Səsin üç rəngi – “bayraq adam” Ağalar Bayramov!

II yazı

Ötən həftə Ağalar Bayramovun 57 yaşı tamam oldu. Ölkəmizin tanınmış və sevilən bu bədii qiraət ustasının haqqında o qədər xoş və maraqlı münasibətlər var ki, biz bu haqda zaman-zaman Oxucularımızla paylaşmış, bölüşmüşük. Hörmətli və sevimli səs ustasının bu xoş günündə Əli Rza Xələflinin onun haqqında yazdığı bir yazısını dərc etməklə Ağalar Bayramovu təbrik edir, onun möhtəşəm səsindən işğalda olan torpaqlarımızın xilas xəbərini duymaq istəyirik.

Amerikanın “Qərbin Açarı”  (KiuVest) şəhərində danışıqlar gedir. Qarabağın qaranlıq səhərinə ümidli baxışlar zillənib. Hamı radiodan, televiziyadan bir xəbər gözləyir.

Haradan ağlıma gəldi, bilmirəm. Ağalar Bayramovun ifasında lent yazısını tapıb maqnitofona qoydum. Birinci mərtəbənin pəncərəsindən maqnitofonu çıxarıb Ağaların səsini dinləməyə başladım. O yerə gəldi ki, o, “1 aprel” şeiri – aldanış, gülüş və aldanışın, gülüşün tərs üzünü göstərən, əslində, ağlamaq gününün, facənin mahiyyətini açan səsə meydan verdim.

Doğrudur, hələ nəyin baş verdiyini, nə olacağını təsəvvür etmirdim. Səsi eşidən qonşularımın məni sonradan necə qınayacağını da ağlıma gətirmirdim.

“…Axır ki, Şuşanı qaytardılar”…

Ağalar Bayramovun gurultulu səsi axşamın sakitliyində elə əks-səda verdi ki… Üzüm çardağının altında yarımgizlənmiş halda gözümü zilləmişdim beşmərtəbəli binanın örtülü pəncərələrinə.

Bir aprelin qurtarmağına hələ bir-iki saat vardı. Çöl-bayırdan əl-ayaq yığışmışdı. Ağaların bütün ruhuynan dilə gələn “Şuşanı qaytardılar” sədası pəncərə şüşələrinə dəyib şaqqıldayırdı. Bir, iki, üç, beş, yeddi… pəncərələr bir-birinin arxasınca açılmağa başladı. Novruzdan onca gün keçirdi. Qışın soyuğu hələ küləklərin içindən ötüb-keçməyib. Əvvəlcə əməlimin məsuliyyətini heç düşünməmişdim. Heç inanmırdım da ki, “Şuşanı qaytardılar” sədasına adamlar bu cür kəskin əks-səda verərlər. Şeirin motivinin, mahiyyətinin açıldığı məqamlara imkan vermədim. O yerdə ki söhbət aldanışdan gedir, acı istehzalı gülüşdən gedir, orada maqnitofonun düyməsini tərsinə fırlayırdım. Ağaların “Şuşanı qaytardılar” muştuluq xəbərini bir neçə dəfə qaytarıb təkrar gözlərimin qabağında olan dünyanın üstünə göndərdim. Açıq pəncərələrdən:

– Nə xəbərdi elə?

– Şuşanı qaytarıblar? Bəs televiziyada demirlər axı?! – Həmin açıq pəncərələrin məni görən-görməyən adamlarının daha çox inam dolu sualları idi bunlar. Bir basqası da tərs şapalaq kimi üzünü yuxarı pəncərələrə tutub:

– “Mən elə indicə “Xəbərlər”ə qulaq asmışam. Heç o barədə bir söz deyilmədi axı.

Qonşularımın xəbər “xəstəsi” olduqlarını yaxşı bilırəm. Mən elə bilirdim ki, onları heç vaxt yalan xəbərlə aldatmaq olmaz.

Ağaların səsi aldatmışdı onları. Yanan, alovu  görünən səsi aldatmışdı onları.

Lökbatan qəsəbəsi ilə üzbəüz vulkan dağı var. Elə həmişə istəyirdim ki, bir dəfə o vulkan dağına çıxım. O vulkanın lap püskürdüyü yerə baxım. Mənə elə gəlir ki, orada dibi görünməyən bir quyu var. Və o quyu elə indi də – o vulkanın püskürüb-püskürməməsindən asılı olmayaraq – qalır. Gedib çıxam o quyunun üstünə və o quyuya bir daş atam. Səs gəlməsə birini də atam. Axır ki, uğultusu gələnəcən, püskürənəcən o daşları quyunun üstündən tullayam.

Mütəxəssislərin dediyinə görə, vulkanların qəribə həssaslığı var. Zəlzələ ola bilər, yer tərpənə bilər, vulkan püskürə bilməz. Amma o vulkanın özünə yaxınlaşıb torpağı ayağınla vursan, o vulkan oyana bilər. Hətta vulkan dağının başında adi danışıqdan belə vulkan oyana bilər. Buna vulkan həssaslığı deyilir.

Ağalar Bayramovun səsi insanların qəlbindəki vulkan həssaslığını tərpətmişdi. Və bir az keçmişdi ki, bu xəbərin nə xəbər olduğunu artıq anlamışdılar. Və indi onların bircə hədəfi vardı:

– Şair, sənin yaşına yaraşır bu? Axı sən bizim məhlənin ağsaqqalısan, – bu da qonşularımı aldatmağımın əvəzində aldıqlarım…

Nə böyük xəta etmişdim. Aldana-aldana, aldada-aldada yaşadığımız dünyanın elə bir adı da yalan deyilmi? Və bir də mən aldatmamışdım axı qonşularımı – Ağalar aldatmışdı, Ağaların səsi aldatmışdı. Ağaların səmimiyyəti, Ağaların odla-alovla bükülmüş səsi aldatmışdı. O yanğıda, o inamda, o səmimiyyətdə yalan olmaz axı.

Bəs sənət nədir? Sənətin vəzifəsi inandırmaq deyilmi? Ağalar Bayramov sadəcə inandırmışdı insanları. İnsanlar Ağalar Bayramova inanmışdılar. Ağalar Bayramov bu məqamda ən böyük müalicə həkimi, cərrah idi. İnsanların əbədi inamsızlığını kəsib yerinə əbədi inam tikmişdi.

Təbabətdə bunun başqa adı da var – “şok terapiyası” deyirlər bu tipli müalicəyə.

…Yaman aldanmışdı qonşularım. Həqiqət bilmək istədiklərini yalan görmüşdülər. Onları qəzəbləndirən bu idi. İllərlə həsrətini çəkdikləri həsbəndin o bircə səsin diktəsilə daşını atmışdılar ürəklərindən. Qərbin açarı Qarabağ kilidinə düşmüşdümü? Xeyr, bu, Qərbin açarı deyildi. Bu, Ağalarin səs açarı idi – ürəklərin bağlı qıfıllarını açan səsin açarı.

…Kürən atımız vardı. Böyük Kirsdən bu yana – Ziyarət yaylağından o kürən atla arana gəlirdim. Xurcunda dağın matahı olardı. Kəklikotunu, çayçiçəyini, əti, pendiri dağın matahı kimi arana gətirərdim. Gecəyə düşəndə atın üstündə yatardım. Xəbərim olmazdı yolu necə gəlməyimdən. At özü məni gətirirdi. Səhər açılar-açılmaz kənd görünəndə kürən ayağını yerə döyərdi, yerişini dəyişərdi. Yuxudan ayılıb gözümü açardım. Bir də aranın matahını – mer-meyvəni xurcuna doldurub dağa aparardım. Yaylağa çatar-çatmaz, alaçıqlar görünəndə uzaq yolun qan-tərini boyun-boğazından axıdan kürən elə ilhamla kişnəyirdı ki, o kürənin səsı dağlarda əks-səda verəndə elə bilərdin ki, dağlar, daşlar dilə gəlir.

Ağaların hərdən qəribə hayqırışı var. Ağaların o hayqırışını eşidəndə elə bilirəm ki, yurdun bələnində durmuşam. Bircə addım da o yana atsam, yanıb kösövü qaralmış, yollarını ot-alaf basmış yurdun özünü görərəm. Ağaların səsi ayrıca bir bələdçidir. Dünyanın dolam-dolaşıqlığına, qarışıq görünən labirintlərinə bələdçı.

Ağaların səsindən yapışıb ən qarışıq kələfi belə açmaq olar. Onun səsini eşidəndə fikir kələfləri öz-özünə çözülür. Səs, duyğu ən dərin qatlarda yatan mənanı üzə çıxarır.

Ağalar Bayramovun cismani ömrü var, bir də bu sənətkarın səs-söz ömrü var. Onun cismani ömrünün pərvanəsidir. Ağaların səsi yanan şamdır. Bu səs-söz adlı insan öz cismini öz səsinin odunda əridir.

Ağalar öz səsini, öz nitqini, öz avazını sevməsəydi, tarixdən gələn bu səsə vurğunluğu olmasaydı, o səsi başqaları da sevə bilməzdi.

…Yığın-yığışdırın çadır evləri, vaqon evlərin qapısını açın. Daha çöllük, didərginlik, qaçqınlıq, köçkünlük qurtardı. Axır ki, Şuşanı qaytardılar – bunu mən demirəm, Ağalar deyir. Ona ki inanmalısınız. İnanmasanız o özü yanıb külə dönər. Daha sizin yanmağınızdan danışmıram. Bu da mənim qonşularıma demədiyim cavabım. Birdən kimsə Ağalar Bayramovu qınayar. Yalanı bu qədər müqəddəs həqiqət kimi təqdim etdiyinə görə. Və bu qınaq Ağalar Bayramovu yandırar…

…Yandırmayın Ağaları. O, hələ bizə çox şad xəbərlər gətirəcək. O, hələ çox yuxulu başları oyadacaq…

Özümdən asılı olmadan dodaqlarım qaçır, gülürəm.

Heç bir istehza, ironiya olmadan gülürəm.

Axı mənim kimsə ilə işim yox idi. Görünür, insan hissləri ilə, insan mənəviyyatıyla, insan duyğuları ilə eksperiment aparmaq olmaz. Bircə dəfə üzümə qayıtmayıb bircə dəfə sözümü çevirməyən adamların qəzəbli, acıqlı baxışları altında əzilirdim. Heç mənim məqsədim də yox idi Ağaların səsinə inamı yoxlayım.

Ağalar səsini yoxlamaq qəsdində deyildim. İlk dəfə o səsi eşidəndə özümün nə üçün aldanmağımın səbəbini bilmək istəyirdim. İnsanların daxilində gizlənmiş hissləri – lap elə mənim özümə də biganəlik təsiri bağışlayan duyğuları öyrənmək istəyirdim. İndi burada – bu sözlərin arasında səmımı etiraf edirəm ki, adamların hisslərini, duyğularını görmək istəyi məni bu əmələ vadar etmişdi. Bəlkə də, bu, bir peşə xəstəliyidir. Peşə xəstəliyinin isə nə olduğunu hər kəs yaxşı bilir.

Sənətkarın kimliyi və gücü haqqında danışanda, sənətkarın qüdrətini göstərmək istəyəndə adətən, onun yaradıcılığı, mühiti və həm də şəxsiyyəti əlaqəli şəkildə təhlil olunur. Mən o “təcrübəni” aparanda qonşularımın dili ilə desəm, yaşıma yaraşmayan əmələ əl atanda bir vaxt Ağalar haqqında yazacağımı ağlıma da gətirmirdim. Görünür, yazıların da taledən qisməti var. Gərək onun da vaxtı, zamanı gəlsin.

Onda Ağalar mənim dostum deyildi. Qəlbimin bir parası idi. Mənim mənəviyyatım idi. Və xalqımın – təmsil etdiyim ümmətin sədası idi. Amma indi Ağalar mənim dostumdur. Və inanıram ki, Ağalar dostum olmamışdan əvvəl bu yazının qisməti gəlsəydi onun sözləri, sətirləri Ağaların özünün səsi kimi alova, oda bürünərdi. Oxuyanın, dinləyənin üz-gözünü yandırar – qarsardı. Çünki Ağaların səsini dinləyib, Ağaların odunu görüb özünü ona pərvanə kimi vurmamaq mümkünsüzdür.

Bayraq adamlar var. O bayraq adamlar elə gücə sahibdir ki, topsuz-tüfəngsiz, hökmsüz-fərmansız, əmrsiz-göstərişsiz hər kəsi öz ətrafına yığa bilir. Ağalar “Bayraq Adam” timsalındadır.

Ağalar səsində üç rəng görürəm. Gördüyüm birinci rəng göydür. Bu, Azərbaycan xalqının köküdür, tarixidir. Mənə qalsaydı, Azərbaycan xalqının tarixini axtaran alimlərə deyərdim ki, özünüzə əziyyət verməyin, tariximizi Ağaların səsinin göy çalarından başlayın. O göy rəng neçə min il bundan əvvəlin rəngidir. O göy rəng elə buradan başlayır. Muğandan başlayır, Urmiyadan başlayır. O göy rəngin səması Kiçik Asiyadan, Troyadan lap Uzaq Şərqə qədər bütün Qafqaz və Xəzərin  üstündən keçir. Bütün Orta Asiya o göy rəngin altındadır. Ağaların çılğın, dəliqanlı, həm də eyni zamanda, vulkan həssaslığı olan səsi bu həqiqətə söykənir. Bu həqiqətin mayası, ilkin özəyi o göy rəngdir.

“Şuşanı qaytardılar!”

O göy rəng, o göy rəngli səma və o göy rəngin sahibi Şuşanı yad əllərdə qoymayacaq. Ağaların Kopenhagendə – Dünya Azərbaycanlılarının yığıncağında, Təbrizdə – Cənubi Azərbaycanın paytaxtında, İstanbulda, İzmirdə – Türkiyənin özəyində, Aşqabadda, Buxarada, Səmərqənddə, Akmolada, Astanada, Uzaq Saxada çağlayan, gurlayan səsi o göy rəngin bizə gəlib çatan səs-söz çalarıdır.

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button