SABİR RÜSTƏMXANLININ RƏHBƏRLİK ETDİYİ DAK ƏSL DAK DEYİL!

Ağalar Bayramov: «Xarici ölkə səfirliklərinə zəng vurub bir-bir insanlara mane olmaq istəyirlər ki, qurultaya qatıla bilməsinlər…»

(Əvvəli ötən sayda)

Dünya Azərbaycanlıları Konqresi – DAK-lar haqqında dərc etdiyimiz yazılar geniş ictimaiyyətdə əks-səda yaratdı. Sabir Rüstəmxanlının rəhbərlik etdiyi qanad bütün yazılarda olduğu kimi, bu yazını da qulaqardına vurması səbəbindən bizə müraciət də etmədi. Amma Paşa Qəlbinurun rəhbərlik etdiyi DAK-ın Mədəniyyət və İncəsənət Mərkəzinin sədri, görkəmli qiraətçi Ağalar Bayramov yazının izi ilə bizi aradı və redaksiyamıza gəldi. Onunla DAK mövzusunda və bizi narahat edən digər məsələlər ətrafında söhbətləşdik və bu söhbətimizin mövzu ilə maraqlananlar üçün dəyərli bir material olduğuna inanırıq. Ağalar Bayramovla söhbət zamanı ortaya çıxdı ki, əslində siyasi arenamızda yaşanan bölünmə problemləri DAK-da da var və buna görə də arada ciddi narazılıqlar yaşanır.
Beləliklə, DAK-da baş verənlər haqqında bu dəfə Ağalar Bayramovla danışırıq…

– Niyə götürmədiniz? Nə deyəcəkdi ki?


– Bilirdim nə deyəcək. Sabir bəyin bu məsələdə bu cür mövqe tutması ilə heç cür barışa bilmirəm. Çünki Sabir Rüstəmxanlı o adamdır ki, «Ömür» kitabını yazmaqla bir milləti birləşdirməyə qalxmışdı. O cür adam milləti parçalayan bir addıma sahiblik edə bilməz. Mən elə düşünürəm və o baxımdan da onun 2008-ci ildə qurultaya cəmi bir ay qalmış atdığı bu addımı heç cür qəbul edə bilmirəm. Sabir Rüstəmxanlı özü bir şəxsiyyət olaraq özlüyündə böyük bir partiyadır. Ancaq Ağalara heç partiya lazım da deyil. Allah Əbülfəz Elçibəyin ruhunu şad etsin. Bir dəfə məclislərin birində dedi ki, Ağalar 4-5 partiyanın gördüyü işlərdən daha artıq iş görür, yadımıza Təbrizi, Ərdəbili, daha kimləri və nələri salmaqla… Şahidlərim çoxdur. Bizə nə lazımdır bu dünyada? Biz bir millətin ziyalısı kimi onu bacardığımız qədər birləşdirməyə qalxmalıyıq, parçalamağa yox. Bu bir tarixdir və tarix də həqiqəti yazanda gələcək nəsil artıq heç kimə günahlarını, səhvlərini, qəbahətlərini bağışlamayacaq. Təəssüf ki, mənəm-mənəmlik, birinci olmaq iddiası bu millətin evini yıxıb. Yadıma Məmməd Arazın «Köçəri» adlı şeiri düşdü:


Sən də köçərisən, mən də köçəri,
Deyən yox özünə «yazıq köçəri»,
Göyün dilmancıyıq, yerin diliyik
Hazır yığ-yığışa hazır köçəri…

Qucaqlar dünyanı, dünyanı duymaz,
Tamahı, qərəzi, qəsdi uyumaz,
Ərzi yığ gözünə, ay gözü doymaz,
Əlləri dünyaya açıq köçəri.

Dünya malına görə bölünməyə meylli olmaq olmaz. Axı, tarix bizə göstərdi ki, bölünməyimiz nə deməkdir. Təbiidir ki, kimlərinsə maraqlarına ziddir deyə DAK-ı parçalamağa çalışa bilər. Biz bunu bilirik. Bir onu başa düşə bilmirəm ki, bilə-bilə buna niyə gedirlər? Niyə adlarını ziyalı qoyan insanlar bu oyunun qurbanına çevrilirlər? Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK-ı mən DAK-ın ayrılmış qanadı hesab edirəm, onu bir təşkilat kimi qəbul etmirəm. Özünü «müxalifət» adlandıranlar nə cür müxalifətdirlərsə, bu «DAK»çılar da o cür DAK-dırlar. Parlamentdə bu gün «müxalifətçi» millət vəkilləri var, bütün xalq onları tanıyır ki, onlar necə müxalifətçidirlər. Adları müxalifətçi, özləri isə hakimiyyətin Adamı…
– Onlar saxta, təyinatlı müxalifətçidirlər, hamı da bunu görür və yaxşı bilir…

– Kiminlə istəsəniz bu məsələ ətrafında mübahisə və müzakirə etməyə hazıram. Mən DAK-la bağlı baş verən son illərin hadisələrini olduğu kimi sizə danışdım.

DAK parçalanandan sonra yəqin ki, bunun səbəbi getdikcə aydınlaşmağa başladı. Nə olmuşdu? Nə baş verirdi?

– İddia. 2008-ci ildə prezident seçkiləri keçirilirdi. Boş-boşuna ortaya atılmış quru iddiadan başqa bir şey deyildi. Bəlkə bunun mənim bilmədiyim daha ağır səbəbləri də var, amma çox istərdim ki, o düşündüklərim olmasın.

– Həm də söhbət böyük pullardan gedir?

– Təbii ki, ortada maddi maraqlar da var idi. Amma onu da bilmək vacibdir ki, əgər bir təşkilat normal fəaliyyətdən uzaqdırsa, onun maddi durumu da getdikcə pisləşəcək və yox səviyyəsinə çatacaq. Əsas odur ki, təşkilata ziyalı, hörməti olan insanlar cəlb olunsunlar. Təşkilat da qarşısına qoyduğu məqsədlər uğrunda fəaliyyət göstərsin. Mən bu günə qədər başa düşə bilmirəm ki, Cavad Derextini nə üçün təşkilatdan uzaqlaşdırdılar? Halbuki çox bacarıqlı adam idi və təşkilatı da idarə etməyi bacarırdı. Bir də görürdün, kiminləsə əlaqə saxlayıb DAK-ın maddi problemlərini həll etməyə çalışır və yaxud başqa işlər görür. Siz məni yaxşı tanıyırsınız. Dediklərimin də həqiqət olduğuna inanırsınız… Biz qurultaya gedirik. Hərə öz şəxsi vəsaiti hesabına, inanın birtəhər toplaşıb ki, DAK-ın qurultayında iştirak etsin.

– Azərbaycandan neçə nəfər gedəcək?

– Təxminən 20 nəfər…

– Hansı kriteriya əsasında Azərbaycandan Avropada keçirilən qurultaya nümayəndə aparırsınız? Maraqlıdır, əgər DAK-ın tədbiri bir millətin tədbiridirsə, hansı kriteriya əsasında xalqın içindən insanlar seçilir və qurultaya aparılır? Kim bu qərarı verir ki, DAK-ın qurultayında kimlər təmsil olunmadır?

– Biz oradan dəvətnamə alırıq. Onun bir nüsxəsini də bura gətirmişəm. Ora dəvətnaməsiz qatılmaq qeyri-mümkündür. DAK-ın fəxri sədri Qulamrza Təbrizi Londondadır. O, bura dəvətnamə göndərir, burada da biz artıq bilirik ki, İdarə Heyəti üzvlərindən başqa kimlər o qurultaya qatılmağa layiqdirlər. O nümayəndələr arasında sadəcə 3-4 nəfər qonaq qismində qurultaya qatıla bilər, qalanları DAK-ın üzvləridir. Dünyanın hər yerindən, hər ölkəsindən dəyərli ziyalılarımız o qurultaya dəvət olunurlar. Bizim ziyalılarımızdan biri Məzahir bəydir. Əslən Qafan rayonundandır və Rusiya üzrə nümayəndəliyin sədridir. Burada nümayəndəliyin sədri, iş adamı Nadir Orucov da çox dəyərli soydaşlarımızdandır. Canı və qəlbi ilə, bütün maddiyyatı ilə təşkilata kömək etmək istəyən adamdır. Cibinin pulu ilə çox işlərə yardımçı olur. Yəni demək istəyirəm ki, ora qatılan insanların hər biri dəyərli soydaşlarımızdır. Mən sizə qurultayın gündəliyini də təqdim edirəm (Qurultayın gündəliyini təqdim edir – Red.). Orada kimlərin çıxış edəcəyi ilə bağlı məlumatınız olacaq. Maraqlı olan odur ki, hər kəs bir-birinə mane olmağa çalışır. Etiraz etmirəm, qoy özlərini daha güclü bilən insanlar parçalansınlar, amma bunun müqabilində də iş görsünlər. Halbuki bunlar mane olurlar, iş görmürlər. On gün əvvəldən viza almaq üçün sənədlərimizi təqdim etmişik, xeyli adamın sənədini qaytarıblar. Hərəsinə bir bəhanə gətiriblər. Onların hər birinə qarşı təhdidlər olur. Bir neçə gün əvvəl səfirliyin mətbuat xidmətinə zəng vurublar ki, qurultayın yeri dəyişdirilib, biz onu Almaniyada keçiririk. Onlar da çaş-baş qalıb bizə zəng vururlar ki, bu nə məsələdir? Biz də aydınlaşdırırıq ki, bəs məsələ budur… Amma biz belə ucuz variantlara əl atmırıq. Eybi yox, ayrılıbsan, parçalanıbsan, olsun, heç olmasa bu Vətənə iş gör. Bu ilin avqustunda Nuriyyə xanım Hüseynova ilə ailəvi olaraq Təbrizdə, Mərənddə konsert verdik. Hansı evdə, ocaqda olduq, bütövlük haqda söhbətlərimiz oldu, ürəklərimiz isindi, başa düşməyəni başa salmaq baxımından məlumatlandırdıq. Məmməd Araz bu yerdə yaxşı deyib:

Əlimdən bu gəlir, gördüyüm budur,
Beşi xoşlasa da, biri xoşlamaz,
Sinəmdə buz yanar, canlı qışlamaz,
Qələmim od biçməz, külək xışlamaz,
Məni bağışlayan olarmı, çətin.

Nə olar, hamı bu Vətən üçün xidmət etsin, daha bir-birinin ayağını çəkməyə qalxmasın. Biz yenidən sənəd yığıb səfirliyə təqdim etməliyik ki, bizə viza versinlər. Nə qədər öz aləmlərində xəlvəti iş tutmaq istəsələr də, hər şeyin üstü açıldı. Açıldı ki, bunlar zəng vurub bir-bir insanlara mane olmaq istəyirlər ki, qurultaya qatıla bilməsinlər. Nə olar Ağalar da «Böyük Vətən» desin, Məmmədnəsir də…

– Yenidən birləşmək olmazmı?

– Mən hər şeyi təfsilatı ilə danışdım. Bu millətin xarakteridir – içi mən qarışıq, heç nəyin səbəbini axtarmırıq, nəticəyə hesablayaırıq hər şeyi.

– DAK-ı parçalayan kimdir? Sabir Rüstəmxanlı?

– Ay sağ olun… Əgdər Tağızadə də həmçinin. İndi biz bu parçalanmanı eləyənlərin ayağına düşməliyik ki, birləşinlər? Onlar özləri düşünsünlər ki, nə qədər böyük qəbahət ediblər. Kişi o kəsdir ki, səhvlərini etiraf eləyir. Əgər o etiraf yoxdursa, Allaha and olsun yaşamağa dəyməz. Təsəvvür edin, qurultaya bir ay qalmış deyirlər ki, Qulamrza Təbrizi qoca adamdır, təşkilatı idarə edə bilmir. Necə yəni idarə edə bilmir? Necə olur ki, o boyda Edinburq universitetinin professoru, elm adamı, ziyalı bir adam bu gün də o vəzifəni çox rahatlıqda idarə edir, amma bunlar bir ay gözləmədilər ki, qurultay keçirilsin, qurultay üzvləri də öz sözlərini desinlər. Yaxşı, lap tutalım işləyə bilmir. Mən bunlarla milyon faiz razı. Gözləyin də… Bir aya nə dəyişəcək ki? Əgər başqa bir niyyət yoxdursa, gözləyin, qurultay keçirilsin, orada bu məsələni qaldırın. Bəlkə səhv deyirəm?

– Düz deyirsiniz…

– Hələ bu harasıdır? 2008-ci ildə Sabir Rüstəmxanlı Əhməd Obalı ilə bir saziş imzaladı ki, birlik qurultayı keçirilsin. Sabir bəy o imzasına da hörmət etmədi. İmzasının mürəkkəbi qurumamış sazişi pozdu. İndi hansı birləşməkdən söhbət gedə bilər? Əgər bir-birilərini vurub yaralayırlarsa, yaralayan tərəf o biri tərəfə sarı getməlidir ki, bir qələt eləmişəm, səhv etmişəm… Elə deyilmi? Qoyun millətimiz də, xalqımız da bilsin. DAK yarandığı gündən məramı və niyyəti o olub ki, cənubda yaşayan soydaşlarımızın haqq səsinə hay versin. Hərə özü-özlüyündə, lap elə fərd şəklində bacardığı xidməti göstərməlidir ki, millətinə, Vətəninə xeyir gətirsin. DAK fəaliyyətdə olduğu müddətdə başına çox bəlalar gəlib. Bayaq da qeyd etdim ki, viza alverindən tutmuş, bazarlamalara qədər…. Haqlı olaraq həmin adamlar DAK-dan uzaqlaşdırılıblar. Qulamrza Təbrizi sədr seçiləndə sevindik ki, artıq hər bəlaya son qoyulub, rahat-rahat birləşmək ətrafında fikirləşə bilərik. Buyurun, bu problem də bir tərəfdən çıxdı. Birlik qurultayına bir ay qalmış ağlımıza sığışdıra bilmədiyimiz bir addım atıldı.

– Ola bilərmi ki, Dövlət Diaspora Komitəsinin də bu işlərdə əli olsun?

– Əksinə, Paşa bəy Qəlbinur Nazim İbrahimovla danışıb, onların da qurultaya nümayəndə göndərmək niyyətləri var. Bizimlə bərabər PA-nın ictimai-siyasi bölmənin sektor müdiri Qafar Əliyev qurultaya qatılır. Bu, sizə bir şey demir?

– Təbii ki… Dövlətin rəsmi nümayəndəsi qatılırsa, deməli, bütün bu parçalanmalar dövlətin maraqlarında deyil.

– Nə qədər haqsızlıq olsa da, bir haqq deyilən müqəddəs dəyərlər var. Yəqin dövlətin özü də görür ki, kim bu məsələdə haqlı tərəfdir. Bəyəm bütün baş verənləri prezidentin məsulları bilmirlər? Təbii ki, hər şeydən xəbərdardırlar. Kor-kor, gör-gör…

– Amma bir məqam da var. PA-nın işçiləri çoxdur, hər iki DAK-a öz nümayəndələrini göndərəcəklər. Onda necə olacaq?

– Qatılsın ey… Ancaq hər kəs bir işlər görsün. Heç kəs də bir-birinə mane olmasın.

– Nə təklif edərdiniz? Bəlkə DAK-ın adı dəyişdirilsin? Çünki iki DAK-ın olması heç də xoş olmayan bir şeydir. Bu, xalqın ümumi ruhuna çox pis təsir edir.

– Mən xalqımızın ümumi ruhuna bələdəm. İnanın ki, DAK-ın adı dəyişsə də, heç nə dəyişməyəcək…

– Yəni yenə də DAK olaraq qalsın?

– Bəli. Heç nəyə toxunmaq lazım deyil. Zamanı çatanda hər şey öz yoluna qayıdacaq. Cəbhə neçə yerə bölündü? Bəyəm bu bizim xalqımıza lazım idi?

– Təbii ki, lazım deyildi…

– Ona görə də heç nəyi qurcalamaq lazım deyil. Sadəcə, hər kəs özü bacardığı qədər Vətənə xidmət göstərməlidir. Bir millət olaraq gücümüzü faydasız şeylərə sərf etməyimiz bizə ayıbdır, yaraşmaz. 9 milyonluq xalqıq, 150-yə yaxın da qeydiyyatdan keçmiş partiya var. Nə edə bilirik? 120 milyonluq Rusiyanın cəmi 21 partiyası fəaliyyət göstərir. Bu fərqə diqqət etdinizmi? Bu bizim faciəmizdir. Bölünməklə, başqa mövqe ortaya qoymaqla heç bir zaman Qarabağı ala bilmərik. Heç vaxt belə təfəkkürlə torpaqlarımızı xilas edə bilmərik. Allah da deyir, səndən hərəkət, məndən bərəkət… Bu yerdə yadıma içimizi göynədən, bütün varlığımızı sarsıdan, hər şeyi özündə göstərən bir şeir düşdü:

Təndir çörəyini kökə elədik,
Seçdik torpağını bölgə elədik,
Böldük səni tikə-tikə elədik,
Anan ölsün, bacın ölsün, ay Vətən.

Səni yuduq, sonra sözlə bələdik,
Babamıza körpəlikdən bələdik,
Göyçə gölün Sevan gölü elədik,
Durnan ölsün, sonan ölsün, ay Vətən.

Şeir yazdıq, bəlkə təzə ev alaq,
Tərif dedik, bircə pillə ucalaq,
İndən belə başımıza əl çalaq,
Əli-ələ çalan ölsün, ay Vətən!

Heç bilmirəm, axşam nədir, gün nədir?
Qız-gəlinin əsir-yesir gündədir,
Şuşam getdi, bir balan var, dinmədi,
Mənim kimin balan ölsün, ay Vətən!

Al qılıncı, vur düşməni, böl iki,
Düşmənlərin səni iki bölüb ki,
İndən belə şeir vaxtı deyil ki,
Qoy bu şeiri yazan ölsün, ay Vətən!
Elə qoy bu şeiri deyən ölsün, Ağalar ölsün, ay Vətən!

Son


“Xural” qezeti
il: 9, sayı: 046(406), 12-18 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button