Saatlı və Sabirabadda müəllimlərlə sel qaçqınları etiraz aksiyasına başladılar

15.02.2012

Ölkənin siyasi baxımdan ən aktiv bölgəsi hesab olunan Aran regionunda vəziyyət yenidən gərginləşməyə başlayıb. Sosial problemlərin məngənəsində boğulan Saatlı, Sabirabad, Şirvan, Hacıqabul və İmişli əhli artıq baş verən haqsızlıqlara dözməyərək, bir neçə dəfə etiraz səslərini ucaldıblar.

Lakin bütün bunlara baxmayaraq, vəziyyət hakimiyyət tərəfindən dəyişdirilməyib. Üstəlik, Kür çayının daşmasından sonra yaranmış vəziyyət və dəhşətli korrupsiya faktlarının üzə çıxması insanların səbr kasasının daşmasına gətirib çıxardıb. Elə buna görədir ki, Aran bölgəsində üsyan yetişmək üzrədir.

TİA.AZ xəbər verir ki, bu gün Saatlı rayon Qara Nuru kəndinin müəllimləri etiraz aksiyasına başlayır. Rayondan gələn xəbərlərdə deyilir ki, müəllimlər bu gün dərsə gələn şagirdləri evlərinə göndərəcəklər. Özləri də həmçinin evlərinə çəkilərək, bununla etirazlarını nümayiş etdirəcəklər.

Bu barədə rayon təhsil şöbəsinə məlumat verən müəllimlər tələblərini də açıqlayıblar. Onlar rəsmi qurumların diqqətinə çatdırıblar ki, əmək haqlarının düzgün hesablanmaması və gecikdirilməsi halları aradan qaldırılmalıdır. TİA.AZ-a daxil olan məlumatlarda da vurğulanır ki, Saatlı, İmişli və Sabirabad rayonlarında çalışan müəllimlərin yanvar ayına olan əməkhaqları gecikdirilir.

Bir başqa məlumatda isə Sabirabad rayonunda da vəziyyətin artıq kəskinləşdiyi deyilir. Həmin məlumata görə, rayonun bütün orta məktəblərinin müəllimləri etiraz aksiyasına başlamağa hazırlaşır. Buna səbəb isə maaşlarının gecikdirilməsidir. Həmin halı yaradan amil isə Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyi arasında yaranan qarşıdurmadır.

Belə ki, Maliyyə Nazirliyi yanvar ayından əvəzetmə qaydasında həftədə 24 saatdan artıq dərs keçmiş müəllimlərin məvacibini vermək niyyətində deyil. Nazirlər Kabinetinin 2010-cu il 10 noyabr tarixli sərəncamına əsasən, orta məktəblərdə müəllimlərin həftəlik dərs yükü 24 saat müəyyənləşdirilib. Misir Mərdanov da 2011-ci il fevralın 1-də bu sərəncamdan irəli gələn əmr imzalayıb. Yeni qayda isə həmişə olduğu kimi, yenə də müəllimlərin başında çatlayıb.

Bildirək ki, Maliyyə Nazirliyi maaşların köçürülməsi zamanı Nazirlər Kabinetinin sərəncamını və Təhsil Nazirliyinin verdiyi əmri əsas götürür. Maliyyə Nazirliyinin bu mövqeyinin qarşısına isə təhsil naziri Misir Mərdanov başqa bir sərəncamla çıxmışdı. Təhsil Nazirliyi 24 saata qədər əsas dərs yükü olmaqla, daha 12 saatın əvəzetmə qaydası ilə ödənilməsinə razılıq verilmişdi. Amma müəllimlər fevralın ortası olmasına baxmayaraq, hələ keçən ayın əməkhaqqını almayıblar. Bu azmış kimi, 24 saatdan artıq dərslərin pulunun ödənilməməsi problemi ilə üzləşiblər.

TİA.AZ-a danışan müəllimlər onu da qeyd edirlər ki, dərs yükü azaldılandan sonra məlum olub ki, orta məktəblərdə müəllim çatışmazlığı yaşanır: “Hətta müəllimlər arasında, ixtisasından asılı olmayaraq, sadə riyazi üsulla dərs bölgüsü aparılsa da, yenə də ilin əvvəlində külli miqdarda setlə müəyyənləşmiş dərs artıq qalır. Həmin dərslərin tədrisi üçün müəllimlərin sayı çatışmır. Məsələ bununla bitmir. Ortaya korrupsiyanın yeni-yeni üsulları çıxır. Məlumdur ki, məktəblərdə maraq, dərnək, fakultativ məşğələ dərsləri direktorun qeyri-rəsmi gəliri hesab olunur. Direktorlar həmin pullarla həm özləri dolanır, həm də “yuxarı”lara ötürə bilirlər. 24 saat məsələsi ortaya çıxandan sonra direktorların da əli boşa çıxıb. Fakultativləri, həm də dərs yükü çox olan müəllimlərin artıq dərslərini saat yükü daha az olan müəllimlərin ayağına “pripiska” eləyirlər ki, şəxsi büdcələrinə ziyan dəyməsin. Bunu da özbaşına yox, yuxarı instansiyaların tövsiyəsi ilə həyata keçirirlər. Çünki direktor “qazanmasa”, “yuxarılar”a da pay çatmayacaq. Dərs yükü həddən artıq çox olduğundan bu maxinasiyanı da həyata keçirmək çətinləşib. Beləcə, şəxsi büdcəsini maksimum qorumağa meylli direktorlar müəllim kontingentinin etirazına tuş gəliblər. Müəllimlərin dərs yükünə qoyulan məhdudiyyət ölkədə müəllim sıxlığının olması, onların da dərslə təmin edilməsi üçün nəzərdə tutulmuşdu. Bu sərəncamın icrasından sonra məlum oldu ki, orta məktəblərdə külli miqdarda müəllim çatışmazlığı var. Kənd məktəblərində heç kim işləmək istəmir. Yaşı 65-i ötən müəllimləri də məktəbdən uzaqlaşdırdılar. Müəllimlərin sayının azalmasına bunun da təsiri oldu”.

Amma Sabirabad rayonunda vəziyyəti gərginləşdirən bir başqa faktor da var. Artıq iki ildir insanları səfil günə salmış bu hadisənin nəticələrinin aradan qaldırmaması onların səbr kasasını daşırdıb. TİA.AZ xəbər verir ki, Kür daşqınları zamanı zərər görmüş insanlar fevralın 24-də Sabirabadda mitinq keçirəcəklər. Etiraz aksiyasına səbəb daşqınlardan ziyan çəkmiş insanlara verilən konpensasiyaların az alması, yeni evlərin tikintisinin hələ də başa çatdırılmaması və rayondakı sosial problemlərin artmasıdır.

Yerli İcra Hakimiyyəti orqanları isə vəziyyətdən çıxmaq üçün başqa bir vasitəyə əl atıblar. Onlar yaranmış problemləri aradan qaldırmaq əvəzinə, aksiyanı təşkil edənləri hədələməklə məşğuldurlar. TİA.AZ-a verilən məlumata görə, fevralın 24-də etiraz aksiyasının təyin olunmasından xəbər tutan Sabirabad rayon İcra Hakimiyyətinin rəsmiləri aksiyanın qarşısını almaq məqsədilə müxtəlif təzyiq metodlarına əl atıblar. Lakin buna baxmayaraq mitinqin keçiriləcəyi bildirilir. Aksiyada Saatlı sakinlərinin də iştirak edəcəyi gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button