Şəri-molladan, məkri-zənəndən Allah… Aydını saxlamadı

Bu gün diffamasiya haqqında qanun yenə gündəliyə gəlib. Guya Azərbaycanda jurnalistlər yazdıqlarına görə həbs edilir.

Halbuki Azərbaycanda jurnalist heç vaxt peşə fəaliyyətinə görə həbs olunmur. Hazırda yazarları min cür şərlə qandallayırlar – oğurluqdan tutmuş, narkomanlıq, terrorizim, vətənə xəyanət, daha nə bilim nələrə qədər. Mirzə Sakiti, Qənimət Zahidi, Eynulla Fətullayevi və ya Aydın Canıyevi jurnalist fəaliyyətinə görə həbs ediblər? Əsla! Heç birini.

Cinayət Məcəlləsində ixtiyari bir vətəndaşın boyuna ölçulən o qədər maddələr var ki! Hərənin bir özəlliyi var və bu özəlliyə görə də ona maddə tapırlar.

Məsələn, Mirzə Sakit şairdir. Şair şeir yazmaq üçün nə etməlidir? Xumarlanmalıdır. Ki, ilham pərisi onu tapsın. Xumarlanmaq üçün də hansısa narkotiktən istifadə olunmalıdır. Deməli, Mirzəni narkotiklə tutmaq lazımdır.

Qənimətə isə daha primitiv bir üsul şamil etdilər. Köhnə sovet təcrübəsindən yararlanaraq sadəcə onun üzünə adam qoyub xuliqanlıqla həbs etdilər. Bəs, Eynulla, Müşfiq, rəhmətlik Şahin Ağabəyli… Saymaqla qurtarmaz.

Hələlik, Aydın Canıyev sonuncudur. Bəs, onu nə üstə tutdular? Yazdıqlarına görəmi?

Yox, qətiyyən! Xuliqanlığa görə. Sən demə, Aydın sərxoş vəziyyətdə yaşadığı qadınla dava salıb, şüşə sındırıb və sonra gedib məscidə…

Həə, burada gəlirik əsl məqama. O, burada molladan pul istəyib, molla verməyəndə, vurub məscidin də şüşələrini sındırıb. Hər şeydən hali kənd arvadları sən demə, bir gün əvvəl fala baxdırıblar, fal bütün bunları göstərib. Kənd arvadları bu haqda televiziyalara xəbər veriblər. Onlar da əvvəldən gəlib gözləyirmişlər. Gözləyiblər, Aydın məscidin şüşələrini sındırıb qanlı əllərini üzünə silən kimi bunu lentə alıblar və bütün məmləkətə göstəriblər ki, bizim jurnalist əsl xuliqandır. Həm də camaat rahat yatsın, axı elə bilərlər ki, Aydını bir neçə gün əvvəlki yazısına görə həbs ediblər. Əsla, Lənkəranın mömin mollaları belə iş görməzlər.

Heç bir qanun yuxarıdan rəvac verilən qanunsuluğun qabağını almayacaq. Çünki bizdə tənqiddən nəticə çıxarmaq kimi bir şey yoxdur. Bizdə ancaq hakimiyyətin istədiyini yazsan, sənin həyatın, təhlükəsizliyin təminat altındadır.

Gəlin, özümüzü aldatmayaq… Qanunların şah olmadığı bir məmləkətdə  heç bir qanunsuluqdan, cinayətdən yazmaq olmaz. Xüsusən də toxunulmazlar haqqında. Yazarsan, düşərsən Eynullanın, Sakitin, Qənimətin və nəhayət, Aydının gününə. Qadını üzünə qoyarlar, məscidin şüşəsini qırarlar, özünü arvadlara döydürüb sonra da “xuliqan” adıyla tutdurarlar.

 Nurəddin Xoca

“Xural” qəzeti,

il 9, sayı: 043 (451), 26 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button