Safruhun “Xural” sevgisi

Safruh
www.asifata.com

Mütləqim, Müqəddəsim, Peyğəmbərim İnam Ataya (Asif Ataya) Ali Səcdəylə!

(İçsəs)

Dünən (06.01.33 – 06.03.2011) şəhərə çıxıb üç qəzet aldım: “Xural”, “Olaylar”, “Yeni Musavat”.

Xeyli vaxtdı (bir-iki ay olar) başımda “Xural” qəzetinə münasibətimi ifadə eləmək düşüncəsi dolaşırdı – bu yazının başlığı altında. Yəni bir yazarın bir qəzetə sevgisi… İndi belə sevginin varlığına kimi inandırmaq olar?! Yazar qəzeti sevməz; ya ona yarınar-yaltaqlanar, ya ondan yararlanar, ya ondan qorunar, ya onu aşağılar… Sevgi dəmləri çoxdan ölüb. İndi sökhasök, söyhasöy çağıdır… Mənsə indidə yaşamıram, İnam Atam demiş, “Keçmişlə Sabahın arasındayam”…

Dünən aldığım qəzetlərin başlıqlarını saydım: 148 elədi. Bunlardan yalnız 18-də ürəksıxmayan (az-çox xoş) soraqlar vardı; qalanı söymək, ifşa, asmaq, kəsmək… idi: “Yeni Musavat”da 56 başlıqdan 51-ində, “Olaylar”da 62-dən 55-ində, “Xural”da 30-dan 24-ündə… Daha otuz qəzet alsaydın – mənzərə eyniydi, ölkədə çıxan bütün qəzetlərdə də (bəlkə dünyadakılarda da) eləcə… Bunun qarşısında insanın insana, torpağa, xalqa… sevgisi duruş gətirmir. Bəs bu “qəzetə sevgi” haradan çıxdı?!

Məndə isə “Xural”a “qəzet-yazar” münasibəti yoxdur, məhz sevgi var. Onu yazmaq istəyirəm (Bəlkə “Xural”ın ən böyük uğuru bu sevgini qazanmağıdır).

Mən o qəzetlə tanışlığa onu tənqidlə başlamışam. Orada mənim dərc olunmuş ilk yazım “Zəfəran və Pazı” adlı bir haray olub. Həmin yazıda Azərbaycanda Asif Atanın Əməyini zəfəran becəriciliyinə, qalan vətənçi-millətçiləri (eləcə də “Vətəndaş Həmrəyliyi” qəzetini – “Xural”ın yaradıcısı və baş redaktoru Əvəz Zeynallı o vaxt o qəzetin baş redaktoru idi) isə pazı (çuğundur) istehsalçılarına bənzətmişdim. O yazı “Xural”ın ilk saylarından birində çıxdı.

Mən indi özümü “Safruh (Atalı)” kimi tanıyır və tanıdıram. Uzun illər buna can atmışam, az sayda (üç-beş) səbəbin sayəsində bu istəyimə çatmışam. O səbəblərdən biri Zeynallı Əvəz bəyin “Xural”ıdır. Özümü də insanlar arasında inam, etibar, sevgi, sayğı, güvən, əsillik, ülvilik yayan (bunların toxumunu səpən) və bu yoldakı maneələrə qarşı barışmaz döyüşçülərdən birisi sayıram. Bu mənim Yaşam Eşqimdir. Bu Eşqimin gerçəkləşməsində Əvəz bəyin “Xural”ı mənə əvəzsiz “dayılıq” eləyib! Yazılarımı ardıcıl və ləyaqətlə (heç bir mız qoymadan, məndən heç bir öygü ummadan, öz mövqelərini mənə sırımadan, hıqqıldamadan, ağız büzmədən, qaş-qabaq tökmədən, minnət qoymadan, çox vaxt özümdən xəbərsiz) dərc eləyib! İllər boyu!

Mən onun Beyrəyinin, tələbəlik illərində Türkiyədən baxarkən Azərbaycanda gördüyü Vətən, Millət obraz-xəyalının, Yasir Ərəfatının, Elçibəy imtahanlarının; çiliklənmiş, qırılıb-tökülmüş Azərbaycan Obrazının, tapıntısız (sonucsuz) qəhrəman – “qurtarıcı” axtarışlarının, illər ötdükcə aydınlaşmaq əvəzinə, daha da dumanlanan Böyük Gələcəyinin sanki şahidi, gözəgörünməz ortağı və öz içində qismən də çiyindaşı olmuşam.

“Xural”ın hər üç yerləşim ünvanına mən həmişə doğma bir yuvaya gedirmiş kimi üz tutmuşam, o cür də qarşılanmışam – həmişə! Mən orada qəzet-redaksiya mədəniyyətindən də çox insan mədəniyyəti görmüşəm – həmişə! O dərəcədə ki, “əzizim evinə əzilə-əzilə” prinsipini yada salıb, bəzən aylarla orada görünməmişəm. Sanki onlar minbir əziyyətlə, ürəkləri əsə-əsə, “titanların” basqısından qoruyub yaşatdıqları qəzetdə mənim yazılarımı daim dərc etməli, mənim üçün oxucu dünyasına nəfəslik açmalıymışlar! Halbuki mənim o qəzetə “köməyim-dəstəyim” – təqibdən qaçan övliyanı qorumaq üçün onun girib gizləndiyi mağaranın ağzında tor qurmuş hörümçəyin köməyi qədər də deyildir.

Bilmirəm, onlar başqalarıyla münasibətdə necədirlər – mənimlə münasibətləri bu əsasda və bu cürdür (Niyə başqalarına başqa cür olmalıdırlar? Məncə, deyillər). Bununla belə, mən bir oxucu kimi, o qəzetin heç də bütün başlatdıqlarını “bəh-bəh”lə qarşılamıram. Məsələn, A.Hitlerlə bağlı, illərlə uzanmış dartışmaları, onun “Qovğam” kitabından seçmələri; ayrı-ayrı barışmaz, “qütb” nümayəndələrinin bitib-tükənməyən deyişmələrinin təşkilini; 2011-ildən başlayan saylarındakı “Xaç qayınatası” layihəsini, demokratiya-diktatura dartışmalarını və b.k. Mən, məsələn, N.Nazarbayevi diktator saymıram. Azərbaycan kimi, Qazaxıstan da yüzillər boyu doğma idarəçilər görməyib. İndi orada ölkəni müstəqil milli yaşamaqabil hala gətirmək eşqli doğma bir başçı görsənib. Yabançı qüvvələr tez öz demokratiya ilanlarını salışdırırlar ki, qoy orada it yiyəsini tanımasın. Burada demokratiya xoruna uymağı mən əyrilik sayıram.

Ümumiyyətlə, “Ölkə və onun Başçısı” münasibətlərini qiymətləndirərkən, bir xalq məsəlini göz önündə tutmaq vacibdir: “Elə bir toy olmaz ki, ondan hamı razı getsin! (Burada iki “növcavan”ın toyundan danışılır, o ki qalmış o boyda ölkə ola!)”

Diktatura belə pisdirsə, ən yaxın zamanın ən azğın diktatoru A.Hitler idi – onun cürbəcür “pozlarda” şəkilləri, göyçək deyimləri qəzetlərimizi bəzəyirdi.

Mən Qazaxıstan üçün N.Nursultanı rahat sayıram, Əliyev Rahatı isə – narahat…

Ancaq mən “Xural”ın 30 İyun “Sevgililər Günü” uğrundakı vuruşmalarını ürəkdən alqışlayıram; azad mətbuat adına sadiqliyini, milli və dövlətçilik qayğılarını, bütövlükdə sağlam mübarizə ruhunu görürəm. Bunları görməmək – korluqdur, görüb sevməmək – yağılıqdır, görüb alqışlamaq – normaldır, gözəldir.

“Sevgililər Günü” isə bu qəzetin, onun öz təyini ilə desək, onun “Qızıl Kollektivi”nin, naşirinin və bütün əməkdaşlarının tərcümeyi-halında bənzərsiz, öyünməli, ayrıca bir səhifədir.

Bu Günlə bağlı keçmiş Ocaqçılardan biri doğru və ləyaqət daxilində mənfi fikir yazmışdı (təxminən onun 14 fevral “Valentin günü”ndən yalnız formal fərqləndiyi yönündə, “sevgini günləşdirməmək, təqvimləşdirməmək” yönündə), mən də onu haqlı saymışdım. Bu gün də o fikirdəyəm. Ancaq “Xural” ın “30 İyun” savaşının anlamı və önəmi tamamilə başqa səmtdədir. O – yadçılığa, dayazçılığa, simasızlığa, yelbeyinliyə, qeyrətsizliyə… qarşı, özünəməxsus milli-ruhani döyüş səhifəsidir, cəbhədir. O cəbhə baş tutarsa, Hitlerlərin qovğalarından daha önəmli, daha bəşəri və deməli, daha üzüağ bir mübarizə (“Qovğa”) olar. Azərbaycan aydını məsələnin bu cəhətini Göydə tutmalı və “Xural”ın yanında olmalıydı (Hindistanda Qandiçilərin Benqal körfəzinə doğru Duz yürüşünü göz önünə gətirin). Ancaq biz nə görürük! Sən demə, “30 İyun” savaşının özülünə qoyulmuş “İlham-Fərizə əhvalatı” ər-arvad arasında yaşanıbmış, ona görə də o gün “Sevgililər Günü” adlana bilməzmiş!.. Nə böyük yanlış! Qeys və Leyli yaşında hamı bir-birinin “məcnunu” (dəlisi) olur! Oğulsan ər-arvad ömrünü o cür yaşa, başa var! Əgər o şəhidlər doğrudan da ər-arvadmışlarsa, “Xural”ın 30 İyun savaşı daha böyük alqışa layiqdir!

…Əslində mənim bu yazı-sonərkimin (vəsiyyətimin) başlığının nəzərdə tutmadığı bir mətləbdir qəzetin fəaliyyətinin hər hansı bir çaları ilə, eləcə də “Gün”lə bağlı yazdığım sətirlər. Ona görə də qayıdaq Safruhun “Xural” sevgisinə. Safruh–“Xural” ilişkilərini sadalayıb, ona son vuran bir cızıq çəksək, cızığın altında bu yazı çıxar. Bundan sonra hansı tufanlar əsir-əssin, başqa əməkdaşlar gəlsin, “Xural” Safruha qarşı döyüş cəbhəsinə çevrilsin – bu yazı dəyişilməyəcək. Mən dünyada və ömrümdə hər kəsi və hər şeyi bu cür sevmək istəmişəm və sevmişəm: unutmamaq üçün, yaşatmaq üçün, onlarda yaşamaq üçün – ata-anamdan, bacı-qardaşımdan, qohum-qonşumdan, dost-tanışımdan, kənd-kəsəyimdən, Yurd-Ulusumdan, təhsilimdən, işimdən, Ocağımdan – ta gözişləməz Gələcəklərə qədər! İnsan dünyaya sevgi üçün gəlir, insani-ruhani gözəlliklər üçün gəlir. Mən də niyə gəldiyimi anladım, doya-doya sevdim və kitablarım dolusu öydüm sevdiklərimi, Sevgililərimi!

Safruhun və bəlkə “Xural”ın da gündəmdən çıxacağı gün gələcək. Mənim “Xural” Sevgim isə – həmişəlikdir. Zamanın və məkanın, cismani doğmaların, hətta Amaldaşların belə hər büküşündən yadlıq soyuğu əsdiyi bir çağda, hansısa bir qəzetin redaksiyasında “ağzı-gözü əyri bir qocanın” (keçmiş “amaldaşlarımdan” birinin mənə verdiyi təyindir) hər gəlişində sayğıyla qarşılanması nağılı yaşadıb “Xural” mənə. Mən dünyadan köçəndən yüzlərcə il sonra “dünyaya bir də baş çəkmək” istəyəndə yenə həmin əyri-üyrü dalanlarla “Xural”ı axtaracağam, görüm özünün Əvəziylə, Məlahətiylə, Selcanıyla, Banusuyla Zeynallılar, Yasəməniylə, Şövkətiylə, Zəhrasıyla, Rəşadıyla, Nizamisiylə, Kamranıyla… “Xural”çılar yerindəmi?

Atamız var olsun!

7-8 Günəş (I ay) 33-il.
(Mart 2011). Atakənd. İnam Evi.

*** *** ***

«İnsanilik Bayramınız kutlu olsun!”

İnsanilik Bayramı münasibətilə Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhun kutlaması

– Ürəyinizdə Günəş olsun!

Biz hər il Günəş ayının 14-də (14 mart) Mütləqə İnam Ocağında İnsaniliyi bayram edirik. Asif Atadan gələn İnsanlıq mövzusunu bayram kimi dərk etməyə və cəmiyyətə anlatmağa çalışırıq. Cəmiyyətdə isə bu mövzunun ayrı-ayrı cəhətlərinə aid duyğular, bilgilər olsa da, bütövlükdə bunlar bayram məzmunu kimi yaşanılmır. Ancaq bizdə o, məhz bayramlaşma məzmunu, siqləti daşıyır. Bu məsələ – İnsanilik bütün dünyada çox aktuallıq kəsb etməkdədir. Çünki tarix boyu, özəlliklə ən yeni tarix içində, deyək ki, Avropa sənaye inqilabları baş verdikdən bəri bu mövzunun zərurəti çox qabarıb. Əslində, bu qaçılmazlıq insanın öz ruhani mahiyyətinə uyğun yaşamalı olduğu, ancaq onun buna vərdiş eləmədiyi gerçəyindən yaranıb.

Cəmiyyət çox sürətli, yeyin yaşamağa öyrəşdirilib. Bu da onun yaşamda dərin düşüncəni əsas götürməsini əngəlləyir. Biz deyirik, insanilik asta yeriş və dərin ağıl tələb edir. Atamızdan gələn anlayışla desək, bu da Şərqi yaşam tərzini irəli sürür, ruhaniliyi və müqəddəsliyi qabartmağı tələb edir. Ancaq son 2-3 əsrdə bəşəriyyət Qərbsayağı, Avropasayağı yarış, yürüş əsasında yaşamağa adət edib və insanların bir-birinə qarşı döyüşməsi, qalib gəlməsi psixologiyası formalaşıb.

Belə bir şəraitdə isə insanilik mövcudluğunu göstərməkdə çətinlik çəkir. Ona görə də həya gözləyən, başqasını nəzərə alan, zəruri imtinaya meylli insanlar həyatda məğlub durumuna düşürlər. Bu, acınacaqlı nəticələr verməkdədir. Yarış, yürüş, bir-birinə dov, kəf gəlmək insan yaşayışını dözülməz gərginliyə gətiririb çıxarır. Bundan da dünyada başqa qlobal fəsadlar törəyir. O dərəcədə ki, insanlar öz problemlərinin həlli üçün Yer planetinin imkanlarını yetərsiz sayırlar, başqa planetlərdə çıxış yolu arayırlar. Ancaq biz Asif Atanın Fəlsəfəsinə söykənərək deyirik ki, insan Yer hadisəsidir. Onun xəyalı, qəlbi Göylərə yönəlir, ucalır, özü isə Yerə bağlıdır. O, öz adını Yerdə doğrultmalıdır. Əslində Göy ona görə var və gözəl sayılır ki, Yer var. Yersiz Göy yoxdur. Biz bu Yerə-Göyə sığmayan mənanı insanlara qandırmaq üçün İnsanilik bayramını keçiririk. Ancaq bəzi çox oxumuşlar Avropa inkişafına dərin bac verərək İnsaniliyi, ruhaniliyi acizlik və tənbəllik sayırlar. Bu, fəlakətdir, ziyalılığın özünə qarşı çevrilməsidir. Bu cür düşünən ziyalıları əslində öz gözlərində bəraətləndirən fəal, qoçaq dünyadan özünü qorumanın zərurəti və çətinliyidir.

Ancaq bu, xəstəliyə qarşı xəstəliklə mübarizə aparmaq yoluna bənzəyir. Yüyürməkdən yaranan təngənəfəsliyi yüyürməklə aradan qaldırmaq olmaz. Bunun üçün başqa çıxış yolu gərəkdir.

İnam Atamızın irəli sürdüyü və bizim arxasında dayandığımız Yol və Üsul yeganə xilasdır. Ona görə də İnsanilik bayram edilməlidir ki, insan öz adına, adının daxili məzmun və mənasına uyğun yaşasın. İnsanilik Bayramı bunun carını çəkmək üçündür. Əslində Mütləqə İnam Ocağının bütün aldığı nəfəslər, irili-xırdalı bütün çabaları birbaşa və dolayısıyla buna xidmət edir.

«İnsanilik Bayramınız kutlu olsun!»

Bu isə o deməkdir ki, İnsani qeyrətiniz kutlu olsun!

Atamız var olsun!

8 Ümid günü Günəş ayı 32-il. (08.03.2011). İnam Evi.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button