Şərur sakini: “Qardaşım şərlənərək həbs olunub, 3 gündür aclıq aksiyası keçirir”

Yayımlandı: 25 May 2023 17:40

Rüfət İsmayılov müraciətlərinə baxılmamasından şikayətlənir

2022-ci ilin yanvarında qardaşımı haqsız yerə, şərləyərək həbs ediblər. O, on yeddi aydır ki, həbsxanada saxlanılır. Dəfələrlə aclıq aksiyası etsə də, əhəmiyyət verən olmayıb”.

Bunu Meydan TV-yə Şərurun Arbatan kənd sakini Rüfət Vilayət oğlu İsmayılov deyir.

“2011-ci ildən Bakıda kirayədə yaşayırıq. 1990-cı il təvəllüdlü qardaşım Ruhin Vilayət oğlu İsmayılovun “Kubinka” məhəlləsində balaca çörək sexi vardı. Azər Mübariz oğlu Cəfərovu sexə işçi götürmüşdü. Azər İmişliyə gedib, narkotik götürərkən həbs olunub. O, narkotiki götürməyə gedəndə bunu qardaşıma deyibmiş. Saxlandığı üçün qardaşımdan şübhələnib, ona görə də onun adını verib”, – deyə o bildirib.

Bundan sonra qardaşımı izahat almaq üçün apardılar. Ruhin izahat üçün gedib, amma on yeddi aydır ki, Bakı İstintaq Təcridxanasında saxlanılır. Dəfələrlə aclıq edib, amma heç kim yaxın durmadı. İzahat alınanda yanında vəkillər olmayıb. Adı çəkildiyi üçün deyirlər ki, bilirsənsə, deməli, sən də bu işin içindəsən”, – Rüfət İsmayılov belə deyib.

O bildirib ki, məsələ ilə əlaqədar Baş Prokurorluğa, Prezident Adminstrasiyasına, Ombudsmana müraciət etsə də, nəticəsiz qalıb:

“Qardaşım üç gündür ki, aclıq edir. İyunun 1-də məhkəməsi olacaq. Onu artıq ölüm həddinə çatdırıblar. Müraciətlərimizə baxan yoxdur”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, 2022-ci il yanvarın 17-də saat 23:35 radələrində İmişlinin İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində Kürdəmir sakini 1990-cı il təvəllüdlü Cəfərov Azər Mübariz oğlu saxlanılıb.

Onun üzərindən 10 kiloqram 139 qram narkotik vasitəvə 590 ədəd “metadon-40” psixotrop həb aşkar olunaraq götürülüb. Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayonunun Arbatan kənd sakini 1990-cı il təvəllüdlü İsmayılov Ruhin Vilayət oğlu saxlanılaraq istintaqa cəlb edilib. Araşdırma zamanı saxlanılan şəxslər narkotik vasitə aludəçisi olduqlarını bildiriblər”, – deyə açıqlamada bildirilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button