”Sərxani Ağanın nəşi 10 aydır ailəsinə verilmir”- FOTOLAR

”Hüquq müdafiəçisi Oqtay Gülalıyev öz facebook səhifəsində Müsəlman Birliyi Hərəkatının üzvü Sərxani Ağanın ölümü və nəşinin hələ də tapılmaması ilə bağlı açıqlama paylaşıb. 

Oxunmasını tövsiyə edən Hüquq müdafiəçisinin açıqlamasını xural.com GundemXeber.Az-a istinadən oxucularına olduğu kimi təqdim edir: Bildirirəm ki, respublika prokurorluğunun bu məktubunu dərc etməyim adı çəkilən qurumun və bir çoxlarının xoşuna gəlməyəcək. Amma olsun. Söhbət bir insanın faciəli taleyinə biganə münasibətdən gedirsə hər şey olduğu kimi deyilməlidir. Qalanları təfərrüatdır…

''Sərxani Ağanın nəşi 10 aydır ailəsinə verilmir''- FOTOLAR

Bildiyiniz kimi, 2018- ci ilin iyul ayında Gəncədə baş vermiş məlum hadisələrlə bağlı ən azından 8 nəfər naməlum və müəmmalı şəkildə qətlə yetirildi. Sorğu- sualsız öldürülən şəxslərdən biri Müsəlman Birliyi Hərəkatının üzvü Sərxani Ağanın nəşi 10 aydır ki, ailəsinə təhvil verilmir. Gizlədilir, necə deyərlər “itkin düşüb”. Mərhumun ölümünə aydınlıq gətirilməsi və nəşini ailəsinə təhvil verilməsi üçün onun həyat yoldaşı Sevinc Sərxani baş prokuror Zakir Qaralova müraciət etmişdi. Müraciətdən sonra dəfələrlə polis orqanlarına çağrılan Sevinc xanım təzyiqlərə, kiçik övladları ilə təhdid olunmağa və izlənmələrə məruz qaldı. Və bir müddət sonra respublika prokurorluğu aşağıdakı məzmunda ona cavab məktubu göndərdi…

''Sərxani Ağanın nəşi 10 aydır ailəsinə verilmir''- FOTOLAR

Doğrusu deyim mən bu məktubu oxuyanda dəhşətə gəldim. Ölkəmizdə insan həyatının bu qədər ucuz və dəyərsiz olduğuna inanmazdım. Məktubda əvvəlcə Sərxani Ağaya böhtan atılaraq bildirilir ki, o, “…03 iyul 2018- ci ildə Gəncədə icra başçısına və mühafizəçisinə atəş açaraq terror aktının törədilməsində yaxından iştirak etmiş, mütəşəkkil dəstənin üzvü olmuşdu…” Amma apardığımız araşdırma və mərhumun pasportuna vurulan möhür onu göstərir ki, Gəncədə məlum hadisələr baş verən ərəfədə Ağa Sərxani nəinki Gəncədə, ümumiyyətlə Azərbaycanda olmayıb (!?). Respublika baş prokurorluğuna sual etmək lazımdır ki, ölkədə olmayan şəxs icra başçısının güllələlənməsi hadisəsində necə iştirak edə bilərdi?

Məktubda Ağa Sərxaninin “Makarov” markalı tapança ilə (ailəsi bildirir ki, o, silahsız olub- red.) müasir silahlarla silahlanmış çox saylı DİN əməkdaşlarına “ciddi” müqavimət göstərməsi nağılını və onun qatı cinayətkar və terrorçu kimi “məhv edilməsi” epitetini bir kənara qoyaraq nəşinin 10 aydır ailəsinə verilməməsinə prokurorluq orqanlarının “aydınlıq gətirməsinə” diqqət edək. Qeyd olunur ki, Ağa Sərxaninin meyidi Gəncə şəhər Kəpəz rayon polis İdarəsinin sahə rəisi Məhərrəmov İlham Şahniyar oğluna təhvil verilib (!?). Vəssalam. Təsəvvür edin mərhumun həyat yoldaşı respublika baş prokurorluğundan ərinin qanunsuz olaraq öldürülməsi, həyatdan məhrum edilməsi, nəşinin ötən 10 ayda gizlədilərək ailəsinə təhvil verilməməsi cinayətini araşdırıb ölçü götürülməsini tələb edir. Baş prokurorluq isə yanlış və əsassız bəhanələr gətirərək məsuliyyətdən qaçmağa çalışır. Sonda da deyir ki, sizin həyat yoldaşınızın nəşini filankəsə vermişik. Gedin özünüz araşdırın (!?).

''Sərxani Ağanın nəşi 10 aydır ailəsinə verilmir''- FOTOLAR

Baxın, hüquq- mühafizə orqanları, prokurorluq qanunsuz olaraq həyatdan məhrum edilmiş, öldürülmüş bir Azərbaycan vətəndaşının taleyinə hansı münasibət göstərir. Məhkəməsiz, sübut- dəlilsiz vətəndaş öldürülür, nəşi ailəsinə verilmir. Həyat yoldaşının nəşini tələb edən qadından isə ərindən imtina etmək tələb olunur (!?). Acı və dəhşətli Azərbaycan reallığı budur!

Seçim bizimdir. Ya gərək bütün bunlara susub növbəmizi gözləməliyik, ya da bu cinayətlərin açılıb səbəbkarların məsuliyyətə cəlb olunması üçün vətəndaşlıq mövqeyi göstərməliyik…

P. S. Bu gün həm də Sərxani Ağanın doğum günüdür. Yaşasaydı 49 yaşı tamam olacaqdı. Ailəsinin, uşaqlarının yanında olacaq, halal zəhməti ilə onlara dayaq duracaqdı. Amma olmadı, imkan vermədilər. Allah rəhmət eləsin!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button