Şair Asif zindandan esse yazdı: “Azad olmaq istədim…”

Şair Asif
Məxsusən “Xural” qəzeti üçün
ESSE
(Real faktlar əsasında)
“Azadlıq meydanı”na çıxıb, var səsimlə “Azadlıq” deyə bağırdım. Azadlıqdan məhrum edib zindana saldılar.
– Allah rəhimdir, dedim. Rəhimin başına torba keçirib “Banditizm”ə apardılar. Ətrafıma baxdım. Məhbusların üzündə sitəm və ələmdən başqa bir şey görmədim. Dərd-kədər içində bir udum sevinc axtardım. Sevinci Türkiyədə zəhərləyib öldürdülər…
Dərdimi yorğan əvəzinə üstümə çəkib, yatmaq istədim. Xəyal məni “Azadlıq meydanı”na aparır, yenidən kameraya qaytarırdı. Bir gün xəbər gəldi ki, Xəyal artıq Belçikada yaşayır. Siyası sığınacaq alandan sonra adını dəyişib Xaçik qoyub. Sən demə, Xəyal qondarma adıymış, özü də müsəlman deyilmiş…
Özümə qapandım… Qapanda dərdimin çəkisi özümdən ağır gəldi… “Gün gələr, taleh mənim də üzümə gülər”, – deyə fikirləşdim. Talehi xütbə deməkdən məhrum etdilər, Gülərin isə mandatını əlindən alıb, deputat həyatını təcridxana ilə əvəz etdilər. Əvəzin üzü güldü…
İşə bir bax… Mənim elədiklərim Gülərin gördüklərinin yanında nədir ki?! Amma ondan alınanların qarşılığında, ona qoyulanlara bax… Rüşvətlə hörməti deyirəm, ağlına başqa şey gəlməsin. Sən demə, bunların sədaqəti, ilqarı da yox imiş. Sədaqətin sorağı Dubaydan gəlir, axırıncı İlqarı isə İsmayıllıda tutdular. Əlimi hər şeydən üzüb, ümidlə, arzuyla yaşamalı oldum. Ümidi H.Əliyev mərkəzində baş verən yanğına, Arzunu isə Elşada atdığına görə tutub yanıma saldılar.
Hər bayram yaxınlaşdıqca, “bəlkə bu bayramda əfv etdilər” – deyə, özümə təsəlli verirkən, Novruzda Novruzu, Ramazanda Ramazanı, Qurban bayramında isə Qurbanı həbs edib, bizim kameraya gətirdilər. Novruz dözməyib öldü. Ramazanı isə infarkt olduğuna görə, xəstəxanaya köçürdülər. Qaldıq Ümid, Arzu, Qurban, bir də mən. Aylar, fəsillər bir-birini dəyişdikcə, vəzifələr də bir çoxlarını dəyişdi. Orucluq Oruca, Məhərrəmlik Məhərrəmə düşərli oldu. Hər ikisi yüksək vəzifə sahibi oldu. Halım get-getə pisləşir, mədəmdə ağrılar kəskinləşirdi. Həkimlər mənə yalnız qatıqla çovdar unundan hazırlanmış çörək yeməyi məsləhət gördülər. “Zindanda çovdarı haradan tapacağam” deyə fikir edirdim ki, xəbər gəldi ki, bəs gözün aydın, qonşu kameraya Çovdar gətiriblər. Bütün məhbuslar il boyu onu yesələr, yenə də qurtaran deyil. Amma bir çovdarla nə mənim, nə də bu millətin mərəzi sağalan deyil.
Nə etmək olar?! Dözməliyəm. Hələ ki, iradəm var! Sevdiyim qızı deyirəm, adı İradədir. O, hər zaman mənə dəstək olub. Öz dəstəyimi nadzorlar qollarımı buranda sındırdılar. Bir də ki, aslanın erkəyi, dişisi olmaz. Vəkili, müğənnisi olar. Vəkili kollegiyadan uzaqlaşdırdılar, müğənnini isə qaçırtdılar Özbəkistana. Özbəkistan dedim yadıma… Eh, nə isə…
Artıq səbrim qalmayıb, yazmağa da həvəsim yoxdur. İlham məni niyə tərk edib, bilmirəm. Yəqin yenə sabiq vəzifəli dostlarla görüşə gedib. Ona böyük ehtiramım var. Bilirəm ki, nə vaxtsa o da qayıdıb yanıma gələcək… Haqqa tərəf… Və düşmənlərdən intiqam almaq üçün yenə mənə dəstək olacaq… Çoxdan yazmadığım yazılarımla, deyilməyən şeirlərimlə, oxunmayan mahnılarımla… Həm İntiqam ehtiramla, həm Ehtiram intiqamla yenə də oxuyacaqlar: “Tı kto takoy, davay dosvidaniya”.
Allah Hilalın da qapısını açsın! Açar prokurorun, qərar isə hakimin əlindədir. Allah hər ikisinin qəlbini zindandan azad etsin, bizi isə zindandan. Amin!!!
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button