Səyavuş Novruzovla köşə söhbətim

Bu günlərdə Siyavuş Novruzov müxalif partiya liderlərini debata cağırmışdı. Əslində, gözəl təklifdir. Nə olar YAP-çı olanda, adamın debat həvəsi təqdirəlayiqdir. Xüsusən də Siyavuş müəllim kimisi, elmi adı olan hüquqşünas. Hər halda, debata hazır olan adam, deməli, mətbuata da açıqdır. Bu fikirlərlə onunla əlaqə qurub bəzi məsələlərə münasibətini öyrənmək istədim. Mümkün olmadı. Və məcburən Siyavuş müəllimlə qəzet guşəmdə (köşəmdə) «görüşmək» qərarını aldım. Düzdür, bu, birtərəfli görüş olacaq, amma olsun, hər halda, ürəyimi boşaldaram! 1. Hörmətli Siyavuş müəllim, niyə ilin-günün bu vaxtında cavan əsgərlərimiz hospitallarda ölur? Düşmən gülləsindən deyil, xəstəlikdən? Niyə Orduya təhvil verdiyimiz cavan uşaqlarımız şikəst qayıdır? Sizin fikrinizcə, əsgərdə bit olmalıdırmı? 2. Milli Məclisdəki həmkarınız Bəxtiyar Sadıqovun bir saat kabinetində (qəzetdə) katibəsi ilə bağlı qapı arxasında olması millət vəkili etikasına uyğundurmu? («Təzadlar» qəzetinin iki gün əvvəlki sayına bir baxın!) 3. Dövlət təhsil müəssisələrində niyə pullu təhsil olmalıdır? Təhsildə rüşvət sizi dəhşətə gətirmirmi və bunun günahını kimdə görürsünüz? Bunu Əli Kərimli eləyib, yoxsa İsa Qəmbər? 4. Dövlət xəstəxanalarında niyə pullu xidmət göstərilir? Pulu olmayan, kasıb vətəndaşlar xəstələnəndə nə etməlidirlər? Niyə millət vəkilləri buna reaksiya vermirlər? 5. Siyavuş müəllim, siz döyüşlərdə iştirak etmisinizmi? Müharibə əlillərinin kim olduqları haqda təsəvvürünüz varmı? Onların müavinətləri və yaşam mücadilələri haqda məlumatınız varsa, hanı buna reaksiyanız? Sizin fikrinizcə, mən ikinci qrup Qarabağ əlili 137+70 manatla iki uşaq və həyat yoldaşımı necə dolandırmalıyam? Bu pulla dolana bilərsinizmi? Bu pul sizin neçə dəqiqənizə kifayət edir? Bəlkə bir eksperiment keçirək? Debata gedək? Hər halda, bu debat həm sizə, həm millətə, həm də bizə daha xeyirli olar. Bir ay mən sizin, siz də mənim maaşımı alın, Allah saxlamış, ailənizi dolandırın! Mən də bir ay öz ailəmlə bəlkə sabahın fikrini çəkmədən dolandım və ailəmin üzü güldü. Sonra da millətə açıqlama verək, görək, bu eksperimentin sonucu nə oldu? 6. Siyavuş müəllim, Azərbaycan dövlətinin öz vətəndaşlarına borcu var. Bu, Sovet dönəmindən əmanət kassalarında qalmış pullardır. Bu pullar hökumətin xalqa olan vicdan borcudur. Görəsən, niyə qaytarmırlar? Siz bir hakim partiyanın önəmli millət vəkili kimi buna necə baxırsınız? Nədən xalqın halal – kəfən üçün, dərman üçün yığdıqları pullarının partiyanızın hakim olduğu dövrdə qaytarılmasına təşəbbüs etmirsiniz? Siz bilən, bu pullar öz sahiblərinə qaytarılmalıdır, yoxsa yox? Bax beləcə, hörmətli Siyavuş müəllimlə birtərəfli dialoqa girdim. Əslində, görüşsəydim, söhbətimiz bəlkə uzun cəkərdi. Bu ölkənin o qədər problemləri var, bu ölkənin vətəndaşlarının o qədər deyiləsi sözləri var ki! Axı, səfalət içində olan, bütün haqq və hüquqları pozulan insanların əvəzinə danışmaq çətindir. Hər halda, bu gün hakim partiyanın millət vəkili öz partiyasının bütün bu problemlərə münasibətini açıqlaması yaxşı olardı. Nə deyirsiniz Siyavuş müəllim, xalqı maraqlandıran bu məsələlərdən danışmaq daha yaxşı olmazmı? Onsuz da siz deyirsiniz müxalifət cılızdır, yoxdur. Olmayan nəsnə ilə nə debat?

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button