Sabirabad rüşvətxorları, içəri!

Sabirabadlılar onlardan rüşvət alan məmurların adlarını açıqladılar…

Respublika Prokurorluğu isə şikayət məktubunu araşdırılmasını şikayət olunan məmurlara göndərib (!?)

“Kür” Qərargahına gələn Bala Həşimxanlı sakinləri şikayətlərinin prezidentə və FHN nazirinə çatdırılmasını xahiş edirlər

Bir neçə gün öncə Sabirabadda Balahəşimxanlı kəndinin bir qrup sakini ilə görüşən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələrinə yerli sakinlər 2010-cu ilin Kür daşqınları ilə bağlı üzləşdikləri və bu günə qədər həll edilməyən problemləri barədə danışıblar. Görüş əsnasında kənd sakinləri bildiriblər ki, onların evləri və təsərrüfatları uzun müddət daşqın sularının altında qalaraq ciddi ziyan görsə də, bu günə qədər hələ də onların problemlərinin həlli ilə bağlı ciddi addım atılmayıb. Əksinə, yerli məmurlar tərəfindən evlərin tikilməsi zamanı sakinlər arasında ayrı- seçkiliyə yol verilib, vətəndaşlara çatası cüzi vəsaitlərdən belə rüşvət alınıb. “Kür” Qərargahı sözü gedən görüş və görüşdə səslənən problemlərlə bağlı lazımi orqanlara müraciət edib və bu barədə məlumatı KİV-lərə yayıb. Bunun ardından dünən Sabirabad rayonunun Bala Həşimxanlı kəndinin bir qrup ağsaqqalları və ziyalıları “Kür” Qərargahının ofisinə gələrək Qərargah nümayəndələri ilə görüşüblər və bildiriblər ki, Azərbaycan prezidentinin sərəncamları, korrupsiyaya qarşı başladığı mübarizə və ölkə konstitusiyası yerli məmurların ucbatından Bala Həşimxanlı kəndində işləmir; “Kəndimiz Sabirabaddan xeyli aralıda, gözdən- könüldən uzaqda yerləşir. Açıq-aşkar kəndimizdə məmur dərəbəyliyi, korrupsiya, dövlətə qarşı itaətsizlik baş alıb gedir. Daşqınlardan sonra qəzalı vəziyyətə düşən evlərimizin təmir-tikintisi üçün ötən 16 ayda heç bir iş görülməyib. Əksəriyyətimiz bir manat olsun belə kompensasiya almayıb. Halbuki hökümət bu məqsədlə 300 milyon manatdan artıq vəsait ayırmışdı. Evimizin tikilməsi, təmir olunması üçün Sabirabad rayonunu Bala Həçimxanlı kəns İcra nümayəndəsi Namid Qurbanov, onun müavini Alxas İmanov, İcra nümayəndəliyinin mühasibi Şahin Qasımov bizim hər birimizdən 2500-3000 manat rüşvət istəyib və bəzilərimizdən bu pulu alıblar. Lakin əksəriyyətimiz bu qədər pulu vermədiyimizə görə evimiz tikilməyib və bizə heç bir yardım edilməyib. Ayrı-seçkilik edilərək evləri daşqınlardan o qədər də ziyan görməyən imkanlı insanlara ev tikilib, onlara kompensasiya verilib.”

Bala Həşimxanlı kənd sakinləri görüş zamanı maraqlı bir faktı da açıqlayıblar ki, onlar üzləşdikləri qanunsuzluq, haqsızlıq və korrupsiya faktı ilə bağlı 3 ay öncə Respublika Prokurorluğunda olub sözü gedən quruma kollektiv müraciət təqdim ediblər. Amma maraqlıdır ki, Prokurorluğun Korrupsiyaya qarşı Mübariz İdarəsi irəlli sürülən ittihamları, ortaya qoyulan faktları araşdırmaq əvəzinə, sakinlərin şikayət məktubunu onların şikayət etdikləri məmurlara göndəriblər (!?). Bunun üçün “Kür” Qərargahına müraciət edən sakinlər prezident İlham Əliyevə və Fövqaladə Hallar naziri Kamaləddin Heydərova yazdıqları məktubun ünvanına çatdırılmasına köməklik edilməsini xahiş ediblər.

Sakinlər öz məktublarında Kür daşqınlarının törətdiyi fəsadların aradan qaldırılması, onların evlərinə təsərrüfatlarına dəyən ziyanın ödənilməsi və onlara çatası pulları mənimsəyən və onlardan rüşvət istəyən məmurlar haqqında ciddi ölçü götürülməsi üçün lazımi addımların atılmasını xahiş edirlər.

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button