SƏRDAR CƏLALOĞLUDAN HƏYƏCAN TƏBİLİ:”Rusların Azərbaycanı təkrar işğalına aşkar hazırlıq aparılır”

Sərdar CƏLALOĞLU,

Azərbaycan Demokrat Partiyasının sədri

 

“Qurani-Kərim”də Allah-təala buyurur: “Dərilərinizin və dillərinizin müxtəlifliyi Onun dəlillərindəndir”. Bu ayə sübut edir ki, dil və dillərin müxtəlifləşməsi Allahın varlığının bir təzahürüdür. Məhz buna görədir ki, Allahın tək bir Doğru yolu olan İslam dini müxtəlif dillərdə danışan xalqlara müxtəlif dillərdə – “Tövrat” və “Zəbur” qədim ivrit dilində, “Qurani-Kərim” ərəb dilində – nazil edilmişdir.

Bu gün xristianlar iki dildə – katiloklər latın, protestantlar və digər təriqətlər ispan dilində – ibadət edirlər. Buradan da sual doğur: dilin nə kimi əhəmiyyəti var ki, islam dini məhz bu dillərdə nazil edilmişdir?

Psixolinqivistika elmi sübut edir ki, dillə o dildə danışanın düşüncəsi və davranışları arasında sıx əlaqə vardır. Yəni insan hansı xalqın dilində danışırsa, o xalqın nümayəndəsi kimi düşünür və o ictimai-siyasi həyatda o xalqın nümayəndəsi kimi davranır. Buradan da aydın olur ki, dil həm də çox ciddi sosial idarəetmə vasitəsidir, hansı ki, sosial təşkilatlanma üçün müstəsna rol oynayır.

“Qurani-Kərim”in ərəb dilində nazil olmasının bir çox səbəblərindən biri də məhz dilin bu funksiyası – ümmət yaratmaq funksiyası ilə bağlıdır. Çünki müsəlman ümməti ərəb dili əsasında yaranır.

Dillərin xüsusiyyətləri bu dildə danışanların düşüncə tərzini müəyyən edir.İslam dininin müsəlmanlara ərəb dilində nazil edilməsi ərəb dilinin bu dildə danışana azadlıq verməsi ilə bağlıdır. Hansı ki, ərəb dilində danışan söz köku ilə məhdudlaşmır və eyni bir əsasdan müxtəlif sözlər düzəltmək mümkün olur və bu da danışanın fleksiyası ilə şərtlənmiş azadlığını təmin edir. Bu cür flektiv dildə danışan insan öz davranışlarında da eynilə azadlığa meyl edir.

Bunun əksinə, rus dili rus dövlətinin təşəkkülü ilə meydana çıxmışdır. Belə ki, 200 il rus təhkimçilik sisteminin formalaşması bu dillə bağlıdır. Buna görə, rus dili insanlarda təhkimçi pisixologiyası formalaşdırır.

Dil həm də siyasi alətdir. Müstəqil dövlətlərin konstitusiyalarına dillə bağlı bəndin salınması da dilin siyasi funksiyası ilə bağlıdır. Dillə siyasətin nə kimi əlaqəsi vardır? Məlumdur ki, dillərlə bu dillərdə danışan xalqların mövcudluğu arasında ciddi rabitə vardır. Dil öləndə xalq, xalq öləndə dil ölür.

Bu gün dünyada 7 minə yaxın dil mövcuddur və bu dillər iki həftədə bir dil olmaqla itmə prosesini yaşayır. Dillərin itməsinin bir çox səbəbləri vardır ki, bunların da hamısı siyasi səbəblərdir. Bura xalqın müstəqilliyi, qloballaşma prosesinə daxil olması, iqtisadi-siyasi inkişafı və xalqın təbii artımı, o çümlədən digər endo və exsodemoqrafik proseslər aiddir.

Dilçilik elmində uşaqların 70 faizindən azının danışdığı dil itməkdə olan dil kimi təyin olunub. Bu gün dünyada ən çox sayda insanın danışdığı səkkiz dil mövçuddur. Bununla yanaşı, dünyada dörd ümumi dil – fransız, ispan, putunxua və ərəb dilləri – müxtəlif xalqların ən çox danışdığı dil kimi mövcuddur. Bu syahıda rus dili yoxdur.

Azərbaycanda dövlət dili kimi hələ sovet dönəmində, 1956-cı ildən Azərbaycan türk dili Konstitusiyada təsbit edilmişdir. Azərbaycanlıların öz dillərində danışması öz dilində danışan digər bir neçə keçmiş sovet respublikalarının vətəndaşları kimi insanlarımızın azadlığa meylli olması, öz kimlyini bu günə kimi qoruyub-saxlamasını təmin etmişdir. Azərbaycanda türk dilinin dövlət dili olması bizim həm də cənublu qardaşlarımızdan ayrılmağa imkan verməmiş, dil parçalanmış coğrafiyada xalqımızın birliyini təmin edən tək bir vasitə olmuşdur.

Unitar dövlətdə dövlət dili siyasi, diplomatik dil kimi müəyyən olunur. Dövlətin bütün müəssisələri, xüsusən məhkəmə, hüquq-mühafizə, təhsil, səhiyyə, idraəetmə, eləcə də rəsmi yazışmalar və dövlət başçısının rəsmi çıxışları dövlət dilində həyata keçirilir.

Dil həm də vətəndaşlıq institutunun formalaşmasında, xalqın azadlıq və müstəqillik ruhunun saxlanmasında tək bir siyasi vasitə kimi çıxış edir. Heç təsadüfi deyil ki, Mahatma Qandi Hindistanda apardığı dinc-demokratik mübarizədə“imperialistlərlə əməkdaşlıqdan imtina” siyasətində birinci olaraq ingilisdilli məktəblərdə təhsildən, ingilis dilində danışmaqdan imtinadan başlamışdır. Mustafa Kamal Atatürk də Türkiyəni Qərb eksponsiyasından xilas etmək üçün türk dilinin saflaşdırılması, yad sözlərdən xilas edilməsi ilə bağlı dövlət proqramı hazırlayıb həyata keçirmiş və Türk Dil Qurumu yaradaraq türk dilini məhv olmaqdan xilas etmişdir.

Qardaş Türkiyədə bu gün də türk dilinin qorunması, saxlanması, zənginləşməsi istiqmətində proses davam edir.

Bizim ərazimizdə rusların yaratdığı Ermənistan dövlətində nəinki rus dilində məkətəb yoxdur, hətta orada rus belə yaşamır. Gürcülər çoxdan işlək dil kimi rus dilində danışmaqdan imtina etmişlər.

Dünya təcrübəsi göstərir ki, milli azadlıq hərakatları dilin statusu uğrunda mübarizədən başlayır və dilin ölməsinə paralel olaraq dövlətçilik də ölür. 60-cı illərdə ABŞ-da sayca çoxluq təşkil edən ispan dilli vətəndaşlar bu dilin işlənməsi ilə bağlı mitinq keçirdilər və demokratiyanın beşiyi olan bu ölkədə həmin mitinq iştirakçılarına qanlı divan tutuldu. Çünki amerikalılar yaxşı bilirdilər ki, ikinci bir dilin dövlət dili statusunu alması öz arxasınca ABŞ-in parçalanmasını gətirəcəkdir. 

Çoxdilli ölkələrin siyasi təcrübəsi də bunu sübut edir. Milli şüur yalnız milli dillə yaranır və inkişaf edir. Dil milli mənliyin – milli mədəniyyətin, tarixin, əxlaqın və digər dəyərlər sisteminin ifadə forması və yeganə etibarlı saxlanc yeridir.

Bəs Azərbayçanda dövlət dilinin vəziyyəti necədir?

Bu gün Cənubi Azərbaycanda onlarla fəal öz ana dili uğrunda apardığı mübarizəyə görə ya öldürülüb, ya da həbs edilərək işgəncələrə məruz qalıb. Bu gün ana dilində danışmaq azadlığına malik şimali azərbaycanlılar isə bu nemətin qədrini bilmir və başqa dillərdə danışmağa meyllənirlər. Bu, bəzilərində yarımçıqlıq kompleksinin olması ilə bağlıdır. Öz ata-anasından utananlar heç vaxt öz ata-analarının danışdığı dildə danışmaz.

Bu gün Bakıda hamının şahidi olduğu reklam sənayesində Azərbaycan dili tamamilə sıxışdırılmış, bütün reklamlar xarici dillərdə və brendlər xarici adlarla təbliğ olunur. “Kleopatro”, “Kral Lir”, “Monte Kristo”, “Mono Liza” və s. kimi xalqa yad adda şadlıq saraylarında ailə quranlar öz əziz tarixlərini məhz bu adlarla əbədiləşdirirlər. Hətta Bakının mərkəzində latın əlifbasını erməni əlifbasına uyğunlaşdırmaqla, reklam həyata keçirən restoran-kafe fəaliyyət göstərir. Bu da onu göstərir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində reklamçılıqda Konstitusiyanın dövlət dili haqqında bəndinə məhəl qoyan yoxdur və rəsmi dövlət orqanları bu antikonstitusion fəaliyyətə göz yummaqdadır.

Bu azmış kimi, son günlər “5-ci kolon”un – rus maraqlarının Azərbaycandakı təmsilçiləri, müasir qarayevlər, ayna sultanovalar, musabəyovlar aktivləşməyə və Azərbaycanı yenidən Rusiyanın boyunduruğu altına salmaq üçün ciddi – cəhdlər etməyə başlamışdır.Xəzərin statsu ilə bağlı beynəlxalq hüquqa zidd dövlətlərarası saziş imzalandıqdan sonra rus hərbi dəniz qüvvələri Azərbaycan paytaxtının 10 kilometrliyindən ölkəmizi mühasirəyə almışdır. Buna paralel olaraq, ölkənin daxildən də rus mühasirəsinə alınması istiqamətində proses başladılmışdır. Bu, rus dilinin Azərbaycanda işlənmə arealının genişləndirilməsində özünü göstərir.

Azərbaycanda son rəsmi statiskaya görə, əhalinin sayı 9 milyon 822 min nəfərdir. Bu insanlardan 141 687 nəfəri (1,78 faizi) rusdur. Azərbaycan türkcəsində danşanlar 8.253 196, rus dilində danışanlar 122 449 nəfər olmuşdur. Azrəbaycanda çəmi 2840 orta təhsil məkətəbi var və onlardan 329-u Bakı şəhərində fəaliyyət göstərir.

Son illər Bakıda 450 məktəbin rus dilində təhsil verməsi ilə bağlı məlumat yayılıb. Bu da Azərbaycanın orta ümumtəhsil məkətblərinin 16 faizini təşkil edir. Buradan da sual doğur: əhalinin 1,78 faizinin dilində olan orta məktəblərin sayi necə 16 faiz təşkil edir? Baxmayaraq ki, Azərbaycan vətəndaşı olan ruslar da Azərbaycanda yalnız Azərbaycan dilində təhsil almağa borcludurlar. Bu, onu göstərir ki, həmin məktəblərdə nəinki ruslar, hətta Azərbaycan türkləri də rus dilində təhsil alır. Bakıda 329 məktəb olduğunu və bunların da hamısının rus dilində təhsil vermədiyini nəzərə alsaq, aydın olacaq ki, nəinki paytaxt məktəblərinin, hətta rayon məktəblərinin çoxu artıq rus dilində təhsil verməyə başlayıb. Bununla yanaşı, dövlət idarələrində rus dilini bilməyin işə qəbulda əsas şərt kimi götürülməsi ilə bağlı məlumatlar meydana çıxmaqdadır.

Şəhərdə də rus dili ilə Azərbaycan dilinin qarışığından ibarət, hər iki dilin qol-qabırğasını sındıra-sındıra danışanların sayı əvvəlki dövrlərə nisbətən xeyli artıb.Ənənəvi antimilli elita rus dilində danışmağa üstünlük verir.Məktəblərdə Azərbaycan uşaqlarının rus sektorunda oxumağa istiqamətləndirilməsi ilə bağlı ciddi işlər aparırlar. Bu azmış kimi, Qırğızıstandan nümünə götürüb, Azərbaycanda rus dilində dərs verən müəllimlər az olduğundan, Rusiyadan rus müəllimlərinin Azərbaycana dəvət edilməsi ilə bağlı kampaniya başladılmışdır.

Bütün bunlar nə deməkdir?

Əvvəla, rus dili ümumdünya işlək dili deyil və ruslar özləri qloballaşma prosesinə ingilis və ya fransız dilini öyrənməklə qoşulur. BMT-nin 8 rəsmi dilindən biri olan rus dili ilə yanaşı, türk dili də rəsmi dildir. Onda sual doğulur: Azərbaycanda rus dilində təhsilin inkişafı nəyə xidmət edir və hansı qanunlara söykənir?!

Qeyd etmək lazımdır ki, rus dilini öyrənməklə rus dilində təhsil almaq eyni şey deyil. Biz rus dilini bilməyin, öyrənməyin əleyhinə deyilik. Əksinə, rus dilini bilənlərin sayının artmasında maraqlıyıq. Amma təhsilin rus dilində olmasının ciddi siyasi nəticələri olacağını nəzərə alaraq, rus dilində təhsilin qəti əleyhinəyik.

Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, dillə düşüncə və davranış arasındakı əlaqəni nəzərə alsaq, rus dilində təhsil rus dövlətinin maraqlarına xidmət edəcək rusbaş insanların formalaşmasına səbəb olacaq və “5-ci kolon”un təcrübəsi göstərir ki, belə insanlar dövlətçilik üçün daxili təhlükə təşkil edir. 1920-ci ildə Azərbaycanın müstəqillik tərəfdarları olanlar arasında Avropa təhsillilərin, əleyhdarları arasında rus təhsillilərin çoxluq təşkil etməsi də bunu sübut edir. Bu da onu göstərir ki, hansı millətdən asılı olmayaraq, təhsil dili milli kimliyi müəyyən edir.

İkincisi, Rusiya Konstitusiyasına və Putinin dəfələrlə bəyan etdiyinə görə, rus dövlətinin xarici ölkələrdə yaşayan vətəndaşlarını qorumaq adı altında hərbi müdaxilə edə biləcəyini nəzərə alsaq, Azərbaycana dəvət ediləcək rus müəllimlərə (o cümlədən rus vətəndaşlığını qəbul etmiş qeyri-ruslara) qarşı təxribatlar törədib, sonda da onların qorunması adı altında ruslar hərbi müdaxiləyə əl ata bilər.

Ücüncüsü, bu gün minlərlə müəllim işsiz olduğu halda Rusiyadan müəllim tələb etmək ölkədə əmək bazarında gərginlyi bir az da artırar. Məncə, Azərbayacanda ruslaşdırma cəhdlərinə qarşı ilk növbədə ölkə Prezidenti çıxmalıdır. Çünki Konstitusiyanın qarantı kimi o çıxış edir və dilin işlənməsi ilə bağlı dəfələrlə qanunvericilik təşəbbüsü ilə çıxış etmiş və sərəncamlar vermişdir.

Konstitusiya Məhkəməsinin Azərbaycan dilinin işlənmə sahəsinin daraldılmasına reaksiyası da təccüblüdür. Azərbaycan Konstitusiyasının dillə bağlı bəndinə zidd bəyanatlara, addımlara heç bir müqavimət göstərməməsi bu qurumun təmamilə formal fəaliyyət göstərdiyini sübut edir.

Ölkəni xarici intervensiyaya aça biləcək cəhdlərlə bağlı hüquq-mühafizə orqanları da öz sözlərini deməli, dil qanununu pozanlar, rus dilində təhsilin təşkili ilə məşgul olanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Nəhayət, Azərbaycanın demokratik qüvvələri – siyasi partiyalar, qeyri-hökumət təşkilsatları və media nümayəndələri Azərbaycanda dövlət dilinin tətbiqi sferasının daraldılması və rus dilində təhsillə bağlı vətəndaşlıq mövqeyini ortalığa qoymalıdır.

Əgər vaxtında bu zərərli tendensiyaların qarşısı alınmazsa, Azərbaycanın müstəqiliyi və süverenliyi real təhlükə qarşısında qalacaqdır. Çünki rusların Azərbaycanı təkrar işğalı üçün aşkar şəkildə düşüncələrin işgalına cəhd edilir.

Hurriyyet.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button