“Sədərək” Yusifin evindən 803 min manatlıq oğurlanıb

“Sədərək” sahibinin həyat yoldaşı və oğlunun şikayətilə evin xadiməsi həbs edilib

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin həyat yoldaşı Fəridə Qədimova və oğlu Orxan Qədimbəylinin şikayəti əsasında evin xadiməsi həbs olunub.
1980-ci il təvəllüdlü Ruzan Cabbarova evdən pul və külli miqdarda qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunur.
4 aydır ki, həbsdə olan Ruzan Cabbarovanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyilə baxılır.
Xadimə məbləğin dəfələrlə şişirdildiyini deyir…
Ruzan Cabbarova “Sədərək” sahibinin “İçərişəhər”də – Kiçik Qala küçəsində yerləşən evində xadimə kimi çalışıb. Cinayət işinin materiallarında iddia olunur ki, o, evdən ümumilikdə 803 min manatlıq pul və əşya oğurlayıb. Lakin Ruzan Cabbarova ittihamla razı deyil və məbləğin dəfələrlə şişirdildiyini deyib.
O, istintaqa ifadəsində bildirib ki, pula ehtiyacı olduğuna görə 317 min manatlıq oğurluq edib, onu da istintaq dövründə qaytarıb.
Dekabrın 6-da hakim Səbinə Məmmədzadənin sədrliyilə bu iş üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə təqsirləndirilən şəxsin vəkili bir neçə vəsatət qaldırıb. Vəkil bildirib ki, şəxsin şüşə qəfəsdə saxlanması insan ləyaqətini alçaldan rəftardır. Onun öz vəkili ilə konfidensial ünsiyyəti baxımından da müdafiəçi ilə yanaşı əyləşməsinə icazə verilməlidir:
“Heç tam orta təhsili də yoxdur, 8-ci sinfə qədər təhsil alıb, hüquqdan anlayış yoxdur. Siz ona suallar verəndə də mənim üzümə baxır ki, görəsən nə soruşursuz. Bu da prosesdə tez-tez fasilələrin yaranmasına səbəb olacaq, məhkəmənin gedişinə təsir edəcək. Onun müdafiə imkanını məhdudlaşdıracaq”.
Lakin bu vəsatət təmin olunmayıb.
Vəkil Ruzan Cabbarovanın hökm çıxarılana qədər ev dustaqlığına buraxılması haqda da vəsatət qaldırıb. Müdafiəçi bildirib ki, müvəkkili 4 övlad anasıdır, ən kiçiyi azyaşlıdır, 11 yaşı var. Lakin prokuror da, zərərçəkmiş tərəfin vəkili də Ruzan Cabbarovanın ev dustaqlığına buraxılmasına etiraz edib. Prokuror bildirib ki, ziyanın bir hissəsi ödənilsə də, böyük hissəsi qaytarılmayıb.
Bu vəsatət də təmin edilməyib.
İş üzrə zərərçəkmiş qismində tanınan Orxan Qədimbəyli və Fəridə Qədimova məhkəmə iclasında iştirak etməyib. Onları vəkil Əbülfəz Zeynalov təmsil edib.
“Müstəntiq ona deyib ki, “bu iş sənin xeyrinə həll ediləcək, bu yerlərə imza at””
Vəkilin daha bir vəsatəti isə cinayət işinin istintaqa qaytarılması haqda idi. Onun sözlərinə görə, istintaq dövründə Ruzan Cabbarovanın müdafiə hüququ pozulub: “Ona dövlət tərəfindən bir vəkil təyin olunub. Dediyinə görə, Ruzan Cabbarova istintaq zamanı onu cəmi iki dəfə görüb – birinci dəfə məhkəmədə barəsində həbs qətimkan tədbiri seçiləndə, ikinci dəfə isə ifadə verəndə. Digər istintaq hərəkətləri vəkilin iştirakı olmadan aparılıb. Ruzan Cabbarovanın özünün dediyi kimi, təhsili olmayıb, yazıb-oxumağı bacarmır. Belə olan halda, müstəntiq nə deyibsə, təqsirləndirilən şəxs də ona əməl edib. Müstəntiq ona deyib ki, “bu iş sənin xeyrinə həll ediləcək, bu yerlərə imza at”. O da müstəntiqə inanıb və imza edib. Ruzan Cabbarova istintaq zamanı müdafiəsiz qalıb”.
Bu vəsatət də təmin olunmayıb. Bu cinayət işi üzrə məhkəmə baxışı dekabrın 20-nə təyin edilib.
Ruzan Cabbarova Cinayət Məcəlləsinin 177.4 (xüsusilə külli miqdarda oğurluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button