Şahmatda Harri Kasparov məkri!

Bu məkrli siyasəti Kamran Bağırov da dəstəkləyib…

Bu günlər Çapay Sultanovun Azərbaycanın sovet şahmatçıları nəslinə ithaf etdiyi «O şaxmatax i ne tolğko…» kitabını oxuyarkən bir vaxtlar Azərbaycanın şahmat məktəbinin əldə etdiyi ən yüksək zirvələrlə bağlı maraqlı məlumatlar əldə etdik. Azərbaycan şahmatının canlı karifelərindən olan Çapay Sultanov bu kitabda Azərbaycanda şahmat hərəkatının tarixinə bir daha nəzər salaraq, müxtəlif nəsillərin aparıcı şahmatçılarının yaradıcılığını araşdırmaqla yanaşı, əsasən ötən əsrin 70-ci illərində Azərbaycanda yaranmış «şahmat bumu»na xüsusi diqqət ayırır. Kitabda «Şahmata aparan yol», «Bir qədər də Azərbaycanda şahmatın tarixinə dair, ədəbiyyat və şahmat», «Onlar birinci idilər», «50-ci illərin şahmatçı nəsli», «Unudulmaz 70-ci illər», «Kənardan baxış», «Unudulmaz görüşlər», «Əlvida, şahmat», «Proses artıq başlayıb, onu saxlamaq mümkün deyil» kimi bölümlərlə yanaş,ı diqqətimizi çəkən «Şahmat Federasiyasına Kasparovun hücumu» bölümü oldu. Bölümdə Çapay Sultanovun Şahmat Federasiyasının sədri olduğu dövrdə şahmatın ən ali səviyyədə inkişaf etməsi və bundan hiddətlənən Harri Kasparovun və onun anası Klara Kasparovun xüsusi plan hazırlayaraq Kamran Bağırovla birbaşa danışıq aparması, nəticədə Ç.Sultanovun tutduğu vəzifədən saxtakarlıq yolu ilə azad edilməsi, ondan sonra Azərbaycan şahmatının iflasa uğrayacaq səviyyədə mövcud olması məsələlərinə aydınlıq gətirilib. Oxucularımızın da marağını nəzərə alaraq, 16 il Azərbaycan Şahmat Federasiyasının sədri işləmiş Çapay Sultanovun əlində olan fakt və dəlillərə əsasında yazılmış bu bölümü tərcümə edərək olduğu kimi onların diqqətinə çatdırırıq.

Şahmat Federasiyasının heç də az olmayan xidmətləri sayəsində respublikada şahmatın inkişafı daha çox nailiyyət əldə etdikcə, Kasparovun komandası tərəfindən problemlər yaranmağa başlayırdı. Tezliklə DTK-nın mənə (müəllif- Ç.Sultanova) qarşı qərəzli münasibəti haqda söhbətlər gəzməyə başladı və şahmat dünyasında DTK-nın polkovniki Litvinov adlı adam meydana gəldi. O, özü haqqında mətbuat səhifələrində danışarkən, «qılıncoynadan» olduğunu demişdi. Onu demək lazımdır ki, hər tərəfdən mənə qarşı zərbələr vurmaqla o çox parlaq şəkildə «qılınc oynatmışdı».

Onu da demək lazımdır ki, heç də hamı Azərbaycanda şahmatın inkişafına Litvinovun prizmasından baxmırdı, halbuki o buna görə böyük səylər verməli olurdu.

Toy məclislərindən birində mənimlə yanaşı çox intellektual həmsöhbət əyləşmişdi. O, şahmatla həddən artıq çox maraqlanırdı və şahmatla bağlı hadisələrdən məlumatlı idi. Biz onunla ayrılarkən o hərfi mənada  bunları dedi: «Siz böyük işlə məşğulsunuz, ancaq unutmayın, bizim təşkilatdakıların heç də hamısı Sizə yaxşı münasibət bəsləmir. Siz də yaxşı başa düşürsünüz ki, niyə». Bir neçə gündən sonra mən toy sahibindən orada mənim yanımda əyləşən adamın kim olduğunu soruşdum. O mənə, «DTK-nın məsul əməkdaşı» deyə cavab verdi.

Həmin vaxt Kasparovlar böyük qüvvəyə malik idilər və ən azı Mərkəzi Komitənin şöbə müdirinə çıxışları var idi. Dünya şahmat tacı uğrunda gedən oyunlarda Harri kasparov qələbə qazandıqdan sonra onlar daha artıq gücə malik oldular və Şahmat Federasiyasının rəhbərinə qarşı iradlarını bildirməyə başladılar – mən onları qane etmirdim, hansı ki, bunu onların özləri də açıq-aşkar bəyan edirdilər. Problemlər son həddə qədər gərginləşməyə başladı. O zaman respublikaya rəhbərliyi Kamran Bağırov edirdi və Kamran Bağırovla Kasparovların arasında kifayət qədər dostluq münasibətləri yaranmışdı. Mən deyərdim ki, yoldaşcasına. Bağırov bir dəfə də olsun özünə rəva bilib mənimlə görüşmədi, Kasparovla isə demək olar ki, hər ay görüşürdü. Bu münasibətlər ümumi işdə öz təsirini göstərməyə bilməzdi. Mən hiss edirdim ki, hər gün mənə qarşı olan münasibət ağırlaşmaqda davam edir.

Vilnüsdə keçirilən oyunlarda Kasparov Smıslova qalib gələndən sonra, o, böyük qalibiyyətlə Bakıya qayıtmışdı.

Kasparov «Mən adətən oyunlardan əvvəl sıx nahar edirdim – həmin uzaq illərdə məxsusən borş və dolmanı, sonralar isə bifşteksi (qanlı! – Müəllif) sevirdim» – yazırdı.

Mənim fikrimcə dolmadan bifşteksə o Smıslovla olan oyundan sonra keçmişdi!

Onunla bir yerdə Vilnüsdə olan ev müxbiri, Litvinovun dostu yazırdı ki, qələbədən sonra litva jurnalisti ilə sahildə gəzirdi, birdən günəş çıxdı və buz silkələnməyə başladı: «Yeni dövr başlayır» – ikimiz də birdən dilləndik. Yeri gəlmişkən, bu ifadə Nikolayevin «Yolda savaş» romanının «Mart səhəri» fəslindən elementar qaydada oğurlanmış plagiat bir ifadə idi.

«Yeni dövr Azərbaycanın Şahmat Federasiyasından, sonra isə hər yerdə başladı…»

Bakıya çatar-çatmaz Kamran Bağırovun köməkçisi ilə əlaqə saxlayıb onunla görüş istəyir. Kamran Bağırov layiqli, vicdanlı rəhbər idi. Düzdür, ciddi adamlar deyirdilər ki, onun Kasparovla hansısa «suvenir» münasibətləri var idi, belə yerdə necə deyirlər, «şam tutmamışdı»!

Bu və ya başqa bir halda elə həmin görüşdə Kasparov onu uzun müddət narahat edən problemi həll edə bilir. Müəllifə Azərbaycanın İdman Komitəsinin sədri Vaqif Hüseynov zəng vuraraq bildirir ki, Kamran Bağırovun sərəncamı ilə mən Şahmat Federasiyasının sədri vəzifəsindən azad olunmuşam. Və əlavə edir: «Mən belə murdar oyunlarda sizə qarşı iştirak etməmişəm və yenidən seçkilər keçirməyəcəyəm». Müəllifin Hüseynova qarşı fikirləri birmənalı deyil, məxsusən də 20 Yanvar 1990-cı il hadisələrində, nə olursa olsun obyektivliyi itirmək olmazdı!

Yenidən seçkilərin keçirilməsi məsələsinə onun müavini Yuri Məmmədov qarışdı, ancaq o faktiki olaraq bu işi uçuruma yuvarlatdı. Forumu yığmaq mümkün olmadı, mənə qarşı çıxış edəcək məruzəçiləri təşkil edə bilmədilər (bu işi görəcək iki şahmatçı Federasiyanın plenumuna ən son anda gəlib çıxmadılar), Federasiyanın növbəti sədri məşğul olduğunu bəhanə gətirərək, «plenuma» gəlmədi, toplantıya bir nəfər də olsun respublikanın rayonlarını təmsil edən idman cəmiyyətlərinin sədrləri qatılmadılar. Bu «plenum»da İdman Komitəsinin 10-15 əməkdaşı iştirak etdi və Yuri Məmmədov dedi ki, Sultanov Şahmat Federasiyasının sədri vəzifəsindən azad olunmaq üçün ərizə yazıb və çoxillik uğurlu işinə görə fəxri diploma layiq görülüb. Müəllif isə deyilən ümumi sözlərdən sonra bəyan etdi ki, – hansı ki, o bu gün də dediyi sözlərə görə qürur duyur – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində əyləşən şahmat düşmənlərinin istəklərinin əksinə olaraq respublikada bundan sonra da şahmat inkişaf etməkdə davam edəcək.

«Plenum» başa çatandan sonra, Yuri Məmmədov «plenumun» nəticələri haqda məlumatı, xeyr, Vaqif Hüseynova deyil, şəhərdən kənarda bağında onu gözləyən …Klara Kasparovaya çatdırmağa getdi.

Onu deyə bilmərəm ki, bu, təsadüfdən oldu, yoxsa yox, ancaq həmin hadisədən sonra Yuri Məmmədov İdman Komitəsinin sədri qoyuldu.

Bir müddət sonra müəllif bu «plenum»un protokolunu ələ keçirə bildi – dünya xeyirxah insanlardan xali deyil!

Orada deyilirdi, «Plenum»da iştirak edənlər (bir sıra adlar yazılmışdı ki, onların biri də plenumda iştirak etməmişdi) Sultanovun sərt rəhbərlik stilini ittiham edib, Kasparov isə dünya şahmat hərəkatı haqqında danışıb. Halbuki həmin plenar iclasda Kasparov şəxsən iştirak etməyib.

(Keçmişlə bağlı kiçik analoq:

20-ci illərdə kənd təsərrüfatçıları belə bir gündəlik tutmuşdular:

1. Yaxınlaşan dünya inqilabında kəndilərin məqsədləri;

2. Mal-qara üçün yemin hazırlanması;

3. Taxılın verilməsində planın yerinə yetirilməsi.)

Protokola əsasən, guya «plenum»da yeni sədr də yeni proqramla çıxış edib, ondan başqa, daha 100 nəfər də iştirak edib.

Ola bilsin, bu ilk hadisədir, Kasparov ilk dəfədir qiyabi olaraq kütləvi saxtakarlığın iştirakçısına çevrilib.

Öz anasının «saxtakarlığı»ndan fərqli olaraq, (Botvinnik məktəbinə Harri ilə hər dəfə gəlişində ona Moskva bazarlarından aldığı meyvəni gətirirdi, ancaq sadəlövh Botvinnikə onları günəşli Azərbaycandan gətirdiyini söyləyirdi) Kasparovun bu qiyabi saxtakarlığı daha ciddi idi, nəinki onun anasının günahsız «saxtakarlığı».

Bu gün tam əminliklə deyə bilərəm ki, əgər Kasparovlar o cür ali havadarlar tapmasaydılar, mənimlə bağlı bu model işləməyəcəkdi: respublikanın şahmat ictimaiyyəti mənim tərəfimdə idi.

Burada yeri gəlmişkən qeyd etmək lazımdır ki, məndən sonra respublika Şahmat Federasiyasına onlarla sədr təyin olundu – onların hamısı bü vəzifəni çox da böyük sevinclə tutmurdular, gedəndə təssüflənmirdilər. Bu vəzifəni demokratik düşərgədən olan bir nəfər tutanda müxbir ondan soruşur, nə üçün o Azərbaycan Şahmat Federasiyasının sədri olmaq istəyib? Onun cavabı ən yüksək səviyyədə öz orijinallığı ilə seçilib: «Siz mənim əməkdaşlarımdan soruşun, fasilə vaxtı mən hansı işlə məşğul oluram –onların hamısı sizə deyərlər ki, mən şahmat oynayıram». Bax, belə, gözəl və sadə! Lakin o vaxtlar, dünyada bir çox siyasi hadisələri demokratlar bərk sadələşdirirdilər. O zaman Şahmat Federasiyasının üzvlərindən birindən, musiqiçidən soruşurlar, nədən o, Federasiyanın tərkibinə keçib, o, ciddi cavab verir: «Uzun illər heç olmasa bircə dəfə Bakıda keçirilən şahmat tədbirlərini ziyarət etmək üçün».

Davamı növbəti sayımızda

Hazırladı:

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button