Səfir Polad Bülbüloğlu: “Müharibə hələ bitməyib”

“Ordu quruculuğu Azərbaycan üçün ən vacib məsələlərdəndir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin yalnız birinci mərhələsi bitib”. 

Bu fikirləri Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Moskvada xarici ölkələrin hərbi attaşelərinin iştirakı ilə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101-ci illiyinə həsr olunan qəbulda çıxışı zamanı bildirib.

“Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb və yaradıb. Beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rusiya daxil olmaqla, bütün dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Son illər dünyanın aparıcı beynəlxalq təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qətnamələr və qərarlar qəbul edib. 

Onlardan birincisi BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədir ki, orada Ermənistan Silahlı Qüvvələrinin şərtsiz olaraq işğal etdikləri torpaqlardan çıxarılmalı olduğu göstərilib. Bu qətnamələr icra olunmamalarına baxmayaraq, hələ də qüvvədədir”,- deyə diplomat vurğulayıb.

Səfir Polad Bülbüloğlu Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin aparıldığını xatırladıb: “Bir milyondan çox insan öz dədə-baba yurdundan qaçıqın və məcburi köçkün düşüb. Xocalı soyqırımı törədilib, hansı ki, bu soyqırım aktını dünyanın 10-dan çox ölkəsi tanıyıb.

Anlamaq lazımdır ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Bunun üçün biz güclü ordu yaratmışıq, hansı ki, ən müasir silahlar və texnika ilə təchiz olunub.

Azərbaycanda istehsalı olunan çoxsaylı hərbi təyinatlı məhsullar günü-gündən ordumuzun potensialını möhkəmləndirir. Bununla yanaşı, Azərbaycan bir çox ölkələrdən, o cümlədən Rusiyadan ən müasir silah və texnika alır. Bu məsələ Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nəzarəti altındadır. Onun rəhbərliyi altında Azərbaycan ordusunun daha müasir və daha güclü olması üçün hər şey edilir”.

Diplomat Azərbaycanda vətənpərvərlik ruhunun yüksək olduğunu qeyd edib: “Azərbaycan ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir. Bunu 2016-cı ilin aprel hadisələri də göstərdi. Həmin zaman Ermənistan Azərbaycan xalqına qarşı növbəti hərbi təxribatı törətmişdi, mülki əhaliyə qarşı güc tətbiq etmişdi. Azərbaycan ordusu işğalçını cəzasız qoymadı, ona layiqli cavab verdi. Uğurlu əks-hücum əməliyyatı keçirərək torpaqlarımızın bir hissəsini işağldan azad etdi. Ordumuzun peşəkarlığının daha bir aydın nümunəsi 2018-ci ilin Naxçıvan əməliyyatıdır. Bu əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən tutulan strateji yüksəkliklər azad olunub. Əminəm ki, gün gələcək, Azərbaycan bayrağı bu gün işğal altında qalan torpaqlarda, mənim doğma şəhərim Şuşada qürurla dalğalanacaq”.

 

APA

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button