Şamaxılılır İlham Əliyevə “təşəkkür” etdi

Rüşvətə görə həbs olunanlar rüşvət verib azadlığa çıxır!

 Bir qrup Şamaxı rayon sakininin imzası ilə prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və Ədliyyə naziri Fikrət Məmmədova «təşəkkür» məktub ünvanlanıb. Məktubda deyilir:

«Hörmətli cənab prezident, cənab prokuror, cənab nazir! «Çox sağ olun» ki, Şamaxının yüz hektarlarla torpaq sahəsini, yolka meşəsini, «Qız qalası»nın ətrafını, «Təbabət bağı»nı torpaq alverçilərinə qanunsuz yolla satan, milyonlarla pulu mənimsəyən Şamaxı şəhər Bələdiyyəsinin cinayətkar bələdiyyə sədri Mürvət Zeynalovu qandalladınız və tez də azadlığa buraxdınız ki, get, yenidən otur vəzifədə, qalan torpaqları da sat. Buüna görə Şamaxı əlahisi Sizə öz «təşəkkürünü» və «razılığını» bildirir. Mürvət Zeynalov deyir ki, Korrupsiya İdarəsinin məmurları gecə məni aparan kimi qohumlarım bir milyon manat rüşvət çatdırıblar. Ona görə də məni azad etdilər. Şamaxı rayon Məhkəməsinin sədri Təranə xanım isə mən Türkiyədə olanda haqqımda qərar çıxarıb. Çünki onun da haqqı qabaqcadan ödənilmişdi.

Şamaxıda torpaq talanı davam edir: davam edir cinayətlər, davam edir korrupsiya və rüşvətxorluq, davam edir cəzasızlıq. Belə dövlətə «alqış»dan başqa nə düşər?

Cənab prezident! Bil ki, hər şey möhkəmləndikcə, ölümə yaxınlaşır. Buraxma cinayətkarları başlı-başına. Bir gün siz də bunlara görə cavab verməli olacaqsınız. Tarixən belə olub…»

Xatırladaq ki, korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bu il martın 3-də Şamaxı şəhər bələdiyyəsinin sədri Mürvət Zeynalov, Mədrəsə kənd bələdiyyəsinin sədri Fərman Əhmədov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri Mehman Əfəndiyev həbs edilmişdi. İşi Respublika Baş Prokurorluğu araşdırırdı.

Rüşvətxorluğa görə həbs edilən Mürvət Zeynalovun azadlığa çıxması və «cinayətinin sübut olunmaması» ilə bağlı heç bir məlumat verilməyib.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button