsiri altında daxili münasibətlərdə sanksiyalaşmamış zorakılıq siyasəti – repressiya siyasəti həyata keçirir, müxalifət isə bu zorakılıq şəraitində heç bir ciddi siyasi nailiyyət əldə edə bilmədiyindən, ikiqat nailiyyətsizlik sindromu yaşadığından, son illər sürətlə psixoloji zorakılıq mərhələsinə qədəm qoymuşdur. Xüsusən hakimiyyətdən devrilmiş revanşist qüvvələrin də təbii olaraq revanşizmin mahiyyətindən doğan psixoloji zorakılığa meyli üçqat özünü göstərir.

Psixoloji zorakılığı tətikləyən digər amil ictimai rəydir. Moris yazır: “Xalqın iradəsi ciddi şəkildə anarxistikdir: o, özünə xeyirli, ağıllı gələn hər şeyi etmək istəyir. O, şüuraltı olaraq hakimiyyətə zəruri şər kimi baxir və onun hakimiyyət qarşısındakı instiktiv davranışı – müqavimətdən ibarətdir”.

Odur ki, vətəndaşların özlərinin passivliyindən doğan problemlər də iqtidarın adına yazılır. İqtidar bütün ictimai problemlərin tək və yeganə baiskarı kimi təsəvvür olunur. Halbuki ictimai şəraitin formalaşmasında iqtidar yanlış idarəetmə seçməsinə və xalq mütiliyinə görə bərabər ölçüdə məsuliyyət daşıyır.

Son vaxtlar blogerlərin apardığı təbliğat kampaniyasına qoşulan vətəndaşların hakimiyyət dəyişikliklərinin üsyan yolu ilə mümkün olması haqda çağırışları, müxalifətdən üz döndərməsi əslində ictimai rəyin psixoloji zorakılığından xəbər verir – hansı ki, xalqda bu rəyi formalaşdıran əslində yalnız müxalifətin uğursuzluğu yox, həm də milli səviyyədə Qarabağ probleminin həllindəki uğursuzluqla bağlıdır.

Buradan aydın olur ki, əslində Qarabağ cəbhəsində uğurun əldə olunmamasının yaratdığı uğursuzluq sindromu daxili mübarizədə ictimai rəyi zorakılığa doğru meylləndirmişdir. Nəzərə alsaq ki, Azərbaycanda hakimiyyət həqiqətən bütün şərlərin mənbəyidir, onda xalq nəinki instinktiv olaraq, hətta şüurlu olaraq bu şərə qarşı müqavimət göstərmək istəyir. Amma bunu aşkar etməyə gücü çatmadığından, psixoloji səviyyədə müqavimətə cəhd edir ki, bu da psixoloji zorakılığa səbəb olur.

Nailiyyətsizlik sindromu uzunmüddətli fəaliyyətin nəticəsində heç bir nailiyyət əldə edilmədikdə fəaliyyət göstərən qrupların düşdüyü vəziyyəti izah edən elmi-sosioloji termindir. Naaliyyətsizlik sindromunun aşağıdakı əlamətləri vardır.

1. Öz içində düşmən ovu;

Bu sindromu yaşayan qüvvələr öz nailiyyətsizliklərinin səbəbini qarşı tərəfdə yox, özü ilə ciyin-ciyinə mübarizə aparan qüvvələrdə görürlər. Bu gün iqtidar Qarabağın azad edilməməsində müxalifəti, müxalifət isə iqtidarı ittiham edir. Halbuki Qarabağın işğaldan azad edilməməsinin səbəbi Rusiyanın və bəzi Qərb ölkələrinin Ermənistanı açıq şəkildə iqtisadi, siyasi, hərbi və maliyyə tərfdən dəstəkləməsi, bunun əksinə Azərbaycan iqtidarının öz ərazilərini hərbi yolla azad etməyə imkan verməməsi, beynəlxalq hüququn öz güçünü itirməsi, super-güclərin regional münaqişələrdən öz təsir dairələrini genişləndirmək üçün istifadə etmələri ilə bağlıdır. Burada nə iqtidarın, nə də müxalifətin heç bir ciddi günahı yoxdur.

Yaxın tariximizdən hamıya məlumdur ki, Kommunist Partiyası qalib gəldikdən sonra xalqa vəd etdiyi xoşbəxt gələcəyi verə bilmədikdən sonra, uğursuzluq sindromu yaranmış, nəticədə xalqa qarşı müxtəlif bəhanələrlə nəhəng represiyyalar aparmışdır. Dünyada ilk konslager Leninin təşəbbüsü ilə yaradılmış, Stalin dönəmində xalq düşməni isterikasi hakim olmuşdu. Bu repressiyalar yalnız opponentlərə qarşı yox, hər şeydən əvvəl və daha amansız olaraq, öz silahdaşlarına doğru yönəlmişdir. Dünyada Kommunist Partiyası kimi ikinci bir partiya tapmaq mümkün deyil ki, kütləvi şəkildə partiyadaxili (sonra da xalqdaxili) düşmən ovuna çıxsın.

İran inqilabı da eyni sindromu yaşamışdır. Xomeyninin hakimiyyətə gəlməsində müstəsna xidməti olmuş ayətulla Müntəzirinin, Şəriətmədarinin və digər din xadimlərinin və partiyaların ictimai həyatdan təcrid edilməsi bunun əlaməti idi.

2. Birlikdən qaçış;

Nailiyyətsizlik sindromunu yaşayan qüvvə özünü digər qüvvələrdən təcrid edir, destruktiv kult formalaşdırır, üzvlərinin şüuruna və davranışlarına total nəzarət etdirir. Öz üzvləri üçün xüsusi davranış modelləri, düşüncə tərzi, reallığa yanaşma qaydaları müəyyən edir – hansı ki, bir qayda olaraq həqiqətin təhrif edilməsi və yanlış davranışlar doğurur. Bunu belə bir məntiqə əsaslanır: “Eyni addımı biz atırıqsa düz, siz atırsınızsa səhvdir”.

Azərbaycan hakimiyyətinin xaricdə Azərbaycanı bütün dünyadan təcrid etməsi, daxildə özünü digər siyasi qüvvələrdən təcrid etməsi bununla bağlıdır. Buna paralel Azərbaycan müxalifətində də özünütəcrid prosesi sürətlə inkişaf edir ki, bu da “QÜVVƏLƏRİN BİLƏŞMƏMƏSİNİN” tək və yeganə səbəbidir.

Yəni bu gün ona görə müxalifət biləşmir ki, liderlər birləşməyə can atır, amma bu alınmır; əksinə, ona görə müxalifət biləşmir ki, nailiyyətsizlik sindormunu yaşayan liderlər bu sindromun təsiri altında destruktiv kult yaradaraq özünütəcrid yolu tuturlar və hər bir lider birləşmənin əleyhdarı kimi çıxış edir. Və bu zaman birləşmədən imtina əks tərəfləri əsassız itihamlarla əsaslandırılır. Halbuki, gətirilən arqumentlərin heç biri əslində həqiqəti ifadə etmir. Yeganə həqiqət nailiyyətsizlik sindromunun yaşanmasıdır.

Destruktiv kult – tərəfdarlarının üzərində tam nəzarətə malik – “şüurlara nəzarət”edən – bir nəfər və ya kiçik bir qrupun avtoritar idarəetməsini özündə ifadə edən anlayışıdır. Bütün müxalif partiyaları tərk edənlərin öz liderlərinin ünvanına səsləndirdiyi təkbaşına, yəni avtoritar idarəçilik ittihamının da əsasında bu durur. Liderlərin özünütəcrid siyasəti tərəfdarları arasında xüsusi təbliğat işinin aparılmasını tələb edir ki, bu da sosiologiyada “beyinlərin yuyulması” adlanır. Bu anlayış “şüurlara nəzarət” anlayışına sinonim kimi də işlədilir. Əgər biz diqqət etsək, görərik ki, destruktiv kulta daxil olan insanların heç birinin öz xüsusi mövqeyi yoxdur və onlar yalnız tutuquşu kimi liderlərini yamsılayırlar.

Qeyd edim ki, Azərbaycan iqtidarında da eyni səbəblərdən paralel olaraq destruktiv kult formalaşdırılmış, xalq üzərində total nəzarət yaradılmış və dünyadan, o cümlədən daxili siyasi güclərdən özünütəcridyolu tutulmuşdur.

PSİXOLOJİ ZORAKILIĞIN TƏZAHÜRİ

Psixoloji zorakılığın aşağıdakı əlamətləri vardır:

1. Qeyri-etik davranış;

Psixoloji zorakılığın birinci təzahüri qeyri-etik davranış və küçə ritorikasıdır. Bu, son aylar Azərbaycan siyasi həyatı üçün xarakterik olmayan “söyüşlə mübarizə” və ya “söyüş müharibəsi”(soyuq müharibənin oxşarlığı kimi) sosial şəbəkə mübarizəsində, xüsusən ayrı-ayrı blogerlərin apardığı siyasi təbliğat işində özünü qabarıq göstərir. Bu sindrom Azərbaycan ictimai-siyasi həyatında çox təhlükəli proseslərin baş verdiyini sübut edir.Azərbaycanda siyasi ritorikada söyüş YAP tərəfindən başladılmış, sonra AXCP və digər müxalif güclər tərəfindən tətbiq edilmişdir. İndi az qala hər partiyanin öz “söyüş briqadası” vardır. Sosial şəbəkələrdə bəlli bir qrup bir neçə saxta anketlə ancaq opponentləri söymək, təhqir etmək, böhtan və şayiə yaymaqla məşğuldur. Bu cür insanlara öz iradələrini siyasi dillə ifadə etməyə imkan verilmir.

Buradan da sual meydana çıxır: “Söyüş müharibəsi” niyə və nə üçün meydana çıxıb və bu mübarizə cəmiyyətə nə vəd edir?

Bəri başdan deyim ki, “söyüşlə mübarizə” həm də xarici xüsusi xidmət orqanları (separatçıların apardığı müharibə) tərəfindən təşkil edilib. Bu insanlar könüllü şəkildə psixoloji zorakılığın genişlənməsinə və daha çox insanın bura qoşulmasına xidmət edirlər.

Bu sirr deyil ki, özünü müstəqil şəxs kimi təqdim edən blogerlərin əksəriyyəti bu və ya digər siyasi qrupun tribunasını təşkil edirlər. Siyasi qrupların siyasi bloger xidmətindən istifadə meyli destruktiv kult üçün vacib olan şüurlara nəzarəti təmin etməyə xidmət edir. Bəzi liderlərin məhz sosial şəbəkələrdə – qapalı qruplar – dostluqlar yaradaraq, həmin qrup üzvləri ilə apardığı siyasi işin mahiyyəti də məhz şüurlara nəzarəti həyata keçirməyə xidmət edir.

Qeyd edim ki, bundan fərqli olaraq açıq qruplarda belə iş həyata keçirmək mümkün deyil.

2. Total nəzarət – DMDE modeli;

Azərbaycan iqtidarı açıq şəkildə cəmiyyətə total nəzarət etdiyini elan edib. Bu da hakimiyyətin totalitar mahiyyəti ilə bağlıdır. Son illər müxalifətdə də üzvlər üzərində total nəzarət cəhdi meylləri müşahidə olunur. Total nəzarət öncə şüurlara nəzarətdən başlayır. Şüurlara nəzarət xüsusilə onda dağıdıcı xarakter alır ki, onun köməyi ilə insanın müstəqil düşünməsi və fəaliyyət göstərməsi imkanları aradan qaldırılır. İnsan robota çevrilir. Destruktiv kultda şüura nəzarət xüsusilə fərdin həqiqi şəxsiyyətinin məhv edilməsinə – onun davranışlarına, fikirlərinə, emosiyalarına, kult liderinin obrazına oxşar – onun ikincili obrazının yaradilmasına istiqamətlənir. Nümunə kimi, məşhur tarixçi alim, kifayət qədər sanballı ziyalı olan Cəmil Həsənlinin Milli Şuraya daxil olduqdan sonra düşdüyü vəziyyəti göstərmək olar. Belə qruplara daxil olan istənilən layiqli insan qısa müddətdə, belə demək olarsa, ləyaqətini itirir və mənsub olduğu kultun əsirinə çevrilir. YAP-ın bəzi liderlərinin televiziya çıxışlarında H.Əliyevə xas hərəkətləri təqlid etmələri, onun kimi danışmaq üçün rola girmələri və hətta özlərini ona oxşatmaları məhz bununla bağlıdır. Şüura kult nəzarəti tabeçiliyin mükafatlandırıldığı və həvəsləndirildiyi sosial təşkil olunmuş işdir. Bu cür qrupa daxil olanlar üçün seçim azadlığı olmur. Maraq yalnız qrupun qəbul etdiyi doqmalar – ehkamlar olur. Məsələn, “filan lider həqiqi müxalifət, filan lider satqındır”, “Biz düz, qalan hamı yanlış yoldadır”, “Biz haqlı, başqaları haqsızdir” və s. Bu cür qruplarda reallığın şəklinin təhrif edilməsinə xidmət etməyən hər şeydən imtina edilir. Belə ki, başqa bir lederin haqlı olduğunu demək qrupa xəyanət, satqınlıq kimi dəyərləndirilir.

Qeyd edim ki, İslam dininin bütün təriqətləri də məhz destruktiv kult əsasında mövcuddur. Belə qruplar o zaman yaranır ki, lider qrupun üzvlərini aldatmaq, onların fərdiliyini və azad iradədən məhrum etmək üçün qeyri-məhdud hakimiyyətdən istifadə edir. Şüurlara nəzarətdə məqsəd tərəfdarlarını asılı, tabeçilik vəziyyətində öz ətrafinda saxlamaqdır.

Destruktiv kultun dörd növü müəyyən edilmişdir: dini və ya mənəvi qrup, siyasi qrup, kütləvi psixoterapiya qrupu və kommersiya qrupu. Biz burada ancaq siyasi qrup haqqında qısa şəhr vermək istəyirik.

Destruktiv kult “DMDE modeli”ni yaradır və inkişaf etdirir. Bu model davranış, məlumat, düşüncə və emosiya dördlüyündən ibarət xüsusi tərbiyə sistemidir.

DMDE modelində davranışa nəzarətin əsas əlamətlərindən biri, yuxarıda qeyd etdiyimiz kimi, qrupun eyni davranışlar nümayiş etdirməsidir. Bu indoktrinasiya (daxili doktrinalara əsaslanmaq) və qrup ritulları ilə həyata keçirilir. Məsələn, bir başqa partiya mitinq təşkil edirsə, destruktiv kult öz üzvlərinə o mitinqdə iştirak eməyi qadağan edir. Yəni qrup üzvləri bir və eyni hərəkəti etməyə məcbur edilir. Mitinqlərdə qrup üzvlərinin hamısından lideri alqışlamaq tələb olunur və s. Azərbaycanda mitinqlərin gedişində kimlərin bu üsulu tətbiq etdiyi hamıya məlumdur.

Məlumata nəzarətin əsas üsuluna məlumatın lazım olan istiqamətdə təhrif olunması, xalis yalan və düzgün məlumatın gizlədilməsi – özü haqqında neqativ məlumatın gizlədilməsi, başqası haqqında pozitiv məlumatın qəsdən təhrif edilməsi və heç bir əsası olmayan məlumatlar yaymaq aiddir. Son vaxtlar bu üsul sosial şəbəkə istifadəçiləri üzərində nəzarət işində geniş tətbiq edilir.

Düşüncəyə nəzarətdə əsas üsul reallığın “qrup sxeminin reallığı” kimi qəbul etdirilməsidir. Bu nə deməkdir? Hər hansı bir lider ictimai-siyasi reallığı öz maraqlarına uyğun sxematik təsvir edir. Nəticədə həqiqi reallıq əsasında təhrif olunmuş reallıq təsəvvürü meydana çıxır. Üzvlər bu cür reallığı həqiqi reallıq kimi qəbul edir. Məsələn, bir partiya seçkilərdə iştirak və ya iştirak etməmək haqqında qərar qəbul etdikdən sonra, başqalarının bu qərarın əleyhinə atdığı bütün addımlar xəyanət kimi dəyərləndirilir, halbuki bəzən özünün addımları elə məhz ümumi işə xəyanətdən ibarət olur.

Emosional nəzarətin üsulu qrupun üzvündə elə bir hissiyyat yaratmaqdır ki, o, həmişə düşdüyü problemin səbəbkarı kimi özünü görsün, nəinki qrupu və ya onun liderini. Belə halda hər bir üzv yanlış yolda olan liderin alovlu təbliğatçısına və müdafiəçisinə çevrilir, hətta bütün günahları öz üzərinə götürməyə hazır olur. Belə hallarda liderlər qrupu çox asanlıqla bataqlığa sürükləməyə müvəffəq olur.

3. Zorakı metodların işə düşməsi;

Siyasi destruktiv kult olan qrupda repressiv qərarlar qəbul etmək (müxtəlif cəza tədbirləri və ya partiyadan qovmaq), arzuolunmaz şəxsin başqalarından zorakılıqla təcrid edilməsi və məhv (ya fiziki və ya da mənəvi) edilməsi həyata keçirilir. Milli Şuradan ayrılanlarla bağlı Milli Şura üzvlərinin apardığı təbliğat bunun klassik nümunəsidir. Bu cür qrupun lideri özünün yaratdığı və ya ona yaxın olan müstəqil mətbuat vasitələrinə ciddi nəzarət edir.

Siyasi destruktiv kultun ən radikal forması terrorçu qruplar kimi meydana çıxır. Əgər terrorçular fiziki məhv etməklə “lazımsız” adamları aradan götürürsə, siyasi destruktiv qrupda bu üsul mənəvi terror kimi həyata keçirilir. Arzuolunmaz şəxsin şəxsiyyəti alçaldılır, onun imici korlanır, ictimai rəydə onun haqqında yalan məlumatlar yaymaqla onu ictimai dəstəkdən məhrum edirlər. Bu üsul FETÖ-nün, PKK-nın, İŞİD-in, mafiyaların, bəzi cinayətkar qruplaşmaların, o cümlədən Azərbaycanda iqtidar partiyasının və bəzi müxalif partiyaların fəaliyyətində daha qabarıq özünü göstərir.

Müasir dövrdə Azərbaycanda siyasi blogerliyin əsas hədəflərindən biri öz ətrafinda destruktiv qrup formalaşdırmaqdır. Məhz buna görə, bütün blogerlər və onların tərəfdarları opponentlərinə qarşi təhqir, söyüş, əsası olmayan yalanlar, böhtanlarla mübarizə aparırlar.

Buradan aydın olur ki, əslində “təhqir” destruktiv qrupun əlindəki mənəvi silahdır – hansı ki, bəzən terrorçuların əlindəki silahdan daha ağır nəticələrə gətirib çıxarır.

Bəs destruktiv kultun təsirinə kimlər düşür?

Əslində blogerlərin fəaliyyəti aşkar və kütləvi olduğundan onların təbliğatına eyni anda hamı, istənilən insan və münasibət məruz qalır. Lakin o insanlar destruktiv qrupa qoşulur ki, onlar öz şüurlarına özləri nəzarət edə bilmir, yəni azməlumatlı (biliksiz və ya savadsız) olurlar, başqalarının fikirlərinin təsirinə tez düşürlər (müxtəlif komplekslərə malik olurlar), müstəqil əqli mühakimə apara bilmirlər və iradəcə zəif olurlar. Belə insanlar istənilən şeyə bağlılığa meylli olurlar. Biz bunu sosial narkomaniya kimi də təyin edə bilərik. Sosial nakomanlar – beyinləri yuyulmuş insanlar – reallığı dərk etmək imkanından məhrum olur və öz irreal təsəvvürlərini – lideri, qrupu, özü haqqında uydurulma, əsassız təsəvvürlərini tək bir reallıq kimi qəbul edirlər.

3. Yalan istehsalı;

Destruktiv kult yaradanlar qrupun üzvlərini aldadır, onları özündən asılı edir və başqalarından təcrid edir. Belə qrupların liderləri rola girir və tərəfdarlar rolla reallığı bir-birindən ayıra bilmir. Özündən başqa, qalan qrupların yanlış yolda olduqlarını idda edir, üzvlərdən şagird münasibəti, müəllim-tələbə münasibətinə uyğun münasibət tələb edirlər. Başqa qruplara arxa çevirməyi, daha çox öz qrupu ilə vaxt keçirməyi, gizli ünsiyyət vasitələrindən istifadə, psixoloji şantaj, təhdid edən öncəgörənlik, maddi dəstək, sonra da maddi tələblər və s. FETÖ və vəhhabilər hətta ailə instituna da nəzarət edir, üzvlərini yalnız təriqətin müəyyən etdiyi şəxslərlə ailə qurmasına məcbur edirlər.

Destruktiv kult üzvlərin davranışlarına nəzarət edir. Bunun üçün yalnız qrupa xas davranış modelləri hazırlayır, başqa davranışlardan çəkindirir. Məsələn, “hamı qum saatı çəksin” (bloger N.Cəfərov), “hamı işığı söndürsün” (bloger Q.Məmmədov) və s.

4. Dissonansdan qaçma cəhdi;

Destruktiv kultun təsiri ilə insanın davranışları dəyişildikdə onun fikirləri və hissləri də dəyişir, bu, dissonansın minimuma enməsi ilə nəticələnir.

Dissonans – psixologiyada insanın davranışlarının onun öz əqidəsinə, inanclarına zidiyyət təşkil etdiyi vəziyyəti ifadə edən termin kimi işlədilir.

Dissonans vəziyyəti insanda ciddi əzab yaradır. Bu gün Azərbaycanın müstəqilliyi və demokratikləşməsi ideyasını dəstəkləyən müxalif qüvvələrin böyük kəsiminin müstəqilliyə və demokratiyaya xələl gətirən davranışlar nümayiş etdirmələri dissonans vəziyyətinə düşdüklərini sübut edir. Doissonans daxili əzab yaratdığından, insan dissonans vəziyyətdən qaçmağa, onu aradan qaldırmağa cəhd edir. Psixologiya sübut edib ki, insanın davranış, düşüncə və hissiyyatlarından biri dəyişildikdə dissonansı aradan qaldırmaq üçün digərləri də dəyişilir. Bu zaman insanlar maraqlarına xidmət edən davranışlarını dəyişdirmək əvəzinə, həyatlarının ali ideallarını, əqidələrini dəyişməyə üstünlük verirlər.

İndi hakimiyyət uğrunda mübarizə hər cür müstəqillik, suverenlik, demokratikləşmə, mili həmrəylik və s. kimi ümumi ideyaları arxa plana salıb. Buna görə də müstəqilliyə və suvernliyə real təhdid yarandıqda belə, özünü istiqlalçı adlandıranlardan səs çıxmır.

Bu meylin əsas aşağıdakı üsülları vardır:

Birincisi, insanlar özlərini axmaq və əxlaqsız apardıqları zaman özlərini inandırırlar ki, onların davranışları ağıllı və əsaslandırılmışdır. Bu gün sosial şəbəkələrdə söyüşlə münasibət bildirənlərin hamısı inanır ki, onlar ağıllı və əsaslı olaraq bu yolu tuturlar. Bunu opponentin davranışları ilə əlaqələndirirlər – hansı ki, əgər opponent anti-demokratikdirsə, onda demokratik tərəfin də öz mövqeyindən imtina edib, demokratiyadan uzaqlaşması, əslində, opponentin qələbəsi hesab olunmalıdır.

İkincisi, eyni bir fakta opponentlərindən təmamilə fərqli baxış sərgiləməyə meyl edirlər. Bu zaman əgər opponentin mövqeyi düzdürsə, qrup mütləq yanlış mövqeni müdafiə edir və bu istiqamətdə irəliləyir.

Üçüncüsü, əsassız yerə başqası əzab verərkən (mənəvi və ya fiziki), əzab verdiyini əsassız olaraq marginallara aid etmək və ya onu alçaltmağa cəhd etmək. Sosial şəbəkələrdə destruktiv kulta daxil olanların söyüdükləri insanları “maddi maraqları güdən”, “iqtidara satılan” adlandırması və ya düşünülmüş şəkildə opponentini kiçiltməyə cəhd etməsi (savadlını savadsız, ağıllını ağılsız, vətənpəvəri kosmopolit, millətçini beynəlmiləlçi və s. adalandırması) bu üsulun təzahürüdür.

Bütün bunlardan aydın olur ki, silahlı mübarizə aparmayan demokratik qruplar nailiyyətsizlik sindromu yaşadıqda, müəyyən dövrdən sonra psixoloji zorakılıq mərhələsinə keçir ki, bu da silahlı zorakılığa hazırlıq mərhələsini təşkil edir. Əgər dünya inqilablar tarixini təhlil etsək, aydın şəkildə görərik ki, inqilab ərəfəsində ritorika psixoloji zorakılığın yaşandığını sübut edir. Bunun klassik nümunəsi Leninin öz opponentlərini söyüşlərlə təhqir etdiyi məqalələrdir.

“Söyüş müharibəsi” problemi Azərbaycanın müstəqilliyi və demokratikləşməsi üçün böyük təhlükə təşkil edəcək istiqamətdə sürətlə inkişaf etməkdədir. Psixoloji zorakılıqdan tezliklə azad olmasaq, bunun arxasınca fiziki zorakılıq gəlir ki, bunun da çox təhlükəli təcrübəsi Suriya nümunəsidir.

Buradan da sual meydana çıxır: nə etməli?

QEYRİ-ZORAKI MÜQAVİMƏT

Əgər psixoloji zorakılıq fiziki zorakılığa doğru cəmiyyəti sürükləyirsə, onda bu vəziyyətdən xalqı necə xilas etmək, ən əsası isə dinc yolla hakimiyyəti necə dəyişdirmək olar?

Müxalifətin psixoloji zorakılqdan xilas olması onun kosmetik olsa belə, nailiyyət qazanmasından keçir. Bəs indiki şərtlərdə necə siyasi nailiyyət qazanmaq olar?

Bu bir reallıqdır ki, Azərbyacanda heç kəsi dinc yolla siyasi həyatda nəyəsə nail olmağa inandırmaq mümkün deyil. Bunun sübutu kimi Azərbaycan müxalifətinin 1993-cü ildən bu yana mübarizəsinin heç bir effekt verməməsi göstərilir – hansı ki, bu illər ərzində Azərbaycan müxalifəti dinc-demokratik mübarizə apardığını düşünür və insanlara da məhz bu təəssüratı yaradır. Əgər nəzərə alsaq ki, destruktiv kult irreallığı reallıq kimi dərk etməyə əsaslanır, onda aydın olacaq ki, əslində Azərbaycan müxalifəti dinc-demokratik mübarizə aparmadığı halda, bunu dinc-demokratik mübarizə kimi qələmə verir.

Doğrudanmı, son otuz ildə bizim apardığımız mübarizə dinc-demokratik mübarizə olmayıb?

Bir çoxları Azərbaycan müxalifətinin heç vaxt silahlı mübarizə aparmadığını əsas gətirib, aparılan mübarizəni dinc-demokratik mübarizə kimi qələmə verir. Zahiri dinc-demokratik mübarizə qeyri-zorakı müqavimətlə oxşarlıq təşkil etdiyindən, bir çoxları düşünür ki, müxalifət elə qeyri-zorakı mübarizə aparır. Amma nəzərə alsaq ki, nifrət, kin odlu silahdan qat-qat təhlükəlidir, ürəklərdə kin və nifrətlə aparılan silahsız mübarizənin də məhz zorakı mübarizə olduğu aydın olar.

Digər bir məsələ isə, müxalifətin sadəcə başqa yolu olmadığından, zorən öz gücsüzlüyünə görə dinc mübarizə yolu seçməsidir ki, bu, əslində könüllü qeyri-zorakılıqdan məhz dərində olan zorakılıq olması ilə fərqlənir.

Qeyri-zorakı müqavimətin əsasını qoymuş və bu üsulla Hindistanı Britaniya müstəmləkəçiliyindən azad etmiş Mahatma Qandi gücsüzlükdən doğan qeyri-zorakılığı siçanın pişiyə qeyri-zorakılığı adlandırmışdır. Siçanın pişiyə münasibəti gücsüzlükdən doğan qeyri-zorakılıqdır. Bunun əksinə, əgər pişik siçana zorakılıq etmirsə, bu, həqiqi qeyri-zorakılıq olur. Buradan da Mahatma Qandi bu fikrə gəlir ki, qeyri-zorakılıq yalnız güclülərin qeyri-zorakılığı ola bilər. Yoxsa silah əldə etmək imkanı olmayan və ya silahlı mübarizəsinə dəstək almayan, yaxud opponenti kifayət qədər fiziki cəhətdən güclü olan bir qrupun silahlı mübarizədən imtina etməsi qeyri-zorakı mübarizə deyil, bu, sadəcə gücsüzlükdən, imkansızlıqdan və zəiflikdən doğan yalançı qeyri-zorakılıqdır.

Bu cür güclərin şüurunda zorakılıq inkişaf etdiyi halda öz mübarizələrində zahirən qeyri-zorakılıq yolu seçirlər ki, bu da yuxarıda qeyd etdiyimiz psixoloji zorakılığın əsasını təşkil edir. Belə güclər dinc müstəvidə heç bir nailiyyətə ümid edə bilməz. Bunu özünüaldatma kimi də təyin edə bilərik.

YA GÖRÜNDÜYÜN KİMİ OL, YA OLDUĞUN KİMİ GÖRÜN

Bir çoxları qeyri-zorakılığı gücsüzlüyün üsulu kimi anlayır, halbuki qeyri-zorakılıq ən böyük gücün – daha zərif bir gücün təzahüridir ki, kim güclü deyil, onun qeyri-zorakılığı siçanın pişiyə göstərdiyi qeyri-zorakılıqla eyniyyət təşkil edir. Zahirdə bir cür, batində başqa cür olmaq dində münafiqlik, elmdə isə dissonans vəziyyəti adlanır.

Dissonans vəziyyəti olduğu kimi görünməmək və ya göründüyü kimi olmamaq deməkdir. Yəni müxalifətin qeyri-zorakı görünməsi heç də onun qeyri-zorakı olmasını sübut etmir, eləcə də müxalifət qeyri-zorakı mübarizə apararkən daxildə öz zörakılığını gizlədir. Bu da müxalifətin bu yolla heç bir nailiyyətə imza ata bilməməsinin tək və yeganə səbəbidir.

Bəs həqiqi qeyri-zorakı mübarizə necə olmalıdır və bu yolla nədən qısa müddətə siyasi vəzifələri, cəmiyyətdə radikal dəyişilmələri həyata keçirmək mümkün olur?

Mən siyasi proseslərə qoşulan gündən qeyri-zorakı mübarizənin əsaslarını öyrənməyə və öz fəaliyyətimdə bunu rəhbər tutmağa cəhd etmişəm və digər liderlər arasında da bununla bağlı iş aparmağa çalışmışam. Dəfələrlə İsa bəy, Lalə xanım, Əli Kərimli ilə birlikdə keçirdiyimiz görüşlərdə bu barədə öz fikirlərimi demişəm. Hətta bu liderlərdən birinin xahişi ilə Cin Şarpın dinc-demokratik mübarizənin 6 prinsipini yazılı surətdə onlara təqdim etmişəm. Mənim və ADP-nin qeyri-zorakı mübarizəyə sadiqliyi digər müxalif qüvvələr, o cümlədən iqtidar tərəfindən düzgün anlaşılmamışdır. Müxalifət zaman-zaman bunu satqınçılıq, iqtidar isə mövqe dəyişikliyi kimi yozmuşdur. Buna görə, bu məsələ son vaxtlar daha da aktuallaşdığından bizim seçdiyimiz qeyri-zorakı mübarzə yolu haqqında daha ətraflı məlumat verməyi vacib hesab edirəm.

Bəri başdan deyim ki, dinc-demokratik mübarizə, yəni qeyri-zorakı mübarizə yalnız silahlı zorakılıqdan yox, zorakılığın bütün növlərindən, o cümlədən psixoloji zorakılıqdan imtinanı tələb edir. Azərbaycan müxalifətinin bu günə kimi ciddi bir siyasi nailiyyət əldə etməməsinin səbəbi (o cümlədən hakimiyyətin dinc üsullarla Qarabağı azad edə bilməməsinin) qeyri-zorakı müqavimət haqqında məlumatsızlığı və bir çox hallarda bu müqavimətin prinsiplərinə zidd mövqe sərgiləməsi olmuşdur. Buradan da “qeyri-zorakı müqavimət nədir və bu müqavimətlə nəhəng silah arsenalı olan qüvvələrə necə qalib gəlmək olar” sualı meydana çıxır.

ŞƏXSLƏRƏ YOX, İDEYALARA DÜŞMƏN OL!

Azərbaycanın böyük oğlu Şeyx Məhəmməd Xiyabani 1920-ci ildə İranda başlatdığı azadlıq hərakatında çıxışlarından birində demişdir: “Dövrünün qabaqcıl insanının başlıca düşməni insanlar yox, öz dövrünün ideyalarıdır”.

Bu o deməkdir ki, qeyri-zorakı mübarizənin hədəfi konkret şəxslər yox, onların ətrafinda birləşdikləri ideyalar olmalıdır…

Bundan xeyli sonra Qandi isə belə deyirdi: “Sizin məqsədiniz adamları məğlub etmək deyil, onların əhval-ruhiyyəsini elə dəyişməkdir ki, bundan həm siz, həm onlar qazancda olsun. İşgüzar əməkdaşlıq şəraiti dəyənək altında tabeçilikdən daha məhsuldardır. Birincisi, insan aktivi, ikincisi isə getdikcə daha ağır olmağa başlayan öhdəlikdir”.

Bu sonuncu siyasətdə siyasi dialoqun əsas fəlsəfəsini təşkil edir. Əgər doğrudan da məqsəd insanları yox, zərərli ideyaları məhv etməkdirsə, onda məntiqlə aydın olur ki, insanlara qarşı fiziki və mənəvi zorakılığın bütün növləri yolverilməzdir. Eləcə siyasi mübarizə də şəxssizləşdirilməlidir.

Bu da Qandi tərəfindən qeyri-zorakı müqavimətin əsas prinsiplərindən biri kimi müəyyən edilmişdir. Qandiyə görə, müzakirələr şəxsiyyətlərə deyil, problemlərə aid edilə bilər. Unutmaq olmaz ki, ictimai mübarizənin şəxsləşdirilməsi zorakılığı meydana çıxaran əsas faktorlardan biridir.

Bu gün məni, prezident seçklilərində namizəd kimi iştirak edərkən, eləcə də adi vaxtlar verdiyim müsahibələrdə ad çəkməməkdə ittiham edənlər bunu ya “qorxaqlıq”, ya da “hakimiyyətə işləmək” kimi dəyərləndirir və məndən əslində problemləri yox, şəxsiyyətləri müzakirə etməyimi istəyirlər – hansı ki, qeyri-zorakı müqavimətə ziddir. Hətta bir partiya lideri “Sən niyə İlham Əliyevin və digərlərinin adını çəkmirsən?” ritorik sualı ilə, guya, məni iqtidara işləməkdə ittiham etmişdir.

Bu gün Azərbaycanda hamı hansısa korrupsioneri ittiham edir, onun cəzalanmasını istəyir. Amma heç kəs korrupsiya əməli haqqında danışmır. Buradan aydın olur ki, insanlar ona görə korrupsioner məmurların əleyhinə mübarizə aparırlar ki, korrupsiyadan onlara pay çatmır. Buna görə də hakimiyyətdə şəxslərin dəyişilməsi əslində korrupsiyanın inkaşfına mənfi təsir etmir. Ziya Məmmədovun və ya Səlim Müslümovun, eləcə Əli Abbasovun işdən çıxarılması onların rəhbərlik etdikləri sahədə korrupsiyanı azaltmamışdır, əksinə, daha da inkişaf etdirmişdir. Çünki hökumət korrupsiya əməlinə qarşı ciddi addımlar atmaq əvəzinə, özünə qarşı siyasi səhvə yol vermiş korrupsionerləri cəzalandırır.

Qeyri-zorakı müqavimətdə məqsəd şəxsiyyətlərin yox, idarəçilik üsulunun, hakimiyyət formasının dəyişdirilməsi olmalıdır.

Nə üçün qeyri-zorakı mübarizə şəxsiyyətlərə yox, problemlərə qarşı aparılmalıdır?

Şəxsiyyətlərin dəyişilməsi ayrı-ayrı adamları, problemlərin həll olunması çoxluğu maraqlandırır. Buradan da çoxluğun prosesə qoşulması adamlara yox, problemlərə istiqamətlənməni tələb edir.

İctimai proseslərin şəxsləşdirilməsinin yanlışlığı həm də hakimiyyətin pozucu təsiri ilə bağlıdır.

Marks deyirdi ki, əgər maşın xarabdırsa, onu kimin idarə etməsinin heç bir mənası yoxdur.

Lenin də deyirdi ki, elə hakimiyyət yaratmaq lazımdır ki, onu aşbazlar da idarə edə bilsin.

Bu hər iki fikir hakimiyyətin təkmilliyinin vacibliyini önə çəkir, nəinki şəxsiyyətlərin rolunu.

“MƏHƏBBƏTLƏ İSLAH ET!”

Məlumdur ki, uşaq tərbiyə sistemi valideynin uşağa məhəbbətinə əsaslanır. Uşaqlar valideynlərinin məhəbbətini qazanmaq və ya onu itirməmək naminə onlara qulaq asır və yanlış davranışladan uzaqlaşırlar. Buradan da aydın olur ki, məhəbbət ən güclü islahedici vasitədir.

Qeyri-zorakı mübarizə yolu seçmənin ikinci və ən mühüm səbəbi hər bir insanın özünün ən güclü silahından istifadə etməsinin zəruriliyi ilə bağlıdır. Həzərət Əlidən belə bir fikir deyirlər: “Düşməninin silahını götürdünsə, bəri başdan döyüşün yarsını uduzmusan”.

Qandi bu fikri bir az başqa cür ifadə edir: “Qələbəyə ən düzgün yol özünün ən güclü tərəflərindən istifadə etməkdir. Məğlub etməyin ən düzgün yolu rəqibin güclü tərəflərindən istifadə etməkdir. Rəqibin şərtləri ilə mübarizəyə girmək mübarizəni əvvəlcədən uduzmaq deməkdir”.

Buradan çıxan əqli nəticə bundan ibarətdir ki, zorakılığa əsaslanan anti-demokratik rejimlərlə mübarizədə zorakılığın istənilən formasından könüllü şəkildə imtina etmək lazımdır. Bu da zorakılığa malik olmayan güclərin qeyri-zorakı müqaviməti önə çəkməyi tələb edir.

ŞƏRDƏN ŞƏR DOĞUR

Üçüncü səbəb real dəyişikliklərin güc yolu ilə əldə edilməsinin mümkünsüzlüyüdür. Dünya təcrübəsi göstərib ki, zorla gələn zorla gedib. İsa peyğəmbər bununla bağlı vəhy edirdi: “Qılınc qaldıranların hamısı qılıncla da məhv olacaq”.

Qandi isə deyirdi: “Biz gücə əl atanda, bu o deməkdir ki, opponenti istədiyimizi etmək məcburiyyətində qoyuruq, o isə istəmir. Əgər bu cür güc tətbiqinə haqq qazandırılsa, onda, şübhəsiz, ona bizimlə eyni cür rəftar etməsinə imkan veririk. Belə yolla biz heç vaxt razılığa gələ bilmərik. Dəyirman çərçivəsində fırlanan kor at kimi, elə bilirik, irəli gedirik”.

Qandiyə görə, zorakı mübarizənin istənilən forması özünü aldatmaqdır və nəyəsə məcburiyyətlə bağlı qətiyyətli hərəkət tərəqqi barədə tamam aldadıcı təəssürat yaradır.

GÜCLÜ OLAN HAQLI DEYİL, HAQLI OLAN GÜCLÜDÜR

Dördüncü səbəb zorakılığın həqiqətə xidmət etməməsidir. Bu gün Azərbaycan iqtidarının həmişə xalqa və beynəlxalq ictimayyətə yalan deməsi hamıya məlumdur. “Yalan ayaq tutar, amma yeriməz” atalar məsəli yalanla inkişafa nail olmağın mümkünsüzlüyünü sübut edir.

Son vaxtlar müxalifət arasında da yalan danışmaq ittihamları səslənməkdədir. Qandiyə görə, “zorakılıq meydana çıxan kimi, yalan da peyda olur. Yalanın müdafiə olunması isə davamlı olaraq gücdən istifadə tələb edir”.

O, belə hesab edirdi ki, zorakılıq insanların beyninə yalan əkmək vasitəsidir.

Bu gün istər iqtidarın, istər müxalifətin nəinki opponentləri, həm də silahdaşları ilə bağlı yalan istehsal etməsi onların hər ikisinin zorakı mübarizə üsulu seçdiyini sübut edir. Onları yalan danışmağa məcbur edən daxillərindəki psixoloji zorakılıqdır. Buna görə, Qandi inanırdı ki, “qeyri-zorakılıq ideyası zorakılıqdan, nifrətdən, şər iradədən uzaq şəaraitdə qəbul oluna bilər”.

Azərbaycanda qeyri-zorakılığın özünə yer tapmaması da bizim cəmiyyətin zorakılıq, nifrət və şər iradə altında olduğunu sübut edir. Nifrət, kin şəxslərarası münasibətlərdə meydana çıxdığından, aydın olur ki, mübarizənin şəxsləşdirilməsi cəmiyyətdə nifrət və kin mühiti yaradır – hansı ki, bu mühitdə heç kəs qeyri-zorakı mübarizə apara bilməz.

Məlumdur ki, zorakılıq insanın fiziki təbiəti – onun heyvanliliyi, qeyri-şüurluluğu ilə bağlıdır. Həqiqət yalnız şüurlu fəaliyyətlə bağlı olduğundan, bədəndən qaynaqlanan zorakılıq şüuru pərdələyir, həqiqət əvəzinə, yalan meydana çıxır.

Zorakılığın istənilən növünə əl atan insanların bütün düşüncə və fikirləri yalandır, həqiqətə uyğun deyildir.

Zorakılıq şərabın, narkotikanın bir fomasıdır. Buna görə də çox asanlıqla zorakılığa bağlılıq yaranır. Hətta rəqib məhv edildikdən sonra zorakılıq qurban tələb edir. Bu zaman düşmən olmadığından, zorakılıq öz doğmalarına, silahdaşlarına zorakılıq etməyi tələb edir. Paris kommunasının, bolşevik inqilabının və İran inqilabının təcrübəsi bunun bariz nümunəsidir.

QANDİNİN BÖYÜKLÜYÜ

Z.Freydə görə, insanlar hansı böyüklükdə ideyaları mənimsəyirsə, onların şəxsiyyəti də o böyüklükdə təzahür edir. Böyük insanların böyüklüyü onların cüssəsi, fiziki gücü ilə yox, daşıdıqları və təbliğ etdikləri ideyaların böyüklüyü ilə bağlıdır. Böyüklük nəyin əlamətidir?

Hitler deyirdi ki, yalanı o qədər böyük demək lazımdır ki, heç kəs onun yalan olduğunu ağlına belə gətirməsin. Buradan gəlinən nəticə budur ki, böyüklük həqiqətə xas keyfiyyətdir.

XX əsrin əvvəllərində qeyri-zorakı mübarizə dünya siyasi tarixinə Mahatma (hind dilində Böyük) Qandinin Hindistanı ingilis işğalından azad etmək məqsədi ilə apardığı mübarizə kimi düşmüşdür. Bəziləri Qandizmdən danışanda, ağız büzür və ya bu yolla Azərbaycanda nəyəsə nail olmağın mümkünsüzlüyünü iddia edirlər. Qandinin dünya siyasi tarixindəki rolunu dünyanın ən böyük zəkalarından biri Eynşteyn belə qiymətləndirmişdir: “Gələcək nəsillər adi bədən sahibinin bu günahkar dünyada yaşadığına, ola bilsin, sadəcə inanmasın”.

Əgər insanlar bu gün Qandinin mübarizə üsulunun müvəffəqiyyətli olacağına inanmırsa, bu, Eynşteynin nə qədər uzaqgörən olduğunu bir daha sübut edir.

Qandizmin əsas fəlsəfəsi “Zərif gücdən” istifadədir. Buradan aydın olur ki, qeyri-zorakı mübarizə də güc tələb edir, amma bu güc zorakı güc kimi kobud, dağıdıcı, anti-humanist olmur, əksinə qurucu, barışdırıcı, birləşdirici olur.

DİNLƏ SİYASƏTİN VƏHDƏTİ

Qeyri-zorakı mübarizə mənən güclü olanların mübarizəsidir. O insanlar ki, mənən cılızdır, onlar heç vaxt qeyri-zorakı müqavimət göstərə bilməzlər. Buradan aydın olur ki, istənilən qrupun zorakılığa meyli onlarda baş verən mənəvi deqredasiya ilə bağlıdır. Azərbaycan iqtidarının da heç bir milli, dini və bəşəri dəyərə sahib çıxmaması onun xalqa qarşı zorakılığının əsasında durur.

Zorakılıq nihilizmin əlamətidir. Buradan aydın olur ki, qeyri-zorakı müqavimət dəyərlərlə mübarizədir. Belə dəyərlər üçdür: milli, dini və bəşəri.

Mənə qarşı irəli sürülən ittihamlardan biri də mənim dini mövzularda məqalələr yazmağım, verdiyim müsahibələrdə dini kitablara istinad etməyim, nəhayət, Qurana izah yazmağa cəhd etməyimlə bağlıdır. Buradan da qeyri-zorakı mübarizədə dinin rolu məsələsi önə çıxır. Bəri başdan deyim ki, Səmavi din – Ali dərəcəli siyasət, siyasət – sufli dərəcəli dindir.

Qandizmi ciddi şəkildə təhlil etsək, aydın olacaq ki, o, siyasi üsullarla dini prinsipləri özündə biləşdirmişdir. Qandinin “Məhəbbət yer üzündə ən zərif qüvvədir” fikri eynilə “İncil”də İsa peyğəmbərin təbliğ etdiyi “Məhəbbətlə islah edin” tövsiyəsi ilə, Səbrlə bağlı dediyi fikirlər “Qurani-Kərim”də bəyan edilən səbrlə bağlı ayələrin mənası ilə eynilik təşkil edir.

Qandi yalnız ideyalarında dinlə siyasəti birləşdirməmiş, həm də Hindistanda müsəlmanlarla qeyri-zorakı mübarizədə hindliləri birləşdirməyə nail olmuşdur. Onun, bir hindli olmasına baxmayaraq, birinci dünya müharibəsində türk-islam xilafətini müdafiə etməsi, İmam Hüseyn hadisəsini yüksək dəyərləndirməsi, müsəlmanlara qarşı zorakılığa etiraz əlaməti olaraq ölüm aclığını başlatması bunun bir neçə nümunəsindən biridir. Elə Qandi məhz buna – hindlilərlə müsəlmanları barışdırmaq siyasəti apardığına görə, 1948-ci ilə hindli ekstremist Nathuaram Vanayak Qodze tərəfindən qətlə yetirilmişdir. Bu, bir tarixi ironiyadır ki, Hindistanda qansız mübarizə tərəfdarı olan Qandi qanlı yolla siyasətdən getmişdir.

Bu gün Azərbaycanda da qeyri-zorakı müqavimətə çağırış hər cür zorakılıqla qarşılanır. Bu da tarixin təkrarlanması ilə deyilən fkirləri bir daha yada salır.

MƏQSƏDƏ APARAN BÜTÜN YOLLAR DÜZ OLA BİLMƏZ

Makiavelli “Hökmdar” əsərində yazır ki, məqsədə aparan bütün vasitələr məqbuldur və bu, “məqsədin vasitəyə haqq qazandırması” kimi müəyyən olunub.

Amma bu, zorakı mübarizənin baş prinsipi ola bilər. Çünki belə mübarizə aparanın müxtəlif gücləri olduğundan, istənilən gücündən istifadə etmək azadlığına malikdir. Amma bir insanın yalnız bir gücü varsa, onun üçün istənilən vasitə məqsədə aparmağa əsas verməz.

“Qurani-Kərim”də Allah-təala buyurur: “Mənim bir düz yolum var, qalan yollar əyridir”. Bu, məqsədlə vasitənin əlaqəsinin ilahi prinsipindən ibarətdir.

Elm sübut edib ki, iki nöqtə arasında yalnız bir düz xətt çəkmək olar. Buradan “hakimiyyətin qansız dəyişilməsinin yalnız bir doğru yolu ola bilər” fikri meydana çıxır. Bu doğru yol qeyri-zorakı müqavimətdən ibarətdir. Bu yoldan başqa heç bir dinc yolla hakimiyyətləri dəyişdirmək olmaz və hətta bu mümkün olsa, həmin hakimiyyət xalqa xeyir verə bilməz.

Bu dünyada hər bir şey yalnız öz qanununa tabe olmaqla mövcuddur. Eləcə də hər bir siyasi üsul və ya metod yalnız öz prinsipləri tətbiq edildikdə effekt verə bilər. Bu da vasitə ilə məqsədin uyğunluğu problemini önə çıxarır.

Amerika sosioloqu Cin Şarp əsası Qandi tərəfindən qoyulmuş, sonralar Sveyq, Martin Lüter və başqaları tərəfindən inkişaf etdirilmiş qeyri-zorakı mübarizə təcrübəsini tədqiq etmiş və bu mübarizənin bir-biri ilə bağlı 6 elmi prinsipinimüəyyən etmişdir – hansı ki, Azərbaycan müxalifəti heç vaxt bu prinsiplərdən ən az ikisini eyni vaxtda rəhbər götürməmişdir.

Aşağıda qısa şəkildə bu prinsiplərə aydınlıq gətirəcəyik. Bu da Azərbaycanda aparılan mübarizənin dinc-demokratik bir mübarizə olmadığını, buna görə də nə üçün heç bir nəticə vermədiyini sübut edir.

Qeyd etmək lazımdır ki, dünya demokratik təcrübəsində partiyaların apardığı mübarizə prinsipiallığa görə üç yerə ayrılır:

a) Prinsipsiz mübarizə – bura ABŞ-ın ikipartiyali sistemi aiddir. ABŞ partiyaları heç bir prinsipi əsas götürmürlər. Bu üsulla Amerikada partiyalı sistem cəmiyyəti dağılmaqdan sığortalayır. Amerikanlar partiyalılığa görə bir-birindən ayrılmırlar.

b) İkinci dərəcəli prinsiplər əsasında mübarizə – bura İngiltərə, Almaniya və Şimali Avropa dövlətlərində mövcud olan partiyalar aiddir. Bu ölkələrdə partiyalar bir-birindən doktrinalarına və sosial ayrılmalara görə fərqlənirlər. Bu partiyaların rəhbər tutduqları prinsiplər cəmiyyətin tamlığını pozmadan, qruplaşmalara səbəb olur və bir qayda olaraq siyasi sistemin fundamental prinsiplərində yekdildirlər.

c) Birinci dərəcəli prinsiplər əsasında mübarizə – bura Fransa, İtaliya kimi ölkələrdəki partiyalaşmalar aiddir. Belə partiyalılıq siyasi rejim və dövlətin əsası məsələlərində belə, fərqli mövqelərə malikdirlər. Məsələn, kommunist partiyaları ilə demokratik partiyalar əsas prinsiplərdə uzlaşmırlar…

Bəs Azərbaycanda partiyalılıq hansı qrupa aid ola bilər?

Biz bir istiqlalçı müxalif güc kimi, Azərbaycanda ikinci qrupa aidik, ikinci dərəcəli prinsiplər əsasında mübarizə aparırıq. İqtidarla müxalifət arasında Qarabağ məsələsi, Azərbaycanın müstəqilliyi, suverenliyi və demokratikləşməsi məsələsində fikir ayrılığı ola bilməz. Burada fikir ayrılığı ikinci dərəcəli prinsiplər əsasında – hakimiyyətin effektli idarə olunması və birinci dərəcəli prinsiplərin qorunması məsələsi ilə bağlı olmalıdır. Yəni biz korrupsiya və insan haqları məsələlərində, seçkilərin saxtalaşdırılmasında və Qarabağ probleminin effektli həllində iqtidarın yanlışlıqlarına, suverenlik və müstəqilliyin qorunmasında prinsipallıq etməməsinə görə fikir ayrılığında ola bilərik. Buradan da aydın olur ki, indiki müharibə vəziyyətində Azərbaycan siyasi qüvvələri cəmiyyəti əsasınadək parçalamayan siyasi sistem təşkil etməlidir.

Bu da hər iki güc arasında keçilməz sədlərin yaradılmasının yolverilməz olduğunu göstərir – hansı ki, psixoloji zorakılıq iqtidarlarla və digər müxalif siyasi güclərlə hər hansı bir ünsiyyəti istisna edir.

“NƏDƏN BAŞLAMALI?”

“Nədən başlamalı?” sualı bütün dəyişiklik istəyən xalqların və siyasi qrupların qarşısında duran universal sualdır. Bu sualın cavabını düzgün tapmayan kimsə heç bir dəyişikliyə nail ola bilməz.

Azərbaycandakı vəziyyəti dəyişdirmək üçün nədən başlamaq lazımdır?

Dinc-demokratik mübarizə aparan hər bir fərd özünün kifayət qədər güclü olduğuna inandıqda hansısa nəticəyə ümid edə bilər. Çünki öz gücünə inanmağa məcbur edilən insan dərhal ruhlanır və yalnız onda o maksimal fədakarlıqla şəxsi yüksəlişinə cəhd edir.

Yuxarıda qeyd etdik ki, destruktiv kulta daxil olan hər bir fərd əksinə, özünü gücsüz və günahkar hiss edir, buna görə heç bir fədakarlığa və özünü inkişaf etdirməyə cəhd etmir. Demokratik düşərgəni təşkil edən insanlar şəxsi səviyyədə inkişaf etmədikcə, ictimai həyatda və siyasi mübarizədə hər hansı bir inkişafdan danışmaq olmaz. Sokrat deyirdi ki, “dünyanı yerindən tərpətmək istəyən insan, öncə özünü yerindən tərpətməyi bacarmalıdır”.

Özü dəyişməyən müxalifətin cəmiyyəti dəyişməsi mümkünsüzlükdür.

Əgər insanlar cəhalətə və xurafata sürüklənirsə, əgər liderlər nəinki öz üzvlərinin, hətta özlərinin mariflənməsinin qayğısına qalmırsa, həqiqət əvəzinə yalanı həqiqət kimi beyinlərə yeridirlərsə, onda nəinki hakimiyyət dəyişikliyindən, hətta məişət səviyyəsində hər hansı dəyişiklikdən belə, söz gedə bilməz. Buna görə də zaman-zaman mətbuatda Azərbaycan müxalifətinin 88-ci illərdə qalmasına görə, ona irad tutulur.

Dinc-demokratik mübarizə başqaları ilə birlikdə qarşılıqlı əlaqədə inkişafa təkan verdiyindən, özünü təcrid etmiş qrupun inkşaf etməsi mümkün deyil. Azərbaycan müxalifətinin çağdaş siyasi vəziyyətdə 88-ci il şüarları, metodları, prinsipləri ilə mübarizə aparması məhz bununla bağlıdır.

Buradan aydın olur ki, cəmiyyəti dəyişdirmək üçün dəyişən siyasi taktika izlənməlidir. Siyasi işdə ehkamçılıq yolverilməzdir, çünki ehkam dinə xasdır. Siyasi inkişafa nail olmaq üçün hər bir lider və ya siyasi fəal özünün şəxsi inkişafina cəhd etməlidir. Bunun üçün demokratik siyasi marifləndirmə həyata keçirilməlidir.

K.Marks kommunizmin üç tərkib hissəsindən birini də məhz “Sosialist ədəbiyyatı” kimi təyin etmişdir. Yəni elmi-siyasi ədəbiyyat olmadan heç bir siyasi iş effektli ola bilməz. Təəssüf ki, Azərbaycan müxalifətinin siyasi işi belə bir ədəbiyyatdan məhrumdur. Buna görə, insanlar gözüyumulu proseslərdə iştirak edir və fərdi qaydada düşdüyü vəziyyətdə “nə etməli” sualının cavabını müstəqil şəkildə tapa bilmir. Başqasına möhtac olduqda isə yalançı düşüncənin əsirinə çevrilirlər.

MÜXTƏLİFLİK- İLAHİ DƏLİLDİR

İnkişaf qarşılıqlı təsirdən meydana çıxır. Ayrılıqda heç bir şeyin inkişafı mümkünsüzlükdür və buna görə təklik özündə yalnız təkrarlanmanı təzahür etdirir. Özünü digər güclərdən təcrid etmiş hər bir lider və siyasi qrup da yalnız özü özünü təkrarlamağa məhkumdur. Buradan belə bir nəticə alınır: təklikdə siyasi inkşafa nail olmaq mümkün deyil.

Cəmiyyət mürəkkəb sistemdir və sadə sistemlərə xas heç bir qanunauyğunluq cəmiyyətə tətbiq edilə bilməz.Buna görə də qeyri-zorakı mübarizə zərurətə görə güclərin müxtəlifliyini tələb edir. “Qurani-Kərim”də “müxtəlifliklər Allahın dəlilidir” deyə bəyan edilir.

Dinc-demokratik mübarizənin də birinci və əsas prinsipi belə mübarizə aparan güclərin müxtəliflik təşkil etməsidir. Bu da müxtəlif ideoloji siyasi baxışlara, iqtidardan müxtəlif məsafə saxlamasına baxmayaraq, müxalif güclərin bir araya gəlməsini, yəni müxalifətin birləşməsini tələb edir. Mahatma Qandinin Hindistanın azadlığı uğrunda mübarizə aparan ən müxtəlif siyasi güclərin biləşdiyi Hindistan konqresinin üzvü olması da bununla bağlı olmuşdur.

Müxtəliflik nəyə lazımdır? Hər hansı bir ittifaqda müxtəlif sadə qruplar birləşir və ittifaqın gücü həmin sadə güclərin paraleloqram qaydasında toplanmasından ibarət olur ki, bu zaman bu güc onu təşkil edən bütün ayrı-ayrı qrupların gücündən keyfiyyət və kəmiyyətcə üstün olur. Yəni zorakılıqlar belə, bu cür ittifaqlarda öz gücünü tükəndirir. İqtidarların sadə zorakılıq üsulları müxtəliflik təşkil edən və mürəkkəb sistemlərə xas qanunla idarə olunan müxalif birlikləri heç bir vaxt və heç bir halda məğlub edə və hətta geriyə püskürdə bilməz. Bu da sadə sistemlərlə mürəkkəb sistemlərin fərqli qanunlara tabe olması ilə bağlıdır. O zaman ki iqtidarın qarşısına sadə sistem təşkil etmiş ayrıca bir qrup çıxır, belə qrupu zorakılıqla məhv etmək iqtidar üçün heç bir problem yaratmır.

BİRLƏŞMƏK KİMƏ LAZIMDIR?

Müxtəlifliyə nail olmaq müxtəlif siyasi qüvvələrin birləşməsini tələb edir. Birləşməyə meyli olmayan qüvvələrin bir-birindən ayrılması vətənə xəyanətdir, demokratiyanın qarşısında duran ən böyük maneədir və müxalifətin məğlubiyyətinin yegənə əsaslı səbəbidir. Bizim yaxın tariximiz sübut edir ki, yalnız müxalif birliklər dövründə Azərbaycan müxalifəti xalqdan və dünya içtimayyətindən az və ya çox dəstək almış, qələbəyə yaxınlaşmışdır.

Psixoloji zorakılığın tədqiqatçılarından Stiven Xassen yazır: “Qlobal birlik çərçivəsində qarşılıqlı əlaqənin artması tələb olunur”. Buna uyğun olaraq, milli çərçivədə problemlər ümummili xarakter aldıqda və ya ortada ümumilli problem olduqda daxili siyasi güclərin qarşılıqlı əlaqələnməsi artmalıdır və bu əlaqələrin zəifləməsi milli problemlərin daha da düyünə düşməsinə səbəb olur.

İqtidarın dəyişilməsi də belə milli problemlərdəndir – hansı ki, bunun həlli qarşılıqlı əlaqə tələb edir. Yəni birlik olmayan yerdə birləşmək özü digər bir milli problemə çevrilir. Müasir dövrdə biz birlik problemi yaşamaqdayıq.

Bir-biri ilə birləşə bilməyən partiyalar öz arxasınca xalqı bir-birindən ayırır ki, bu da xalqa xəyanətdir və çoxpartiyalılqla heç bir əlaqəsi yoxdur. Belə partiyalar ictimai rəyi deformasiya etməklə məşğuldur.

M.Dyuverje yazır: “Yalnız partiyaların sayı müxalifətin xarakterini və formasını müəyyən etmir, bura onların ittifaqlarının təsiri, sayı və daxili strukturu əlavə olunur… Çoxpartiyalılıq çox vaxt partiyaların mövcudluğu ilə qarışdırılır. İctimai rəyin çoxsaylı parçalandığı, qrupları qısa ömürlü, efemer və tez-tez dəyişən ölkələr həqiqi çoxpartiyalı sistemə uyğun deyil: onlar hələ partiyaönü dövrü yaşayır və təkamülün o fazasındadırlar ki, ikipartiyalılıq və ya çoxpartiyalılıq qətiyyən qəbuledilməzdir. Belə ki, hələ həqiqi partiyalar yoxdur”.

Bu gün YAP-ın özünü yeganə partiya hesab edib, digər partiyaların mövcudluğunu inkar etməsi, eləcə də digər bir partiyanın özünü yeganə müxalif partiya hesab edib, heç kimi müxalif partiya kimi qəbul etməməsi, əslində, Azərbaycanın partiyaönü dövrü yaşadığını, daha doğrusu, yenidən bu mərhələyə qayıtdığını sübut edir ki, bunun da əsas əlaməti birlikdən imtinadır. Azərbaycanın ən yeni tarixində dəfələrlə müxalifətin birliyi məsələsi önə çıxmış, amma hər dəfə “Bu birlik kimə və nəyə lazımdır?” sualının elmi cavabı tapılmadığından, ya bu birliyi iqtidarın sifarişi kimi, ya da əhəmiyyətsiz bir cəhd kimi dəyərləndirmişlər.

Bəs həqiqət nədən ibarətdir?

Bu gün müxalifətin bir araya gəlməsi – birləşməsi, həmrəy olması bir nömrəli problemə çevrilib. Bir araya gəlməyin əleyhinə və lehinə müxtəlif arqumentlər səsləndirilir. Bura əsasən aşağıdakılar aiddir:

1. Nəticəsizliyə görə biləşmədən imtina;

Birlik əleyhinə olanlara görə, birləşməklə birləşməməyin nəticələri eyni olduğundan, birləşmək üçün əlavə vaxt və qüvvə sərf etməyə ehtiyac yoxdur. Əslində, bu, sofistik mühakimədir. Çünki birlikdən qaçış nailiyyətsizliyin sindromudur, nəinki birliyə meyl nailiyyətsizliyin.

Bu müddəa birliklərə yox, bir yerdə olanlara – mexaniki aqreqat təşkil edənlərə aiddir. Müxalifət bir yerdə olarkən hər qrup birlik daxilində öz mənafeyini güddükdə birlik aqreqata çevrilir. Aqreqatlar ən sadə birlikdən belə, gücsüz və dayanıqsız olur. Aqreqativ birliklərlə heç nəyə nail olmaq olmaz. Aqreqativ birliyə daxil olanlar daxili mübarizə girdabına düşürlər və güc daxili intriqalara sərf olunur.

Birlik təşkil edənlər bir-biri naminə həyatından keçməyə hazır olmadıqca, elə birliklərin nə xalqa, nə də birlik üzvlərinə heç bir xeyri ola bilməz. Birləşmək sublimasiyaya səbəb olur və yeni keyfiyyətli güc ortalığa çıxarır. Sublimasiya summasiyadan onunla fəqrlənir ki, sublimasiyada keyfiyyət, summasiyada kəmiyyət dəyişilməsi baş verir. Bir yerdə olmaq –mexaniki aqreqasiya olub, qarışıq yaradır və bir çox hallarda bu qarışıq bir yerdə olanların arasındakı ziddiyyətlərə görə hamını zəiflədir. Bununla bağlı Hitler deyirdi: “İttifaqlar həmişə ora daxil olanları gücləndirmir, əksinə ziflədir”.

Azərbayan müxalifəti heç vaxt birləşməyib, həmişə bir yerdə olub və bu zaman hər bir partiya başqalarını öz maraqlarına xidmət etdirməyə cəhd edib. Ona görə ümumi maraqlara xidmət zəifləyib.

2. Sonradan dağılacaqsa, əvvəldən birləşməyə ehtiyac yoxdur;

Bu müddəa ümumiyyətlə mövcudluğun mahiyyətinə ziddir. Belə çıxır ki, əgər sonda insan öləcəksə, onda bu başdan yaşamağa cəhd etməməlidir. İttifaqlar əbədi ola bilməz, çünki hər bir ittifaq öz vəzifəsini yerinə yetirdikdən sonra səhnədən avtomatik çıxmalıdır. O bloklar ki yarandığı şərtlər aradan qalxdıqdan sonra da mövcudluğunu davam etdirir, həmin bloklar artıq ümumi işə ziyan verməyə başlayır. Belə hallarda bu blokların buraxılmasını istəmək birliyin pozulmasına cəhd kimi qəbul edilir ki, bu, ən böyük yanlışlıqlardan biridir.

Azərbaycanda bəzən vəzifələrini yerinə yetirmədən ittifaqlar dağılıb ki, bunun da iki səbəbi var.

Birincisi, ittifaq üzvləri səmimi şəkildə biləşməyib. Hər kəs öz gizli marağını güdərək birləşib.

M.Rəsulzadə deyirdi: “Həqiqi birlik o yerdə ola bilər ki, birlik üzvləri bir və eyni təhlükə qarşısında qalsın”.

Birliklərin bir və eyni maraqlardan yaranması onların möhkəmliyinin şərti ola bilməz. Odur ki, maraqlara görə yaranan birliklər kövrək və qısamüddətli olur.

İkincisi, ümumi maraqlar olmadığından, xüsusi maraqları xüsusi şəraitdə təmin etmək imkanı yaranır ki, bu da hansısa qrupun ittifaqı tərk etməsinə və ya formal iştirak etməklə kənar güclərlə gizli əlaqələrə girməsinə, ittifaqdan kənar maraqlarını təmin etməsinə və ittifaqı dağıtmasına səbəb olub. Məsələn, seçki bloklarının dağılmasının əsas səbəbi də bu olub. Kimsə blokdan kənar seçki maraqlarını təmin edibsə, ya blokdan çıxıb, ya da blokun dağılmasına cəhd edib.

3. Önyarğı ilə birləşməkdən imtina – “mən düzəm, başqaları əyridir”;

Özü özünü haqlı, hamını haqsiz bilmək destruktiv kulta xas yanaşmadır. “Qurani-Kərim”də “Kimin haqlı, kimin haqsız olduğunu” yalnız Allahın bildiyi bəyan edilir. Buradan da kimisə özünü düz, başqalarını əyri hesab etməsi Allahlıq iddasından başqa bir şey deyil. İnsanlar özlərini haqlı hesab edə bilərlər. Lakin opponentin mövqeyini bilmədən, onu müzakirə etmədən kimisə haqsız hesab etmək ədalətsizlikdən başqa bir şey deyil. Ədalət olmayan yerdə, azadlıq da olmur.

Bir çox hallarda müxalif həmrəyliyin qarşısında duran əsas problem siyasi güclərin bir-birini qarşılıqlı ittiham etməsidir – hansı ki, bunun yeganə səbəbi yuxarıda qeyd etdiyim destruktiv kultla bağlıdır, özünü düz, hamını əyri hesab edir.

4. Birlik çoxüzvlü partiyalardan başlamalıdır;

Moris Dyuverjenin tədqiqatlarına görə, birləşəmənin hərəkətverici gücü saydır. Yəni cəmiyyətdə birlik ideyasını çoxsaylı üzvləri olan partiyalar müdafiə etmədikcə, heç vaxt real siyasi birliklər yarana bilməz. Azərbaycanda da partiyaların birləşməməsində çoxsaylı hesab edilən AXCP və Müsavat müstəsna rol oynayır. Yaxın tariximiz sübut edir ki, bu iki partiya Azərbaycanda siyasi partiyaların biləşməsində həlledici səsə malikdir. Bu, həmin partiyaların siyasi keyfiyyəti ilə yox, riyazi çoxluğu ilə bağlıdır. Burada keyfiyyət kəmiyyətdən arxa plana keçdikdə çoxüzvlü partiyalar cəmiyyət üçün real təhlükə mənbəyinə çevrilərək, siyasi güclərin bir araya gəlməsinə imkan vermir. Bu gün düşdüyümüz vəziyyət də bunu sübut edir.

Birlik nə üçün vacibdir?

Bir partiyanın başqaları ilə birləşməməsi yalnız onun özünü məhv etmir, həm də birləşmədiyi digər partiyaları da məhv edir. Ona görə siyasi mübarizə aparan partiyalar başqa partiyaları birləşməməkdə qınamalıdır. Biz də belə edirik. Bu zaman cəmiyyətdə anlaşılmazlıq yaradır. Biri biləşmirsə, sən niyə özün güclənmirsən? Çünki birləşmədən imtina birləşmək istəyənləri bunu istəməyənlərdən daha çox zəiflədir. Bu, hansısa partiyanın gücü ilə yox, qeyri-zorakı müqavimətdə birliyin zəruriliyi ilə bağlıdır. Birləşmiş qüvvlər olmadan dinc-demokratik mübarizə absurddur.

Qeyri-zorakı müqavimətin digər 5 prinsipi bu prinsipə əməl etməklə şərtləndiyindən, birləşmə olmayan yerdə heç bir effektli nəticədən danışmaq olmaz.

ZORAKILIQDAN İMTİNA ET VƏ ZORAKILIĞA HAZIR OL!

İnsanların zorakılıqdan imtina etməsi ilə məsələ həll olunmur. Dinc-demokratik mübarizənin effektli olması həm də zorakılığa hazır olmağı tələb edir.

Dinc-demokratik mübarizənin ikinci və mən deyərdim ki, ən əsas prinsiplərindən biri fiziki və psixoloji zorakılıqdan imtina və zorakılığa məruz qalmağa hazır olmaqdır. Bu da hər bir partiyadan öz üzvlərinin şüuruna nəzarətdən imtina etməyi, onları azad etməyi, müstəqil düşünmələrinə imkan verməyi tələb edir – hansı ki, bunun əksinə olduqda psixoloji zorakılıq zərurətə görə meydana çıxır.

Zorakılıqdan imtina hətta şüur səviyyəsində belə, opponentinə zorakılıq etməyin düzgün olmadığını şüurlu şəkildə dərk etməyi tələb edir. Buna paralel qeyri-zorakı mübarizə yolu seçən opponentinin də bu yolu seçməsinə ümid etməməli, əksinə əks tərəfin ona qarşı zorakı üsulla mübarizə aparaçağına psixoloji hazır olmalıdır. Çünki qeyri-zorakı müqavimət yalnız zorakı gücə qarşı effektli ola bilər. Əgər iqtidardan da qeyri-zorakılıq gözlənilirsə, onda qeyri-zorakı müqavimət yolu seçməyin nə mənası ola bilər?!

Biz bunu zorakılığı qəbul etməyə hazırlıq kimi təyin edə bilərik ki, bir çox hallarda bu, fədakarlıq kimi təzahür edir. Kimsə “polis məni vurmaz, həbs etməz” düşünçəsi ilə mitinqə gedirsə və orada polis zorakılığına məruz qalırsa, bir daha o adam heç vaxt mitinqlərə getməz. Azərbaycanda mitinqlərin çoxsaylı olmamasının bir səbəbi də xalqın şüurunda iqtidarın zorakılıq etməyəcəyi ümidi ilə reallıqda qarşılaşdığı vəziyyətdir. Bir çox hallarda liderlər xalqı meydana çıxarmaq üçün iqtidar tərəfindən hər hansı bir zorakılığın olmayacağını vəd edirlər və insanlar zorakılıqla üzləşdikdə mübarizədən qaçırlar…

II – sonuncu hissə

Zorakılıqla qeyri-zorakılığın uyuşmazlığı

Birlik yaradarkən, tək bir istisnaya əməl etmək lazımdır: qeyri-zorakılıq tərəfdarları heç bir halda zorakılıq tərəfdarları ilə birləşməməlidir.

Müxalifətin birliyindən danışarkən, bilmək lazımdır ki, qeyri-zorakı müqavimət tərəfdarları zorakı mübarizə tərəfdarları ilə hər hansı bir əməkdaşlıqdan imtina etməlidir. Azərbaycanda iqtidara qarşı zorakı mübarizə aparan (ən azı belə çağırış edən) qüvvələrə demokratik müxalifətin aşkar və ya gizli dəstək verməsi ilk növbədə qeyri-zorakı mübarizəni nəticəsiz etmişdir.

Dinc-demokratik mübarizə ilə bağlı Qandinin fikirləri problemi aydınlaşdırmağa imkan verdiyindən, mən Qandinin fikirləri əsasında məsələni şərh etmək istəyirəm. Qandi eyni məqsəd güdən, amma zorakı üsul və metodlar seçmiş qüvvələrlə hər hansı bir əməkdaşlığı yolverilməz hesab edir. O yazır: “Ən xeyirxah niyyətlərlə tətbiq olunsa belə, zorakı üsulların barşmaz düşməniyəm. Buna görə, mənimlə zorakılıq tərəfdarları arasında, həqiqətən, ümumi heç nə ola bilməz”.

Özü üçün çalışan başqası üçün heç nə edə bilməz

Eqoizm varlığın mövcudluğunun əsasıdır. Amma insan şüurlu və ictimai varlıq olduğundan, o, yalnız ictimai mövcudluq forması seçdikdə həqiqi insan ola bilər. Bu da hər bir adamdan özü naminə yox, başqaları naminə yaşamaq tələb edir.

Qandiyə görə, cəmiyyəti dəyişdirmək istəyən insan “şöhrət qazanmaq üçün yox, elə məhz inkişaf üçün səy etməlidir. Bu, inkişaf, irəliləmə və çiçəklənmə üçün zəruri şərtdir”.

Əgər hər hansı bir lider ölkədə apardığı mübarizəni öz şohrəti, özünün və ya partiyasının reytinqinin artması, özünün irəliləməsi üçün edirsə, onda heç vaxt inkişaf baş verməz.

Müxalifətin nailiyyətsizliyinin birinci səbəbi budur. Heç kəs kölgədə qalmaqla inkişafa cəhd etmək istəmir. Buna görə də, “mən”in şöhrəti önə çıxarılır, bu da digər “mən”lərdə qısqanclıq və ya ən azından əks-mənəmlik yaradır. El arasında buna “din davası yox, un davası” deyirlər.

Fərdin şöhrət qazanmaq cəhdi bütün hallarda ictimai irliləyişə mane olur. “Mənim ətrafımda birləşin”, “Mənim dediklərimi rəhbər tutun”, “Məni dəstəkləyin” kimi sarsaq iddialar bu günə kimi Azərbaycanda siyasi inkaşafa imkan verməyib. Bu gün Azərbaycan müxalifətində şöhrət qazanmaq xəstəliyi geniş yayılıb və bu xəstəlik müxalifətin birləşməməsinin ciddi səbəblərindən biridir.

Qandiyə görə, “həqiqət, səbr, fədakarlıq, sevinmək, zülmə qarşı qeyri-zorakı müqavimət göstərmək sadəcə mənəvi ideyalar yox, hər şeydən əvvəl insan birliyinə nail olmaq real həyatın mühüm tərkib hissəsi olmalıdır”.

Stalinin belə bir məşhur sözü var: “Bir nəfərin ölümü faciə, milyonların məhv olması statistikadır”. Azərbaycan müxalifətində özünün bir üzvünün repressiyaya məruz qalması bütün millətin repressiyasından o qədər mühüm əhəmiyyətli hesab olunur ki, həmin fərdi repressiyadan xilas etmək naminə millətin repressiyasına dözümlülük nümayiş etdirilir. Əgər kimsə fədakarlığı, özünü qurban verməyi həyatının tərkib hissəsi hesab edirsə, o adamı heç bir repressiya seçdiyi yoldan saxlaya bilməz.

Qandiyə görə, “qeyri-zorakı müqavimət şəffaf olmalıdır, qeyri-zorakı müqavimət açıq üsyandır və bu mübarizədə məxfilik böyük səhvdir”. Bu gün müxalif partiyaların siyasi fəaliyyətində, xüsusən hakimiyyətə müqavimətində də şəffaflıq yoxdur, çünki psixoloji zorakılıq burulğanına düşmüş insanlar şəffaf mövqe sərgiləməkdən yayınırlar. Sosial şəbəkələrdə aparılan anonim mübarizə bunun sübutlarından biridir.

Bu gün bir çoxları iqtidarın zülmünə qarşı istənilən zorakılığın haqlı olduğunu düşünür və bunu bir çox insanlar hətta açıq şəkildə elan edirlər. Qandiyə görə, “ən böyük nəticələr belə, zorakılığın tətbiqinə haqq qazandıra bilməz, çünki bu kimi üsullar ən xeyirxah məqsədləri belə ləkələyir”. Suriya müxalifətinin Suriyanı Əsəd rejimindən azad etmək üçün silaha əl atmasının Suruya dövlətini və xlqını necə məhv etdiyini hamı görür, bu da Qandinin nə qədər uzaqgörən olduğunu bir daha sübut edir.

Güzəşt yoxdursa, qələbə də yoxdur

Bu gün ən ciddi problemlərdən biri də iqtidara, o cümlədən öz cəbhəsindəki digər güclərə hər hansı bir məsələdə güzəştə gedib-getməmək məsələsidir. Müxalifətin birləşməməsinin ciddi səbəblərdən biri də qarşılıqlı güzəşt şüurunun olmamasıdır. Müxalif güclərin əksəriyyəti birtərəfli güzəşt şərti ilə biləşməyə razılıq verir ki, belə birlik aqreqat yaratdığından heç bir fayda vermir.

C.Kinə görə, “dövlət və vətəndaş çəmiyyəti bir-biri üçün demokratikləşmənin şərti olmalıdır”. Məncə, bizim kimi ölkələrdə hakimiyyət və müxalifət – əgər həqiqətən səmimi şəkildə, dövlətçlik mövqeyindən çıxış edirlərsə, bir-biri üçün milli müstəqilliyin və suverenliyin şərti olmalıdır. Əks halda tərəflərin biri təkləndikdə müstəqillik və suverenliyi qorumaq mümkün olmaz. Bu gün Azərbaycanda iqtidara güzəştsiz mövqe tutanlar güzəştli mövqe tutanlardan daha çox sevilir, dəstəklənir, həqiqi xalqçı kimi qəbul edilir. Eləcə də iqtidarda müxalifətə daha amansız davrananlar az qala iqtidarın dayaqları hesab edilir. Bəs həqiqət necədir?

Qandi sübut edir ki, heç bir güzəştsiz mübarizə üsulunda qələbə yoxdur. Bəzi müxalif qüvvələr vaxtında iqtidara müəyyən məsələlərdə güzəştə getsəydi, biz bu günkü Azərbaycanda yaşamazdıq. Məsələn, 2005-ci il parlament seçkilərində müxalifətə hakimiyyətin təklif etdiyi 35 mandatla razılaşılsaydı, bu gün Azərbaycan Parlamenti milli maraqların müdafiəçisinə çevrilərdi. Təəssüf ki, güzəştsiz mövqe qələbəyə aparan yolun qarşısını birdəfəlik kəsdi. Burada iqtidara güzəştə getmək, Qandinin təbirincə desək, “güzəşt olunmayan ərazi”nin qorunmasını tələb edir. Azərbaycan müxalifətinin güzəşt olunmayan ərazisi suverenlik, müstəqillik, iç savaşdan qaçmaq, Qarabağın qaytarılması və tədrici demokratikləşmə ola bilər – hansı ki, bunda güzəştə getmək müxalifətin xəyanəti olar.

Təəssüf ki, bəzi müxalif güclər hakimiyyəti başqalarına güzəştə getməməyi müstəqilliyi, suverenliyi güzəştə getməkdən daha əhəmiyyətli hesab edir. Yəni öz güzəşt ərazilərini yanlış müəyyən edir və onu qorumaqda güzəştsiz mövqe nümayiş etdirir ki, bu da demoqogiyadan başqa bir şey deyil.

Politologiya elmi sübut edib ki, hakimiyyətdə təmsil olunmaq istəyən, lakin buna nail olmayan istənilən güc demoqogiyaya meyllənir. Azərbaycanda demokrartiya adı altında aparılan işin də bu mənada demokratiya ilə heç bir əlaqəsi yoxdur.

Bəzi müxaliflər isə iqtidara güzəştə gedərkən, özlərinin güzəştsiz ərazisini qorumurlar, nəticədə güzəştə gedərkən özlərini iqtidara təhvil verirlər. Bunun acı nəticəsi bu gün parlamentdə təmsil olunan bəzi “müxalif” partiya liderləridir. Bu, sirr deyil ki, iqtidarla əməkdaşlıq edən və güzəştsiz ərazisini qorumayan bir çox keçmiş müxalifətçilər bu gün milli maraqlara və müxalifətə qarşı iqtidardan daha amansız mövqe sərgiləməkdədirlər.

Siyasi dialoq siyasi uğurun açarıdır

2015-ci ildə elan edilmiş ADP-nin iqtidarla dialoq kursu ona qarşı hər cür ittihamlara əsas vermişdir. Siyasi dialoq lazımdırmı?

Siyasi dialoq iqtidarla ünsiyyət və təmas yaratmağa xidmət edir. Qandi güzəştdən imtina ilə ünsiyyətdən imtinanı qarışdırmamağı tələb edir. Azərbaycanda iqtidarla istənilən leqal ünsiyyət xəyanət hesab olunur. Halbuki güzəştə getmədən iqtidarla ünsiyyət qeyri-zorakı müqavimətin tələbidir və belə ünsiyyət Azərbaycanda inkişafa, irəliləyişə xidmət edə bilər. Bəzi destruktiv kult nümayəndələri ünsiyyəti güzəştə getmək kimi cəmiyyətə çatdırdığından, bir çoxları iqtidarla ünsiyyətə girməyi xainlik hesab edir və müxalifətdaxili mübarzədə yalan kampaniyasında kimsə iqtidarla ünsiyyətə girməsinə görə ittiham edilir. Halbuki güzəşt ərazisini qorumaqla iqtidarla ünsiyyət yaradan güc ölkənin inkşafina xidmət edir.

Əməkdaşlıq qeyri-zorakı müqavimətin dəyişməz prinsipi deyil. Müəyyən mərhələdə əksinə, iqtidarla hər hansı bir əməkdaşlıqdan imtina etmək lazımdır. Azərbaycanın klassik müxalifəti iqtidarla əməkdaşlıq tələb olunan vəziyyətlərdə bundan imtina etmiş, əksinə əməkdaşlıq yolverilməz olduğu vaxtlarda leqal və ya qeyri-leqal əməkdaşlıq etmişdir ki, bu da hakimiyyətin dəyişdirilməməsinin əsas səbəblərindədir.

Burada “iqtidarla ünsiyyət”lə “iqtidarla əməkdaşlıq” arasındakı fərqi ayırmaq lazımdır. Azərbaycanda ən ciddi problem iqtidarla ünsiyyətin dərhal iqtidarla əməkdaşlığa keçməsidir. Qandi qeyri-əməkdaşlığı qeyri-zorakı müqavimətin pik nöqtəsi adlandırırdı. Qandi deyir: “Əgər insanlar əməkdaşlıq etməsə, onda hökümət nə edə bilər?” Əməkdaşlıqdan imtina hakimiyyəti formallaşdırır, onun tabeçiliyindən çıxmağa və onu ofsayt vəziyyətə salmağa səbəb olur. Belə iqtdar mövcud olur, amma funksiyalaşa bilmir. Əməkdaşlıqdan imtina milli çərçivədə olmadıqca ciddi nəticələr vermir. Burada məqsəd hakimiyyəti məhv etmək yox, onun mənasız bir şey olduğunu sübut etməkdir. İqtidarla əməkdalıqdan imtina prosesin sonunda özünü doğrulda bilər.

Əməkdaşlıqdan imtina yalnız faydasız əməkdaşlığı nəzərdə tutur. Tutaq ki, iqtidar xalqın xeyrinə hansı addım atırsa, bu zaman əməkdaşlıqdan imtina olmaz. Məsələn, Qarabağ probleminin xalqımızın xeyrinə, ədalətli həlli istiqamətində iqtidarla əməkdaşlıq vacibdir.

Güzəşt yalnız iqtidara münasibətdə olmamalıdır. Müxalif birliklər də qarşılıqlı güzəştsiz yarana bilməz və bu birliyin yaranması ünsiyyətsiz mümkün ola bilməz. Bir çox hallarda hətta parlament seçkilərində namizədlik yerlərinin bir-birinə güzəştə gedilməməsi yaranmış blokları ya parçalamış, ya da zəiflətmişdir.

Müxalifətin bir-biri ilə ünsiyyət qurmaması birliyin yolundakı ən böyük problemlərindən biridir. Çünki bəzən problemlər eyni bir məsələnin birgə müzakirə edilməməsindən meydana çıxır. Bu, həm də iqtidar-müxalifət münasibətlərinə aiddir. Bəlkə də konkret məsələdə əks tərəf daha ciddi arqumentlərlə haqlıdır, amma onun arqumentləri opponentə məlum olmadığından mövqeyi də qəbul edilmir.

Siyasətdə kəmiyyət və keyfiyyət

Bəzi partiyalar saylarının çoxluğunu əsas gətirib, cəmiyyətdə əlavə imtiyazlara idda edirlər. Amma təcrübə göstərir ki, on üzvü olan partiya ilə on min üzvü olan partiyanın əldə etdiyi nəticələr eynidir. Buradan da sual meydana çıxır: say çoxluğunun siyasi iş üçün nə kimi əhəmiyyəti vardır?

Azərbaycan müxalifətinə qoşulan insanların böyük əksəriyyəti qisamüddətli uğur gözlədiyindən, belə uğur olmadıqda dərhal müxtəlif bəhanələrlə müxalifətin siralarını tərk etmişdir. Bu da bəzilərinin “din davası yox, un davası” apardığını göstərir. Halbuki dəyişilmələr din uğrunda, yəni ideyalar uğrunda mübarizədən meydana çıxır. Bunun qarşısını almaq üçün müxalif partiyalar həqiqətəuyğun olmayan vədlər verməklə, həmin insanları öz sıralarında saxlamağa cəhd edir.

Keyfiyyətsiz kəmiyyətin siyasət üçün heç bir mənası yoxdur. “Toplananların yerini dəyişdikdə cəm dəyişmir” – prinsipi siyasətdə də özünü doğruldur. İqtidardan keyfiyyətcə fərqlənməyən qüvvələrin hakimiyyətə gəlməsi də xalqa heç nə verməz və belə dəyişilmələrin heç bir mənası yoxdur.

Bu gün “mənim sayım çoxdur, deməli, mən haqlıyam” fikri cəmiyyətdə hökm sürür. Dünya tarixi təcrübəsi sübut edib ki, həqiqət, bir qayda olaraq, azlıqda saxlanır, nəinki çoxluqda. Sayı çox partiyalar, yoxsa düzgün siyasi kurs seçmiş partiyalar güclüdür? Qeyri-zorakılığa əsasən, “fiziki gücə görə kimsə haqlı ola bilməz, haqlı olduğuna görə güclü olmaq olar”. Buradan da aydın olur ki, sayı çox olanlar yox, haqqa yaxın olanlar güclüdür. Bilmək lazımdır ki, keyfiyyət kəmiyyəti əvəz edə bilər, amma kəmiyyət heç bir halda keyfiyyəti əvəz etmir. Məhz buna görə, Azərbaycanda çoxsaylı müxalif partiyalar azsaylı partiyalardan fərqli uğur əldə edə bilmir, çünki bu qruplar üçün kəmiyyət keyfiyyətə görə prioritet verilir. Buna görə də siyasətin nə olduğunu anlamayan insanlardan ibarət oxlokratik partiyalar meydana çıxır ki, inkişafımızın qarşısında duran əngəllərdən də biri keyfiyyətsiz çoxsaylılıqdır.

Bu gün Azərbaycan müxalifəti əvvəlki illərdəki gücündən məhrum olmuş və kiçilmiş şəkildə mübarizəni davam etdirməkdədir. Bu da bir çoxlarında dinc mübarizənin heç bir fayda vermədiyi üçün zorakı mübarizəyə əl atmağa meyl yaradır. Bu problemlə Qandi də üz-üzə qalmışdır. Qandi yazır: “Son iyirmi ildə ümidsiz azlıqda qalıb gülüş obyektinə çevrilsək də, ruh qalamızı itirməməyi öyrənməyə cəhd göstərmişik. Haqlı olduğumuzda əminliklə əqidəmizin üstündə möhkəm durmağı öyrənmişik”.

Bəs Azərbaycanda nə baş verir? Müxalifət kiçildikcə onun sıralarından bəzi insanlar müxalifət cəbhəsini tərk edir, ya bitərəf qalır, ya da iqtidarın tərəfinə keçir. Əslində, kiçik bir qrupda öz əqidəsini qoruyan şəxs nəhəng qruplarda əqidəsiz olanlardan daha güclü və şərəfli mövqe sərgiləyir. Buradan da sübut olunur ki, azlıqda qalmaq öz mövqeyindən imtina etməyə əsas vermir. Tarix sübut edib ki, həqiqət çox vaxt azlığa xas olub, bəşərin dəyişilməsi də bəzən bir nəfərdən başlayıb. Qandi öz əqidəsinə sadiq insanları başqa məsələləri vaxtın axarına buraxmağa çağırır. Bu gün bəzi insanlar “ömür keçir” deyə əqidəsini dəyişdirməklə başqa məsələləri həll etməyə üstünlük verir. Azərbaycanda partiyalara sayına görə qiymət vermək ənənəvi çoxsaylı, amma xalqa xidmət etməyən qüvvələri önə çıxarıb.

Bu gün ən mübahisəli məsələrdən biri də düz olduqda belə, “başqaları nə düşünər?” mühakiməsi ilə düz yoldan imtina edilməsidir. Azərbaycan liderlərinin, demək olar ki, hamısı bu problemlə üz-üzədir. Bir çoxları xalqın nə düşünəcəyini nəzərə alaraq, həqiqətdən imtina edir, yalanın arxasınca gedir. Xalqın nə düşünməsi lideri maraqlandırmalıdır, ancaq o mənada ki, yanlış düşüncəni dəyşdirsin. Buna görə daha çox xalqa nəsə vermək lideri düşündürməlidir. “Nəsə” dedikdə ideyadan tutmuş iqtisadi maraqlaradək hər şey nəzərdə tutulur.

Məncə, xalqa siyasi bilik vermək, yüksək ideyalar vermək ona beş-on manat pul verməkdən daha vacibdir. Unutmaq olmaz ki, sosial-iqtisadi maraqlara prioritet vermək siyasi maraqları arxana plana itələyir. Uzun illər xalqa heç bir şey vermədən, onu mübarizəyə qoşmaq olmaz. Məhz buna görə, ən kiçik, kosmetik nailiyyət belə, müxalifət üçün mühüm əhəmiyyət kəsb etməlidir. Amma bizdə “çox şey alınmırsa, az da lazım deyil” və ya “ya hər şey, ya heç nə” məntiqi ilə mübarizə əslində geniş xalq kütlələrini siyasi səhnədən çıxarıb. Qandi deyir: “Bütün fikirlərimi cəmiyyətin bölüşdürəcəyini gözləməyəcəyəm. Mən elə indi və özümdən başlayacağam”.

Azərbaycanda təşkil edilən siyasi diskussiyalara nəzər salsaq, kiminsə özündən başladığını görmək mümkün deyil. Hamı başqasından başlamağa cəhd etdiyindən, intriqa, dedi-qodu, qeybət siyasi mübarizəni əvəz eləyib. İnsanlar ona görə özündən başlayır ki, tək qalmaqdan qorxur. Halbuki qeyri-zorakı müqavimət cəsurların, qorxmazların mübarizə üsuludur. Əgər sən təklikdə mübarizədən qorxursansa, heç vaxt qeyri-zorakı mübarizə apara bilməzsən. Qandi deyirdi: “İstər dünya, istər dini tarix sübut edir ki, bütün dünyanın dəyişilməsi bir insanın dyişilməsindən başlayır”. Əgər Məhəmməd peyğəmbərə peyğəmbərlik verilməsəydi və o, adi insandan peyğəmbərə çevrilməsəydi, bu gün dünyada İslam dini olmazdı. Buna görə də Quranda cəmiyyətlərin dəyşilməsi onların arasından birini Allahın dəyişdirməsi ilə həyata kecirildiyi bəyan edilir.

Allahdan qorxan heç nədən və heç kimdən qorxmaz

Qeyri-zorakı mübarizəni aparanlar qorxmaz insanlar olmalıdır. Qandi yazır: “Qorxmazlığı öyrənsəniz heç kəs sizi boyun əyməyə məcbur edə bilməz. Amma siz qorxaqsınızsa, sizdən tələb olunmadıqda belə, özünüz başınızı əyməyə cəhd edəcəksiniz”.

Xiyabaniyə görə, “Qorxu bütün insani naqisliklərin anasıdır”.

Mən qorxunu “daxili həbsxana” adlandırıram. O insan ki qorxaqdır, o, özünü özündə həbs edir və heç vaxt azadlıq mübarizəsində iştirak etmir. Daxili həbsxana o halda yaranır ki, insanlar konkret həbsxanalara düşməkdən qorxurlar.

Qandi zorakılıqla qorxaqlığı birlikdə inkar edirdi. Amma qorxaqlıq və ya zorakılıq seçimi qarşısında məhz zorakılığı seçməyi məqsədəmüvafiq hesab edirdi. Buna görə də Qandi qeyri-zorakı mübarizədə zərurətə görə zorakılığın tətbiq edilməsini düzgün hesab edirdi.

“Qurani-Kərim” də bizə yalnız Allahdan qorxmağı, Onun qarşısında baş əyməyi və Ondan başqa heç kəsdən qorxmamağı və baş əyməməyi tələb edir. “Allahdan qoxmaq” bir istedaddır, hansı ki, belə insan heç nədən qorxmur. Azadlığı yalnız belə insanlar dəyərləndirə və əldə edə bilər. Unutmaq olmaz ki, azad olmaq varlı olmaq demək deyil. Buna görə də öz kasıbçılığında azadlıq istəyən insan həqiqi azadlıq aşiqi sayıla bilər.

Məzlumluq zalımlılığın şərtidir

Tabe olan yoxdursa, tabe edən də yoxdur. Məzlum yoxdursa, zalım də yoxdur. Kölə yoxdursa, ağa da yoxdur. Ov yoxdursa, ovçu da yoxdur… Buradan aydın olur ki, zülmə məruz qalanlar müqavimət göstərmədikdə, özləri zülmkara xidmət edir. Zülmə uyğunlaşmaq qədər təhlükəli sindrom yoxdur.

Bu gün Azərbaycanda zülmə uyğunlaşmaq prosesi gedir. Buna görə məzlumlar zalımlara haqq qazandırır. Qandiyə görə, “insanları könüllü itaətə məcbur etmək olmaz”. Çünki könüllülüklə məcburiyyət bir-birinə əksilik təşkil edir. Nə üçün məcburiyyətlə itaət alınmır? Birincisi, məcburi tabeçilik səthi, zahiridir. İkincisi, belə tabeçilik sürəkli məcburiyyət tələb edir ki, bu da məcbur edənin resurslarını qısa müddətdə tükəndirir. Amma insanlar könüllü itaət etdikdə, heç bir sərfiyyata yer qalmır… Məcburiyyət aradan qalxanda itaətsizlik baş qaldırdığından, bütün məcburi itaət tələb edən cəmiyyətlərdə qeyri-sabitlik hökm sürür. Həqiqi sabitlik insanların könüllü tabeçiliyində meydana çıxır.

Qandiyə görə, “hakimiyyətə nə qədər az tabe olarsan, onun gücü bir o qədər zəif olar”. Əslində, bu gün xalqın böyük bir hissəsi könüllü olararaq rejimə tabe olduğundan, hakimiyyət olduqca güclü görünür və həqiqətən də güclüdür. Çünki hakimiyyətin gücü könüllü kölə olmaq istəyənlərin çoxluğu ilə bağlıdır.

Bu gün iqtidar vətəndaşlara onların iştirakı ilə zülm edir. Seçkini müəllimlər saxtalaşdırır, qanunları hüquq-mühafizə orqanları pozur, ölkə iqtisadiyyatını iş adamları məhv edir, qanunları sadə vətəndaşlar hər addımda pozur. Özü qanunu pozan vətəndaş, əslində, məmurun qeyri-qanuni davranışlarına dözməlidir və dözür də. Deməli, iqtidara itaətsizlik genişlənməlidir. Bunu qanuna tabesizliklə qarışdırmaq olmaz. Əksinə, iqtidara tabe olmaq istəməyən qanuna tabe olmağa cəhd etməlidir. Burada bir şeyi nəzərə almaq lazımdır. Qandiyə görə, qanunlara itaət etmək özlüyündə vətəndaş itaətsizliyi deyil. Passiv müqavimət iştirakçıları bəzi qanunlara itaət edərkən bəzi qanunları pozmağa cəhd etməlidir və bu zaman “hansı qanunlara tabe olmaq, hansı qanunları pozmaq lazımdır” sualı meydana çıxır.

Qandiyə görə, “qanunun pozulması zorakılıq və ya aldatma ilə bağlıdırsa, onda vətəndaş müqaviməti ən azından cinayətkar fəaliyyətin növlərindən birinə çevrilir. Buradan aydın olur ki, arzuolunmaz qanunu pozarkən arzuolunan qanuna ciddi riayət etmək lazımdır. Məsələn, icazəsiz mitinqlər keçirərkən dağıdıcılığa və iğtişaşlara yol vermək olmaz. Belə etiraz aksiyaları ictimai asayiş gözlənilməklə həyata keçirilməlidir. “Qul-ağa” münasibəti iki tərəfin razılığını tələb edir. Ağa ağalığı ilə, qul, qul olması ilə razılaşmadığı andan, quldarlıq məhv olur. Amerikada qul üsyanların qələbə ilə başa çatması bəzi quldarların quldarlığın ləğvində aktiv mübarizə aparması ilə bağlı olmuşdur. Halbuki Spartak hərakatının məğlubiyyəti bütün quldarların quldarlıq quruluşunda yekdil mövqe nümaqiş etdirməsi olmuşdur. Bu nə deməkdir? Azərbaycan xalqı bugünkü idarəetməyə razı olduğuna gərə, bugünkü qüvvələr hakimiyyətdədir. Qandi bunu sinxron fəaliyyət adlandırır. Zülmkar zülm edir, məzlum zülmə dözür. Zülm aradan qalxmır. Qandiyə görə, istismar olunmağı istəyən olmasa, istismarçı ola bilməz. Qandi bunu narkotik alan insan məsəli ilə izah edirdi. O deyirdi: “Biri narkotika satırsa və o, məni zəhərləyirsə, mən bunu pulla ondan alıramsa, günahkar kimdir?” Bu gün hakimiyyət narkotik alverçisi kimi, zülm satır. İnsanlar həmin zülmü nəiniki dəf etmir, hətta onu böyük səylə alırlar. Sonra da zülmkarın günahkar olduğundan şikayətlənirlər. Sən zülmə dözməsən, kim sənə zülm edə bilər?!

Qandiyə görə, “zülmkarın hakimiyyəti məzlumun könülsüz olaraq ona verdiyi hədiyyədir”. Bu hədiyyəyə görə kim günahkardır: onu verən, yoxsa alan? Ardıcıl olaraq zülm edən insana tabe olan xalq günahkardır, yoxsa zülm etməkdə heç bir müqavimətə rast gəlməyn hakimiyyət? Qandi bunu yalançının birini aldatması məsəli ilə izah edir. Bizim əziz Peyğəmbərimizdən belə bir məsəl rəvayət olunur: buyurmuşdur ki, “əgər biri məni aldadırsa, o günahkardır, amma ikinci dəfə aldadırsa, mən günahkaram”. Qandi deyirdi: “Aldanan çox günahkardır, yoxsa aldadan?” Biz bu sualı belə ifadə edirik: zülmə məruz qalan günahkardır, yoxsa zülmkar?! Zülmə məruz qalanlar müqavimət göstərmədikdə başqalarının da zülmə məruz qalmasına yol açdığına görə ikiqat günahkardırlar.

Uğursuzluqdan başlanan uğur

Demokratiyanın simvolu Feniks – Simruq quşudu. Bu quş özü öz odundan yanıb, sonra öz külündən yenidən dirilən mifik bir canlıdır. Demokrtiya da məğlubiyyətindən yenidən qəlbəyə qalxan insanların seçimidir. Qeyri-zorakı mübarizə üğursuzluğa hazır olmağı və uğursuzluğa düçar olduqdan sonra özünü toparlamağı tələb edir.

Bu gün ən çox diskussiya edilən mövzulardan biri “konkret nəticəsi olmayan mübarizəni davam etdirmək, məsələn, qeyri-qanuni seçkilərdə iştirak etmək lazımdırmı?” məsələsidir. Hətta konkret nəticələr əldə edilmədiyindən, liderlərin istefası, müxalif qrupların buraxılması tələb olunur. Bu mövqe qeyri-zorakı mübarizə üsuluna görə yanlışdır və zorakı mübarizə üsullarına xasdır. Çünki insan uzun müddət zorakı mübarizə apara bilməz ya özü, ya opponenti bu mübarizədə qısa zaman kəsiyində məhvə məhkumdur.

Qandi bununla bağlı deyirdi: “Biz məqsədimizə yaxınlaşana qədər onun haqqında düzgün təsəvvürə malik olmalıyıq. Utopik ideyalara çatmağın mümkünsüzlüyünü nəzərə alıb, onlardan imtina etmək olmaz. Əslində, ideala çatmaq yox, ona yaxınlaşmağın özü dəyərdir… Planki fəth edilməsi mümkün olmayan zirvəyə qaldırmaqdan utanmaq lazım deyil. Həmin zirvəyə çatmaq ücün göstərilən uğursuz cəhdi isə iflas hesab etmək olmaz. Əgər siz kifayət qədər idealsınızsa, məqsədə çatmağı deyil, ona yaxınlaşmağı uğur saymaq lazımdır”. Bunu idmanda birinci yer uğrunda mübarizə aparanların ikinci, üçüncü yerlərə çıxarkən hiss etdikləri qürurla müqayisə etmək olar.

Azərbaycan müxalifəti hər dəfə seçki uğursuzluğuna düçar olduqdan sonra özünü toparlamağa xeyli vaxt itirir. Bu da uğursuzluq, gözlənilən proseslərdən qaçma simptomu yaradır. Bu gün keçirilən prezident seçkilərində müxalifətin iştirak etməkdən imtinasının bir səbəbi var: qabaqcadan uğursuzluğa düçar olacağını bilmək. Qandi bu halda mütləq seçkilərdə iştirak etməyi tələb edir, hansı ki, uğursuzluq mübarizə aparanı yolundan saxlamamalıdır. Buradan da aydın olur ki, o vaxt müxalifət seçkiyə qatılır ki, qabaqcadan uğur qazanacağına, yəni seçilməsinə imkan veriləcəyinə arxayın olur. Bu da müxalifətin bir seçkilərdə iştirak edib, digərini boykot etməsinin əsil səbəbini açıq şəkildə göstərir. Prezident seçkilərində uğursuzluq olduğuna görə bu seçkilərdə iştirak etməyənlər eyni siyasi vəziyyətdə parlament seçkilərinə həvəslə qoşulurlar, çünki prezident seçkilərindən fərqli olaraq, parlament seçkilərində alver etməyə imkan yaranır.

Qandiya görə, dinc-demokratik mübarizənin əsas məsələsi ideya ilə onun həyata keçirilməsi arasında uyğunluğun olmasıdır. Bu gün hamı demokratik ideyaları dəstəklədiyini bəyan edir, amma həmin ideyaların icrasına baxdıqda demokratiyadan əsər-əlamət görünmür.

Bu gün seçkilərin heç bir nəticəsi olmadığından seçklilərdən, mitinqlərin heç bir nəticəsi olmadığından mitinqlərdən, müxalifətin heç bir uğuru olmadığından müxalifətdən imtina çağırışları eşidilməkdədir ki, bu, demokratiyanın nə olduğunu bilməyən insanlara xas çağırışlardır.

Ya fəaliyyət, ya ölüm!

İngiltərə Demokratiyanı Öyrənmə Mərkəzinin rəhbəri, politoloq Con Kin yazır: “Daha düzgün olar, etiraf edək ki, azadlıq – bu, ictimai və siyasi işlərdə daimi təşəbbüskar olmağa qabiliyyət deməkdir”.

Zorakı mübarizənin baş şüarı “Ya qələbə, ya ölüm”dür. Ona görə də mütləq qələbə variantı belələri üçün ideal variantdır və qələbəsiz fəaliyyətdən imtina edirlər. Bəs əsl həqiqət hardadır? Ən zəif bir gücdən bütün dünyanı idarə etmək iddiasına yüksələn faşizmi Mussolini belə xarakterizə edirdi: “Faşizm hər şeydən öncə fəaliyyətdir”. Bu, təkcə faşizmə aid deyil, həm də kiçik bir güclə nəhəng işlər görməyi qarşısına qoymuş hər bir gücə aiddir.

Azərbaycanda qeyri-zorakı mübarizəyə inamsızlıq bu mübarizənin nəticəsizliyi ilə bağlıdır. Bir çoxları “müxalifət 30 ildə heç bir şeyə nail olmadı” deyə müxalifətdən üz döndərir. Bəs bu vəziyyətə Qandi necə baxırdı? O yazır: “Məqsəd həmişə əlimizdən çıxır… Arzuya çataçaq məqsədin nailiyyətini deyil, səylərin özünü çatdırır. Maksimum səy göstərmək tam qələbə deməkdir… şüarımız “üğur” deyil, “cəhd göstərmək” olmalıdır”.

Bu gün Azərbaycanda heç kim bu şüarı qəbul etməyə hazır deyil və hamı uğursuz cəhdin əleyhinədir. Əslində, bu, istənilən yarışın şüarıdır. İdmançılar dəfələrlə məğlub olsalar da, heç vaxt yarışdan imtina etmirlər. Bu, qeyri-zorakı mübarənin baş prinsiplərindən biridir. Bu o demək deyil ki, uğur haqqında düşünmək lazım deyil. Cəhd əsas şüar olduqda uğur öz-özünə gec və ya tez onun arxasınca gəlir. Amma uğur əsas şüar olduqda, uğursuzluqda onun arxasınca cəhd gəlmir, çünki uğur arzu, cəhd əməli işdir. İnsanlar çox nadir halda arzularına cəhd edirlər.

Nə üçün uğursuz cəhd etmək lazımdır? Cəhd etməmək vaxt itkisinə səbəb olur. Qandi vaxt itkisini çox böyük yanlışlıq hesab edir və bunu “itirilmiş vaxtın facisəsi” kimi ifadə edir. Çörcil də belə hesab edirdi ki, siyasətin iki ciddi resursu var: vaxt və pul. O deyirdi ki, pulunuz azdırsa, vaxtınıza qənaət edin. Bu o deməkdir ki, heç vaxt vaxt itkisinə, gözləmə taktikasına yol vermək olmaz. Bəzi nəticəsi qabaqcadan məlum olan proseslərdə müxalifətin iştirak zərurəti də bununla bağlıdır. Çünki əgər əsas məsələ fəaliyyətdirsə, onda nəticəyə xüsusi önəm vermək mənasızdır.

Qeyri-zorakı mübarizənin qarşısında duran ciddi problemlərdən biri ümidsizlikdir – hansı ki, insanlar tezliklə dəyişilmələri görmədikdə ümidsizləşir və tamamilə yanlış qərarlar qəbul edirlər. Buna görə də “ümid axırıncı ölür” fikri meydana çıxıb – hansı ki, insan ölmədikcə ümidin ölməsi mümkün deyil. Bu da “ya ölüm, ya fəaliyyət” deməkdir.

Qandi bununla bağlı yazır: “Zülmət gözümdə tam qatılaşmayana qədər onun haqqında fikir söyləmərəm”.

Azərbaycanda tam aydın olmayan proseslərin gələcəyi ilə bağlı fikir söyləmək dəbdədir. Tələsmək olmaz. Quranda da insanların tələsməsi bir qüsur kimi xüsusilə qeyd edilmişdir. Heç kəs müxalifətin sabah ciddi dəyişiklikərə imza atmayacağını deyə bilməz. Çünki cəhd var və uğur cəhdin arxasınca mütləq gələcək. Əsas məsələ cəhdin fasiləsizliyidir. Buna görə Qandi belə bir şüar irəli sürürdü: “Ya fəaliyyət, ya ölüm”.

Qandinin şüarı qarşıdakı seçimin əhəmiyyətini və zəruri fədakarlığın səviyyəsini tam hərtərəfli çatdırdığı halda, “ya qələbə, ya ölüm” heç məna ifadə etmir. “Ya Qələbə, ya ölüm” insanlardan xüsusi ilhamlandırma və inandırma tələb etdiyi halda, “ya fəaliyyət, ya ölüm” şüarının belə bir tələbi yoxdur. Buna görə Qandi məsləhət görür ki, insanları ilhamlandırmağa (onlara çoxlu vədlər verməyə) və inandırmağa “onların şüuruna nəzarət etməyə” qənaət edin. Bu gün əksər müxalif partiyalar öz tərəfdarlarını “sabah hakimiyyətə gəlirik”, “bizi xaricdən dəstəkləyirlər”, “biz düz yoldayıq” kimi fikirlərlə inandırır və onları ruhlandırırlar – hansı ki, verilən vədlər həyata keçmədikcə, həmin insanlar müqavimət cəbhəsini tərk edir. İnsanlara qeyri-real ümidlər vermək və birdəfəlik mübarizəyə həvəsləndirmək olmaz. Mübarizə sürəkli olmalıdır. Belə adamlara isə boş ümidlər və mənasız lham lazım deyil. Onlar mübarizəni yaşam forması kimi qəbul edirlər. Belə adamlar çox olmadıqca, Azərbaycanda heç nə dəyişməyəcək!

“Mübahisələri axirətə saxlayın”

Bu gün Azərbaycanda müzakirə edilən ən mühüm məsələlərdən biri də “kim haqlıdır” sualıdır. Hər kəs özünü haqlı hesab edir, yəni heç kəs öz ayranının turş olduğunu ağlına gətirmir. Partiyalara oxşar dində də təriqətlər var və hər bir təriqət yalnız özünün düz yol olduğunu iddia edir. “Qurani-Kərim”də hansı təriqətin düz yolda olub-olmaması ilə bağlı mübahisələrin Allaha həvalə edilməsi və axirətə saxlanılması tələb edilir. Mübahisə məsələsi nə üçün bu qədər əhəmiyyətlidir?

İqtidarı tənqid məsələsi də qeyri-zorakı müqavimətdə mühüm rol oynayır. Bir qayda olaraq, iqtidar müxalifəti idarəetmə ilə bağlı mübahisələrə cəlb edir və müxalifət bu mübahisələrdə qalib gəlməyə cəhd edir. Bir çox halda müxalifətin özü belə, mübahisələr açmağa cəhd edir və hətta iqtidarı idarəetmə ilə bağlı açıq mübahisələrə çağırır. Biz prezident seçkilərində də belə mübahisələr açılmasına cəhdin şahidi olmuşuq. Halbuki Qandi deyirdi ki, “mübahisədə qalib gəlməyin ən qısa yolu ondan imtinadır”.

Beləliklə, aydın olur ki, əməkdaşlıqdan imtina həm də mübahisə etməkdən – nə düzdü, nə səhvdi – məsələsini aydınlaşdırmaqdan imtinanı tələb edir. Çünki mübahisə iqtidarı aktuallaşdırır və müxalifəti funksional asılılıq vəziyyətinə salır. Əslində, iqtidarı istər adi vaxtlar, istər seçkilərdə mübahisəyə çağırmaq (debata yox, cəhd etməyə) elə iqtidara könüllü tabe olmağın bir formasıdır. Buna görə də bəzi müxalif liderlərin iqtidarı mübahisə etməyə çağırması və ya seçkilərdə mübahisəyə üstünlük verməsi bu mənada səhvdir. Mübahisədən imtina sosial “ciu-citsu” üsulu kimi işləyir. Bu döyüş üsulu düşmənin gücünü özünə qarşı işlətməkdən ibarətdir. Bu üsul istənilən gücsüzün güclü tərəfə qalib gəlməsini saxlayır, cünki güclü tərəf öz gücü ilə məhv olur. Qandi bu üsulla iqtidarın repressiya siyasətini özünə qarşı işlədə bilmişdir. Belə ki, CAR-da olarkən o qədər hindlinin həbs olunmasına nail olmuşdur ki, sonra iqtidar bütün məhbusları buraxmaq məcburiyyətində qalmış, bununla da məğlub olmuşdur. Yəni repressiya gücü iqtidarın özünə yönəlmişdir.

Müxalifət qüvvələrinin öz aralarındakı mübahisə ikiqat ziyanlıdır. Çünki mübahisə edən tərəfin haqlı olduğu tam aydın olmadıqda hər iki tərəf uduzur.

Qeyri-zorakı mübarizənin əsas mənası ondan ibarətdir ki, bu mübarizə tərəfdarları özləri qorxmaz olmaları ilə yanaşı, insanlar da onlardan qorxmur. Bu gün bir çox insanın müxalifətə yaxın gəlməməsinin səbəbi müxalifətdən qorxmalarıdır, çünki ardıcıl dinc mübarizə işini düzgün qurmayan müxalifətçilərin psixoloji zorakılığı onları da qorxudur.

“Dünən – dünəndir,  bu gün – bu gün” və ya irəli getmirsənsə, mütləq geri gedirsən!

Azərbaycanda əsas bəlalardan biri insanlara yerinə, etnik mənsubiyyətinə, dini baxışına görə qiymət verilməsidir. Qandinin dövründə də bu problem aktual olmuşdur. Buna görə o adamlara yox, onların fəlaliyyətinin nəticələrinə qiymət verilməsi yolunu tuturdu.

Müxalifətin bir araya gəlməməsinin bir səbəbi yaranacaq birliklərdəki gözlənilən fikir ayrılıqlarıdır. Qandi belə hesab edir ki, “zəif rəhbər fikir ayrılığında təhlükə görür, halbuki onlar əslində qiymətli dərs verir, təşkilatın xeyrinə xidmət edir, qərar və onun nəticləri ilə bağlı qiymətli məlumatlar verir”.

Əslində, fikir ayrılığı özgə fikrindən bəhrələnməyə xidmət edir. Qandi yazır: “İdeya sizə məxsus olmaya bilər, amma siz onu orjinal yola tətbiq etməklə, yeni və parlaq nəticə əldə edə bilərsiz”.

Buradan da aydın olur ki, əsas məsələ fikirlər, ideyalar yox, onların həyata keçirilmə üsülu ilə bağlıdır.

Azərbaycan müxalifətinin ən ciddi qüsurlarndan biri keçmiş təcrübəyə bağlanmaqdır. Əlbəttə, təcrübə həqiqətin meyarıdır. Amma zaman və məkan şərti dəyişkən olduğundan, heç bir təcrübə keçmişdən bu günə köçürülə bilməz. Buna görə də, təcrübəni öyrənmək zəruri olduğu kimi, ona bağlanmamaq da bir o qədər vacibdir. Təcrübədən istifadə təcrübənin mahiyyətinin yeni məkan və zaman şərtində tətbiq edilməsini tələb edir. Məsələn, 1988-ci il Xalq Hərəkatı təcrübəsini bu gün olduğu kimi tətbiq etmək olmaz və mümkün deyil. Çünki o dövrün heç bir şərti bu gün yoxdur. Deməli, 1988-ci il Xalq Hərəkatının mahiyyəti bu günki şərtlər daxilində tətbiq edildikdə nəticə verə bilər. Amma özünün formaca tətbiqi heç bir nəticə verə bilməz. Yenidən klassik Xalq Hərəkatı yaratmaq istəyənlər məhz buna görə səhv edirlər. Qandi bunu “axmaq varislikdən imtina” kimi təyin edir. O, dəyişikliklərin idarə edilməsini zəruri hesab edirdi. Buna görə də “ənənələrə yeni qaydada baxmaq” şüarını dəstəkləyirdi.

Azərbaycan müxalifətinin ciddi səhvlərindən biri liderlərin fikir dəyişilmələrinin süngü ilə qarşılanmasıdır.Məşhur deyimdə deyildiyi kimi, “Bir dəlilər, bir də ölülər fikrini dəyişmir”.

Qandi yazır: “Mən dəyişləməzliyə heç vaxt sitayiş etməmişəm”. O, buradan belə qənaətə gəlir ki, fikrinizi dəyişmək lazım olsa, dəyişin. Qandinin vaxtında da fikrin dəyişilməsi mövqeyin dəyişilməsi kimi başa düşülürdü. Qandi deyirdi: “Mən həqiqət tərəfdarıyam. Buna əvvəl nə deməyimdən asılı olmayaraq, indi bu haqda nə düşündüyümü və hiss etdiyimi deməyə borcluyam”.

Bu, fikrin təkamülü ilə bağlı məsələdir. Burada həm də Azərbaycan ətrafinda liderlərin iradəsindən asılı olmayaraq baş verən və Azərbaycana təsir edən hadisələrin rolu az deyil. Ətraf dəyişdiyi bir vaxtda sistem öz sabitliyini saxlaya bilməz və saxlamamalıdır da. Əgər bir lider son 30 ildə dünyada və regionda baş verən dəyişilmələri, Azərbaycanda demoqrafik proseləri nəzərə almadan, özü özünü təkarar edirsə, bu, özü özünü eftanaziyadır. Qandi bunu “dünyanı qəbul etmək” kimi təyin edib.

Nəyə görə dəyişilmə zəruridir? O yerdə ki tərəqqi yoxdur, orada tənəzzül labüddür. Çünki bu iki proses bir-biri ilə vəhdət təşkil edir. Biri irəli getmirsə, deməli, o, sürətlə geri gedir. Sosial həyatda bir yerdə durmaq mümkün deyil.

Təhlükəsiz yolda azadlıq yoxdur

Qandi öz mübarizəsinə Britaniya müstəmləkə ağalığının hindlilərin beyninə yeritdiyi ideyaları və onlara təbliğ edilmiş idealları aradan qaldırmaqdan başlamışdır. Qandi deyirdi: “İnsan özünü azad insan kimi dərk edən məqamda əsarət boyunduruğundan yaxa qurtarır”. Burada özünü azad edən insanın sahibinin onu öldürə biləcəyi ilə razılaşmasıdır. Hegel bunu “azadlığın qarşılığı həyatdan imtinaya hazır olmaqdır” kimi təyin edir. Yəni ölümünü gözünün qarşısına alıb, azadlıq istəyən insan o andan azad olmağa başlayır.

Azadlıq təhlükəli yolda əldə edilə bilər. Çünki azadlığın əldən verilməsi zorakılıqla həyata keçirilir və azadlıq -hamı ilə həmişə rəqabətdə olmaq deməkdir.

Dinc-demokratik mübarizənin əsas şərtlərindən biri də azadlıqla təhlükəsizliyin qarşılıqlı əlaqəsi məsələsidir.Qandi yazır: “Azadlığını təhlükəsizliyinə dəyişməyə çalışan xalq nə buna, nə də o birinə layiq deyildir”.

Politologiyada sübut olunub ki, sosial-iqtisadi hüquqların qorunmasına cəhd edən hər bir insan siyasi hüquqlardan imtina etməyə məcburdur. Bu gün insanlar mitinqlərə niyə qoşulmur və ya iqtidara niyə açıq şəkildə müqavimət göstərmir? Çünki iş yerini və ya gəlirlərini itirməkdən, yaxud da həbs olunmaqdan qorxur. Qandinin əsas fəlsəfəsi “könüllü əzabçəkmə yolu ilə istismara qarşı mübarizə” kimi müəyyən edilmişdir. Qandi zorakılıq göstərənlərə zorakılıq göstərməməyə çağırırdı və bunu onunla izah edirdi ki, zorakılıq zorakılıq doğurur. Bu gün zorakılıqla əldə edilmiş qələbə gələcəkdə mütləq özünə qarşı zorakılıq doğuracaqdır. Buna görə, Qandi düşməndən ayrılmağı, onun zorakılığına cavab verməməyi tövsiyyə edir. Bu, hind mədəniyyətinin məşhur “təcavüz səpərsən, təcavüz biçərsən” zərb-məsələinə əsaslanır.

Zorakılıqdan imtina güc olmayan vaxtda asandır. Ən çətin məsələ güc olanda zorakılıqdan imtinadır. Buna görə Qandi deyirdi ki, gücsüz olanda zorakılıqdan imtina edirsinizsə, buna elə and içib öhdəlik götürməlisiniz ki, gücünüz olanda ona əl atmayasınız. Güc olmayanda zorakılıqdan imtina, güc olanda zorakılığa əl atmaq istəyi psixoloji zorakılığın əsasını təşkil edir.

Qandi zorakılıqdan onə görə imtina edirdi ki, onun fikincə, “zorakılıq müstəbidə yox, özünə əziyyət vermək deməkdir”. Qandi hesab edirdi ki, “zülm etməkdənsə, zülmə məruz qalmaq daha əxlaqi yoldur”. Qandi deyirdi ki, İngiltərə həbsxanalarına kurort kimi baxmadıqca, hindlilər azad ola bilməz.

Buradan da qeyri-zorakı mübarizəni, qələbəni təmin edən əsas ideya meydana çıxmışdır. Özünə əziyyət verməklə zülmkarı məğlub etmək olar. Mahatma Qandi bu mənada İmam Hüseynin mübarizəsini insanlıq məktəbi adlandırırdı.

Məhz qeyri-zorakı mübarizənin ən mühüm prinsiplərindən biri – “qarşı tərəfin zorakılıq edəcəyini düşünərək hərəkət etmək” ən çoxu üç günə istənilən müstəbidə qalib gəlməyə imkan verir. Çin Şarp bunu “sosioloji sirr” adlandırır. Onun qənaətincə, heç cür izah etmək mümkün deyil ki, nə üçün ən qatı müstəbidlər belə, əllərində nəhəng silah arsenalı və hərbi canlı qüvvəsi olduğu halda, qeyri-zorakı mübarizə qarşısında maksimum 7 gün, minumun 3 gün davam gətirə bilir.

Azərbaycan müxalifətinin 30 illik mübarizəsinə rəğmən, iqtidarın hələ də hakimiyyətdə qalması onu göstərir ki, Azərbaycan müxalifəti heç vaxt qeyri-zorakı mübarizə yolu seçməyib. Qandi deyirdi ki, “siz müstəbidi sizə zərər vurmamasına məcbur edə bilməzsiniz, amma özünüz zülmkarlıqla razılaşmağınıza görə məruz qalacağınız bütün repressiyya və əziyyətlərə dözməyə hazır olsanız, zülmkarı təsir gücündən məhrum etməklə, ona qalib gələrsiniz”.

Qeyri-zorakı mübarizə məğlubiyyət şəraitində hakimiyyətlə mübarizədə bir şey əldə etmək mümkün olmadıqda, dolayısı ilə nələrəsə təsir etməklə, vəziyyəti dəyişdirməyə imkan verir. Buradan da aydın olur ki, heç bir nəticəsi olmayan hakimiyyətə qarşı müqavimətin düz xətli, ardıcıl aparılması düzgün yol deyil. Bu zaman alternativ yollara baş vurmaqla, əlverişli mübarizə mühiti yaratmaq lazımdır.

Qeyri-zorakı mübarizənin, doğrudan da, qeyri-zorakı olduğunun tək bir sübutu vardır: bu mübarizə rəqiblərə qarşı heç bir halda zorakılıq, nifrət və şər iradə doğurmamalıdır. Qandinin bu fikirləri İsa peyğəmbərin “məhəbəttlə islah edin”, “bir yanağınıza vurduqda digərini çevirin” və “Qurani-Kərim”in “qisas almaq haqqınızdır, amma bağışlasanız daha xeyirlidir” vəhyləri ilə səsləşir.

Yuxarıda qeyd etdik ki, zorakılıq bütləşdirmə, şəxsiyyət kultu ətrafinda yaranır. Buna görə Qandi hesab edirdi ki, “hətta xeyirxah bir işi belə fetişə çevirməklə, onu məhv etmək olar”. Buradan da prinsiplərə sədaqətlə nəticə arasında düzgün seçim etmək zərurəti meydana çıxır. Qandiyə görə, “prinsiplərin təşkilat üçün mühüm əhəmiyyəti vardır. Lakin prinsip naminə adamların mənafeyini qurban vermək qeyri-etik və səhv hərəkətdir… ideyalara yox, adamlara xidmət edin”. Qandinin bu tezisi “adamlara yox, ideylara qarşı mübarizə aparmaq” tezisinin əksiliyidir. Yəni o yerdə ki, ideyalara qarşı mübarizə gedir, orada adamlara həssas yanaşmaq lazımdır.

Həbsxanaları doldurmağa hazır olmayan heç bir xalq küçələri doldura bilməz!

Bu gün ictimayyəti belə bir sual maraqlandırır: daha nə qədər mübarizə aparmalıyıq, yaxud nə vaxta kimi indiki müxalifətə və ya liderlərə dözməliyik?

Bu məsələ siyasi nəticələr əldə etməkdə tələskənliklə bağlıdır. Mənim ən yaxın dostlarımdan olan və kifayət qədər siyasiləşmiş partiya sədri bir dəfə belə bir söz dedi: “Artıq ömür gedir, ola bilsin, biz o azad cəmiyyəti gərməyək, nə qədər bu cür nəticəsiz mübarizə aparmaq olar?! Məncə, kənara çəkilmək lazımdır”. İşin nəticələrini görməyə tələsmək insan xilsləti ilə bağlıdır.

“Qurani-Kərim”də Allah-təala “İnsan tələskənlikdə yaradılmışdır. Siz Məni (Qiyamətin gəlməsinə görə) tələsdirməyin” deyə buyurur. Allahın varlığına inamsızlığın əsas səbəblərindən biri də Allahın cəza və mükafatının insanlara görə gecikdirilməsidir. Halbuki tələskənlik heç bir işi başa çatdırmağa və həmin işi kamil şəkildə görməyə imkan vermir. Dünyada 30-40 il müxalifətdə qalıb, heç bir nətcə əldə etməyən kifayət qədər lider olub ki, xalqları o liderləri heç vaxt tərk etməyib. Azərbaycanda insanlar bir seçki, hətta bəziləri bir mitinq müddəti qədər səbr edir, sonra öz mövqeyini tərk edir. Bununla bağlı Qandi deyirdi: “Daha yaxşının yaxşıya mane olmasına imkan verməyin. Siz hövsələsizsiniz. Mən bunu özümə rəva görə bilmərəm…”. Bu nə deməkdir? Elmdə buna maksimalizm və ya “ya hər şey, ya heç nə” deyirlər. Bir dəqiqəliyə Azərbaycanı müxalifətsiz və liderlərsiz təsəvvürə gətirək. Onda Azərbaycan bu günlə müqayisədə hansı vəziyyətdə olardı? Bizim arzuladığımız cəmiyyət lap yaxşısıdır. Amma bundan daha da pis olmasının qarşısının alınması da az şey deyil.

Qeyri-zorakı mübarizə maksimalizmdən imtina tələb edir. Buna görə də uğur yox, həmin uğura cəhd əsas götürülür. Qandinin “Quran”dan əxz etdiyi əsas ideya “səbr” idi. Qandi böyük nəticələr arzulamağa yaxşı baxırdı, amma deyirdi ki, “hər şeyin sizin arzunuza uyğun olaraq baş verəcəyinə ümid bəsləmək zərərlidir və özündənrazılıq əlamətidir”. Qandi səbrə ideallardan və cəhdlərdən imtinanın sinonimi kimi baxmırdı.

“Qurani-Kərim” də səbri nədənsə imtina etmək kimi tövsiyə etmir, əksinə, səbr mütləq olacağa inamla, onun olmasının zəruri şərtlərinin meydana çıxması üçün lazım olan vaxtı gözləməyi ifadə edir. Başqa sözlə, səbr -zamanla şərtlənməni etiraf etmək, onu başa düşmək deməkdir. Qandiyə görə, təcililiklə səbrliliyin düzgün nisbətini müəyyən etmək vacibdir. Səbr – yaxşıdan ən yaxşıya keçid üçün tələb olunan vaxtdır. Yaxşı – cəhd, ən yaxşı – həmin cəhdin nəticəsidir.

Qandi hesab edirdi ki, ən yaxşıya görə yaxşıdan imtina insanı həm ən yaxşıdan, həm də yaxşıdan məhrum edir. Bu gün hakimiyyətin dəyişilməsi ən yaxşı, ona qarşı mübarizə yaxşıdırsa, hakimiyyətin dəyişilməsi baş vermədiyindən, mübarizədən imtina həm bizi mübarizədən, həm də hakimiyyətin dəyişilmələrindən məhrum edir. Bu səbəbdən Qandi deyirdi ki, “ideal haqqında təsəvvürlərə heç də uyğun gəlməməsi səbəbindən lazımi hərəkətlərdən imtina etməmək daha vacibdir”. Bu gün hakimiyyəti dəyişdirə bilməməyimiz bizim hakimiyyət dəyişilmələri uğrunda mübarizədən imtina etməyimizə əsas vermir və liderləri istefaya çağırmaq da bu mənada qeyri-zorakı müqavimətə ziddir.

Ədalət qələbənin təməlidir

Allah-təala “Qurani-Kərim”də buyurur: “Allah özünə ədalətli olmağı əta etmişdir”. Buna görə də “Quran” hər bir adamdan ədalətli olmağı, ədalətin üzə çıxması naminə öz əleyhinə olsa belə, şahidlik etməyi əmr edir. Siyasi mübarizədə hər hansı bir uğur da yalnız ədalətə əsaslananda meydana çıxa bilər. Buradan da belə bir sual meydana çıxır: ədalət nəyə lazımdır? Ədalət məqsədlə vasitənin ölçülüyünün uyğunluğunu özündə ifadə edir, hansı ki, belə uyğunluq olmadıqda heç bir vasitə məqsədə apara bilməz.

Qeyri-zorakı müqavimətin fəlsəfəsi səbəb-nəticə əlaqəsi ilə izah edilə bilər. Qandi bunu “demokrtik Hindistana anti-demokratik yolla nail olmaq olmaz” – kimi izah edirdi. Çünki zorakılıq yolu ilə əldə edilən nəticə yalnız zorakılıq imkanlarının təsdiqi ola bilər, nəinki xalqın azadlıq imkanlarının təsdiqi. Qandiyə görə, “ədalət istəyən ilk öncə başqasına ədalətlə yanaşmalıdır”. Bu, əxlaqın klassik prinsiplərindən biridir. Buradan da qeyri-zorakı müqavimətin əxlaqi müqavimət olduğu sübut olunur. Özünə ədalət istəyənin başqaları ilə ədalətsiz davranması həm özünü, həm də qarşısındakını ədalətdən məhrum edir. Xalq deyimində olduğu kimi, “nə tökərsən aşına, o da çıxar qaşığına”. Qandiyə görə, etik davranış sürəkli olmalıdır. Vaxtdan və şəraitdən asılı olaraq etik davranış dəyişilməməlidir. Etika nə üçün siyasi mübarizədə vacibdir? Qandiyə görə, etika vasitə ilə məqsədi düzgün əlaqələndirən yeganə prinsipdir.

Qandiyə görə, insanlar öz mahiyyətlərini özləri müəyyən etmədikdə, onların əvəzinə onu hakimiyyət edəcək. Beləliklə, zorakı və ya qeyri-zorakı seçim etməyən hər bir adamı hakimiyyət zorakı adama çevirir – hansı ki, asanlıqla onu məhv edir. Müasir dövrdə siyasi repressiyalarda evlərə silah qoyub həbslər həyata keçirmək və ya insanları olmayan çevriləşlərdə ittiham etmək öz mahiyyətini özü təyin etməyənləri hakimiyyətin təyin etdiyini sübut edir.Amma təpədən-dırnağa leqal şəkildə qeyri-zorakı mübarizə aparan kimsəni iqtidar silahlı çevrilişdə ittiham edə bilməz, etsə də nəticəyə nail ola bilməz. 1939-cu ildə Hitler reyxstaqı yandırıb, kommunistləri repressiya etmək istədikdə, bolqar kommunist Dimitrov öz müdafiə nitqini məhz bunun üzərində – seçilmiş mübarizə üsulunun onlara yad olması üzərində quraraq, bəraət almışdır.

Nə üçün xalq zülmə dözür? Qandi yazır: “Vətəndaş itaətsizliyinin iştirakçısı həbsə alınmasını və özünə qarşı zorakılıq tətbiq edilməsinin digər formalarını görür və alqışlayır. Dərk edir ki, onun fiziki cəhətdən azad olması yalnız bir görüntüdür və belə yaşamaq istəmir. Özünü inandırır ki, “dövlət, vətəndaş onun göstərişlərini yerinə yetirdiyi dərəcədə şəxsi azadlıq verir”. Buradan aydın olur ki, hakimiyyətin bütün göstərişlərini sözsüz yerinə yetirən heç bir insan azad ola bilməz. Çünki dövlət yalnız onun hakimiyyəti ilə sözsüz, qeyd-şərtsiz razılaşan adamlar barəsində tam hakimiyyətə malikdir. Diktaturada dövlət, azadlığı həbsxanada olmamaq kimi müəyyənləşdirir. Buradan aydın olur ki, itaətsizliyə görə dövlət cəzası olan həbsxanaya salınma həbsxanadan kənarda olduğundan daha çox azadlıq verir. Lakin həbsxana sözsüz tabe olmanın ağır çərçivəsində baş verir. Başqa sözlə, diktaturaya dözmək könüllü asılılıq, həbsxanaya düşmək məcburi asılılıqdır. Ləyaqəti olan insan məcburi asılılığı seçər, nəinki könüllü. Buradan da aydın olur ki, həbsxanaları doldurmağa hazır olmayan heç bir xalq küçələri doldura bilməz!

Bu gün öz passivliyinə, qorxaqlığına haqq qazandırmağa cəhd edərək, qeyri-zorakı mübarizədən imtina edənlər bir tərəfdən zorakılığa, digər tərəfdən məhrumiyyətlərə düçar olur. Yəni ikiqat uduzur. Qandi belə insanları şüurlu vicdansızlar, obrazlı olaraq, “şeytanın vəkili” adlandırırdı. “Qurani-Kərim”də də zülmə qarşı durmayanlar “şeytanın şagirdləri” kimi təyin olunub. Qandiyə görə, şeytanın vəkili olmaq yalnız özü ilə oynamaqla olar, hansı ki, bu zaman şəxsin mövqeyi yalnız ona məlum olur. Biz bunu narazıların etiraz etməməsi numunəsindən aydın görürük. Gizlində narazılıq edən milyonlarla vətəndaşın aşkar etirazlara çıxmaması əslində şeytana vəkilliyin təzahürüdir.

Nəhayət, müxalifətdaxili çəkişmələr. Qeyri-zorakı mübarizənin əsas prinsiplərindən biri rəqibin düzgün seçilməsidir. Zorakılıq etməyən kiməsəyə qarşı qeyri-zorakı mübarizə aparmaq absurddur. Buradan aydın olur ki, öz sıralarından kimisə seçib, ona qarşı mübarizə aparmaq Don Kixotun yel dəyirmanı ilə vuruşması qədər əhəmiyyətlidir.

Allah-təala “Quran”da möhkəm şəriət qanunlarının sahibi olduğunu bəyan edir. Bu, o deməkdir ki, heç bir sosial qanun möhkəm, sərt ola bilməz. Buna görə belə qanunlara sözsüz itaət etmək insanları kölə edir. Qandi azadlığı məhdudlaşdıran istənilən qanunu pozmağa çağırır. Amma o qanunlar ki ictimai həyatı tənzim edir, həmin qanunlara riayət etmək lazımdır.

Müxalifətin onun fəaliyyətini Konstitusiyaya zidd məhdudlaşdıran heç bir qanuna tabe olma öhdəliyi ola bilməz. Belə qanunlara tabe olan qüvvə isə heç vaxt nəticə əldə edə, məqsədinə çata bilməz. Qandiyə görə, itaət qeyri-etik hərəkətdir. Yalnız şüurlu və vicdanlı razılaşma etik hesab oluna bilər. Hakimiyyətin ədalətsiz məcburetməsinə tabe olmaq qeyri-etik davranışdır, buna görə də belə davrananlar alçaldıcı vəziyyətə düşürlər. Əsl tabeçiliyin mahiyyəti ədaləstiz qanunlardan imtina, ədalətli qanunlara tabe olmaqdan ibarətdir. Bu cür davranış insandan cəsarət tələb edir. Çünki qanun özünün pozulmasını cəzalandırır. Cəzaya hazır olmayan kimsə ədalətsiz qanunu poza bilməz, belə qanunu pozmayan azad ola bilməz.

Qandi yazır: “Yaradıcı və məhsuldar şərait ümumi məqsədə nail olmaq işinə hər gün şəxsi töhfəsini verən, baş verənlər üçün şəxsi məsuliyyətindən imtina etməyən yaradıcı və qabiliyyətli adamlar tələb edir. Bu cür təşkilatı yaratmağın yeganə yolu qeyri-zorakılıq nümunəsidir”.

Qeyri-zorakı müqavimət lideri

Liderlər tarixin sürətini dəyişən, hərəkətverici gücə bərabər rol oynayan aparıcı şəxslərdir. Hər bir mübarizə üsulunun ona xas lider tipi olmalıdır. Bəs qeyri-zorakı müqavimətin lideri necə olmalıdır? Başqa sözlə, Azərbaycan müxalifətinin liderlərinin tipi onların qeyri-zorakı yolla hakimiyyət dəyişilmələrinə başçılıq etməsinə imkan verirmi? Mahatma Qandiyə görə, qeyri-zorakı mübarizədə “lider özünü qurban verməyə hazır olmalıdır. Əgər onun özünü qurban verməsi nümunəyə çevrilirsə, digərləri onun ardınca gəlirsə, deməli, ictimai hərəkatın meydana çıxması göz qabağındadır. Liderin özünü qurban verməsini ona zorla qəbul etdirmək olmaz. Lider öz dəyərlərini tərəfdarlarına zorla qəbul etdirmədiyinə görə, ardıcıllarında şəxsi məsuliyyət hissi aşılanır. Liderlik – təqlidi həvəsləndirmək vasitəsi ilə liderlikdir”.

Nümunə kimi qeyd edim ki, Qandi və həyat yoldaşı dəfələrlə işğalçılar tərəfindən həbs olunmuş, arvadı həbxsanada dünyasını dəyişmiş, özü isə zorakılıq tərəfdarları tərəfindən qətlə yetirilmişdir.

Qeyd edim ki, Azərbaycan liderlərinin çoxu fədakarlığa hazırdır və siyasi işdə bunu dəfələrlə sübut ediblər. Bu gün həbsxanada yatmayan, fiziki zorakılığa məruz qalmayan, qohum-qardaşı repressiya olunmayan müxalifət lideri, demək olar ki, yoxdur. Lidelərin bir eybi var – özünün mənimsədiyi dəyərləri zorla üzvlərinə aşılayır və siyasi mübarizədə şəxsi qürur nümayiş etdirir. Bu iki keyfiyyət liderləri uğursuzluğa aparır.

Qeyri-zorakı müqavimət – sağlam ağılla elmi qüvvətin vəhdəti

Qeyri-zorakı mübarizə tərəfdarından iki mühüm keyfiyyət tələb olunur: sağlam ağıl və elmdə qüvvətli olmaq. Bu iki prinsip İslam dinində imanin iki şərti kimi müəyyən olunub. Nə üçün qeyri-zorakı müqavimətdə ağıl və elm tələb olunur?

Qandiyə görə, “yalnız həqiqət üstündür… həqiqət həmişə qalib gəlir”. Həqiqət isə yalnız sağlam ağılla və bəlli bir biliyə malik olmaqla əldə edilə bilər.

Burada bəzi insanların elmi-siyasi mübarizəyə yanlış münasibəti ilə bağlı qısa şərh etmək istəyirəm. Bu gün Azərbaycanda siyasi işin hansısa nəzəri biliklərlə əlaqələndirilməsi bəzilərində lağ, bəzilərində isə mənasız iş kimi təəssürat yaradır. Qandi deyirdi: “Məqsədli cahillik heç bir halda bilikdən daha yaxşı ola bilməz. Lakin bilik yaxşı qərarın təminatı deyil, ürəyın sadə istəyini isə nəzərə almamaq və eyni zamanda bunu qulaqardına vurmaq olmaz. Etik cəhətdən mötəbər qərarların kiçik şriftlə çap edilmiş şərhlərə ehtiyacı yoxdur”. Buradan görünür ki, yalnız bilikli insanların vətənpərvərliyi xalqa nəsə verə bilər. Ürəyində vətən eşqi olmayan alim və elmi olmayan vətənpərvər, eləcə də elmi biliyi olmayan ehtiraslı siyasi lider heç bir ictimai nəticəyə idda edə bilməz.

Geniş xalq kütlələri qeyri-zorakı mübarizənin harasındadır? Qandi mütəşəkkil xalq hərakatını deyil, qaragüruhu arxasınca aparan boşboğaz olmamağa çağırırdı. Çünki qaragüruhu öz arxasınca aparan lider üçün də qaragüruh real təhlükədir. Bu gün müxalif liderlər nəinki qaragüruhdan imtina edir, əksinə, öz ətraflarına məhz qaragüruhu toplayır. Çünki onları aldatmaq çox asan olur. Bəzi liderlər qaragüruhun sevgisindən həzz alır. Amma unudurlar ki, kütlənin lider sevgisinin onun ideyalarına qətiyyən aidiyyəti yoxdur. Qaragüruhla lider arasındakı əlaqə xalis şəxsi emosional əlaqədir. Buna görə, bu emosional əlaqə qırılan andan lider həmin kütlənin düşməninə çevrilir.

Qandi emosional çağrışlardan qorxmağa çağırırdı. Mən dəfələrlə iclaslarda və mitinqlərdə istefa qışqırmağın və ya hansısa liderin adını çağırıb çəpik çalmağı düzgün hesab etməmişəm. Çünki bütün bunlar emosional reaksiyalardır və bu emosiyalar bu adamlara ağıllı sözü eşitməyə, onu dərk etməyə imkan vermir. Bir dəfə bizim partiyanın binasında bir müxalif partiya lideri tədbir keçirirdi. Həmin tədbirdə dəfələrlə sürəkli alqışlar, “istefa” və “lider bəy” qışqırıqları liderin çıxışını yarıda kəsirdi. İclas başa çatıb, camaat dağımağa başlayanda mən beş-on nəfərdən “lideriniz nə deyirdi?”” soruşdum və kimsə də liderinin nə dediyini mənə deyə bilmədi. Beləliklə, aydın oldu ki, əksinə, zaldakı emosiyalar iştirakçıların dərketməsinə əngəl olub və insanlar yığıncağa hansı təsəvvürlərlə gəliblərsə, o təsəvvürlərlə də oranı tərk ediblər. Bu da mollanın dəvənin üzərində küləkli havada qovut yeməsinə oxşayır.

Qandinin metodu emosionallığın maarifçliklə qaydaya salınmasına əsaslanır. İdeal əsaslı çıxış ağlı və ruhu birləşdirir. Qandinin bütün emosional çağrışları mütləq hansısa elmi arqumentasiya ilə vəhdət təşkil etmişdir. Qandi belə hesab edirdi ki, kütlələrin hisslərinə demokratiyanın deyil, oxlokratiyanın irəli sürdüyü qeyri-mütəşəkkil, nizamsız nümayişlər vasitəsi ilə təsir göstərməyə dəyməz. Bu gün mitinqə nə üçün çıxdığını belə anlamayan insanların iştirak etdiyi mitinqlərlə heç nəyə nail olmaq olmaz. Bir çox liderlər öz arxasınca nadanlar ordusu yaratmağa cəhd edərkən, qabaqcadan nailiyyətin onlardan uzaqlaşacağını gözə almalıdırlar.

Vətəndaş qarşıdurması istənilən diktaturadan daha pisdir

Qeryri-zorakı mübarizənin bir əhəmiyyəti də vətəndaş qarşıdurmasından yan keçməklə, siyasi dəyişilmələrə nail olmaqdır. Russo deyirdi ki, vətəndaş qarşıdurması istənilən diktaturadan pisdir. Bu o deməkdir ki, diktaturadan azad olarkən vətəndaş qarşıdurmasına yol vermək olmaz.

Təəssüf ki, bu gün inqilab şüarları səslənməkdədir. Suriya modelini gözə almayan kimsə xalqın dostu ola bilməz və belə qüvvələrin xarici ölkələrə xidmət etdiyi şəksizdir. Necə ki, bu gün Suriya müxalifətinin müxtəlif qanadları ayrı-ayrı dövlətlərin əlində onların maraqlarını təmin edən bir vasitə kimi çıxış edir.

Qandinin cəmiyyəti inqilabdan sığortalayan siyasəti nədən ibarətdir? Qandi elə bir mübarizə yolu seçmişdir ki. onun təbliğatı həm tərəfdarlarını, həm də opponentlərini maarifləndirirdi. Buna görə də “İntiqammı? Xeyr, marifləndirmə!” şüarını irəli sürürdü. Çünki bəzi insanların zorakılığı onların siyasi savadsızlığından, avamlığından qaynaqlanır. İnsan nə qədər biliksiz və savadsızdırsa, bir o qədər öz heyvani təbiətinə yaxındır və bir o qədər zorakılığa, intiqama, nifrətə meyllidir.

“Qurani-Kərim”də Allah-təala “Bəzi insanlar heyvan, bəziləri ondan da rəzil vəziyyətdədir”, – deyə bəyan edir. Heyvan – avam insanlar, ondan rəzil olanlar – batilə uyan – yalan həqiqətin dalinca gedənlərdir. Qandi belə hesab edirdi ki, maarif hamının ehtiyac duyduğu şey olduğundan, maariflənmə paralel təsir göstərərək, ziddiyətlərin aradan qaldırılmasına kömək edir. Buna görə Qandi belə hesab edir ki, istənilən fəaliyyətin yeganə motivi həqiqəti axtarmaq və ona əməl etmək olmalıdır. Qandi üçün düzgün olan faktologiya ilə yox, maraqlı tərəflər üçün bərabər dəyəri təmsil edən münasibəti, fəaliyyəti və ya fəaliyyətin nəticəsi ilə təsdiq oluna bilər. Buna görə, Qandi hər bir rəhbərin “Bu düzdürmü?” sualına cavab verməsini istəyirdi və Qandiyə görə, bu sual hər bir rəhbərin verə biləcəyi birinci və sonuncu sualdır.

Həqiqət nəyə lazımdır? Qandi belə hesab edirdi ki, həqiqət axtarışında inadkarlıq insana misilsiz güc verir. Bunun əksinə, yalana inanmaq insanı gücsüzləşdirir.

Nobel mükafatı laeuratı A. Fon Hayek yazır: “İnsan nadanlığını dərk edən andan azad olmağa başlayır”. Bu gün Azərbaycanda özünün nadanlığından xəbəri olmayanlar ordusu, guya, qeyri-zorakı mübarizə apardığını idda edir və bu zaman niyə azad olmadığından təəccüblənir. Bəzi liderlər də düşünülmüş şəkildə ətrafındakıları həqiqətdən uzaqlaşdırır, onları maarifləndirmədən emosional vəziyyətə gətirir. 30 il “istefa” qışqırmalarına baxmayaraq, azadlıq yolunda bir qarış belə, qət edə bilmirlər.

Vətəndaş fəalının kodeksi

Siz hörmətlə yanaşdıqda, rəqib də rəqabət hissinə görə sizə hörmətlə yanaşmağa məcbur olur ki, bu zaman rəqibin hörməti tərəfdarlarınızın sayını və sizə olan bağlılığını artırır…

Vətəndaş fəallığı olmadan ictimai dəyişilmələrə nail olmaq olmaz. Vətəndaşın istənilən fəallığı ilə də tərəqiyyə nail olmaq mümkün deyil. Buradan da aydın olur ki, azadlığa aparan vətəndaş fəallığının öz xüsusi qanunauyğunluqları olmalıdır. Azərbaycanda müxalifətin kifayət qədər fəal olduğu dövrlərdə belə, heç bir uğur qazanmamasının məhz bununla – Azərbaycanda vətəndaşların fəallığının qaydasızlığı ilə – bağlı olduğu sübut olunur.

Hər bir işin öz qaydası var və qaydasına uyğun görülməyən heç bir iş nəticə verməz. “Tövrat”dan, eləcə də “Quran”dan görünür ki, Allah-təala Öz peyğəmbərləri ilə 10 ilahi qanun əsasında əhd bağlamışdır. Bu on qanuna əməl etmək insanları Cənnətə, onları pozmaq Cəhənnəmə aparır. Bu baxımdan, qeyri-zorakı müqavimətin də hansısa qızıl qaydaları vardır və yalnız bu qaydalara əməl etdikdə bu mübarizə nəticə verə bilər. Qandi qeyri-zorakı müqavimət üçün on bir qayda müəyyən etmişdir. Hansi ki, bu qaydalara əməl etmək qələbəyə, onlara əməl etməmək məğlubiyyətə aparır. Bura aşağıdakılar aiddir:

1. Rəqibə qəzəb nümayiş etdirmə;

İstər ictimai, istər siyasi, istərsə də şəxsi münasibətlərdə qəzəb nümayiş etdirmək zərurətə görə əks tərəfi silahlanmaya, özünü radikal üsullarla müdafiəyə təşviq edir.

Buradan aydın olur ki, zorakılığın meydana çıxmaması üçün qəzəb hissinin hər hansı bir şəkildə təzahürünə imkan vermək olmaz. Bizim gözəl bir atalar sözümüz var: “Hirslə duran, ziyanla oturar”. Azərbaycan müxalifətinin “qəzəb” nümayiş etdirən mübarizəsi həmişə müxalifətin ziyanı ilə başa çatıb. Müxalifət repressiya edilib və ya qanunvericilikdə reqressiya inkişaf etdirilib və ya müxalifət ənənəvi dostlarından, xalq tərəfindən dəstəkdən məhrum olub.

2. Rəqibin qəzəbini soyutmağa və onun sənə qarşı zərbələri ilə razılaş;

Özünün qəzəbsiz mübarizə aparmağın kifayət deyil, elə davranış sərgiləmək lazımdır ki, düşmən də öz qəzəbini boğsun. Əgər buna nail ola bilmirsinizsə, onda düşmənin sizə qarşı edə biləcəyi zorakılığı cavabsız olaraq qəbul etməyə hazır olun.

Yuxarıda qeyd etdik ki, rəqibin həbsxanasına bir istirahət yeri kimi baxmaq, rəqibin fiziki zorakılığından həzz almağı bacarmaq lazımdır. Bu sonuncu mazoxizmə bənzərlik təşkil edir. Mazoxizmdə insan özünə qarşı zorakılığın edilməsinə başqasını təşviq edir. Amma qeyri-zorakı mübarizədə bundan fərqli olaraq, sən zorkılığa əsas vermirsən.

3. Qəzəb və qorxunun səni məqsədindən yayındarmasına imkan vermə – diqqətini ancaq məqsədinə yönəlt;

Qəzəb və qorxu ağlı pərdələyən iki daxili hissdir – hansı ki, azadlıq üçün bilik, bilik üçün sağlam ağıl lazımdır.

Yuxarıda qeyd etdik ki, azadlıq qorxudan xilas olmaq kimi təzahür edir. Əgər insan hansısa mücərrəd bir gücdən könüllü şəkildə qorxursa, onda kimsə onu konkret güclə qorxuda bilməz. Əslində, qorxu daxili köləlikdir. Qorxaqları tabe etdirmək üçün ciddi bir gücə ehtiyac yoxdur. Sadəcə, onları qorxutmaq kifayət edir. Köləlikdən azad olmaq özündən azad olmaqdan başlayır. Əgər bir insan özü özünü daxili qorxularından azad edə bilmirsə, həmin insanı heç kim azad edə bilməz. Heç vaxt rəqibin zorakılıq edib-etməyəcəyinə diqqət vermək lazım deyil, çünki bu zaman öz məqsədin diqqətdən yayınır və yanlış məqsədlərə doğru irəliləyirsən. Buna görə, zorakılığa əl atan kimsə məqsədinə çata bilmir.

Odur ki, məqsədə və qarşıya qoyulmuş vəzifəyə uyğun olaraq hərəkət etmək, şəxsi və ya emosiyalara uymayan diqqəti bu vəzifələrə cəmləşdirmək lazımdır.

4. Rəqibin məğlubiyyətinə, sənin öz məqsədinə çatmağına çalış;

Bu qaydanın mənası ondan ibarətdir ki, bəzən məqsədə dolayı yollarla çatmaq olar – hansı ki, rəqibi məğlub etməklə məqsədə çatmada böyük itkilər verdiyin halda, dolayı yolla məqsədə çatdıqda belə itkilərdən sığortalanmış olursan. Bunun yollarından biri rəqibi könüllü güzəştə getməyə razı salmaqdır. Bu prinsip yarışdan imtina kimi təsəvvürə gəlir. Buradan da Allah-təala buyurur: “Məndən sizi başqasından üstün edən şeyi istəməyin”. Bu o deməkdir ki, insan özü üçün üstünlüyə cəhd edərkən, bunu başqası ilə münasibətdə etməməlidir. Əgər başqası ilə münasibətdə üstünlüyə cəhd edilirsə, bu, zərurətə görə rəqibdə müqavimət yaradır.

5. Ən yaxşı vuruşduğun silahınla döyüş – rəqibin yaxşı vuruşduğu silaha əl atma;

İdmandan məlumdur ki, müxtlif döyüş sənətlərinə yiyələnmiş insanlar arasında qalibi müəyyən etmək mümkün deyil. Çünki hərə öz düyüş növü üzrə qabiliyyətli, rəqibin döyüş növü üzrə qabiliyyətsizdir. Eksperimentlər sübut edib ki, müxtəlif üsullarla döyüş alınmır. Buna görə də rəqiblə qarşılıqlı zorakı mübarizədən imtina etdikdə və ona qarşı qeyri-zorakılıq tətbiq etdikdə, rəqib səni zorakılıqla məhv etməyə bəhanə tapmır.

6. Öz mənfi hisslərinə nəzarət et və rəqibin sənə yönəlmiş emosiyalarına cavab vermə;

Heyvanlar aləmindən məlumdur ki, bütün heyvanlar bir-birinin aqressivliyinə aqressivliklə cavab verirlər. Aqressivliyin aqressivlik doğurması bioloji qanunauyğunluqdur. Aqressivliyin silsilə ilə artması sonda ən güclünün tam qələbəsi ilə başa çatır. Bunun əksinə, aressiyaya qarşılıq vermədikdə aqressorda aqressiya şiddətlənmir və aqressiya aqressorda daxili travma yaradaraq, onda zəiflik yaradır. Beləliklə, istənilən aqressiya reqressiya ilə qarşılandıqda aqressor tükənməyə başlayır. Zorakılığın hər hansı bir növünə cavab vermək insandan zorakılıq tələb edir. Emosiyalar insan ağlını kilidləyir – hansı ki, azadlıq məhz ağıllı insanlara xasdır. Mənfi hisslər daxili travmatizm yaradır. Terroristlər və cinayətkarlar məhz daxili travmatizmə məruz qalan insanların sırasından çıxır. Buna görə də bütün mənfi hissləri dərhal özündən uzaqlaşdırmaq lazımdır. İsa peyğəmbər buna görə də “məhəbbətlə islah et” deyə vəhy etmişdir.

7. Qarşı durmamaq üçün söyüş və lənət yağırmaqdan imtina et;

Qandiyə görə, söyüş və lənət qarşıdurma yaradır. Buna görə də, qarşıdurmadan qaçmaq üçün söyüş və lənət yağdırmaqdan çəkinmək lazımdır. Söyüş və lənət mücərrəd silahdır və çox vaxt hər cür konkret silahdan daha çox insana əzab verir. Öz tariximizdən məlumdur ki, Şeybanilərlə Səfəvilər, Osmanlı ilə Səfəvilər arasındakı müharibələr məhz söyüşə görə başlamışdır.

8. Ehtiramsızlığı təhqirlə etmə. Düşmənin simvollarını qəbul etmə və təhqir etmə;

Allah-təala Quranda buyurur: “Siz bütpərəstlərin məbudlarına söyməyin ki, onlar da sizin Allahınızı söyməsinlər”. Bu gün YAP Elçibəyi, Rəsulzadəni, cəbhəçilər Heydər Əliyevi söyür və təhqir edir. Buradan da hakimiyyətin repressiyaları başlayır. Qandizmə görə, öz simvollarının təhqir edilməsini istəmirsənsə, düşmənin simvollarını qəbul etməsən də, onları söymə. Atatürkün tərcümeyi-halında bu prinsiplə bağlı çoxlu nümunələr var.

9. Hörmət – işlərin görülməsi üçün ən yaxşı mühitdir;

Siyasət ictimai şüurun ən ali formasıdır. Əgər etika məqsədlə nəticəni əlaqləndirirsə, onda rəqiblə hörmətlə davranmaq sizin məqsədinizə gedişinizi sürətləndirir. Məmurları hətta öz həyatını risk etməklə təhqir və hücümlardan qoru. Siyasi münasibətlərdə hörmətlə davranmaq şəxsi maraqların olmadığının sübutlarından biridir. Çünki hörmətsizlik məhz şəxsi münasibətlərə xasdır. İctimai münasibətlərdə hörmətsizlik təkcə rəqibə yox, həm də hörmətsizlik edənin öz tərəfdarlarına yönəlir. Məsələn, sosial şəbəkədə küçə söyüşü ilə opponentlərinə münasibət bildirənlər unudurlar ki, həmin söyüşləri onların öz valideyinləri də eşidə, görə bilər. Siz hörmətlə yanaşdıqda, rəqib də rəqabət hissinə görə sizə hörmətlə yanaşmağa məcbur olur ki, bu zaman rəqibin sizə hörməti tərəfdarlarınızın sayını və sizə olan bağlılığını artırır.

10. Sağlam ağılla mübarizə apar;

Qandi deyirdi: “Döyüşçünün gücü silahının sayı ilə yox, ağlının itiliyi ilə ölçülür. Hisslərin sağlam düşüncəyə qalib gəlməməsinə imkan vermə”. Bir insanın hissləri onun düşüncəsinə qalib gəlirsə, həmin insan üzərində rəqibin qələbəsi şəksizdir. Dünyanın bütün məşhur siyasətçiləri, eləcə də öz xalqlarını azad edən milli liderlərın hamısı üçün ağıllı olmaları xarakterikdir. İnsan nə qədər ağıllı olarsa, bir o qədər düşmənin silahlı hücumundan yayına və hətta onun öz silahını özünə yönəldə bilər.

11. Həqiqət axtarışında inadkar ol – şəxsi münaqişələrdən uzaq ol, özün barəsində şişirtmələrə yol vermə.

“Qurani-Kərim”də Allah-təala buyurur: “Etmədiyi işlərə görə təriflənməyi xoşlayanlar kafirlərdir”. Bəzən insanlar şüurlu şəkildə etmədikləri bir işi etdikləri iş kimi qələmə verirlər. Bəzən başqalarının gördüyü işi öz adlarına çıxırlar. Münaqişələr də burdan – müəlliflik iddiasından başlayır. Həqiqi azadlıq həqiqətin tapılması ilə meydana çıxır. Buna görə insanlar nə qədər həqiqət axtarışında olurlarsa, bir o qədər azad olurlar. Bura öz əvvəlki fkrindən daşınmamaq, həqiqətin yalnız özünə məxsus olduğunu iddia etmək, dəyişən şərtlərə uyğun həqiqətin dialektikasına çalışmamaq aiddir. Azərbaycanda fikrini dəyişənlərə satqın, başqa xalqların təcrübəsinə istinad etməyə mənasızlıq kimi baxırlar. Kindi deyirdi ki, “həqiqət sizə yad tayfalardan gəlsə belə, onu qəbul etməyə hazır ol”. O cümlədən həqiqət rəqibin tərəfində olduqda, onunla razılaşmamaq insanı nəinki azad etmir, əksinə, yalanın əsarətinə salır ki, zorakılıq məhz yalanla vəhdət təşkil etdiyindən, öz arxasınca zorakılığı tətikləyir.

Dinc-demokratik mübarizənin 7 qızıl prinsipi

Bəzən insanlar şüurlu şəkildə etmədikləri bir işi etdikləri iş kimi qələmə verirlər. Bəzən başqalarının gördüyü işi öz adlarına çıxırlar. Münaqişələr də buradan – müəlliflik iddiasından başlayır. Həqiqi azadlıq həqiqətin tapılması ilə meydana çıxır. Buna görə insanlar nə qədər həqiqət axtarışında olurlarsa, bir o qədər azad olurlar. Bura öz əvvəlki fkrindən daşınmamaq, həqiqətin yalnız özünə məxsus olduğunu iddia etmək, dəyişən şərtlərə uyğun həqiqətin dialektikasına çalışmamaq aiddir. Azərbaycanda fikrini dəyişənlərə satqın, başqa xalqların təcrübəsinə istinad etməyə mənasızlıq kimi baxırlar. Kindi deyirdi ki, “həqiqət sizə yad tayfalardan gəlsə belə, onu qəbul etməyə hazır ol”. O cümlədən həqiqət rəqibin tərəfində olduqda, onunla razılaşmamaq insanı nəinki azad etmir, əksinə yalanın əsarətinə salı ki, zorakılıq məhz yalanla vəhdət təşkil etdiyindən, öz arxasınca zorakılığı tətikləyir.

Dinc-demokratik mübarizənin 7 qızıl prinsipi

Qandinin təcrübəsi dünyada geniş əks-səda vermişdi. Amerikada, ÇAR-da aparteidə qarşı mübarizədə, eləcə də dini konservizmə qarşı mübarizədə Qandi qaydaları daha da təkmilləşdirilmişdir. Amerka sosioloqu Cin Şarp Qandizmi qloballaşan dünya şərtlərinə uyğunlaşdırmış və buradan da dinc-demokratik mübarizənin 6 prinsipini müəyyən etmişdir:

1. Zorakılığın bütün növlərindən imtina;

Bu prinsipə görə, dinc-demokratik mübarizə aparanlar nəinki əllərinə heç bir halda hər hansı silah almamalıdır, hətta düşüncələrində belə, hər hansı zorakılığa əsas verən mühakimələrə, ürəklərində belə istəklərinə yer verməməlidirlər.

2. Rəqibin zorakılıq etməyəcəyinə ümid etmə və arxayın olma;

Dinc-demokratik mübarizə aparanlar rəqibin zorakılıq etməyəcəyinə ümid etmədən mübarizə aparmalıdır və bu zaman hər cür zorakılığa məruz qalmaq üçün özünü psixoloji olaraq hazırlamalıdır.

3. Mübarizədə fasiləyə yol vermə;

Azərbaycan müxalifətinin məğlubiyyətlərinin səbəblərindən biri də fasiləli mübarizə taktikasıdır. Halbuki dinc-demokratik mübarizədə uğur yalnız onda alına bilər ki, rəqib bütün gücü ilə ayaqda olsun və müqavimət göstərməkdən yorulsun. İran şahı taxtdan məhz fasiləsiz dinc-aksiyalara görə imtina etdi. Fasiləli mübarizə rejimin aqressivliyinə, möhkəmlənməsinə xidmət edir. Bu zaman müxtəlif bəhanələr gətirməyin heç bir mənası yoxdur. Buna görə biz fasiləli mitinqlərin əleyhinəyik.

4. Müxtəlifliyi – rəngarəngliyi təmin et;

Bu prinsip müxalifətin daha geniş, yelpazadə birləşməsini tələb edir. Azərbaycanda ən müxtəlif ittihamlarla birlikdən qaçış dinc yolla uğur qazanmağa imkan vermir. Qüvvələrin müxtəlifliyində qələbə onunla bağlıdır ki, iqtidar müxalifəti təkləyib məhv edə bilmir. Müxtəliflik həm də dabanın genişlənməsinə, ən müxtəlif marağı olanları hakimiyyət dəyişilməsində mübarizəyə səfərbər etməyə xidmət edir.

5. Kifayət qədər maliyyə resurslarına malik olmaq;

Dinc-demokratik mübarizə daha böyük kütlələri mübarizəyə cəlb etməyi, mübarizəni ardıcıl və sürəkli davam etdirməyi və repressiyalara dözməyi tələb etdiyindən, nəhəng maliyyə vəsaiti tələb edir. Belə bir maliyyə vəsaiti olmadığından, müxalifətin məğlubiyyətinin əsas obyektiv səbəblərindən biri budur. Hətta Almaniya kimi demokrtik bir ölkədə Koll kimi böyük bir siyasətci, hakimiyyətdə olmasına baxmayaraq, öz partiya büdcəsinə qeyri-qanuni yolla maliyyə vəsaiti axıtmağa məcbur olmuş və buna görə cəzalanmışdır. “Kim pul verir, o da musiqini sifariş edir” məsələni “kimin pulu var, o da istədiyi musiqiyə qulaq asa bilir” kimi ifadə etmək olar.

6. Beynəlxaq səviyyədə dəstək;

C.Şarpa görə, izolə olunmuş heç bir cəmiyyətdə dinc-demokratik mübarizə ilə hakimiyyəti dəyişmək olmaz. Çünki dinc müxalifəti iqtidarın qeyri-qanuni zorakılığından yalnız beynəlxalq ictimaiyyət sığortalaya bilər. Digər tərəfdən, qlobal dünyada hər hansı bir ölkədə iqtidarlar öz gücləri ilə hakimiyyətdə qalmır, bir qayda olaraq özlərinə beynəlxalq havadarlar taparaq, hakimiyyətdə möhkəmlənirlər. Bəşər Əsədin hələ də hakimiyyətdə qalması bunun dəlilidir. Əgər iqtidarlar üçün bu qədər resurslara baxmayaraq, beynəlxalq güclərin dəstəyi vacibdirsə, onda aydın olur ki, bu, müxalifət üçün ikiqat vacibdir. Yaxın tarximiz sübut edir ki, beynəlxalq dəstəyə malik Gürcüstan, Ukrayna, Pribaltika və Moldova müxalifəti belə dəstəkdən məhrum olan Azərbaycan müxalifətindən daha ciddi uğurlar əldə etmişdir. Beynəlxalq dəstəyin olmaması da Azərbaycan müxalifətinin siyasi davranışları ilə bağlıdır. Belə ki, məşhur deyimdə olduğu kimi, inkişaf “qatırı çıxarıb, yerinə at gətirəndə olur, eşşək gətirəndə yox”.

Beynəlxalq ictimaiyyət kifayət qədər təşkilatlanmış, birləşmiş, siyasi cəhətdən hazırlıqlı, demokratik oyun qaydalarını mənimsmiş və xalq tərəfindən geniş dəstəyi olan müxalifəti siyasi səhnədə görməyincə, ona heç bir dəstək verməz və vermir də.

C. Şarp sonda belə nəticəyə gəlib: dinc-demokratik mübarizə qarşısında hakimiyyətlər üç gün, ən güclü hakimiyyətlər maksimum 7 gün davam gətirə bilir. Anti-demokratik güclərin hakimiyyətdən könüllü imtinalarının səbəbi isə hələ də sosioloqlara məlum deyil.

Qaydalara əməl etmədikdə, 3 gün 3 il, 30 il, 300 ilə çevrilir. Azərbaycan müxalifəti də məhz buna görə 30 ildir heç bir uğur qazanmayıb və belə davam etsə, 300 il keçsə də, uğur qazana bilməyəcək.

Buradan da yekun nəticə alınır: Azərbaycanda müxalifətin məğlubiyyətinin yeganə səbəbi seçdiyi mübarizə üsulunun qaydalarına əməl etməməsidir!

SON

Xural.com

Paylaş:

This post was last modified on 10 Yanvar 2019 12:46 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib

Onlar vəkil Şəhla Hümbətovanın vəkillikdən uzaqlaşdırılmasını pisləyirlər Dörd beynəlxalq təşkilat Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib. Məktubda noyabrın 27-də vəkil, hüquq…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

“Quruluş Osman”ın 3-cü bölümü-VİDEO

Xural.com Osmanlı imperiyasının qurucusu Ərtoğrul Qazi oğlu Osmanın dövləti necə qurmasından bəhs edən "Quruluş Osman" filminin 3-cü bölümünü təqdim edir:…

7 Dekabr 2019
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

TV Musavatda Əvəz Zeynallı-Bəhruz Quliyev debatı-VİDEO

TV Musavatın "Canlı debat" layihəsində ölkə gündəminin müzakirəsi - parlamentin yenidən formalaşması, növbədənkənar parlament seçkiləri, Yeni Azərbaycan Partiyasının (YAP) qərarı,…

6 Dekabr 2019
  • GÜNDƏM
  • KRİMİNAL
  • XuralTAC

Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib

Onun və mühafizəçisinin güllələnməsilə bağlı cinayət işi məhkəməyə göndərildi Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və mühafizəçisi, polis əməkdaşı Qasım…

6 Dekabr 2019
  • CƏMİYYƏT
  • XuralTAC

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib. Xural.com xəbər verir ki, bu barədə "Report"a Milli Məclisin deputatı Vahid Əhmədov məlumat…

6 Dekabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Bratislavada nə baş verib?-Ermənistan müxalifəti izahat tələb edir

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislavada baş tutan son görüşü Ermənistan müxalifətini şübhələndirib. Xural.com “AzPolitika.info”-ya istinadən xəbər verir ki,…

6 Dekabr 2019
Xural.COM