Sərvətiniz sizin qatilinizdir!

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

  Siz ətdən, yağdan, kartofdan, çörəkdən qorxun!

 Fərqi yoxdur, onlar ya hansısa qurumda təşkilatlansınlar, ya da əksər insanlar kimi evində, işində, küçəsində gileylənsinlər. Azərbaycan insanı inqilab arzulamır. Lakin bu, o demək deyil ki, bacarmır. Əsla. Bacarır, həm də bal kimi. Amma istəməmək, “Azərbaycanda inqilab olmayacaq” anlamına da gəlməməlidir. Azərbaycanı inqilaba doğru aparırlar. Nə qədər qəribə də olsa, aparıcı şəxslər məhz bu iqtidarın öz komandasıdır. Bunların demokratiya anlamları yox, o bir başqa məsələ. İnsanlar bunların bu halından məmnun olmasalar da, hələ ki, “dözümlü xalq” ehkamını da dağıtmağa tələsmirlər. Monopolist-oliqarxlar isə işi bir başqa rakursa yönləndirməklə məşğuldurlar. Adamların nə düşündükləri yalnız özlərinə məlum. Kim isə nə isə söyləməkdə aciz. Hətta söyləntilər belə ehtimal. Bəlkə də dünyanın heç bir ölkəsində məmurlar Azərbaycanda olduğu qədər sonunu özü tezləşdirməyib. Əslində, bu yaponsayağı xarakiridir. Əgər yapon sirrini verməmək üçün bu addımı atırsa, bəs məmləkət məmurundan hələ kim hesab sorub ki, intihara meyllənirlər.

Məmləkətdə hər şey öz psixoloji həddini artıq çoxdan keçıb. Sifarişli həbslərin kütləviləşməsi, müstəqil mediaya ikrah yaradacaq davamlı hücum, insan haqlarının hər addımda pozulması, monopoliya, korrupsiya və s. Sağ olmasınlar, Azərbaycan insanını bu işlərə o qədər alışdırdılar ki, artıq yuxarıda qeyd olunanların hətta Konstitusiyada öz əksini tapdığına inanmaq istəyənlər belə var. Bəlkə də alışıblar, bəlkə də özlərini belə göstərirlər. Amma insanlar yumurtanı 15-20 qəpiyə, əti 10-11 manata, kartofu məhz sezonunda 70-80 qəpiyə almağa öyrəşməyiblər axı. Bu cür psixoloji hədlərin keçilməsi şok yaradır. İnsan hüquqi terminlə desək, affekt halında olur. Bu insanları hər hala salırsınız salın, məhz affekt halına salmayın. Bəyəm gözünüzü tormu tutub? Bir ağacını erməni kəsdi, milyonlar meydana yığışdı, indi şəhərlərini, kəndlərini, bütün məmləkətini viran qoyursunuz, susurlar, elə bilirsiniz zaman elə zamanda qaldı? Əsla. İnsanlar hər şeyə dözər, amma çörəyinə, suyuna toxunarsan dözməz.

Niyə əti Azərbaycana Kəmaləddin Heydərov gətirməlidir, qardaşım? Kəmaləddin Heydərov Süleyman peyğəmbərdir bəyəm? Adam şirənin dilini bilir, balığın, kürünün dilini bilir, tikintidə daşın-torpağın, əksər materialların dilini bilir, siqaretin dilini bilir, buğdanın, qəzetin, agentliyin, partiyanın, deputatın, nazirin, icra başçısının, komitə sədrinin də dillərini bilir. Əcəb. İmkan ver inəyin, qoyunun da dilini yetim-yesir bilsin də. Əşşi bu zəhrimara qalmışların hər biri cəmi iki hərflik söz bilirlər də – “mə”, “mo”. Bunun üçün kurs keçmək lazımdır? Fövqəladə savadmı tələb olunur? Yaxşı, onu da keçirdin ələ, bəs sonra? Qardaşım, götür tarakan dərmanını da ölkəyə sən gətir. İstək-arzularınız nə vaxtsa bitəcəkmi? Niyə özünüzü, rəhbərinizi biabır edirsiniz? Adam hər ay yumurta, ət, yağ, kartof, limonad, kojik müşavirəsi keçirməlidir ki? Siz İsa Qəmbərdən, Əli Kərimlidən, Arif Hacılıdan qorxmayın. Siz ətdən, yağdan, kartofdan, çörəkdən qorxun. İnqilabı nə Müsavat edəcək, nə də Cəbhə. İnqilabı kartof, ət, yağ, yumurta edəcək. Həm də məhz sizin rəhbərliyinizlə.

Sərvət ovçuları, hələ ki, para-pul peşindəsiniz. Toplayın, daha çox, daha tez. Dünyanın ən axmaq adamı belə öz qatilini öz evində bu qədər əzizləməz. Dünyanın ən axmaq adamı belə öz qatilini bu qədər candan, könüldən sevməz. Sərvətiniz sizin qatilinizdir. Məndən söyləməsi…

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button