Sabiq deputat nazirə “açıq və acıqlı məktub yazdı”-FOTOLAR

Sabiq deputat, “Lider” telekanalının məşhur “Sitatın sonu” verilişinin sabiq aparıcısı Etibar Hüseynov xural.com-a İqtisadi İnkişaf naziri Şahin Mustafayevə yazdığı məktubun mətnini göndərib. Jurnalstin yazıdakı “p.s.”-inə görə, gələn yazı Rabitə nazirinə yazılacaq. Xural.com sabiq deputatın yazısını təqdim edir:

 

Nazirlərə “Açıq və acıqlı məktub” yazmağı ötən həftə planlamışdım. Amma məlum məsələlərlə bağlı gündəm dəyişdiyinə görə yubanmalı oldu. İlk məktubu da qeyd etdiyim kimi İqtisadiyyat naziri Şahin Mustafayevə ünvanlayıram. Sizlərin də fikirləriniz maraqlı olardı. 

 

İqtisadiyyat naziri Şahin Mustafayevə “Açıq və acıqlı məktub”…

 

Hörmətli Şahin müəllim. 
Əvvəla salam. Salamdan sonra bildirmək istəyirəm ki, bu yaxınlarda bir neçə günlük Belarusiyanın paytaxtı Minsk şəhərində oldum. Paytaxtda olduğum müddətdə baş çəkdiyim yerlərdən biri də şəhərin iri marketləri oldu. Qeyd edim ki, orada rastlaşdığım mənzərə qanımı əməlli-başlı qaraltdı. Belə ki, olduğum ticarət mərkəzlərinin heç birində bir dənə də olsun Azərbaycan istehsalı olan mala rast gəlmədim.
Bəlkə də haradasa fikir verməyib “boş vermək” də olardı; bir məqam olmasaydı. Məsələ ondadır ki, həmin marketlərdə çeşid-çeşid Ermənistan istehsalı olan konyak məhsulları, həmçinin Gürcüstanın mineral su və şərab növlərinə rast gəldım (Minsk və Bakıda çəkilən fotolar yazıya əlavə olunur)

Cənab nazir! 
Bu necə olur axı? Niyə axı az qala dünyanın hansı ölkəsinə gedirsən onun DUTY FREE-sindən tutmuş bütün marketlərinədək hər yerdə erməni konyakı, gürcü “Borjomi”si və şərabları satılır, amma Azərbaycanın dünya bazarına çıxarıla biləcək onlarla məhsulu olduğu halda birinə belə rast gəlmək olmur. Bəs siz nəylə məşğulsunuz, hara baxırsınız? Axı Bakıda, o cümlədən də əyalətlərdəki istənilən marketlər çeşid-çeşid Belarus məhsulları ilə doludur: Süd, ət, karamel, spirtli içkilər və s.
Baxmayaraq ki, bizim yerli məhsullar onlardan qat-qat keyfiyyətli və dadlıdır. Bütün bunlardan əlavə isə təkcə Bakıda 10-a yaxın “Belarus ərzaq məhsulları” dükanı var. Mən hələ az qala daxili bazarı ələ almış Belarus traktor, piano, qapılarını demirəm. Sual doğur; nədən bizim öz istehsalımız olan qapı, piano (Qəbələ), traktor (Gəncə) satış bazarında yenicə tanınıb, öz kövrək addımlarını atdığı bir vaxtda Belarus məhsulları geniş çeşiddə ölkəyə buraxıldı? Və siz də buna göz yumursunuz. Bu problemı digər ölkələrə – Ukrayna, Rusiya, Pribaltikaya da şamil etmək olar. Oralarda da vəziyyət demək olar ki, eynidir. Cənab nazir, ölkənin əmtəə mübadiləsi, o cümlədən idxal-ixrac siyasətinə birbaşa cavabdeh olan şəxs Sizsiniz. Ona görə də cavabı da sizdən gözləyirəm.
Axı 2 il əvvəl cənab Prezidentin sərəncamı ilə “Made in Azerbaijan” brendi yaradıldı. Və bu brendin yaradılmasında əsas məqsəd də məhz qeyri-neft məhsulları ixracını stimullaşdırmaq idi. Sərəncamda xarici ölkələrə ixrac missiyalarının təşkil edilməsi, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinin inkişaf etdirilməsi yer almışdı. Həmin sərəncama görə bu və digər öhdəliklər Azərbycan İqtisadiyyat Nazirliyinə həvalə edilmişdi. Ona görə də sizdən soruşuram; Nə baş verir? Niyə bu gündə(siz)yik? Bu barədə bir açıqlama verə bilərsinizmi?

Hörmətlə Etibar Hüseynov, jurnalist

 

p.s. Növbəti məktub Rabitə nazirimizə olacaq.

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button