Sabiq deputatlığa namizəd məhkumdan fəryad: “Məni Fəzail Ağamalı tutdurub!”

2005 və 2010-cu illərdə 60 saylı Salyan, Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən və bunun da qurbanı olduğunu iddia edən İlqar Məlik oğlu Məmmədov hazırda cəza çəkdiyi 6 saylı CÇM-dən mətbuata müraciət etdi

ilqar məmmədov

Xural.com-a hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən və 9 il azadlıqdan məhrum olunan məhkum İlqar Məlik oğlu Məmmədov tərəfindən məktub-bəyanat daxil olub. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya və bütün KİV-ə ünvanlanan bəyanatda İlqar Məmmədovun həbs olunma tarixi və səbəbləri öz əksini tapıb. Məktubu olduğu kimi Oxucuların və respublika ictimaiyyətinin diqqətinə çatdırırıq.

2005 və 2010-cu illərdə 60 saylı Salyan, Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən və bunun da qurbanı olduğunu iddia edən İlqar Məlik oğlu Məmmədov yazır:

ilqar məmmədov1

“Vətənimdə Vətənsizəm, ay Allah!

Hörmətli Əvəz bəy və KİV nümayəndələri!

Məlumat üçün bildirmək istəyirəm ki, mən İlqar Məlik oğlu Məmmədov azərbaycanlıyam, Azərbaycan Respublikasının vətəndaşıyam, 1970-ci ildə anadan olmuşam. Ali savadlıyam, bir azyaşlı uşağım var.

Sizə müraciətim haqsız yerə həbs olunmağımla bağlıdır. Bildirmək istəyirəm ki, 2012-ci il oktyabr ayının 22-də BMMİ tərəfindən haqsız yerə həbs olunmuşam, özü də həbs olunmaq sifarişimi Fəzail Ağamallı veribdir.

Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.11.2015-ci tarixli hökmü ilə Azərbaycan Respublikası C.M-nin 221.1.2; 221.2.2; 221.2.3; 221.2.4; 127.1.2; 320.1.2; 178.3.2-ci maddələri ilə təqsirli hesab edilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişəm. İstintaq zamanı heç bir sənədə imza atmamışam, çünki mənə sürülən ittihamlar hamısı yalan və böhtandır. Bunların da hamısını eləyən məhz Fəzail Ağamalı olub.

Fəzail Ağamalı mənimlə rəqabət aparıb. Belə ki, 2005-ci ildə və 2010-cu ildə mən 60 saylı Salyan, Neftçala seçki dairəsindən deputatlığa namizəd olmuşam. Buna görə Fəzail Ağamalı açıq şəkildə mənim rəqibim olub. Bir neçə dəfə bizim məhkəmə çəkişmələrimiz olubdur. Bu da mənim mətbuat vasitəsilə F.Ağamallını tənqid etməyimə səbəb olub.

Beləliklə, Fəzail Ağamalı rüşvət verərək mənim həbs olunmağımın baisidir, o, həm müstəntiqə, həm də hakimlərə rüşvət verərək mənim 9 il müddətinə azadlıqdan məhrum olunmağıma səbəb olub. Bu da onu göstərir ki, Fəzail Ağamalı mənimlə düşmənçilik aparır.

Hörmətli media nümayəndələri!

Beləliklə, 100 dəfə məhkəmə prosesinə çıxmışam. Hakim Həsən Əliyev (bu hakim həbs olunub və 7 il həbs cəzasına məhkum edilib – Red.) heç bir dəlil-sübut tapmadı və işə 101-ci məhkəmə prosesində Zeynal Ağayevin sədrliyi ilə davam edildi. Mənə Zeynal Ağayev 9 il azadlıqdan məhrumetmə cəzası təyin etdi. Heç mənə son söz deməyə də imkan vermədilər.

Mən bu cür haqsızlığa artıq dözə bilmirəm. Bunlar məni əsası olmayan maddələrlə ittiham ediblər.

Mən Məmmədov İlqar Məlik oğlu ali savadlıyam. Qarabağ müharibəsi iştirakçısıyam, Azərbaycan kütləvi informasiya vasitələri işçilərinin həmkarlar ittifaqı tərəfindən “Qızıl Qələm” mükafatına layiq görülmüşəm, “Yeni Xəbərçi” qəzetinin baş redaktoru vəzifəsində işləmişəm. Bütün bunlara baxmayaraq, hakim və müstəntiqlər Fəzail Ağamallının sifarişi əsasında haqsız olaraq məni 9 il azadlıqdan məhrum ediblər.

Sizə müraciətim odur ki, haqsızlığa son qoyasınız və mənim azadlığa çıxmağımda mənə köməklik edəsiniz. Bunun üçün öz hüquqlarımı sizə etibar edirəm və bir daha xahiş edirəm ki, hüquqlarımı qoruyasınız. Çünki mən Sizə inanıram.

Sonda Azərbaycanda olan bütün yazarlara, jurnalistlərə müraciət edirəm. Mənim səsimə səs verin. Bu cür insanlara, yəni Fəzail Ağamalı kimi rüşvətxorlara qarşı mübarizə aparmaqda mənə yardımçı olun. Mənim siyasi məhbus olduğumu qəbul edəsiniz və məni vicdan məhbusları siyahısına salasınız.

Bir daha sizə minnətdarlığımı bildirirəm və inanıram ki, mənə köməklik edəcəksiniz.”

ilqar məmmədov mektub

ilqar məmmədov mektub1

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button