Sakinlər İcra hakimiyyətinin qarşısında piket keçirməyə hazırlaşırlar

Bakının Xətai rayonunun sakinləri qəzəb və hiddət içərisindədirlər.

Xətai rayonu M.Rüstəmov küçəsi 26 saylı binanın qarşısında yerləşən uşaq meydançası bir gün ərzində xarabalığa çevrildi, o biri gün isə sakinlər gözlərini ağır texniki maşınların gurultusuna açdılar. Məlum oldu ki, dünənə qədər yaşayış binalarının əhatəsində yerləşən idman meydançasında hansısa Bağırov Fikrət Əli oğluna məxsus zirzəmi ilə birlikdə 4 mərtəbəli, mansardlı fərdi yaşayış evi tikilir.

“Bakı Torpaq” MMC-nin layihəsi əsasında fərdi yaşayış evinin tikilməsi üçün dövlət ekspertizasının 23777 saylı 16.06.2017-ci il tarixli rəyi də mövcuddur. Dövlət Ekspertizası İdarəsinin belə bir layihəyə hansı əsaslarla rəy verməsi də maraqlıdır. Ən azı 20 min sakinin yaşadığı binaların əhatə dairəsində yeganə istirahət və idman meydançası olan yerin fərdi qaydada satılması maraq doğurmaya bilmir. Çox güman ki, bu haqda Xətai rayon İcra hakimiyyəti də xəbərsiz deyil. O zaman ətrafdakı boş qalan bütün sahələrdə fərdi yaşayış binaların tikintisi üçün rəy almağın şərtləri bütün ictimaiyyətə də açıqlanmalıdır. Açıqlanmalıdır ki, binaların əhatəsində yerləşən cəmi 2-3 sotluq sahədə – hansındakı qoca, yaşlı, uşaq istirahətini keçirir – hansı şərtlərlə fərdi qaydada tikinti işlərini aparmağa icazə verilir? Bu məsələnin bir tərəfi.

Digər tərəfi. Bu fərdi yaşayış evinin tikintisinə bu il iyulun 7-dən başlanılıb və gələn il iyulun 7-nə qədər tikinti işləri davam edəcək. Deməli sakinlər bir il ərzində gecə-gündüz bilmədən ağır texnikanın sədaları altında yaşayışlarını sürməli olacaqlar. Acınacaqlı hal odur ki, tikinti zamanı heç bir təhlükəsizlik qaydalarına riayət olunmur. Tikintidə işləyən fəhlələr belə hansı şirkət tərəfindən sığortalanıb, açıqlanmır.

Fəhlələr öz mülki paltarlarında, heç bir texniki təhlükəsizliyə riayət olunmadan çalışdırılırlar. Sakinlərin sözlərinə görə gün ərzində 12 saat işləyən fəhlələr, gecədən səhərə qədər də çalışdırılır. Onlarla heç bir əmək müqaviləsi bağlanmayıb. Sıradan fəhlə kimi çalışan bu insanlara ağır işlər həvalə olunur və Əmək Məcəlləsinin heç bir tələbinə uyğun olmayaraq çalışdırılır.

Qızmar yay havasında pəncərələrini toz-torpaq və gurultudan aça bilməyən sakinlər etiraz əlaməti olaraq, Xətai rayon icra hakimiyyətinin qarşısına yürüş etməyi planlaşdırırlar.

Bu haqda redaksiyamıza məlumat verən, adının çəkilməsini istəməyən sakinlərdən biri bunları söylədi: “Dəfələrlə etirazımızı MİS müdirinə, Ərazi polisinə çatdırmışıq. Heç bir reaksiya vermirlər. Elə bil bu sahə atalarından qalmışdı, istədikləri kimi də dağıdırlar.

O zaman biz icra hakimi Razim İsa oğlu Məmmədova sözümüzü çatdırmaq üçün bu günlər İcra hakimiyyəti qarşısında piket keçirmək niyyətindəyik. Əgər o da səsimizi eşidib, bu biabırçılığı dayandırmasa, idman meydançasının yerini bərpa etdirməsə o zaman piketi Prezident Aparatının qarşısında davam etdirəcəyik. Qoy prezidentimiz də görsün ki, harınlamış məmurlar Azərbaycan dövlətinin pullarını hara sovururlar. Bu qədər yaşlı, xəstə, uşaq, qadını da əlacsız vəziyyətdə buraxıblar. Bu yayın istisində toz-torpaq əlindən, gurultu əlindən, təhlükəsizlik baxımından həyətə çıxa bilmirik. Qoy indi məmurlar öz bildiklərini eləsinlər, biz də öz bildiklərimizi eləyək”.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button