Sabirabadlı fəal prezidentə müraciət etdi: “19 ildir gözləyirəm…”

Sabirabadlı vətəndaş cəmiyyəti fəalı Rəna Mehrəliyeva prezident İlham Əliyevə müraciət edib. O, prezidentdən zənginləşmiş sabirabadlı məmurlara qarşı ölçü götürməsini və ümidinin ancaq ona olduğunu bildirib. Rəna Mehrəliyeva uzun illərdir Sabirabadda yaşayır və hər zaman ölkənin və millətin gələcəyi üçün əlindən gələni edib. Bu 19 ildə özünə ev-eşik edə bilməyib və uzun illər fəaliyyət göstərsə də, ev növbəsində olsa da, heç kim ona yardımçı olmayıb. Dəfələrlə Sabirabada Bakıdan nazirlər gəlsələr də, onların heç biri problemi başından aşan Rəna xanımla görüşməyiblər. Vətəndaş Cəmiyyətini fəalı olan Rəna xanım bunu da prezidentin diqqətinə çatdırır və ondan həmin nazirlərə tapşırıq verməsini xahiş edir. Əvvəl də bir neçə dəfə xural.com-da çıxış edən Rəna Mehrəliyeva Sabirabad rayonuna başçılıq edən məmurlardan şikayətini bildirib. Rayon rəhbərliyinin isə cavabı hələ yoxdur. Bəlkə prezident İlham Əliyevin tapşırıqlarından sonra sabirabadlı fironlar Rəna xanımı qəbul edib dərdinə şərik olacaqlar, kim bilir?

Xural.com Rəna Mehrəliyevanın prezident İlham Əliyevə müraciətini təqdim edir:

 

“Cənab Prezident!

Bü gün hakim dairələrdə vəzifə daşıyan kiçik, böyük fərq etmir – hamısının saysız-hesabsız mülkləri, sarayları, villaları, imarətləri var. Halal pulla bunlara sahib olmadıqlarını bilirik. Mən dəfələrlə Sizə, yuxarı instansiyalara, aidiyyatı qurumlara yazmağıma baxmayaraq, (bir aydan sonra 19 il olacaq) hələ bu günə kimi Sabirabad rayonunun rəhbərliyi, şəhər bələdiyyəsi, şəhər memarlığı, Torpaq və Əmlak Komitəsi mənə 6 sot torpaq vermirlər ki, dünyanın sonudur, Sabirabad rayonunda torpaq qəhətə çıxıb. Bakı şəhərində bir adam bu qədər mülkə sahib ola bilir, mən 19 ildə növbədə olduğum halda torpaq ala bilmirəm? Xahiş edirəm, rayonumuza (guya vətəndaşlarla görüşə) təşrif gətirən yüksək vəzifəli nazirlər bir vətəndaş olaraq mənim də haqlı narazılığımı rayon rəhbərliyinə çatdırsınlar. Millət vəkili Qənirə Paşayevaya 4-cü müraciətimə cavab almıram. Qənirə xanım görəsən Sabirabaddan seçilən deputatlardan soruşmurmu ki, sizin seçicilər siz varsınızsa, mənə niyə müraciət edirlər? Mənə bu sualın cavabı çox maraqlıdır ki, görəsən Sabirabaddan seçilməsi üçün dəridən-qabıqdan çıxdığım millət vəkilləri nə cavab verirlər?

Möhtərəm Prezident!

Bir vətəndaş olaraq, 30 ildən yuxarı layiqincə xidmət etdiyim hakimiyyət, ictimaiyyətçi xanım kimi bütün tədbirlərdə iştirak etdiyim halda, niyə haqqım olan torpağımın, mənə verilməsinə köməklik etmirlər? Sizdən acizanə şəkildə xahiş edirəm ki, haqqımın tapdalanmasına izin verməyin. Belə məmurların cəzasız qalmasına göz yummayın. Bu məmurlar dövlətin üz qarasıdır. Hakimiyyətlə xalq arasında ciddi qarşıdurma yaradırlar. Xalqın arasında narazılıq yaradaraq Hakimiyyəti gözdən salırlar.

P.S. Dostlar, lütfən hər kəs paylaşsın ki, bəlkə bu məmurların daşlaşmış vicdanı, pul toplamaqdan korşalmış gözləri və qulaqları açıla sayənizdə.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button