Sabirabada müəllimlər üsyana hazırlaşır

2 nazirə və baş prokurora müraciət  hazırlanıb

 Sabirabadda haqsızlıqlılardan təngə gələn müəllimlər, təhsil naziri Misir Mərdanova, maliyyə naziri Samir Şərifova, baş prokuror Zakir Qralova və Sabirabad Rayon Təhsil şöbəsinin müdiri Elman Bünyadova müraciət hazırlayıb. Bu barədə redaksiyamıza məlumat verən mənbə hazırda müraciətin imzalandığını bildirdi: “Rayon məktəblərinin hamısında müraciət üçün imza toplanır. Artıq imza toplanması başa çatmaq üzrədir”. Mənbənin bildirdiyinə görə, müəllimlər hansısa sığorta şirkəti üçün onların maaşlarından 10 manat məbləğində pul tutulmasına etirazlarını bildirirlər: “Bizdən sığorta adı ilə 10 manat pul tutulub. Lakin sığorta müqaviləsi bizə verilməyib. Biz hansı sığorta şirkəti tərəfindən sığortalandığımızdan belə xəbərsizik”. Müəllimlər eyni zamanda məvaciblərinin gecikdirilməsindən şikayət ediblər: “Əmək Məcəlləsinin” 172-ci maddəsinin 5-ci bəndində deyilir ki, əmək müqaviləsi işə götürənin günahı üzündən gecikdirilirsə, hər gecikdirilən gün üçün 1 faiz məbləğində ödənc verilməlidir. Maaşlarımız hər ay 10-15 gün gecikdirilir. Qanuna əsasən, bizə hər gün üçün 1 faiz pul ödənməlidir. Bu, çox böyük rəqəmdir və aydınlaşdırmaq istəyirik ki, mülki məcəlləyə əməl edilirmi? Əgər əməl edilirsə, həmin məbləğ kim  tərəfindən mənimsənilir?”

Sabirabad müəllimləri Ramazan bayramı günlərində bayram etdikləri üçün məvaciblərindən pul kəsildiklərini bildirirlər: “Nazirlər Kabinetinin qərarına əsasən 3 gün Ramazan bayramı olub. Əmək Məcəlləsinə görə bayram günləri üçün işçilərin maaşlarından tutulmalar olmamalıdır. Lakin Sabirabad müəllimlərinin məvaciblərindən tutulub. Biz bu suallara aydınlıq gətirilməsini və korrupsiya faktları barədə cinayət işinin başlanmasını tələb edirik”.

 Fəqan

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button