Sərdar Cəlaloğlu: “Klanlar arasında savaş gedir…”

“Ermənistanda baş verənləri Rusiya özü təşkil edir. Rusiyanın apardığı uzunmüddətli siyasət nəticəsində Ermənistanda iqtisadi-sosial sahədə ciddi problemlər yaranıb. İnsanlar da Rusiyadan nicat gözləməyin əbəs olduğunu düşünərək, Avropaya inteqrasiya etməyə cəhd edir. İndi İrəvanda həbslərin aparılması, insanların istintaqa cəlb olunması əslində ictimai rəyi azdırmaq niyyəti güdür. Elə mənzərə yaradılır ki, guya Ermənistanda demokratik hakimiyyət var, korrupsiyaya qarşı amansız mübarizə aparılır. Bir sözlə, xalqın başını qatmaq üçün bu oyunlar qurulur”.

Bu fikirləri  teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın İstintaq Komitəsində 5 saat dindirilməsini şərh edərkən deyib. Ermənistanın müstəqil dövlət olmadığına vurğu edən Sərdar Claloğlu hesab edir ki, əslində hər şey Rusiyanın tutacağı siyasi iradədən asılıdır.

Rusiyanın razılığı olmadan Ermənistanda korrupsiyaya qarşı mübarizə aparmağın mümkün olmadığını düşünən ADP sədrinin fikrincə, Ermənistana Rusiya böyük partiya silahlar ötürür: “Məsələn, bu yaxınlarda əldə olunan razılaşmaya görə, Rusiya Ermənistana “SU-30” qırıcı təyyarəsi satacaq. Bu təyyarənin bazar qiyməti 50 milyon dollar olduğu halda, ermənilərə 25 milyon dollara satılır. Bir haldakı Ermənistanın imkanı varsa, elə özü silahlar alar. Ancaq kreditlə verilir. Bütün bu oyunlar ona hesablanır ki, sadə ermənilər Rusiyanın siyasətini anlamasın, bu siyasətə qarşı çıxmasın və Avropaya inteqrasiya etməsinlər. Yoxsa orada korrupsiyaya qarşı ciddi bir iş görülmür. Sadəcə olaraq, xalqın bir hissəsini digər hissəsi il üz-üzə qoyurlar ki, aparılan siyasət diqqət mərkəzində olmasın”.

ADP sədrinin qənaətincə, əslində Ermənistanda Köçəryanın və Sərkisyanın hakimiyyətdə olduğu zaman yol verdiyi cinayətlər elə Rusiyanın özünün günahıdır: “Zamanında Rusiya imkan verməyib ki, Ermənistan müstəqil olsun. Əgər belə bir imkan versəydi, yəqin ki, Köçəryan və ya Sərkisyan bu qədər cinayət etməzdi. Onlar Rusiyaya arxayın olaraq, Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti aparır, eyni zamanda da cibini doldururdular. Rusiya Köçəryana dəstək verməsəydi, o, korrupsiya ilə məşğul ola bilməzdi”.

Sərdar Cəlaloğlu əlavə edib ki, Sərkisyanın istintaqda 5 saat dindirilməsi klanlararası savaşın getdiyinə işarədir: “Əslində Paşinyan nə demokratdır, nə də erməni xalqının maraqlarını müdafiə edir. O, da Rusiyanın gətirdiyi bir simadır və demokratiya oyunu oynayır. Onun Qarabağ konflikti ilə bağlı verdiyi bəyanatlara baxın. Demokratik təfəkkürlü siyasətçi ilk olaraq sülhsevər olmalıdır. Əgər adam döyüşdən, müharibədən danışırsa, deməli, o, demokratik deyil. Orada korrupsiyaya qarşı mübarizənin də demokratiya və insan haqlarına aidiyyəti yoxdur. Sadəcə, klanlar arasında savaş gedir. Bu çərçivədə də Ermənistanın ən iri korrupsiya fiqurları istintaqa cəlb edilir. Məqsəd həm də Qarabağ klanını zəiflətməkdir. Mümkün qədər onları zəiflətmək və yeni hakimiyyətin daha çox iqtidarda qalmasını təmin etməkdir. Bir müddət sonra görəcəksiniz ki, Paşinyanın özü korrupsiya girdabında boğulur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button