Şallaqvuranları artırın!

Əvəz Zeynallı

Fikrət Məmmədovun ədaləti…

Ədliyyə Nazirliyini ayağa qaldırıblar. Bütöv bir nazirlik hörmətli Ramiz Mehdiyevin bizə qarşı qaldırdığı iddianın icraya yönəlməsindən sonra çöküb Nərimanov rayon məhkəməsinin binasında yerləşən icraçılar şöbəsinə. «Xural» qəzetinin əslini-nəslini, şəcərəsini araşdırırlar. Birbaşa nazirin özü, hörmətli Fikrət Məmmədov işə nəzarət edir. 2007-ci ildən, 2008-ci ildən qalan bütün borcları icraya yönəldiblər. Aradan illər keçib… Adamlar pullarını almayıblar, bizim ödəmək imkanlarımız olmayıb. İndi prezidenti bizə dost kimi sırıyandan sonra düşüblər bizim üstümüzə. Bunların jurnalistlərlə dostluğu beləmi olur? Görünür və bizim də təxminlərimiz tam doğrudur ki, bunlar mafiya qaydasında özlərinə dost seçiblər, əsl jurnalistikanın nümayəndələrinə yox.

2007-ci ildən Nüşabə Ələsgərliyə 100 manat, 2008-ci ildən «Azərbaycan» nəşriyyatının direktoru Ağabəy Əsgərova 1000 manat para cəzası kəsib ədalətsiz Azərbaycan məhkəmələri. İndi bu pulu bizdən tələb edirlər. Ramiz Mehdiyevin adı var deyə, o bizdən 10.000 manat tələb edir deyə, Ədliyyə naziri Fikrət Məmmədov anadan əmdiyimizi burnumuzdan tökür. Sən demə, bu pulları ödəməz isək həbs olunacağımız barədə göstəriş var.

Bu, Fikrət Məmmədovun ədaləti…

Sabah, yəni yanvarın 17-də, saat 17.30-da məhkəmə olacaq. Buradan hörmətli Nüşabə Ələsgərliyə və Ağabəy Əsgərova müraciət edirəm – bizə qoyulan bu cərimələrdən imtina edin. Daha bir qəzetin susdurulmasında alət və ya vasitə olmayın. Onsuz da bu hökumətin bizimlə işi hələ çox olacaq və bu işin bir qulpu rolunu siz oynamayın. Bizim dəstəyə ehtiyacımız var, ədalətsiz məhkəmə qərarlarının nəticəsində boynumuza qoyulan məhkəmə cərimələrini ödəməyə yox…
Zatən pulumuz yoxdur…

Vüqar Səfərlinin ədaləti

Hə, Fikrət Məmmədovun Ədliyyə Nazirliyini ayağa qaldırmasından sonra KİVDF-nin icraçı direktoru Vüqar Səfərli həzrətləri də hərəkətə keçib. Biz onun 10.000 manatlıq cərimə eşqinin 500 manatlıq məhkəmə nəticəsini apellyasiya qaydasında şikayət etmişdik. Vüqar Səfərli bizim apellyasiya şikayətimizin verildiyini öyrəndikdən sonra apar-topar əlinin altında çalışan hüquqçu-ekspertlərə apellyasiya şikayəti verməyi tapşırıb (ondan maliyyə dəstəyi alan «ekspertlər» onun vəkilliyini edirlər – Red.). Onlar da müddəti keçirmələrinə baxmayaraq, Apellyasiya Məhkəməsinə müraciət ediblər. İndi Vüqar Səfərlinin yeni bir istəyi var – Nərimanov rayon məhkəməsinin ədalətsiz olaraq verdiyi 500 manatlıq cərimə qərarı ləğv olunsun və «Xural» 10.000 manat məbləğində cəzalandırılsın. Bu adımın kin çəlləyi olduğunu bilirdim, amma bu qədərini yox. Bu, bizim məhkəmə praktikamızda qərardan razı qalmayan yeganə adamlardan biridir. Deməli, məqsədi bizdən həqiqətən pul qoparmaqdır, münasibətləri yoluna qoymaq yox.

Hamıya pul paylayan Vüqar Səfərli bizdən pul almaq istəyir. Özü də 10.000 manat! İndi ortada məhkəmənin 500 manat ödəmək haqqında ədalətsiz bir qərarı var. Biz etiraz etmişik ki, para cəzası götürülsün. Yəni 500 manat ödəmək imkanlarımız yoxdur. Vüqar Səfərli etiraz edib ki, mən 10.000 manat istəyirəm. Yəni 500 manat azdır. Nədi-nədi, mən yazımda ona «mətbu qəssab» demişəm…

Qəssab niyə təhqir olsun ki? Hamı əti yaxşı qəssabdan almaq istəmirmi evinə? Yaxşı və ədalətli qəssablar cəmiyyətdə xüsusi hörmətə layiq deyillərmi? Elə isə Vüqar Səfərli niyə «mətbu qəssabı» pis tərəfindən anlayıb, başa düşmürəm! Amma… aşağıda yazacağım fakt Vüqar Səfərlinin ədalətinin hansı dərəcədə olduğunu əyani şəkildə göstərir.

Bu Vüqar Səfərli, Əli Həsənovun sevimli kadrı, prezidentin müstəqil mətbuata ədalətlə pul bölüşdürəcəyi iddiası ilə vəzifəyə təyin etdiyi KİVDF-nin icraçı direktorunun xırda bir hesablamasına baxın. Mən başqa şeylər demirəm… Hələ kuluarlarda danışılan «şapka» əməliyyatlarından bəhs etmirəm, Zahir Əmənovun «Xural»ın bu sayının 11-ci səhifəsində bəhs etdiyi dəhşətlərdən yazmıram, KİVDF-nin artıq ticarətlə məşğul olduğu mövzusuna toxunmuram, qəzetlərə mövzuları kimlərin və niyə sifariş etdiyi məsələsini gündəmə gətirmirəm – təkcə Vüqar Səfərlinin əhatə dairəsində olan qəzetlərdən üçünün adını və onlara ayrılan məbləği yazmaq və Oxucularımla bölüşmək istəyirəm. Bu, bütün mənzərəni gözlər önünə sərəcək…

Vüqar Səfərli özünün «Mövqe» qəzetinə 40.000 manat, onun olduğu söylənilən «Futbol+qol» qəzetinə 30.000 manat, ona yaxın olduğu bildirilən «Oxu məni» qəzetinə isə 10.000 manat ayırıb. Bunların cəmi 70.000 manat edir və əminliklə demək olar ki, «Mövqe» qəzet deyil, «Futbol+qol»un ciddi ictimai-siyasi mətbuata dəxli yoxdur, «Oxu məni»ni isə ciddi qəzet sayanlar yalnız Vüqar Səfərlinin yaxın ətrafına daxil olanlardır.

Sən nə idüyü bəlli olmayan qəzet makulaturasına 70.000 manat ver, bizdən 10.000 tələb et! Bunun adı elə tam mən yazdığımdır – «mətbu qəssablıq». Özü də Vüqar Səfərlinin başa düşdüyü mənada…
Bu da Vüqar Səfərlinin ədaləti…

Mesajlarda totalitarizm…

Ramiz Mehdiyevin adının keçdiyi sənədlər də Azərbaycan məmurlarının yuxularını ərşə çəkir. Mən bu məhkəmə prosesində və ondan sonra yaşananlarda bunun şahidi oldum. Fikrət Məmmədov bütün ədliyyə sistemini bir qəzetin üzərinə töküb. Borcu olan, məhkəmələrin cəza kəsdiyi qəzetlərin sayı-hesabı yoxdur. Kimsəyə bir şey demirlər, əksinə, onların çoxunun cəzalarını götürürlər, əfv edirlər, onlara maliyyə yardımları ayırırlar. «Xural»a yox… «Xural»a cəza ardınca cəza verirlər. Bu da bizim nə qədər prinsipial və yolumuzda olduğumuzu göstərir. Yandaş medialarına milyonlar ayırırlar, «Xural»ın 10.000 manatına göz dikiblər…

Ramiz Mehdiyevin 10.000 manatı icraya yönəltməsindən sonra hökumətin bəzi məmurları mənə mesaj yazdılar və onunla barışmadığımız müddətcə mənimlə münasibətlərini kəsdiklərini bildirdilər. Ölkəni dəhşətli bir mühitə salıblar. Sən burada yazı yazırsan, hansısa bir məmur sənə mesaj yazır ki, «bizim hamımızın sevdiyimiz Ramiz Mehdiyevi» tənqid etdiyinə görə, səninlə daha dost deyilik. Mən onların artıqlaması ilə cavablarını yazdım – heç kimlə dost olmadığımı və dostluqlarına ehtiyacım olmadığını üzərinə basaraq vurğuladım. Mehdiyevlə də münasibətləri normallaşdırmaq üçün təşəbbüslər göstərirəm. Ancaq bunlar ölkəni elə bir totalitar mühitə soxublar ki, yeni Palik Morozovlar yetişir. Hamısı da prezidenti yox, Ramiz Mehdiyevi «sevirlər» bunların nə hikmətdisə…

Oxucular ötən yazımda bəhs etdiyim müqavimət yolları haqqında öz fikir və rəylərini bildirir, bəziləri hətta öz aralarında pul toplayıb əgər Ramiz Mehdiyev cənabları bizdən tələb elərsə pulu ödəməyi təklif edirlər. Bunun üçün artıq redaksiyada üzərinə «Ramiz Mehdiyevə yardım» yazılmış şüşə bankalarımız hazırlanıb və göndərilən həmin 50 manat o şüşənin içinə salınıb. Sadəcə, Ali Məhkəmənin göndərişinə görə fevralın 18-də Ramiz Mehdiyevin işə üzrə məhkəmə olacaq. O məhkəmənin nəticəsinə görə pul ödənilməsi məsələsi qüvvəyə minəcək. O zamana qədər hörmətli Ramiz Mehdiyevlə münasibətləri yoluna qoymasaq, 10.000 manat icraya yönələcək. Mən isə ümidliyəm ki, həm hörmətli Nüşabə Ələsgərli, həm hörmətli Ağabəy Əsgərov, həm də hörmətli Ramiz Mehdiyev «Xural»a kəsilən cərimələrdən imtina edəcək. Elə hörmətli Vüqar Səfərli də…

Bu ölkənin barmaqla sayıla biləcək müstəqil nəşrlərindən biri də «Xural»dır. Onu cəriMələtmək yox, ona dəstək vermək lazımdır.

Deyilmi?!

Qamçı vuranların sayını çoxaldın!

Yazını tamam başqa notlarla yekunlaşdırmaq planım vardı. Amma redaksiyanı ziyarət edən, bizə ayda bir uğrayıb çay, kofe, quru süd, qənd və s. gətirən diqqətli bir Oxucunun «işlərin necə gedir, vergilər səni sıxmır ki» sualıma verdiyi cavab düşüncəmi dəyişdirdi.

Çıxışa Oxucudan bir lətifə:

Bir ölkə və onin ədalətsiz bir padşahı varmış. Padşah vergiləri həddindən artıq qaldırıbmış. Günlərin bir günündə etirazların olmadığını görən şah, vergilərin 2 dəfə qaldırılmasını əmr edir. Əmr dərhal yerinə yetirilir. Günlər keçir… Şah yenə heç bir etirazın olmadığını görür. Əmr edir ki, bu dəfə vergilər 4 dəfə qaldırılsın. Əmr yenə dərhal yerinə yetirilir. Yenə günlər keçir… və şah görür ki, heç kim heç nəyə etiraz etmir. Şahı maraq bürüyür və əmr edir ki, hər gün bazara girib-çıxana 10 şallaq vurulsun. Əmr anındaca yerinə yetirilir. Allah, Allah, Şah heyrətdən donur. Yenə etiraz yoxdur. Yenə ölkəboyu səssizlik hakim olub hər yerə. Bu dəfə Şah dözə bilmir və özü rəiyyətin arasına çıxır. Gözləri ilə görmək istəyir ki, nələr baş verir.

Bir az ziyarətdən sonra dəstə ilə söhbətləşən topluya yaxınlaşır və soruşur:

– Bir etirazınız-filan yoxdur? Nə şikayətiniz var?

Toplunun içindən bir qoca çıxır və Şah nəhayət, bir etiraz edənin olacağını düşünərək sevinir. Qoca deyir:

– Şah sağ olsun, heç bir etirazımız yoxdur. Hər şey yolundadır və sizin sayənizdə daxili və xarici siyasətimizdən nigaran deyilik. Sadəcə, yeni əmrinizə görə bizə hər gün 10 şallaq vururlar. Buna görə də şallaq vurulan yerlərin qarşısında uzun-uzun növbələr dayanır. Sizdən xahiş edirik, şallaqvuranların sayını artırın!

Gələn sayda:

Gələn yazım «Analoqu olmayan Azərbaycan» olacaq…

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

 

Əlaqəli məqalələr

2 şərh

  1. Hörmətli Xural qəzetinin baş redaktoru!
    Mən artıq uzun illərdir ki,siyasi-publisistik mövzularda kitablar yazır və bu istiqamətdə tədqiqatlar aparıram.Əgər xatırlayırsınızsa bu tədqiqatlarımdan bir-neçəsini daha dəqiq desəm “Kreml liderlərinin psixoqramması”,”M.C.Bağırov ,Açilmamış səhifələr”,”Siyasilərin psixoloji portretləri “ kitablarım ictimayyətdə böyük əks-sədaya səbəb olmuşdur..Onuda qeyd etmək istəyirəm ki, ”Siyasilərin psixoloji portretləri “kitabımda Sizin şəxsiyyətinizə qarşı haqsız aparılan siyasəti ittiham etmiş və bu səbatsızları ifşa etmişəm.
    Hörmətli dostum!
    Xüsusən sizin qəzetin fırıldaqçilara qarşı apardığı mübarizə bir çox ziyalılarımız kimi Mənim və rəhbərlik etdiyim təşkilatımın bütün üzvüləri tərəfindən də böyük rəğbətlə qarşilanibdır. .Ancaq görünür ki,yanımızda olan insanlarıda hecdə yaxşı tanımırıq. .O, cümlədəndə Xaliq Bəşəri..Belə ki,Xaliq Bəşər Mənim müəlifi olduğum “Siyasilərin psixoloji portretləri”(2000-ci il) və “Baş tutmamış çevriliş”(2003 -cü il) kitablarimin fotosürətini çıxararaq 2009 -cu ildə yeni adla “Diktatorların bilinmıyın sirlərii” kimi öz adına çıxarmışdır.Təsəvvür edin ki”Diktatorların bilinmıyın sirlərii” kimi təqdim olunan kitabın 253 səhifəsi mənim kitablarimin fotosürətidir..Öz-özlüyümdə fikirləşdim ki,bu plagiatı iffşa etmək üçün Sizə müraciət etməyib,kimə müraciət edim. Ağsaqqal müdrüklüyünüzə sığınaraq, bu özbaşnalığa və harınlığına son qoymaqda Mənə yardımçı olacağınızdan tam əmin olduğum ücün məhz Sizə müraciət edirəm!

    Bakı –Seul körpüsü” ictimai birliyinin sədri
    Azərbaycan yazıçılar birliyinin üzvü
    tədqiqatcı –yazıçı Adıgözəl Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button