Salyan və Sabirabada korrupsiya tüğyan edir

Məmurlar hər 250 manata görə zərərçəkmişlərdən 50 manat rüşvət yığıblar

 “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri 2010- cu ilin yazında baş verən Kür daşqınlarından ötən 16 ay ərzində daşqın bölgəsində son vəziyyət, görülən işlər və mövcud problemlərlə tanış olmaq üçün Salyana səfər ediblər. Səfərin gerçəkləşməsi səbəblərindən biri də daşqın təsirinə məruz qalan yerli sakinlərin son zamanlar Qərargaha ünvanlanan çoxsaylı müraciətləri əsasında olub.

Qərargahın üzvləri öncə Salyanın Qaraçala kəndində olublar. Kür çayının sahillərində yerləşən kənddə Qərargah üzvləri 2010-cu ilin yazında baş verən daşqınlar zamanı qrunt sularının təsirinə məruz qalmış bir sıra evlərə baxış keçiriblər, yerli sakinlərlə müzakirələr aparıblar. Məlum olub ki, sakinləri narahat edən əsas məsələ Nazirlər Kabinetinin 197 saylı 09 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq zərərçəkənlərin müvafiq kompensasiya ilə təmin olunmamaları, eləcə də yaşayış üçün yararsız vəziyyətə düşən evlərdə indiyə qədər təmir-tikinti işlərinin aparılmamasıdır. Bununla bağlı müxtəlif orqanlara müraciət etdiklərini bildirən sakinlər problemlərinin hələ də həll olunmadığını, dövlət yardımından kənarda qaldıqlarını qeyd ediblər.

Qərargah üzvləri daha sonra Salyanın Pambıqlı və Kərimbəyli kəndində olublar. Oxşar problemi sözügedən kəndlərdə də müşahidə edən Qərargah üzvlərinə yerli sakinlər bildiriblər ki, onlara problemlərinin həlli ilə bağlı hələ ki, yalnız vəd verilib. Hüquqlarının müdafiəsi ilə bağlı bəzən yerli İcra nümayəndəliyinin onlara adicə yaşayış yerindən arayış vermədiyini bildirən yerli sakinlər “Kür” Qərargahından müvafiq addımların atılmasını xahiş ediblər.

Növbəti görüş isə Sabirabad rayonunun Balahəşimxanlı kənd sakinləri ilə olub. Kənddə insanları narahat edən əsas problem yaşayış üçün yararsız olan evlərin tikintisi və kompensasiyaların verilməsi zamanı sakinlər arasında ayrı-seçkiliyə yol verilməsi və rüşvət alınması olub. Əsasən yerli icra strukturları tərəfindən həyata keçirilən bu neqativ və qanunsuz hərəkətlər barədə lazımi ölçü götürülməsi xahişi ilə sakinlər “Kür” Qərargahına müraciət ediblər. Balahəşimxanlı kəndinin sakinləri onu da bildiriblər ki, Nazirlər Kabinetinin 04 mart 2011- ci il tarixli sərəncamı ilə əkin sahələrinin hər hektarı üçün 250 manat dövlət vəsaitinin verilməsi zamanı da korrupsiya faktları olub. Belə ki, onlara pul verilən zaman hər hektar üçün 250 manata qol çəksələr də, cəmi 200 manat pul alıblar.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button