“Saatlı bazarının rəhbərliyinin günahını boynuma götürüb, həbsdə yatdım”

Yayımlandı: 9 Sentyabr 2024 12:21

“Avamlığımdan istifadə elədilər, başıma oyun açdılar”

9 il öncə Saatlı bazarında baş verən yanğında sahibkarlara yarım milyon manatdan çox zərər dəyib. Bununla əlaqədar mülki qaydada başlayan məhkəmə prosesi hələ də davam edir.

Prosesdə xeyli maraqlı məsələlər üzə çıxıb.

Bazarın sahibi olan “Araz-Şöhrət” şirkəti həmin vaxt yanğına görə təqsirləndirilərək məhkum edilmiş sahibkar Nadir Rzayevə qarşı iddia qaldırıb, 525 min manat zərəri ondan tələb edir.

Sahibkar isə deyir ki, elə həmin şirkətin rəhbərliyi onu aldadıb. Nadir Rzayevin sözlərinə görə, o, bazarın vəzifəli şəxslərinin günahını öz boynuna götürüb, nahaqdan 4 il həbsdə qalıb.

Sonuncu məhkəmə iclaslarının birində sahibkar Nadir Rzayev bildirib ki, yanğından sonra zərərçəkmiş sahibkarlar dəyən zərəri bazar rəhbərindən tələb edirdilər:

“Ona görə bazar rəhbərliyi dedi ki, günahı mən boynuma götürüm. Çünki sahibkarlar yarım milyonu mənim ödəyəməyimin real olmadığını bildiklərinə görə heç kimdən tələb etməsinlər. Bazar rəhbərliyinin günahını boynuma götürdüm və buna görə 4 il həbsdə qaldım. Mən həbsdə yatacağımı bilmirdim, başıma oyun açdılar, qoymadılar vəkil tutum. İstintaqda da, məhkəmədə də vəkillə təmin olunmağıma, hüquqlarımın müdafiə olunmasına şərait yaratmadılar. Məcbur etdilər ki, vəkildən imtina etmək üçün ərizə yazım. Mən də avamlığımdan yazdım”.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yanğınla bağlı rəyində qeyd edilib ki, yanğına səbəb bazarın elektrik montyoru Qubad Əhədovun mənim piştaxtama elektrik xəttini yolverilməz üsulla çəkməsi olub. Qərarda bildirilib ki, həmin elektrik xətti ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkilib və elektrik xəttinin yolverilməz üsulla çəkilməsinə nəzarət aparılmadığına görə təhlükəsizlik qaydaları “Araz-Şöhrət” Şirkətinin vəzifəli şəxsləri tərəfindən pozulub.

“Sadə sözlə desəm, barışıq sazişində göstərilən 525 min manat məbləğində ziyan mənim tərəfimdən deyil, elektrik montyoru və “Araz-Şöhrət” şirkətinin vəzifəli şəxsləri tərəfindən vurulub”, – Nadir Rzayev bildirib.

Nadir Rzayev deyir ki, həbsdən çıxandan sonra – 2023-cü ildə sığorta şirkəti ona və bazar rəhbərliyinə qarşı təzminat iddiası qadırıb:

Bazarın müdir müavini Vüqar Məmmədov dedi ki, gedək barışıq sazişi bağlayaq ki, sığorta şirkəti bizdən əl çəksin. Mən dedim, rəqəm çoxdur, heç olmasa, azaldın. Dedilər ki, biz böyük məbləğ qoyuruq ki, sığorta şirkəti görsün ki, biz səndən 525 min pul tələb edirik, bizdən 40 minlik iddianı geri götürsün. Söz verdilər ki, bundan sonra mənə qarşı iddianı geri götürəcəklər”.

Mən indi də həmin bazarda işləyirəm, rayon sakiniyəm, dolanışığımı ordan qazanıram. Sazişi imzalayanda da bazardan çıxarılacağımdan qorxduğum üçün onların dediyini elədim. 2023-cü il martın 10-da mediasiya sazişi bağladıq ki, guya mən 525 min manatı 30 il müddətinə bazar rəhbərliyinə – “Araz-Şöhrət” şirkətinə qaytaracağam. Həmin müqaviləni təhdid altında, iradəmə zidd şəkildə bağlamışam. Amma sığorta şirkətinin bizə qarşı iddiası üzrə sonuncu məhkəmə iclasında təkrar məhkəmə ekspertizasının keçirilməsinə etiraz etmədiyim üçün bazarın müdiri Ayəddin Fərmanov məni çağırıb dedi ki, sənə qarşı iddia qaldırıb pulu tələb edəcəyik. Dedilər sığorta şirkəti bizdən nə qədər pul tələb edirsə, eyni məbləği səndən alacağıq. Bundan sonra mənim başıma bu oyunu gətirib məndən yarım milyondan çox pul tələb edirlər”, – şikayətçi deyir.

Bazarın nümayəndəsi Vüsal Abbasov da barışıq sazişi ilə bağlı izahat verib:

“Mediasiyada Nadir Rzayev mənə dedi ki, məbləği heç olmasa yarısına qədər azaldın. Mən də dedim ki, Nadir, guya yarıya qədər azaltsaq, sən bu məbləği ödəyənsən ki?”.

Nadir Rzayev əlavə edib ki, elə bu cavabın özü həmin məbləğ və iddianın simvolik olduğunu göstərir:

“Mediasiya dövründə bazarın təqsiri müəyyən edilməmişdi. Lakin kommersiya məhkəməsində olan icraat zamanı, bu, aşkar olundu. Əgər mən o dövrdə bilsəydim ki, bazarın da günahı var, o halda mediasiya sazişi ilə üzərimə külli miqdarda borcu götürməzdim. Formal olaraq bu sazişi də bağlamazdım”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button