Şamaxı sakini müqaviləsi bitməmiş işdən çıxarıldığını deyir

Yayımlandı: 18 İyun 2024 16:06

“Yaşlı vaxtımda məni çörəklə imtahana çəkirlər”

Şamaxı rayon sakini, “Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” Müstəqil Həmkarlar Birliyinin Şamaxı rayon şöbəsinin sədri Tapdıq Manafov müqavilə müddəti bitmədiyi halda işdən uzaqlaşdırıldığını deyir.

Meydan TV-yə müraciət edən Manafov işdən uzaqlaşdırılmasını ictimi fəaliyyəti ilə əlaqələndirir.

“2019-cu ilin oktyabrın 5-də beş illik müqavilə əsasında DOST Agentliyinin Şamaxı rayon şöbəsinin vasitəsilə rayonda kommunal təsərrüfat işlərində işlə təmin edildim. Bu ilin mayın 14-də xəstə olduğum, xəstəlik vərəqəsi təqdim etdiyim halda müqaviləmə xitam verilib. Halbuki müqavilənin müddətinin bitməsinə aylar var”,-şikayətçi deyib.

Tapdıq Manafov. Foto: Meydan TV

Bildirib ki, yalnız təqaüdlə dolana bilmir, indiyədək 325 manat maaşla xərclərini güclə qarşılaya bilib:

“65 yaşım var, bu yaşımda işləmək məcburiyyətindəyəm, 6 nəfər ailə üzvü dolanmalıdır. Amma yaşlı vaxtımda məni çörəklə imtahana çəkirlər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə etdiyim şikayətlər cavabsız qalıb. Təqaüdlə dolana bilmirəm, fəhləyəm, onu da çox görürlər. Halbuki mənimlə çalışanların çoxu elə mən yaşdadır”.

DOST Agentliyindən Meydan TV-yə məsələni araşdıracaqlarını deyiblər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button