Sərdar Cəlaloğlu Enn Dersini təkzib etdi

ADP sədri İlham Əliyevi dəstəkləyəcəyini deməyibmi?

 «Rəsul Quliyevin keçmiş müavini Sərdar Cəlaloğlu yaxın vaxtlarda elan etmişdi ki, 2008-ci il prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcək».

Bu sözlər xanım Enn Dersi Vaşinqtona göndərdiyi və «Vikiliks»in yaydığı məxfi teleqramda əksini tapıb. «Qafqazinfo»nun tərcüməsində verilən bu məlumatla bağlı Sərdar Cəlaloğluna müraciət etdik. Doğrudanmı Sərdar bəy 2008-ci il prezident seçkisində İlham Əliyevin namizədliyini dəstəkləyəcəyini səfirə deyib?

«Bu sözlər mənə qarşı başdan-başa böhtan və şərdir» deyə əsəbini ifadə edən ADP sədri bildirdi ki, o, Enn Dersi ilə heç vaxt görüş keçirməyib: «Bunu araşdıra da bilərsiniz. Mən ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersi ilə bir dəfə də olsun təkbətək görüş keçirməmişəm və o fikri də işlətməmişəm. Hələ bunu aydınlaşdırmaq lazımdır, o məlumatı kim yayıb? Orijinalla tutuşdursaq, çox mətləblər açılar. Çox güman ki, orijinalda mənim adım yoxdur. İnanmıram ki, Enn Dersi olmayan bir şeyi teleqramında yazsın. Ya Enn Dersi məni kimləsə qarışdırıb, ya da bu, bizim jurnalistlərin təxribatıdır. Ola bilsin ki, hətta bunu Müsavat partiyasından ötürüblər».

«Qafqazinfo» saytı ilə əlaqə saxlayıb, tərcümənin nə dərəcədə dəqiq olmasını soruşduq. Saytın direktoru Elbrus Ərud bildirdi ki, bunun «jurnalist təbliğatı» olduğunu düşünmək yersizdir: «Biz «Vikiliks»i tərcümə edib yayımlamışıq. Bizə nə aidiyyatı var ki, ora kiminsə adını əlavə edək və ya dəyişək. Sərdar bəy yanlış hədəf seçib».

Enn Dersinin «Sərdar Cəlaloğlu yaxın vaxtlarda elan etmişdi» sözü isə bu fikrin ikitərəfli görüşdə səslənmədiyi təəssüratını yaratdığından, qısa araşdırma apardıq. Məlum oldu ki, Sərdar Cəlaloğlu 2007-ci ilin may ayında «YAP-ın seçki platformasında ADP-nin təkliflərinin nəzərə alınacağı təqdirdə, İlham Əliyevin namizədliyini dəstəkləyə bilərik» fikrini mətbuatda səsləndirib, hətta YAP-ın icraçı katibi Əli Əhmədov bu açıqlamaya normal münasibət də göstərib.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button