Sərdar Həmidov işğaldan qoruduğu Tərtərdə torpağa tapşırıldı

 Sərdar Həmidov işğaldan qoruduğu Tərtərdə torpağa tapşırıldı

İsa Qəmbər: “”Şəhid belə olur!”; Mehdi Mehdiyev: “Sərdar bəy gözəl sərkərdə olmaqla yanaşı, həm də müdrik şəxsiyyət, böyük ağsaqqal idi”

İlham İsmayıl: “O, mübarizliyini son anına qədər qorudu”

Fevralın 28-də gecə saatlarında Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidov dünyasını dəyişib.   Sərdar Həmidov fevralın 29-da işğaldan qoruduğu Tərtər rayonunda dəfn edilib. Onun üç mərasimi də Tərtərdə ata yurdunda keçiriləcək. 
 
Etatist.com xəbər verir ki, onun dəfn mərasimində qardaşı, sabiq daxili işlər naziri İsgəndər Həmidov, Qarabağ müharibəsi iştirakçıları – döyüşçülər, yaxınları iştirak edib.
Öncə qeyd edək ki, 1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidovun xidmətləri nəticəsində rayonun ərazisi düşməndən tam şəkildə müdafiə oluna bilib. 1992-ci ilin 4 iyulunda Ağdərə rayonunun düşməndən azad edilməsi prosesində, hərbi əməliyyatların aparılmasındakı  xidmətlərinə görə  Sərdar Həmidova Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy tərəfindən Fəxri Fərman verilmişdi.
 
AXC  hakimiyyəti dövründə icra başçısı işləmiş S.Həmidov daha sonra 8 ilə yaxın həbsxana həyatı yaşayıb. 2004-cü ildə isə o, Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxmışdı. S. Həmidov keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşıdır. 
Onu da qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirmişdi. Uzun illərdir yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi…
28 fevralda səhər saatlarında vəziyyəti qəfildən pisləşdiyi üçün onu 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriblər. S.Həmidov gecə elə orada dünyasını dəyişib.
S. Həmidovun vəfatından təsirlənən tanınmış ictimai şəxslər onun haqqında fikirlərini paylaşıblar.
 
Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər  S. Həmidovu şəhid adlandırıb. Bu barədə facebook səhifəsində yazan İ. Qəmbər qeyd edib ki, Sərdar Həmidovun 1992-1993-cü illərdə Tərtərin qorunmasında həlledici xidmətləri olub: “Şəhid belə olur! Övladlarına, İsgəndər bəyə, yaxınlarına, bütün Tərtər camaatına başsağlığı verirəm. Tanrı ruhunu şad etsin”.
 
Sərdar Həmidovu yaxından tanıyan sabiq MTN zabiti İlham İsmayıl da “Yeni Müsavat”a onunla bağlı xatirələrini danışdı. O söylədi ki, Sərdar Həmidov peşəkar hərbçi deyildi: “O, vətənpərvər,  el dərdi çəkən idi. Bu xüsusiyyətlər onu anadangəlmə hərbiçi, sərkərdə etmişdi.  Biz bu gün (dünən-red.) onun dəfn mərasimində iştirak etdik. Ora gələn insanlar da  bildirdilər ki, Sərdar Həmidovun şücaətinə görə hazırda Tərtər camaatı öz torpağındadır, ata-babalarının məzarlarını rahat şəkildə ziyarət edirlər. Tərtər təkcə müdafiə mövqeyində deyil, həm də hücumda olub. Dağlıq Qarabağın ətrafında Tərtər yeganə rayondur ki, bir qarış torpağı da işğal altında deyil. Əksinə, Tərtər istiqamətində Dağlıq Qarabağda 8 kənd  Azərbaycanın nəzarətindədir. Bu kəndlərin də qorunmasında, alınmasında Sərdar Həmidovun  böyük rolu olub. Yeri gələndə onun qışqırmağı, sillə vurmağı olmasaydı,  digər işğal altında olan rayonlarımız kimi Tərtəri də itirmişdik”.
İ. İsmayıl onun ömrünün son anlarını aşağıdakı kimi təsvir etdi:
“Ömrünün son anlarında mən də onun yanında idim. Mən xəstəxanaya çatdığım zaman gördüm ki, o, yerində oturub, uzanmır. Həkimlər iynə vurmaq istəyirdi, lakin o söyləyirdi ki, mənə heç nə olmayıb. Elə bil istəmirdi ki, kimsə onu  yazıq vəziyyətində görsün. Ona görə də uzanmaqdan çox, ayaqüstündə dururdu.  Üç nəfər zorla onu saxladıq ki, həkimlər sakitləşdirici iynə vursunlar. Yəni o, mübarizliyini son anına qədər də qorudu. Allah rəhmət eləsin”.
Onu yaxından tanıyan daha bir nəfər – döyüşçü  Mehdi Mehdiyev də Sərdar Həmidov haqqında fikirlərini bölüşdü: “Camaatımız bildirir ki, Sərdar bəy Tərtərdə hər bir sakinə ev qoyub getdi. Sərdar bəy  bu gün özünün qanı, canı bahasına qoruduğu torpaqda da dəfn olundu. Onun ölümü həm Azərbaycan, həm də yaxınları üçün çox böyük itki oldu. Sərdar bəy gözəl sərkərdə olmaqla yanaşı, həm də müdrik şəxsiyyət, böyük ağsaqqal idi. İnsan kimi çox güclü xarakterə malik, mərd adam idi. Allah rəhmət eləsin. Bu gün hər birimiz onu itirdiyimiz üçün çox üzgünük”.
 
Əməkdaşımız Kənan Rövşənoğlu isə  modern.az saytına mərhum Sərdar Həmidovla bağlı xatirələrini bölüşərkən aşağıdakıları bildirib:
“Sərdar Həmidovu Tərtərdə uşaqdan böyüyə hamı tanıyır. Hər kəs üçün Tərtəri işğaldan qoruyan komandir və icra başçısıdır. Savaş bizim yeniyetməlik dövrümüzə düşdü, amma olanları izləyirdik. O zaman 90-cı illərin əvvəllərində Tərtərdə ermənilərə qarşı rayonun fəal insanları hərəkətə keçirdilər. AXC hakimiyyətə gəlməzdən əvvəl Tərtərdə silahlı birliklər qurulmuşdu, ermənilərə qarşı vuruşurdular.  O zaman Sərdar Həmidov silahlı dəstə yaratmışdı. Sonra AXC hakimiyyəti zamanı icra başçısı təyin olundu və sorağı Ağdərədən gəlməyə başladı.
Uğurlu Ağdərə əməliyyatında onun adı əsas komandirlərdən idi. Eyni zamanda onun savaş vaxtı əlinə silah götürüb əsgərlərin qabağında getməsi, döyüşçülərə can yandırması, şəhid ailələrinə özəl münasibəti vardı.  Amma yalnız komandir kimi deyil, həm də icra başçısı kimi də müsbət insan olaraq yadda qaldı. Gənc adamları irəli çəkdi.
 
Bütün keçmiş döyüş adamları kimi də onda bir ideya var idi: “Torpaqlar azad edilsin”. Sərdar bəy vətənə, torpağa xidmət etdi, onun qorunması üçün əsl mübarizə apardı. Bu səbəbdən də o, Qarabağ şəhididir. Allah rəhmət eləsin”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button