Səfirin bacısına görə tələbə axtarışa verildi

BDU-nun “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadənin xüsusi ittiham qaydasında məhkəməyə verərək, həbs olunmasını tələb etdiyi tələbə Zəka Mirağayev haqqında axtarış qərarı çıxarılıb. Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyev bu gün elan etdiyi qərarda axtarışa əsas kimi, Zəka Mirağayevin məhkəmədən yayınmasını göstərib.

Zəka Mirağayev bugünkü məhkəməyə də gəlməyib. Vəkili Elçin Sadıqov məhkəmədə deyib ki, onunla əlaqə saxlaya bilməyib. “Facebook” vasitəsilə ona mesaj yazsa da, cavab gəlməyib.
Məhkəmədə Nigar İsmayılzadə və vəkili Kamandar Nəsibov Zəka Mirağayev haqqında həbs-qətimkan tədbirinin seçilməsini istəyib.

Zəka Mirağayev

Hakim də az sonra tələbənin axtarışa verilməsi haqda qərarı elan edib.
Tələbənin vəkili Elçin Sadıqov qərarın qanunsuz olduğunu bildirib. Onun sözlərinə görə, əvvəlcə ən azı, məcburi gətirilmə qərarı çıxarılmalıydı.

Vəkilin sözlərinə görə, tələbənin universitetdəki korrupsiya haqda fikirlərinə görə axtarışa verilməsi həm də ifadə azadlığının pozulmasıdır: “Məhkəmə bu iddianı heç icraata götürməməli idi”.

Fakültədə rüşvət haqda söylədiklərinə görə tələbəni məhkəməyə verərək, CM-nin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edən dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin baçısıdır. Zəka Mirağayev “Azadliq.info”ya açıqlamasına bildirib ki, ədalətsiz məhkəmə hökmü ilə həbs olunmamaq üçün ölkəni tərk edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button