“Sabir Rüstəmxanlı bölücülük siyasəti aparır…”

Onun DAK-ını «Qondarma Dağlıq Qarabağ Respublikası»ndan heç nə ilə fərqləndirmirik…

Ağalar Bayramovun müsahibəsi sözün bütün mənalarında rezonans doğurub. Dünya Azərbaycanlıları Konqresi kimi həssas bir mövzunu gündəliyə çıxarması və bu məsələnin bu günlərə gəlməsində xalq şairi Sabir Rüstəmxanlını ittiham etməsi qarşı tərəfin də hərəkətə keçməsinə səbəb olub. Beləliklə, DAK məsələsi ölkə mətbuatının gündəminə oturub. İki ayrı DAK-a sahib olan və ictimai rəydə «Paşa Qəlbinurun rəhbərlik etdiyi DAK» və «Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK» kimi yerləşən təşkilatların nə işlə məşğul olduqlarını cəmiyyətə çatdırmaqla xeyirli iş gördüyümüz qənaətindəyik. Biz məsələni ümumi bir dəyirmi masada müzakirə etməyə hazırlaşarkən, DAK-ın Paşa Qəlbinur qanadı tam heyət redaksiyamıza təşrif buyurdu. Fürsəti fövtə vermədik və dərhal diktofonlarımızı işə saldıq. Həm DAK-ın sədri, professor Paşa Qəlbinur, həm DAK İdarə Heyətinin üzvü, əməkdar qiraət ustası Ağalar Bayramov, həm də DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Nadir Orucov baş verən məsələlər və DAK-ın Londonda keçirilən qurultayı haqqında danışdılar.
Buyurun, Əziz Oxucular, məsələdən siz də hali olun…

Əvvəli ötən sayımızda

Ağalar Bayramov
DAK İdarə Heyətinin üzvü:

– Kimlər deyir?

– Deyənlər var. Mən də deyirəm ki, pul alanın başına özü boyda daş düşsün. Ağaların alnı hər zaman açıqdır. Ağalar heç kəsə yalmanmayıb. Əgər elədirsə, 2008-ci il mayın 28-də Beyləqan rayon İcra başçısı İrşad Əliyevin göstərişi ilə bayram tədbirlərinə qatılmışdım. Hələ də diktofonda səsi qalıb – Sabir bəy mənə zəng vurub deyir ki, Ağalar bəy, sabah pasportunuzu gətirin, Almaniyaya gedirik. Getsəydim, elə gedərdim də Sabirin dalınca… Yeri gələndə onlar məni 2004-cü ildə DAK-a yaxınlaşdırmışdılar. Hətta məni maliyyələşdirmişdilər də… Qalardım da orada… Gördüm yollarından sapmalar oldu, gördüm bölücülük siyasəti aparır, Məmməd Araz demiş, «mənəm-mənəmliklə Vətəni bölürlər», yolu davam etdirmədim. Qulamrza Səbri Təbrizi, Paşa Qəlbinur, Vaqif Sultanlı, Əhməd Obalı yaxşı adamlar olduqları üçün onların yanında deyiləm, sadəcə əsl həqiqətin onların yanında olduğunu bildiyim üçün oradayam. Mənim üçün əsl DAK buradır. Onların DAK-ını isə «Qondarma Dağlıq Qarabağ Respublikası»ndan heç nə ilə fərqləndirmirəm. Bunu bütün məsuliyyətimlə deyirəm. Bunu Ağalar Bayramov deyir. Ağalar Bayramovun hər kəsin yanında üzü ağdır. O ki qaldı şeir deməyimə, mən bununla fəxr edirəm. Ürəyimdən gələn hisslərlə poeziyaya verdiyim ət-qan hesabına milləti ayağa qaldırmağım mənə bəsdir. Qurultayda hamı görüb, hamı buna şahiddir ki, mənim şeirlərimdən sonra millət necə ayağa qalxdı. Kaş ki, siz onların həyəcanlarını görəydiniz. Səngərlərdə bir poeziya nümunəsi ilə çıxış edəndə komandirləri ağlayan görmüşəm. O elə bir məqamdır ki, bir əmrlə sıravi əsgərimiz belə əlində avtomat İrəvanın ortasında dayanar. Mən belə işlərlə məşğul olmuşam, nəinki yalançı müxalifətçiliklə… Hakimiyyətə lazım olanda bir müxalif ifadə işlədib camaatın gözünə kül üfürməmişəm. Mən tapşırıqla işləməmişəm. Gənclərimizi belə tərbiyələndirməsinlər, onları da öz günlərinə salıb qoltuqaltında necə yerləşməyi öyrətməsinlər. 10 kişidən soruşun, görün Sabir Rüstəmxanlının respublikada hörməti artıqdır, yoxsa Ağalar Bayramovun? Bir sorğu aparın. Söhbət xalq şairi olmaqdan, addan, şan-şöhrətdən getmir, əqidədən gedir. Xalq şairi olmağa nə var? Elə xalq şairlərimiz var ki, əqidəsi yoxdur, nə olsun ki, hakimiyyət ona ad verib. Xalq özü şairini seçir. Amma «xalq şairi» adını özünə yaraşdıran adam durub deməz ki, “Ağalar şeir deyir”. Bu gün də qürur duyuram ki, şeir deyirəm, insanların yatmış hisslərini oyadıram. Məni sevirlər, dinləyirlər, Sabir bəy özü deyirdi ki, şeirin qanadlarında biz dünyaya gəlmişik. İndi nə oldu? Şeir pisdir, şeir demək pisdir, şair olmaq yaxşıdır? Bu, bilirsinizmi nə deməkdir? Bəxtiyar Vahabzadə deyirdi ki, bir qrup insanlar «necəsən, qanmayım, atan yansın» deyirlər. Amma mən də üzümü elə adamlara tutub deyirəm:

Gözlərim nuru kimi azalır,
Üzü qiblə, sözü göyçək adamlar.
Hər görəndə bulandırır könlümü,
Qara niyyət, qara milçək adamlar.

Söz danışdım, kurnaz-kurnaz baxdılar,
Mən danışdım söyləndilər, baxdılar,
Sonda mənim ümidimi yıxdılar,
Bu görüncək, bu sürüncək adamlar.

Yalmanmağa ətək tapır, əl gəzir,
İşi düşdü, şirin-şəkər dil gəzir,
Yaxşıların baxçasında gül gəzir,
Yamanlara hazır dibçək adamlar.

Çiynim dönsə, əlinizdə daş oyaq,
Hər kəsənin öz yükü var, daşıya,
Siz tor qurun, mən yol çəkim, yaşayaq,
Ay yarımçıq, ay hörümçək adamlar.

Bilirəm, ürəklərincə olmayacaq. Amma onların yerinə olsaydım, səhvlərimi etiraf edərdim. İndi sandıq açılıb, hər şey də ortadadır. Başlayıblar, elədiklərinin üstünü malalamağa. Ora-bura əl atırlar. Amma bunu əvvəl-axır kimsə eləməli idi. Ürəyi bu millətin, bu dövlətin, bu torpağın dərdi ilə döyünən adam heç bir zaman millətini parçalamağa qalxmazdı. Bunu kimsə deməli idi ki, Sabir Rüstəmxanlı sazişi pozub, qurultaya bir ay qalmış Azərbaycanın birlik üçün yeganə ümid yeri olan DAK-ı parçaladı.

– Sabir bəy, bizdən israrla xahiş edir ki, bu məsələ bu cür müzakirə olunmasın. Çünki bu, milli məsələdir…

– Mən «Xural»a müsahibə verməzdən əvvəl gördüm ki, burada qarmaqarışıq bir yazı var və onu da gördüm ki, millət çaş-baş qalıb. Sonunda belə qərara gəldim ki, bu cür davam edə bilməz. Bunu bir qeyrətli oğul tapılıb, durub deməlidir ki, bəsdir, milləti parçalamayın.

– Təşəkkür edirik ki, bu məsələyə aydınlıq gətirməyə çalışdınız. Biz onsuz da heç bir zaman DAK-lar arasında üstünlüyü hər hansınasa verməmişik. Amma bu da yaxşı oldu ki, bəzi qaranlıq məqamlara aydınlıq gətirildi. İnsanlar öz üzərlərində məsuliyyət hiss etməlidirlər və düzünü deməlidirlər ki, biz də onları dərc edək. Əgər bir tərəf deyirsə ki, biz ümumiyyətlə, bu məsələnin müzakirəsini istəmirik, burada artıq yanlışlıq var. Çünki artıq həmin vaxtdan xeyli müddət keçib, DAK-ın iki qurultayı keçirilib. Azərbaycandan, dünyadan çox sayda adam bu qurultaya qatılıb. O da maraqlıdır ki, onlar hansı əsasla bu qurultaya qatılırlar? Bu adamları kim seçir, kim tapır, kimin vəsaiti hesabına qurultaya qatılmaq imkanı qazanırlar? Bu adamlar kimlərdir?

– Özünüz də bilirsiniz ki, mən heç bir kəsin şəxsiyyətinə toxunacaq söz deməmişəm. Burada söhbət millətin taleyindən gedir və məni narahat edən məsələyə aydınlıq gətirməyə çalışmışam. Hər kəsin öz işi, öz məqsədi var. İndi kim hansı məzhəbə qulluq edir, özü bilsin, Allahı bilsin. Əgər söhbət Azərbaycandan gedirsə, ortadakı kin-küdurət aradan qaldırılmalıdır. Bunlar isə əksinə, öz səhvlərini görmək əvəzinə, mənim şəxsiyyətimi incitməyə çalışırlar. Başqalarına deyilməyəcək sözlər dilə gətirirlər. Ağalar şəxsiyyəti olmayan adam idisə, nə üçün qurultaya qatılmazdan əvvəl onu axtarırdınız ki, sizə qoşulsun? Millət bilməlidir ki, 1997-ci ildə əsası qoyulan DAK-ın fəxri sədri Qulamrza Səbri Təbrizi, həmsədrləri Paşa Qəlbinur və Əhməd Obalıdır. Ulu öndər Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə olan DAK əsl DAK-dır.

– Sizə də böyük etimad göstərilib…

– Mən DAK-ın Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri idim. İndi İdarə Heyətinin 19 nəfər üzvündən 3 nəfəri Azərbaycandandır. Professor Paşa Qəlbinur, BDU-nun professoru Vaqif Sultanlı, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Ağalar Bayramov. Mədəniyyət məsələləri də İdarə Heyətinin qərarı ilə mənə həvalə olunub.

– Nadir bəy, siz iş adamısınız. Çox hallarda bəzi tədbirlərin həyata keçməsində sizin də maliyyə dəstəyi verməyiniz haqda məlumatlar var…

Nadir Orucov
DAK-ın Azərbaycan Nümayəndəliyinin sədri:

– Düzdür, mən iş adamıyam. Ancaq biz heç bir yerdən maliyyələşmirik. Hər birimiz fərdi olaraq öz qəpik-qəpik yığdığımız halal maliyyəmiz hesabına qurultaya qatılırıq. Bəzi söhbətlərin yayılması hamı kimi mənim də qəlbimi ağrıdır. «Yel qayadan nə aparar» – amma bütün məsələlər bu atalar sözünün üzərində dayanır. Biz hər bir kəsə, o cümlədən Sabir bəyə də, digər soydaşlarımıza da deyirik ki, birləşmək lazımdır. Ayrılıqda göstərilən xidmət xidmət deyil. Birgə fəaliyyət millətimizin bir çox problemlərini həll etməyə bizə kömək edə bilər. Özlərinə, xalq arasında onlara verilən qiymətə hörmət etsinlər. Dünən dedikləri sözə hörmət etsinlər, imzalarına hörmətlə yanaşsınlar. Biz haqqa söykənmişik və onlar da bu millətin dəyərli oğullarıdır, istəyirik ki, onlar da haqqa söykənsinlər, daha kimlərinsə sözü ilə oturub-durmasınlar. Bəhanə gətirirlər, Qulamrza Təbrizinin bütün fəaliyyətini şübhə altına almağa çalışırlar. Bu qədər haqsızlıq olmaz. 70 yaşına çatmış bu adam gecə-gündüz bilmədən işləyir, Londondan Azərbaycana uçur, oradan başqa bir istiqamətə, nədir ki, bu millət üçün bir xeyri dəysin. Edinburq Universitetinin professorudur və ayda 10 min avro məvacib alır. Onun heç nəyə ehtiyacı yoxdur. Bizə qoşulub öz vəsaitini bu yolda sərf edir. Çünki hər birimizin içində bir Azərbaycan sevgisi var. Belə adama qara yaxan adamın başına Allah daş salar. Bu gün biz fəxr edirik ki, haqq yoldayıq. Biz heç kimin bostanına daş atmırıq, toyuğunu qovlamırıq. Yəqin özünüz də həqiqətin cəmiyyətdə açıqlanmasına maraqlı olarsınız, deyilmi? Biz də bunu istədik. İstəyirik ki, Azərbaycanın torpaqları birləşsin, insanımız vəhşiliklərdən xilas olsun. Ən inkişaf etmiş dövlətlər kimi müstəqilliyimizi davam etdirək. Bunun uğrunda çalışırıq. Bunun uğrunda hər şeyimizdən keçməyə hazırıq. Parçalandıq – əsrlərdir ki, bütöv bir millət bu mübarizədən yayındırıldı. Azərbaycanın qərb torpaqlarını itirdik, Qarabağ hələ də ermənilərin işğalı altındadır. Biz nə istəyirik ki? Birləşək və birlikdə mübarizə aparaq. Bizim məqsədimiz də, amalımız da aydındır. Onlar da hesab edirəm ki, bu haqda düşünməmiş deyillər. Bir daha fikirləşsinlər və ona da diqqət yetirsinlər ki, bizim bu günkü fəaliyyətimiz bir dövlətin tarixinə yazılacaq. Bu gün də olmasa, sabah DAK-ın kimlər tərəfindən parçalanması bu millətə aydın olacaq. O ləkəni üzərlərinə götürməsinlər və heç kimi dinləmədən müstəqil qərar çıxarsınlar. DAK yenə də vahid təşkilat olaraq fəaliyyət göstərsin. Yadınızdadırsa, İlham Əliyev YAP-ın qurultaylarından birində demişdi ki, «mən 50 milyonluq Azərbaycan xalqının prezidentiyəm!» Bu bir həqiqətdir. Bu gün hər birimizə istədiyimiz şərait yaradılıb və bizim də gücümüz nəyə çatırsa ondan istifadə edərək bu qurumun fəaliyyətini gücləndirməliyik. Bu addımımız dövlət üçün də səmərəli olacaq, millət üçün də…

Ağalar Bayramov:

– Əli bəy Hüseynzadə deyirdi ki,
Ucundadır dilimin həqiqətin böyüyü,
Nə qoydular deyəlim, nə kəsdilər dilimi.

Rasim Kərimli də deyirdi:

Günəş yanar, gör ya görmə,
İblis olub, qəlbə girmə,
Sən özünə qiymət vermə,
Qiymətini eldən soruş.

Vaqif Sultanlıya, Ağalar Bayramova, Nadir Orucova ləkə yapışar? Amma Sabir bəyin ətrafına toplananlara da nəzər yetirin və baxın, görün hansı məqsədə xidmət edirlər? Külək kimi ora-bura əyilirlər. Biz hər zaman düz istiqamətdə gəlmişik, amalımız da, məqsədimiz də düzdür. Yolumuz da həqiqətdir. Amma bu başdan yenə bəyan edirəm – mənim tutduğum bu düzgün yola, həqiqət yoluna, Vətən yolunda göstərdiyim xidmətlərə kimsə ləkə yaxacaqsa, böhtan atacaqsa, onun cavabını 10 qat alacaq. Mən öz sözümü başdan deyirəm. Xəbərdarlıq edirəm, kimliyindən asılı olmayaraq. Çünki mənim itirəcək heç nəyim yoxdur. Mən əlimin zəhməti, Allahın verdiyi ilahi səslə dolanıram. Müəlliməm, ömür-gün yoldaşım da müəllimədir. Tər-təmiz alnımızın zəhmətilə bir parça çörəyimizi qazanıb yeyirik. Təkrar edirəm ki, mən meydanlarda, səngərlərdə, cəbhə xəttində milləti öz bədii qiraətimlə vəcdə gətirirəm, Vətənə məhəbbət təlqin edirəm. Daha yalançılıqla, ikiüzlülüklə məşğul deyiləm. Rəsul Rzanın bir şeiri var – «Tapşırıqlı mərdiməzar». Yəni bizim heç birimiz mərdiməzarçılıqla məşğul deyilik.

– Paşa müəllim, növbəti planlarınız nədən ibarətdir?

Paşa Qəlbinur
DAK sədri:

– Mənim heç bir zaman insan problemim olmayıb, buna imkan verməmişəm. İnsanlara Allahın yaratdığı möcuzə kimi baxıram. Dünyanın müxtəlif dövlətlərindən DAK-ın qurultayına qatılan yüzlərlə soydaşımıza öz təşəkkürümü bildirmək istəyirəm. Çox qeyrətli oğullarımız var idi ki, viza məsələləri həll olunmadığı üçün çətinlik çəkdilər və qurultaya qatıla bilmədilər. Əslində onlar da qurultaya qatıla bilsəydilər, çox yaxşı olardı. Araz Elsəs öz gözəl səsilə, sənətilə bizə qatıldı. DAK üzvləri dəfələrlə müxtəlif ünvanlara müraciət etdi ki, Viktoriya-Albert muzeyinin eksponatı olan dünyanın ən dəyərli – Şeyx Səfi xalçasının Azərbaycana məxsus olması ilə bağlı qeyd göstərilsin. Bu dəfə Viktoriya-Albert muzeyinə girəndə o qeydi gördük. O, əvvəlcə göydən asılmışdı, bu dəfə isə yerdə – Leonardo da Vinçinin «Cokonda təbəssümü» əsərinin qorunduğu gülləkeçirməz şüşənin içərisində idi. Qürur hissi duydum. Fəxr etdim ki, həmin xalçanın altında artıq ingiliscə «Ərdəbildə toxunan Azərbaycan xalçası» sözləri yazılmışdı. Qoy Qərbin «Madonna»sı olsun, bizim də «Şeyx Səfimiz»… Mən bunu da DAK-ın fəaliyətinə daxil etmək istərdim. Bizin bütün çalışmalarımız, çabalarımız Azərbaycan üçündür. Heç bir zaman heç kəsdən heç nə ummamışıq, elə bir niyyətimiz də olmayıb. Qurultayda bir saatlıq məruzə ilə çıxış etdim və bütün problemlərə toxunmağa çalışdım, bütün soydaşlarımızı narahat edən məsələləri diqqəti yönəltmək istədim. Müraciətlərimiz oldu. BMT-yə müraciət etdik ki, İranda yaşayan 50 milyonluq xalqın öz dilində məktəbi yoxdur. Təklif etdim ki, türkdilli diaspor təşkilatlarına baxıb onların təcrübəsindən öyrənək. Öyrənmək heç bir zaman gec deyil. Son iki ildə çox əhəmiyyətli işlər görmüşük. Bütün dünya Almaniyanın bölünüb birləşməsi hadisəsini normal qarşıladı. O baxımdan, iki Almaniya arasında olan divarın daş parçasını cibində gəzdirən, evində müqəddəs kitablarla yanaşı qoyan dünyanın bu möhtəşəm xalqına müraciət edərək bildirdim ki, siz də belə bir xalqın olduğunu biləsiniz. Ən sivil təşkilatların bizim bu acı tariximiz haqda məlumatları yoxdur. Deyirik ki, heç olmasa insanlar bilsinlər. İnsan doğulanda Vətənə məhəbbətlə doğulur. Bu məhəbbət sonradan yarananda da mütləq onun bir mənbəyi olmalıdır. Genetikanın öz qanunları var və mən həkim olduğum üçün bütün bunları çox yaxşı bilirəm. Biz çoxuq. O baxımdan ümidli ola bilərik ki, Azərbaycanın sabahı çox işıqlı və insanları da çox rifahlı bir ömür sürəcək.

Son

XuralTAC

Redaksiyadan:  Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Salam dostlar.Cox taasuflar olsun ki bugun bu gadar problemlarimiz ola ola biz matbuatda lazimsiz polemikalarla masgulug.Man DAK IH uzvuyam va dostlarimdan-Agalar ,Pasa beylardan xais ediram birda bela polemikalara girmasinlar va kim na deyir desin,biz onlarin saviyasina enmamaliyik,gattiyan.Kimin kim olmasini hami bilir.Tazadan bunlari birda takrar etmak biza yarasmaz.Galin dusmanlari sevindirmayak oz isimizla mashgul olag.Xural gazetinin redaksiyasinada minnatdarligimi bildiriram ki iki tarafada imkan yaratdi sozlarini va fikirlarini bildirsinlar,artig mana galir bu masalani gapatmaliyig.Bu yersiz polemikalar gorduyumuz islarada kolga salir.
    Hormatla DAK IH uzvu Isa Sadikov.

  2. Fikrimcə, hörmətli Agalar müəllim qiraəti ilə məşğul olub toyda, şənliklərdə (az görməmişik) maddiyyatını təmin etsə, daha yaxşıdır. Sabir Rüstəmxanlı XALQIN şairidir, ayrı-ayrı fərdlərin yox. Onun təkcə “Ömur kitabı” onu bəyənməyənlərin bütün həyat və fəaliyyətlərini (varsa) kölgədə qoyacaq, qarşısında söz demək iqtidarında olmayacağınız bir əsərdir. Hörmətlə…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button