Saatların çəkilməməsi səhhətimizə necə təsir edir? – Ekspert rəyi

Azərbaycanın yay vaxtına keçiddən imtina etməsi insanlarda bir sıra narahatlıqlar yaradıb. Həkimlərin dediyi kimi vaxt dəyişkənliyi insanlara həm fiziki , həm də psixoloji cəhətdən təsirsiz ötüşməyib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla AzVision.az-a bildirib ki, yay vaxtına keçid gündüz vaxtından səmərəli istifadə olunması üçün əlverişlidir.

Həkimin sözlərinə görə, ölkəmizdə yay vaxtının ləğvi insanlar üçün müəyyən çətinliklər yaratsa da, bütövlükdə doğru addımdır.

“Ekvatordan aşağı 12 saat gündüz vaxtı stabil qaldığından bu daha çox şimal zonasına aiddir. Bu gün 100-ə yaxın ölkə bundan istifadə edir. Qalan ölkələr isə imtina edib. Azərbaycan kimi kiçik ölkədə yay vaxtının olması əhəmiyyətli deyil. Buna görə də verilmiş qərar düzgündür”.

Adil Qeybulla hesab edir ki, yay vaxtına keçid fəslin emosional vaxtında insanların bioritmlərinin pozulmasına, uzun müddət öyrəşdikləri iş rejimini dəyişməsinə, xüsusən də körpələrə, hamilə qadınlara, yaşlı insanlara, resursları tükənmiş xəstələrə mənfi təsir edir:

“Uşaqların psixikasına, yuxu rejiminə neqativ təsir göstərir. Bəzi araşdırmalara görə, yay vaxtına keçid zamanı intihar, avtomobil qəzalarının sayı artır. Bu emosianal motivasiyaların formalaşmasına neqativ təsir edir. Bütün bu faktlar sübuta yetirilib. Odur ki, yay vaxtının ləğvi düzgün qərardır”.

Psixoloq Elnur Rüstəmovun fikrincə, saatların çəkilməməsi meteohəssas, təşviş, həyəcan pozuntusu olan insanlara müəyyən qədər təsir göstərir.

“Saatların bir saat irəli və ya bir saat geri çəkilməsi müəyyən insanlarda problem yaradırdı. Təyin olunmuş vaxtlarda dərman qəbul edən insanların səhhətinə, uşaqların və eləcə də böyüklərin yuxu rejiminə təsir göstərirdi. Hal-hazırda isə belə bir prosesin həyata keçirilməməsinin insanların psixologiyasına xüsusi bir təsiri olmayacaq, çünki proses təbii axarı ilə gedir. İnsanlar əvvəlcədən özünə uyğun həftəlik, günlük planlarını dəqiqləşdirir”.

Psixoloq hesab edir ki, ölkə ərazisində yay vaxtına keçidin ləğv olunması normal bir haldır: “Dünyanın bir çox ölkələri artıq bundan imtina ediblər. Azərbaycanın da belə bir addım atması insanlara müsbət təsir göstərəcək”.

Qeyd edək ki, martın 17-dən etibarən Azərbaycanda yay vaxtına keçid ləğv olunub. Baş nazir Artur Rasizadə Azərbaycan Milli Elmlər Akademiyasının təklifi nəzərə alaraq bu barədə qəbul edilib.

Rusiya, İran, Gürcüstan, həmçinin Çin, Yaponiya, Cənubi Koreya, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Estoniya, Ukrayna və sair ölkələr yay vaxtına keçidi ləğv ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button