Sabir Rüstəmxanlıdan mətbuata təbrik…

sabir rüstəmxanlıMilli Mətbuat Günü ilə bağlı VHP sədri Sabir Rüstəmxanlı mətbuatı təbrik edib. XuralTAC-a daxil olan təbrikdə deyilir:

 Hörmətli media nümayəndələri!

Sizi Milli Mətbuat Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə fəaliyyətinizdə uğurlar arzulayıram.

136 il əvvəl Həsən bəy Zərdabinin «Əkinçi» qəzeti ilə təməlini qoyduğu Azərbaycan mətbuatı uzun və şərəfli bir yol keçib. Keçilən bu yolun cəfası səfasından qat-qat çoxdur; dəfələrlə təzyiqə, zorakılığa, məhrumiyyətlərə məruz qalan məbuat, tarixinin böyük kəsimini – əvvəlcə Çar Rusiyası, daha sonra isə Sovetlər dönəmində – senzura altında yaşayıb. Qısa bir sürə, Azərbaycan Xalq Cümhuriyyəti dönəmi istisna olmaqla, 1875-ci ildən 1990-cı ilə qədər, az qala 115 illik dövr heç bir müstəqilliyi, azadlığı olmadan fəaliyyət göstərən Azərbaycan mətbuatı bütün ideoloji basqılara baxmayaraq sözünü deməyə çalışıb. Gah Ezop dilindən, gah bənzətmələrdən, Azərbaycan dilinin zəngin və çoxmənalı qatından istifdə edən jurnalistlər hər zaman bu və ya digər formada xalqa həqiqəti çatdırmağı özlərinə borc biliblər. Təsadüfü deyil ki, Azərbaycanda Milli Azadlıq Hərəkatı başlananda da onun önündə gedənlər qələm əhli, yaradıcı insanlar oldular.

Azərbaycan mətbuatı ilk fürsətdəcə, 1989-cu ildə müstəqil mətbuatı yaratdı. 1989-cu il oktyabrın 3-də işıq üzü görən «Azərbaycan» qəzeti müstəqilliyimizin qaranquşu oldu və qısa müddətdən sonra yeni, azad, müstəqil mətbuatın bünövrəsi qoyuldu.

Müstəqil mətbuatın təşəkkül tapdığı bu 22 ildə mətbuat çox böyük nailiyyətlər qazandı: Milli Azadlıq Hərəkatının, bütöv bir xalqın azadlıq ruhunun tribunasına çevrilən mətbuat Azərbaycanın müstəqillik qazanmasında misilsiz xidmətlər göstərdi; hazırda isə müstəqil ölkənin demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması prosesində yenə də mətbuat cəmiyyətin avanqardı rolunu oynamaqdadır.

Ölkənin inkişafı, demokratik durumu, insan haqları, azad söz və s. sivil dünyanın atributları ilk növbədə mətbuatdan sezilir. Başqa sözlə, hər bir ölkənin mətbuatı həmin dövlətin və cəmiyyətin güzgüsüdür. Təəssüf ki, bu güzgü hələlik, o qədər də gözəl mənzərə əks etdirmir. Ancaq mən heç bir zaman ümidsiz olmadım: hamı xoş bir xəyal sananda belə Azərbaycanın müstəqilliyinə inandım, indi də Güneyli-Quzeyli Bütöv, güclü və demokratik bir dövlətimizə qovuşacağımıza əminəm.

Hörmətli mətbuat nümayəndələri!

Bir qələm adamı və jurnalist olaraq bir daha Sizləri, həmkarlarımı təbrik edir və media əhli başda olmaqla, arzularımıza gedən yolda yürüyən hər bir kəsə uğurlar arzulayıram.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button