Saatlı quldarlıq dövründə yaşayır

Redaksiyanın poçtundan

 Rayon sakinləri işsizlik və yoxsulluqdan əziyyət çəkirlər…

 Hər dəfə telekanallara baxanda və iqtidaryönümlü qəzetləri oxuyanda bir anlığa xəyala dalıb özümü hansısa bir inkişaf etmiş Avropa ölkəsində hiss edirəm. Guya Azərbaycan sürətlə irəliləyərək sosial, iqtisadi inkişafına görə nəinki regionda, hətta dünyada lider ölkələrdən birinə çevrilib. Guya demokratiya aşıb-daşır və i. və s. Utanıb-çəkinmədən məmurlar və əlaltıları yalanları elə düzüb-qoşurlar ki, sanki Oxucularının içində bildikləri həqiqətləri söyləyirlər.

Biz niyə birinciyik?

– Bəlkə şəxsiyyətə pərəstiş yaratdıqlarına, yoxsa adi prinsipə çevirdikləri rüşvət və korrupsiyaya görə?! Düzü, hər necə olsa da bu məmləkətin tayı-bərabəri yoxdur. Sovet dövründə yazılı və elektron mətbuat kommunist partiyasına xidmət etdiyi kimi, bu gün də məhz belədir. Xüsusilə də elektron mətbuat hakimiyyətin ancaq sifarişləri əsasında fəaliyyət göstərən telekanaldır.

Ürək bulandırmaqdan başqa heç nəyə yaramır. Özlərini qərəzsiz, obyektiv adlandıran həmin bu telekanallar əyalətlərdən heç bir çərçivəyə sığmayan, büsbütün yalanlarla dolu verilişlər hazırlamaqla insanların psixologiyasını zəhərləyib mənəvi əzab verirlər. Guya əyalətlərdə hər şey yaxşıdır. İş yerləri açılıb, yoxsulluq aradan qaldırılıb, bir sözlə, hamı şad-xürrəm və yağ-bal içində yaşayır.

Uzağa getməyək, götürək elə Saatlını. Bu rayonda axı ürək açan nə dəyişib, söz və fikir azadlığı yox, seçmək və seçilmək kimi azadlıq yox. Saatlı sakinləri bolşevik təfəkkürlü məmur işbazların sayəsində hələ də keçmişin qalığı olan stereotiplərdən qurtula bilməyiblər. 18 ildən çoxdur ki, vəzifə və iş başında dəyişməz qalan məmur zümrəsi rayonu çapıb-talayır, sadə insanların haqlarını əlindən alıb özləri üçün var-dövlət toplayırlar. Sinfi ayrı-seçkiliyin yaradıldığı Saatlı bu gün bir növ quldarlıq dövrünü xatırladır. Rayonun tikinti, quruculuq və abadlaşdırılması kimi işlər həyata keçirilməsi üçün dövlət büdcəsindən ayrılan xeyli miqdarda vəsaitin hara getdiyini rayonun səlahiyyətli şəxslərindən başqa heç kim bilmir.

Müstəqillik əldə etdikdən keçən bu illər ərzində rayonda bir iş yeri də açılmayıb. Yay aylarında çirkab suların üfunət iyindən, qışda isə soyuqdan durmaq olmur. Rayonun kommunikasiya sisteminin qurulması 2004-2008-ci illər üçün dövlət proqramına salınsa da, gözləri doymayan həmin bu məmur-oliqarxlar tərəfindən dalana dirəndi. Tək bu yox, eyni zamanda rayonun qaz təchizatında da ciddi problemlər yaşanır. Hələ də rayonətrafı kənd və qəsəbələrdə sakinlər evlərin otaqlarını qışda qızdırmaq üçün odun və təzəkdən istifadə edirlər, məktəb və uşaq baxşaları da demək olar ki, belə acınacaqlı durumdadır. Göründüyü kimi məmurlar işlərini yalan və saxtakarlıq üzərinə qurur. Sual olunur – məgər bu inkişafdır? İstehsal yoxdursa, sakinlər yoxsulluq içində günlərini sayırsa, pensiyaçıların, həmçinin idarə və təşkilatlarda çalışan siravi işçilərin pul kartları əgər banklarda, kredit təşkilatlarındadırsa, eyni zamanda faizə pul verən fərdi şəxslərin əlində cəmlənibsə, onda hansı inkişafdan danışmaq olar?

 Afət Türksoy

Saatlı rayon sakini

“Xural” qəzeti,

il 9, sayı: 060 (469), 14 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button