Sələmçi məktəb direktorunun ittihamlarına cavab!

Səfərov Səfəralı

Məcburi köçkün

Nəbi Muxtarovla bu və ya digər formada heç bir əlaqəm əlaqəm yoxdur!

Hörmətli “Xural” qəzeti!

Sizin 07-13 avqust 030 (438) saylı nəşrinizdə “Təzadlı müəllifin, təzadlı dünyası” adlı Oxucu məktubum dərc olunmuşdu. Özünüzün də bildiyi kimi yazıda mən vətəndaş mövqeyini əks etdirmişdim. Amma təəssüflər olsun ki, 21-27 avqust 032 (440) saylı nəşrinizdə mənim sadə vətəndaş kimi səmimi fikirlərim feodal düşüncəli birisini – Oqtay Əliyev adlı “kitabyazanı” özündən çıxarıb. Adam mənim bir iki abzaslıq vətəndaş mövqeyimə qarşı özünəməxsus üsulla cavab verib. Özü də gülməli burasındadır ki, cavabını el arasında deyildiyi kimi “əskisi tüstülü” bir bədbəxtin adından redaksiyanıza göndərib. Yenə qısaca cavabımı yazmaqla elə hesab edəcəyəm ki, mən – Füzuli rayon Veysəlli kəndində dünyaya gələn və hazırda məcburi köçkün həyatı yaşayan Səfərov Səfəralı vətəndaşlıq borcumu yerinə yetirirəm. Səmimiyyətlə qeyd edirəm ki, bu cavabı yazmaya bilərdim. Əgər Oqtay Əliyev adlı adam özündə bircə damcı kişilik tapıb, öz adından vətəndaşa – Oxucuya cavab yazsaydı. Əvvəlcə, 9 il ərzində fasiləsiz nəşr olunan bir qəzet kimi “Xural” qəzetinin ona yazı göndərən kəsin kimliyini araşdırmadan dərc etməsinə Oxucu təəssüfümü bildirirəm. Redaksiya niyə Murad Şükürovdan soruşmadı ki, “sən Oqtay Əliyevin vəkilisənmi? Vətəndaş kəndinə atılan iftiraya cavab verirsə, başqa bir kəndin sakini xeyir ola, araya girir? Nə maddi marağın var? Yaxşı, tutaq ki, Oqtay Əliyevi tanıyırsan, onun ölən kolxoz sədri dədəsini haradan tanıyırsan?” Dərhal da məlum olacaqdı ki, bədbəxtin heç nədən xəbəri yoxdur.

Mən, Veysəlli kəndində dünyaya gələn azərbaycanlı kimi, Oqtay Əliyevin yaşına və kişiliyinə yaraşmayan təhqir dolu cavabını Murad Şükürov adlı Füzuli rayonu Əhmədbəyli kəndi, tarix müəlliminin adından redaksiyaya göndərməsini hiddətlə qınayıram. “Xural” qəzetinə və Oxuculara bildirirəm ki, mənə, guya cavab yazan Murad Şükürov adını tarix müəllimi kimi yazsa da, “olduqca şən və maraqlı həyat yaşayan”, cəmiyyətə və ailəsinə yararsız bir adamdır. Təbii ki, Oxucular, elə “Xural” qəzeti də niyə belə yazdığımla maraqlana bilərlər. Darıxmayın, mən nə varsa hamısını Sizə yazacağam. Özüm də o ədəbsizlərdən fərqli olaraq, adlarına başqa hərflər qoşmayacam. Oqtay Əliyev mənə “Səfəralı-Məfəralı” yazsa da, mən heç vaxt ona “Oqtay-Moqtay” yazmaram. Öz adlarını yazacağam ki, qoy cəmiyyətimiz kommunist xislətli insanları yaxşı tanısın.  

İlk növbədə yeri və göyü yaradan Ulu Tanrıya və Onun bizə müqəddəs Ramazan ayında nazil etdiyi Qurana and içirəm ki, mənim adını qəzetlərdən oxuduğum, televiziyadan gördüyüm Nəbi Muxtarovla bu və ya digər formada əlaqəm yoxdur! Mən ailəmlə birlikdə Bakının Xətai rayonu ərazisində köhnə və uçuq, insan yaşamağı üçün yararsız olan bir idarə binasında darısqal bir otaqda məskunlaşmışam. Məni dəhşətə gətirən odur ki, niyə Azərbaycanda vətəndaş hətta kasıb olsa belə, haqsızlığa qarşı mövqe bildirən kimi onun adını hansısa bir məmura bağlayırlar. Füzuli rayonu işğal edilən vaxtdan yalnız bir neçə dəfə qohumlarımın yas mərasimi üçün Qayıdış qəsəbəsinə getmişəm. Deməli, mən Veysəlli kəndində doğulmuşamsa, mütləq Nəbi Muxtarovla əlaqəm olmalıdır? Bu cür dar düşüncə Oqtay Əliyevə və onun yazdığını öz adından “Xural”a göndərən Murad Şükürova məxsus ola bilər.

Həftənin bazar günü qəzeti alıb oxuyanda, bütün normal insanların etdiyi kimi mənim də ilk edəcəyim iş, Əhmədbəyli kəndində yaşayan dostlarıma zəng etmək oldu. Sözün düzünü yazım ki, hər zəngimə verilən cavab məni həm narahat edir, həm də qorxudurdu. Kimə zəng edib Murad Şükürov soruşdumsa, cavab vermək yerinə sual verirdilər: “Hansı Murad müəllim, sələmə pul verən?”, “Hansı Murad Şükürov, sələm verdiyi adamı sifarişlə öldürən? Türmədən təzə çıxan?”, “Hansı Muradı deyirsən, əxlaqsızlığına görə, öz oğlu ilə yola getməyib onu evdən qovan?”

 Hörmətli “Xural” qəzeti!

Bir daha təkrar edirəm ki, mən bu cavabı yazsam da, şəxsən özümdən çox övladlarımdan narahatam. Niyə? Ona görə ki, Oqtay Əliyev adlı həmyerlim əhalisinin sayı yüz mindən çox olan Füzuli rayonunda özünə bir sirdaş tapmadığına görə, yazdığını bir cinayətkarın adından Sizə ünvanlayıb. Daha ətraflı məlumat verirəm ki, narahatlığımı anlayışla qarşılayasınız.

Şükürov Murad Oruc oğlu 1950-ci ildə Füzuli rayonunda anadan olub. Amma ən maraqlısı odur ki, onun atası Cənubi Azərbaycandan gəlib. Yəni Murad Şükürov azərbaycanlı olsa da, Füzuli – Qarabulaq rayonunun tarixi haqqında danışa bilməz. Ən azından, onun buna mənəvi haqqı çatmır. Hətta onun adı ilə gedən Oqtay Əliyev tərəfindən yazılan təhqir dolu yazıda etiraf olunub ki, mənim doğma, başıbəlalı kəndim Ağdam-Qarabulaq yolundan çox-çox uzaqdadır. Bəs, onda Oqtay Əliyevin qeyrətinə nə gəlib ki, broşürə bənzəyən kitabçasında Veysəllidən yapışıb. Nə qədər dar düşüncə sahibi olasan ki, hansısa məmura görə, bütöv bir kəndi ləkələyəsən. Rayon qəzetində jurnalist yox, texniki işlərdə baş girələyən biri ancaq bu feodal təfəkkürlə insanları damğalaya bilər. Qayıdıram özü də bilmədən Oqtay Əliyevin zibilinə düşən Murad Şükürovun bayaq yazdığım kimi “şən həyatına”.

Murad Şükürov Kirovabad (Gəncə) pedaqoji institutunun tarix fakültəsini bitirmiş və 1990-cı ilədək Bala Bəhmənli kəndində müəllim işləmişdir. 1990-2006-cı illərdə Əhmədbəyli kənd məktəbinin direktoru olmuşdur və bununla da kifayətlənməmiş, rayon təhsil idarəsində kassir işləmişdir (?!). Kirovabad institutu heç demə, tarix dərsləri ilə bərabər, kassirliyi də öyrədibmiş Murad Şükürova. Yazının əvvəlində öz səviyyəsinə uyğun təhqirlərə imza adan Murad Şükürova cinayətkar yazmışdım. Bunu mən yox, Azərbaycan Respublikasının Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsi sübut edib. Deməli, Murad Şükürov məktəb direktoru olduğu vaxtlarda Tovuzda, Bakıda, İmişlidə olan insanların adını müəllim kimi yazırmış və təbii ki, pulları da mənimsəyirmiş. Qara pulları sələmə verib çoxlu çirkli pul qazanan Murad Şükürov o qədər böyüyüb ki, sələmə pul verdiyi adamı sifarişlə öldürtdürüb. Uzun müddət istintaq getdikdən sonra cinayəti hüquq-mühafizə orqanları tərəfindən sübuta yetirilmiş və ona hökm oxunmuşdur. Son bir neçə ildə isə “azadlıqda” olsa da, üzərində məhkəmə qərarı ilə cinayət məsuliyyəti var və Murad Şükürov hər ay dövlətə buna görə pul ödəyir. Allahın barmağı yoxdur ki, basıb insanın gözünü töksün! İslama görə haram olan sələmlə qazanılan çirkli pullar neçə ildir ki, bu adamın burnundan tökülür. Nə isə, özü bilər! Qanun qarşısında cavab verdiyi kimi, haqq dünyasında da cavabı o özü verəcək. Qoy, Murad Şükürov papağını qabağına qoyub fikirləşsin ki, bunlar mənə lazım idi? Cəhənnəmə gedən özünə yoldaş axtaran kimi Oqtay Əliyev də Murad Şükürovu öz əməllərinə alət edib.

Murad Şükürovun kənd nədir, bütün regionla bir olan macəraları isə Oqtay Əliyev üçün cild-cild kitablar mövzusu ola bilər. Kənd sakinlərinin dediyinə görə, halal arvadı onun əməllərinə dözməmiş və evindən ayrılmışdır. Əxlaqsızlıq isə bundan ibarətdir ki, qonşu kənddən olan başqa birinin isti yuvasını dağıdıbmış. Ərli qadınla görüşməyi kənd sakinlərini qəzəbləndirmiş və onun evini daş-qalaq etmişlər. Nəticədə qadının əri ondan boşanmış və onların müştərək nigahdan kənar həyatı başlamışdır. Murad Şükürovun oğlu isə bu olanlara dözməmiş, atası olacaq adama özünü yığışdırmağı məsləhət bilmişdir. Qızışan Murad Şükürov öz oğlunu da evdən qovmuşdur. Hələ bu harasıdır? Toylarda hər dəfə “Ceyranım” mahnısına oynayan Murad Şükürov içkili vəziyyətdə qışqırırmış ki, “bu ölkədə pulun varsa, adam öldürüb türmədən çıxa da bilərsən, kişilərin əllərindən arvadlarını da ala bilərsən!”

Əhmədbəyli camaatı bildirdi ki, ən təhlükəli hal baş verə bilərmiş. Murad Şükürov rayonun təhsil şöbəsinin yeni müdirinə 15 min manat pul təklif edib, yenidən məktəb direktoru olmaq istədiyini deyib. O isə cavab verib ki, sənin cinayət məsuliyyətin var, evindən adam öldürülən tapança çıxıb, günahın sübut olunub, sənə məktəb həvalə etmək olmaz. Bundan sonra isə Murad Şükürov qəzəblənmiş və rayonun yeni icra başçısı Alı Alıyevin qarasına deyinmişdir ki, “bu Nəbi qədər işləyə bilməyəcək, dalından tez dəyəcəklər!”

 Əziz “Xural” qəzeti və dəyərli Oxucular!

İndi Siz deyin, bu cür birisinin haqqı çatırmı, kəndinin şərəfini qoruyan sadə vətəndaşa belə hədə-qorxu gəlsin!?

Və o, Qarabulağın tarixin bilməyən gəlmədir!

Və o boyda rayonda Oqtay Əliyevin özünə ruhən yaxın tapdığı yeganə adamdır!

Çünki Oqtay Əliyevin qorxaq xisləti yol verməyib ki, öz adını yazdığı yazıya qoysun! “Böyük dayaq” filmində Rüstəm kişinin gözəl bir sözü var: “Yazırsan yaz, ay namərd, altından imzasını qoy!”

Eybi yoxdur, qoy Oqtay Əliyev kimi qondarma ziyalı təhqirləri yazsın, Qarabulağa gəlmə, yad, mənəvi sürüşkən biri də imzasını qoyub bütöv kəndi təhqir etsin! Əsas iş qalıb kənarda, Oqtay Əliyevlə Murad Şükürov nədən yapışıb. Oqtay Əliyevə ötən yazımda yazdığım ləkəli kolxoz sədrinin həyat hekayəsi elə xoş gəlib ki, bir qəzet səhifəsi qədər zəhər püskürüb. Oqtay Əliyevin yerində kim olsa, dağa-daşa düşmədən öz həyatını yazar. Onsuz da onun yazdıqları idarə otaqlarının küncündə yığılıb qalmaqdan, siçanlara yem olmaqdan başqa heç nəyə yaramır.

Yaşlarınızdan utanın, ayıb olsun!

Ən sonda isə “Xural”a və Oxuculara onu deyim ki, ailə üzvlərim Nəbi Muxtarovun Veysəllidən olduğunu biləndə, təəccübləndilər ki, niyə bizim “məcburi köçkün vəsiqəmiz yoxdur!” Məni kəndimi müdafiə etdiyim üçün Nəbi Muxtarova bağlayan simasızlar özləri onun işlədiyi vaxtlarda bal əmdikləri üçün ahıl yaşlarında belə qənaətə gəliblər ki, yəqin Veysəllidənəmsə, deməli, Nəbi Muxtarovla əlaqəm var. Xain xoflu olar. Hamını öz xislətinizlə ölçməyin, “müəllimlər”! Sizin nəvə oynadan vaxtınızdır, daha şər-böhtan atan yaşınız deyil.

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button