Səfər Mehdiyev işdən çıxarıldı

Yayımlandı: 16 İyul 2022 16:55

Prezident yeni sərəncam imzalayıb

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev iyulun 16-da sərəncam imzalayıb.

1973-cü ildə Naxçıvanda anadan olan Səfər Mehdiyev 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirib.

O, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb.

Eyni zamanda, 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib.

S.Mehdiyev 1999–2004-cü illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.

2006-cı ilin fevral ayından Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilib. 2 il əvvəl Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilib.

İyulun 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) keçirdiyi əməliyyat nəticəsində qurumun yüksək vəzifəli şəxsləri həbs edilib. Belə ki, DGK yanında “Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilov, komitənin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov və Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov həbs olunub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button