Salam, Lənkəran!

Aydın Canıyev
“Xural”ın Lənkəran bürosunun rəhbəri

– Əllərə qalan, əllərdə qalan rayonun təəssüratı –

Ölkənin axırdan ikinci rayonu cənub bölgəsində bir amillə sevindirir: külleyi-ərz məhvərindən oynaya, burada heç nə baş verən deyil – siyasi təlatüm baxımından deyirəm. Ona görə də bu yazını həm müxalifət təmsilçiləri, həm də iqtidar nümayəndələri əl-ayağa düşmədən, pürrəngi Lənkəran çayı içə-içə oxuya bilərlər və… oxumalıdırlar. Heç nə dəyişməyəcək!

Bəri başdan deyim ki, bu yazını yazmamaq da olardı, amma yazmayanda da adamın gözəgörünməzi incidir – vicdanı deyirəm. Hər bir vicdanlı adamın bu rayonda heç harası ağrımasa da, vicdanı mütləq ağrıyır!

Keçək mətləbə. Hələ də bu rayonda nəyin niyə və necə, üstəlik də nə üçün baş verdiyinin mətləbini Nuh dövründən bilən olmayıb, yəqin ki də olmayacaq – Allaha yaxın adamların falçılıq həvəsi və ağlı olmur axı! Odur ki, o mətləb deyilən nəsnənin mahiyyəti qaranlıq qalıb. Deməli, ondan başlayaq ki…

Yerüstü çaylar da dənizə axmır!!!

İndi Lənkəranda adamların bulaşmamaq qorxusu var – sözün həm məcazi, həm də müstəqim mənasında. Belə ki, şəhərin tam mərkəzində, İ.Səmədzadə adlandırılan küçəsində şəhər təsərrüfatına cavabdeh olanların hamısını yığsan ki… bu çala-çuxuru doldurasan xərclənən dövlət pullarının əvəzinə, yenə də dolmaz! Bulaşmaq qorxusu ilkin olaraq məhz burada – şəhər əhliylə kənd əhlinin təmas nöqtəsi olan bu küçədə yaranır: kişilər balaqlarına “şpilka”, qadınlar da uzunboğaz çəkmə tapmamaq-taxmamaq dərdindən, bulaşmamaq üçün yan keçirlər! Kim ürəyində nə deyir, özü bilər, mənnən ürək sirrin bölüşən olmadı! Amma mənim ürəyimdən əleyhinə 14 yazı yazdığım keçmiş icra başçısı Süleyman Mikayılovla birgə 14 il əvvəlki ayrı yazım keçdi.

BİRİNCİ MƏQAM:
Lənkəran əhli hələ də unutmayıb ki, Süleyman Mikayılovun şəhər təsərrüfatına cavabdeh məsul işçiyə efirdə yaydırdığı irad: “sənin anan var, sənin bacın var?..”

Allahtərəfi deyim ki, Süleyman Mikayılov belə kəskin ona görə danışmışdı ki, işıq xətti qırılmışdı və… bir neçə saat tədbir görülməmişdi!

Lənkəranda olduğum 14 gündə İ.Səmədzadə küçəsində çalalarda yağış suları palçığı xəmirə döndərməyində davam edir(di)… şəhərarası və kəndarası marşrut vasitələri də “yuxa” yaymağında… İndi havalar düzələndə də orada yəqin ki “palçığüyütmə-sovurma-arıtlama” prosesi gedəcək.

BİRİNCİ MƏQAMA ŞƏRH:
Bütün qışı sərasər palçığa bulaşmağı qəbul edib, amma əl boyda etiraz, şikayət ərizəsi yazmayan əhalidən inqilab iradəsi gözləmək olar? Əsla və qətiyyən!!!
Lənkəranın İcra Hakimiyyətinin Başçısına buna görə təşəkkür etməyə dəyər – hökumət tərəfdən təbii ki!!!

İKİNCİ MƏQAM:
14 il qabaq yazanda ki, öz evində yiyəlik edə bilməyənlər Lənkərana yiyəlik edirlər, rəhbərliyi o vaxt təmsil edənlərdən təkcə Agakərim Şərifov otağına dəvət edib cəsarətlə, ərklə etirazını bildirdi: “mənim anam indiyə qədər bazar görməyib, necə yiyəlik edə bilmirəm ki…”
Bütün qalan dediklərimi saxlayıb bir qırığını yazıram cavabımın: “Agakərim müəllim, yeddi qardaşın yeddisi də rəis, müdir, zərgər, biznesmen, deputat – sizin ananız niyə bazar görməlidi ki?”

İKİNCİ MƏQAMIN ŞƏRHİ:
Rəhbərliyə işə gələnlərin nə özləri, nə də qohumları İ.Səmədzadə küçəsində palçığa bulaşmırlar – onların “bulaşdığı” yerlərin ünvanı dəyişir! Bazar qara camaatın bulaşması üçündü!!!

“Deyəsən, dollarla alınan rüşvətin korrupsiyaya dəxli yoxdu!”

Mənə maraqlı olan oydu ki, uzun müddət rüşvəti “HAQQIMI VER” iddiasıyla Allahın adıyla bir tutan adamlar birdən-birə nə təhər oldu ki, day imtina etdilər “allahlarından”?
Məlum oldu ki… Etməyiblər! Etməyəcəklər!

ƏN AZINDAN: 8 Martda məktəblərdə (hamısında olmasa da, şəhər məktəblərinin əksəriyyətində) ən müxtəlif adlarla valideynlərdən pul alınıb!!!

Hələ tamamilə kar olmamış qulağımın babalını yuyub deyirəm, Allah qoymasa, gələcəkdə sübutuna da çalışmaq azarım var – əgər vurub kar eləməsələr!

Məni keçmişdən tanıyan, həmişə icra hakimiyyəti ilə ləc düşən biri kimi qəbul edənlər sanki tapmaca açmağımı istəyirdilər: əgər bildin o hansı şöbənin müdiridir ki, 120 minə (üstəlik də bu 120 minin manatla və yaxud da dollarla olduğunu da mən aydınlaşdırmalıyammış) bir həftədir iş başına keçb? Deyəndə ki, manatla, zarafata salırdılar: “tapmadın! Dollarla – dollar milli valyuta deyil deyə, rüşvət predmeti sayılmır”.

Zarafat bir yana, Lənkəranda adamlar söz gizlədən deyil, əvvəl-axır biri deyəcək o şöbə müdirinin kimliyini – onsuz da indi məhkəmə çəkişməsi çoxdu…

İnanmırsınız?
İnanın!!!

Əli Kərimli niyə Lənkərana gəlmədi?

Lənkəran, doğrudan da, artıq adı çəkiləndə çoxdan narahat olmadığım rayondu – burada yaşayan dədəm üçün də, anam üçün də, qardaşım və onun uşaqları üçün də təəssüb hissim yoxdu! Onlar bu hökumətdən razıdılar! Qocaların pensiyası, qardaşımın da iki diplomla işsizliyi onlara bəs edir…

Amma mənim böyük bildiyim kişilər bir-bir Lənkəranın belə “xoş günündə” bizi demirəm, məni tək qoyub gedirlər. Onlardan biri də Səfər müəllimdi – yeriyəndə yer yerindən oynayan kişi: həm məcazi, həm də müstəqim mənada! Tanıyanlar bilir ki, düz deyirəm!!! Qabaritli kişiydi! Böyük kişiydi! Hələ bundan neçə illər sonra da onun istər müxalifət, istərsə də iqtidar üçün aforizmləri ən əziz xatirə və arqument misalı səslənəcək.

Elə təzə Lənkəran havasına köklənib işə başlamaq istəyirdim ki… getdi!

Allah rəhmət eləsin!

Övladlarından iki oğlunu tanıyıram. Səfər müəllimin özünə görə də, özlərinə görə də çox istəyirəm onları. İnciməyəcəklər deyə yazıram – çünki onlar Əli Kərimlini də çox istəyirlər! Amma və lakin Lənkəranda deyilən həqiqət məni… sındırdı!

SÖZARASI: İndi Lənkəran çoxları üçün Əlincə qalasıdı!
Səfər müəllimin üçündən ta yeddisinəcən bu partiya sədrini səbirsizliklə gözləyiblər – indi gələr, bayaq gələr! Cəlilabaddan bu yana maşın korteci olmadığındanmı, qarşılamadığındanmı, ya Əli Kərimliyə açılan qəfil telefon zəngindənmi, deyə bilmərəm, hər halda gəlib çıxası olmayıb!

Ortada bir sual qalıb, onu nə dəfn etmək olur, nə də fatihəsini vermək! Ehsan da düşmür bu suala – görəsən, Səfər müəllimin də hüzn məclisinə buyurmadısa, daha kimin, daha doğrusu, hansı və necə partiya üzvünün məzarı üstündə durub deyəcək: “bağışlayın ki, ömrünüzü bizə qurban verdiniz! Sizi bizim liderliyimiz uğrunda mübarizə bitirdi”.
Dedim axı, inanın – lənkəranlılar sözü gizlətmir! Bu faktı deyənlər o 120 min dolları (manat da ola bilər) rüşvət verib şöbə müdiri keçəni tanıdacaqlar: prezidentə sadiq lənkəranlılar İlham Əliyev cənablarının korrupsiya ilə mübarizəsində də ona dəstək olacaqlar!

Hələlik isə… yenə də əmin olun ki, Lənkəranda heç bir tərpəniş olmayacaq – elə müxalifət tərəfdən də Əli Kərimlinin sayəsində!

Allah tərəfdən də arxayın olun – hətta zəlzələnin balını burada o qədər az edir ki, “İranın mollaları, Türkiyənin hampaları qaş-gözün oynatmaqdan” çəkinməsinlər!

“Ağıllı” müxbirlər…

Düzü, mən bilirəm Allah hamıya razı qaldığı qədər ağıl versə də, mənə tükənməz xəzinəsindən narazı olduğum miqdarda ayırıb. Amma bununla belə yenə düşünürəm ki, Lənkəranda olan, oturan müxbir tayfası həqiqətən ağıllıdı!!!
Məsələn, ANS-in, Lider-in, İTV-nin, eləcə də CTV-nin çooox, lap çoox ağıllı müxbirləri var! Onların nə vecinə ki, İ.Səmədzadə küçəsində şəhər təsərrüfatına cavabdeh bütün məsul işçiləri doldurasan çuxurlara, yenə də bəs eləməz doldurmağa oraları! Və yaxud dəqiqəbaşı çəkilişdə olduqları orta və ali təhsil müəssisəsində qayda pozuntuları elementar iş halına çevrilib! Onlara gözü Allah, kameranı telekanal rəhbərliyi əyər-əskikləri görmək üçün verməyib ki!? – bax, bunu anladıqları üçün ağıllıdırlar!

Onlar bala saxlayır! Onlar ailə saxlayır! Uşaq oxudurlar!

Amma o üfunətli yolda ərzaq satanlar, ərzaq alanlar, keçənlər, gələnlər nə uşaq saxlayır, nə ailə! Heç onların uşaq oxutmaqları da lazım deyil dövlətə! Fəqət onlar o qədər ağıllıdırlar ki, anlayırlar: o insanların heysiyyatı tapdanmasa, hüquqlarına barmaqarası baxılmasa, kimdi onların ailə-uşaq xərcini ödəyən?

Mənim az ağlımın elə çox ağlı olanlar üçün düz 14 ildi cəmi bircə sualı var: arada uşaqlarınızdan soruşun ki, onlar sizin verdiyiniz elə çörəyi istəyirlərmi? O cür çörək yeməyən uşaqlar böyümürmü? Amerikada, Türkiyədə, Rusiyada oxumurmu?

SON SÖZ ƏVƏZİ:
Əksəriyyət elə bilir ki, “bəli, baş üstə” deməklə “gülməşəkər” olacaq, amma və lakin unudurlar – HƏTTA bu iqtidar qürursuz adamlardan iyrənir!

Lənkəranın böyüklüyü də bundadı – belə nüansları adama tez anladır!

SÖZARDI: 14 gündü ümumi şöbəyə ümumi qaydalar əsasında məktub təqdim etmişəm. Vətəndaşların qəbulu, ərizə və şikayətlərə cavab verilməsi qaydalarına əsasən, indiyə cavab almalıydım. Almamışam! Başqa yol da bilmirəm!
Bilmirəm, Lənkəranın icra başçısı Tofiq İbrahimov cənablarını inandıra biləcəmmi ki, vallah, billah, mənə heç kim deməyib ki, bu binada vətəndaşlara laqeyd münasibət hökm sürür! Şəxsən özüm şahidəm. İsfahandan şahid də gətirməmişəm! Sizə də həm ağsaqqal kimi, həm də icra başçısı kimi hörmətim var! Amma qanun qardaşdan irəlidi, neynim???

P.S. Yəqin “SÖZARDI”ndan yaxşı “ötürmə” olmazdı bu yazını “kirə” çıxarmağa, eləmi?
P.P.S. Bu iqtidarla gərək sənədli-sübutlu olasan, “dedim-dedi” getmir!
P.P.P.S. İşə başladığım ilk həftə… “Xəzər-Lənkəran”ın Bakıda “Neftçi” ilə oyunu şüxursuz ötüşmədi. Ağsaqqal, azərkeş, fanat, əlqərəz, bir xeyli lənkəranlı, nə qədər olmasa da, məni qələm adamı bilib, yazmağımı istədilər (yazmağına yazıram – özüm də bilirəm düzələn deyil): “Neftçi”nin fanatları milli mentalitetə sığmayan, eyni zamanda peşimançılıqlar yaradacaq “bespredel” nümayiş etdirirlər, sanki Lənkəranın “Xəzər”iylə yox, Leninakanın “Kotayk”ıyla oynayırlar…
Vallah, ağıllı sözlərdi! Amma bizdə ağıllı sözə qulaq asan var ki…

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button