Sabir Əhmədlinin də meyiti gözəl idi

Anar Mahmudoğlu

Azərbaycanın Avstriyadakı səfiri Fuad Ismayılov uzun sürən xəstəlikdən sonra çox gənc, 43 yaşında vəfat etdi.
Ölümünə qədər geniş ictimaiyyətə adı bəlli olmayan bu gənc diplomat haqda bilgiləri oxuyuram: ANAMA prezidentinin oğludur, Şərqşünaslıq fakültəsini bitirib, 2005-ci ilə qədər Xarici Işlər Nazirliyində işləyib, daha sonra isə bir sıra ölkələrdə Azərbaycanı səfir olaraq təmsil edib. Avtobioqrafiyası o qədər də zəngin deyil – Allah rəhmət eləsin, nə yatmışdı ki, nə də yuxu görəydi. Onun ləyaqətli bir diplomat olduğunu dəfn mərasiminə gələn səfirlərin münasibətindən görmək olardı.

Azərbaycan öz diplomatını şərəflə dəfn etdi: Mehriban Əliyevanın da qatıldığı vida mərasimi “Təzəpir” məscidindən başladı və Fəxri Xiyabanda başa çatdı…

Mənim yadıma isə adı və namı dillər əzbəri olan, cild-cild kitablarıyla Azərbaycanın böyük bir nəslinin yetişməsində rol oynayan ziyalı, xalq yazıçısı Sabir Əhmədli düşdü.
Sabir Əhmədlinin qardaşı Cəmil Əhmədov Sovet Ittifaqı Qəhrəmanıdır, oğlu Məhəmməd Əhmədli Qarabağ savaşında şəhid olub. Vətən və millət qarşısında insan daha necə xidmət göstərməlidir? Qələmi ilə bu millətin mədəniyyətinə, şəxsiyyəti ilə ləyaqətinə, canından əziz olan oğlu ilə namusunu qorumağa qalxmadımı Sabir Əhmədli? “Xalq yazıçısı” titulu vardı, tanınmış ziyalı idi, oğlunu bir çoxları kimi əsgərlikdən yayındıra bilməzdimi? Heç olmasa, “arxa cəbhəyə” saldırıb təhlükəsizliyini təmin etmək imkanı vardı, axı…

Etmədi, vicdansızlığı ləyaqətinə sığışdırmadı Sabir Əhmədli!

Əcəl onu da haqladı. Azərbaycanın bu ləyaqətli ziyalısına, xalq yazıçısına hakimiyyətin münasibəti necə oldu, bilirsinizmi?

Xatırlada bilərəm: Düz iki gün ailəsinə vəd verə-verə meyiti saxlatdırdılar. Iki gündən sonra isə rəsmilər müraciətlərə reaksiya vermədilər və Sabir Əhmədli Binəqədi rayonu ərazisindəki qaçqın qəbiristanlığında dəfn edildi.

Dəfndə hakimiyyət nümayəndələri cəhənnəm, heç Yazıçılar Birliyinin rəhbərliyi də doğru-dürüst iştirak etmədi. Axı Sabir Əhmədli evdən yox, eldən getmişdi, onu da layiq olduğu xətir-hörmətlə dəfn etmək olmazdımı? Sabir Əhmədli öz yaradıcılığı və nümunəvi vətəndaş ömrüylə Fəxri Xiyabana haqq etmirdimi?

Nə var ki, Sabir Əhmədli yaltaq deyildi, hakimiyyətə yarınmırdı, kimlərinsə qəlbini xoş etmək üçün məqalə yazmırdı. Ona görə “bizim ölülər” və “sizin ölülər” kateqoriyası yaradıb, birinciləri hörmətsiz etməyə dəyərmi?

Amma unutmayın ki, xalq Sabir Əhmədlini də unutmayacaq, onun meyitinə hörmətsizliyinizi də…

Nüşabə Ələsgərli və düdük

Nüşabə Ələsgərli jurnalistləri təhqir etməyibmiş, yalnız “düdük” deyibmiş. Xanım müğənni “düdüyü” etiraf edəndən sonra jurnalistlərlə barışmasının mümkünlüyünü də söylədi, amma şərtlə: “Məhkəməyə müraciət etməsələr”.
Bu oxuyan xanım “Xural” qəzetini və baş redaktor Əvəz Zeynallını 3 il əvvəl məhkəməyə verib 100 manat cərimələtmişdi. Cərimənin ödənmədiyindən qeyzlənən müğənni bu yaxınlarda yenidən məhkəmə davası açdı və 100 manatlıq cəriməni 3 min manata qaldırdı.

Insan özündə olmayan bir mərhəməti, ləyaqəti, insanlığı, mərdliyi, əxlaqı başqasından niyə umur? Niyə özü “Xural”ı məhkəməyə verib cərimələdir, sonra ala bilmədiyi 100 manatın uğrunda cihada çıxır, mənəvi ziyanı 3 min manata qaldırır, amma “düdük” adlandırdığı jurnalistlərlə hüquqi davadan xoflanır?

Xoflanmasın, gərək: Nüşabə Ələsgərli Ramiz Mehdiyev “Xural”ı məhkəməyə verəndən sonra “xatırlamışdı” ki, bu qəzetdən alacağı 100 manatı 3 minə qaldırmaq lazımdır. Beləliklə, Ramiz Mehdiyev komandasının əlində jurnalistlərə qarşı istifadə edilən alət və ya Ramiz Mehdiyevin jurnalistlərə qarşı repressiyada yardımına möhtac qaldığı Nüşabə Ələsgərli jurnalistlərə “düdük” deyə bilər.

Zatən, kimin hansı havanı hansı alətdə çaldığı görünür…

“Azadlıq” qəzeti, 05 Mart 2011-ci il

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button