Səsin üç rəngi

Ağalar Bayramov sənəti haqqında düşüncələr

I yazı

Bu gün Ağalar Bayramovun 57 yaşı tamam olur. Ölkəmizin tanınmış və sevilən bu bədii qiraət ustasının haqqında o qədər xoş və maraqlı münasibətlər var ki, biz bu haqda zaman-zaman Oxucularımızla paylaşmış, bölüşmüşük. Hörmətli və sevimli səs ustasının bu xoş günündə Əli Rza Xələflinin onun haqqında yazdığı bir yazısını dərc etməklə Ağalar Bayramovu təbrik edir, onun möhtəşəm səsindən işğalda olan torpaqlarımızın xilas xəbərini duymaq istəyirik.

Vulkan… Kürən atın kişnərtəsi… Və bir də…

Yəqin ki, nə vaxtsa tənqidçilər məni daşa basacaq. Vulkan hara, kürən at hara? Hələ bunu arxasınca elə beləcə də yazmaq istəyirdim – Agalar Bayramov. Di gəl, kimisə inandırmağa çalış. Vulkan kürən atla dost-dogmaca qohumdur. Vulkan elə o kürən atin icindədir. O kürən atın burun pərələrindən odlu bir nəfəs kimi püskürüb qarşısına çıxanın hamısını – yaxşıya-pisə baxmayacaq, yandıra-yandıra keçib gedəcək.

Vulkanın gurultulu, uğultulu səsi var. Kürən atın qəhər dolu kişnərtisi var. İlxısından, yiyəsindən, balasından ayrı düşən kürən atın içindəkilər o kişnərti ilə üzə çıxır. Kəsəcəyi mənzilin bələninə çatanda köksünə yığılmış canının ağrısını o kişnərti iıə qurtarır.

İnsan qəlbinin dərinliklərində yatan hisslər damarlarda çağlayan qanı titrədir. Qan damarlarda elə təzyiqlə dövr eləyir ki, bəzən damarlar bu təzyiqə davam gətirmir. Və bu vaxt insan ürəyinin infarktı – vulkan püskürür.

Ölüm insanın həyatda gördüyü bütün haqsızlıqlara qarşı etirazdır. Bundan o yanası yoxdur.

Indi mən nə vaxtsa məni tənqid edəcək o tənqidçini inandırmağa çalışmayacağam. Deməyəcəm ki, vulkanın püskürməsindən və kürən atın kişnərtisindən sonra o təbiət hadisəsinin, o heyvanat aləminin həyat adlanan canlı dünyamızda bizim hamımızın gördüyü və tanıdığı bir obraz da var. O, Ağalar Bayramovdur.

Vulkanın, kürən atın, bir də Ağalar Bayramovun qohumluğunu dana bilmirəm. Lap dünyanın bütün tənqidçıləri yığışıb gəlsə, məni zəncirə vurub çarmıxa çəksə, dərimi qarış-qarış soysa da, dana bilmərəm.

Qarabağın kəsilməyən kişnərtisi var Ağalar Bayramovun səsində.

Aktyorlara Allahın kölgəsi kimi baxmışam. Səhnəni də göylər səltənəti timsalında görmüşəm. Mənim üçün aktyor səhnədə rol ifaçısı deyil. Aktyor obraz yaratmır, surətləri canlandırmır. Aktyor həyatın görünməyən tərəflərini yalnız İlahi qüdrət vasitəsilə təcəssüm etdirir.

Əlbəttə, Ağalar Bayramovun qüdrətli sənət fədaisi, görkəmli sənətkar və ən başlıcası istedadlı aktyor olduğunu Azərbaycanda kim bilmir ki?! Onun ecazkar sənətinin məziyyətlərindən söz açmaq fikrim yoxdur. Yəqin ki, bu, sənətşünasların işidir. Tədqiqatın vəzıfəsidir Ağalar Bayramov yaradıcılığını birər-birər şərh etmək. Və artıq onun özünəməxsus bir məktəb yaratmaqda olduğunu təsdiq etməyin vaxtıdır. Necə olur ki, sənətkar məktəb yaradır? Məktəb böyük sistem deməkdir.Onun nəzəri və mənəvi əsasları var. Və əslində, cavan yaşlarında sənətkarın bu mərtəbəyə yüksəlməsi dünyanın sənət tarixi üçün nadir hadısələrdəndir.

Nə qədər qəribə olsa da, mən Ağalar Bayramovu aktyor kimi təsəvvür edə bilmirəm. Çünki onun bütün yaradıcılığında həqiqi bir yaşanma – odu, alovu, tüstüsü görünən bir yanma var.
Qəribədir ki, mən Ağalar Bayramovu natiq kimi təsəvvür edirəm. Ağalar Bayramovu təpədən-dırnağa şair kimi görürəm. Onun damarlarından qan əvəzinə misralar çağlayır.

Natiq olmaq üçün ən vacib şərtlərdən biri kimi ana dilinin bütün gözəlliyini öz varlığında duymalısan. Dilin görünən və görünməyən tərəflərini mənimsəməli, ən dərin qatlarda yatan mənanın mahiyyətinə varmalısan.
Maraqlıdır ki, Ağalar Bayramov öz çıxışlarında – istər poetik, istərsə də publisistik çıxışlarında mənanı üzə çıxaran ifadə tərzlərini yerli-yerində, üz cizgiləri ilə, əl-qol hərəkətləriylə çox dəqiq nizamlayır. Poeziya da, publisistika da və bütövlükdə söz də Ağalar Bayramovun dilində silaha çevrilir. Çünki onun dilindən çixan anda söz obraz yaradır, canlanır, söz nəfəs alır, söz ağrıyır, söz əzab çəkir, söz Ağalar Bayramovun dilindən çıxıb adamların arasına yeriyir, insanların cərgəsində dayanır. Və dayandığı yerdən, dayandığı məqamdan öz həqiqətini diktə edir.

Eyni zamanda, Ağalar Bayramovun özü, sözün ifasi zamanı əslində, yox olur, ruha çevrilir, göylərə qalxır.
V.Belinskinin iztirab haqqında publisistikasinda, lap dəqiq desək, formaca publisistika olub əslində, poeziyanın ən gözəl nümunələrindən olan “Həyat və iztirab” düşüncələrinə diqqət edək: “Nə qədər ağır bir həyat! Bu haman iztirabdır ki, haqqında bir çox mənzum bə mənsur əsərlər yazılmışdır, bir çoxları bu iztirabı həqiqətən dadmışlar kimi, ondan şikayət edirlər: insanı çox zaman yuxudan məhrum etməyən, iştahadan salmayan, zəıfləməyən, lakin bununla bərabər daha dəhşətli olan kontursuz, pərdəsiz, gurultusuz əsl iztirab budur!.. Gecələr yatmaq, gündüzlər əsnəmək, hamının nə üçünsə əlləşıb çalışdığını, bir şeylə məşğul olduğunu, kiminin pulla, kiminin evlənməklə, kiminin xəstəliklə, kiminin ehtiyac üzündən ağır işlə məşğul olduğunu görmək, ətrafında həm nəşə, həm kədər, həm gülüş, həm də göz yaşları duymaq, bütün bunları görmək və qürbətdə yaşamağa əbədi məhkum olmuş yəhudi kimi, öz ətrafinda coşan həyat içərisində özünü həyatdan uzaq hesab edərək ölümü böyük bir səadət sayıb onun həsrətini çəkmək, hər şeyin yad oldugunu hiss etmək – bu iztirab hamının anlamadığı və buna görə də daha dəhşətli olan bir iztirabdır… Ağıl və ürəklə bərabər gənclik, sağlamlıq və var-dövlət-həyat və səadət üçün bundan artıq nə lazımmış? Yalnız kütbeyin nadanlar belə düşünür və belə iztirabı dəbdə olan yeni bir qəribəlık adlandırırlar” (V.Belinski, “Rus ədəbiyyatı klassikləri haqqında” kitabından. Bakı – 1954. səh 155-156). Şərti olaraq Belinskinin həmin poetik nəğməsini “Həyat və iztirab” adlandırdım. Dogrudan da iztirab həyatın təyinedicisidir. Başqa sözlə, iztirabsız həyat yoxdur. Ağalar Bayramovun poeziyası – bəli, mən çox qətiyyətlə bunu Ağalar Bayramovun poeziyasi adlandırıram. Çünki o, ifa etdiyi şeirləri özünün daxili mənindən keçirir, öz varlığının ifadəsi kimi qaytarır. Biz bu qaytarmanı əks-səda kimi qəbul etmirik. Ağalar Bayramovun öz varlığının səsi kimi qəbul edirik – bütövlükdə iztirabın ıfadəsidir.

Həyat ağrı-acılarla doludur. Bu ağrı-acıları bayağılıqla, inamsız, olduğundan solğun rəngdə göstərəndə həyat iztirabsız görünür. Və elə bu məqamda həyatın mənasızlığı və həm də yaşamağın mənasızlığı qənaəti yaranır. Ağalar Bayramovun səsi, nəfəsi həyatı bizə olduğu kimi çatdırır. Həyatın iztirablarla dolu olduğunu, həyatın ağrı-acılarının nə demək olduğunu üzə çəkir. Biz istəsək də, istəməsək də həyatın ağrı-acılarını yaşayırıq. Ancaq bunu həyatın mənası kimi qəbul etməsək, onda bu, bir heyvani yaşayış olar.

Ağalar Bayramov daim insanın yanındadır. O, insanın qolundan yapışır öz səsi ilə. Ona necə güclü, qüdrətli olduğunu xatırladır. Bu bildiriş bəzən pıçıltıyla, bəzən hayqırışla sözlə səsin vəhdətində üzə çıxır.
Səsin və sözün gücünü, qüdrətini unudanlar “səslə-sözlə Qarabağı qaytarmaq olmaz!” – hökmünü verir. Unudurlar ki, səs-söz birliyi top-tüfəng deyil. Fəqət top və tüfəngdən daha güclü birlik yaratmaq qüdrətinə malikdir, cəsarət iksiridir. Ağalar Bayramovun səsini eşidən əsgərin damarında donan qanı hərəkətə gəlir və o, istər-istəməz ölümdən daha güclü olduğunu dərk edir.

Maraqlıdır ki, Ağalar Bayramovun çox nadir istedad məziyyətlərindən biri onun səsdə və sözdə rəng çaları yaratmasıdir. Biz hadisənin rəngini görürük Ağalar Bayramovun ifası zamanı. Kədərin rəngini görürük, sevincin gülümsər gözlərini görürük. Ağalar Bayramovun ifasında dəhşətli qəhqəhələr var. Acı gülüşlər adamın yeddi qatından keçib ürək göynərtisinə çevrilir. Və hər kəs öz-özünə hesabat verməli olur…

Sevinc və kədər, ağ və qara, xeyir və şər, acı və şirin, bal və zəhər, gecə və gündüz və bütövlükdə yer və göy Ağalar Bayramovun sənətində birləşir, vəhdət yaradır və elə ona görə də onu dinləməkdən yorulmur, usanmırsan. Onun sənəti bu sənəti duyanlar üçün suya, çörəyə, havaya çevrilir.

Ağalar Bayramovu dinləyən hər kəs onun necə xoşbəxt bir sənətkar olduğu qənaətində dayanır. Bəli, Ağalar Bayramovun mənəvi dünyasının başında çox qiymətli bir tac var ki, onun adı istedaddır. Amma unutmayaq ki, bu tacı Ağalar Bayramovun zəhməti cilalayır. Yorulmadan, sənətin yollarında ayağını tikanlar didsə, dizlərini daşlar qanatsa da öz zəhmətinin ətəyindən tutub gedir.

Ağalar Bayramov öz zəhməti ilə istedadına yardımçı olan sənətkardır.

Artıq Ağalar Bayramovun səsində rəng oldugunu demişəm. Bəs bu rəng necə görünür? Bəlkə rənglər demək daha düzgündür?

Göy, qırmızı, yaşıl. Daha bu rənglərin özlərini parçalamaq istəməzdim. O, rəssamların işidir. Fırça ustası bu üç rəngin qovuşuğundan nə qədər çalar yarada bilir. Onun sirri ancaq o sənətin sahiblərinə məlumdur. Rəssamlar daxili aləmlərindəki hıssləri, duyğuları elə o çeşid-çeşid çalarların dili ilə ifadə edirlər.

Dil dedim… Sözün səslənişi, sözün mənası, səsin təkcə gözəllik donunda gəlişi deyil… Sözün özünün mənsub olduğu xalqın varlığı elə dildir.

Dil insandır – canlı insan… Bu insanın nəyə qadir oldugunu nə iləsə izah etməyə heç bir lüzum görmürəm. Ağalar Bayramovun timsalında dilin canlı heykəlini gördüyümü desəm, izah etdiklərimin hamısı öz yerini tapar.

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button