Sankt-Peterburq terrorundan kim qazanacaq?

Nəsimi Məmmədli

Müstəqil politoloq

 

Rusiya çətin sınaq qarşısındadır.

Terror dünyanın bir çox yerlərində dinc insanların canını almaqdadır. Harada baş verməsindən asılı olmayaraq terroru pisləyir və insanlığa qarşı ən təhlükəli cinayət hesab edirəm. Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş terror hadisəsini də qınayıram.

Müasir dünyada terrorçuluq yalnız dövlətlərin xüsusi xidmət orqanları tərəfindən deyil, həm də demokratik prinsiplərdən uzaq cəmiyyətlərin sosial-siyasi və ideoloji iradəçiliyindən bəslənir. Dünyanın istənilən yerinə sıçramaq imkanı olan terrorun müxtəlif siyasi nəticələr doğurduğu da sirr deyil.

Terrorun məqsədi ilə nəticəsi arasında heç də həmişə nəzərdə tutulan ehtimallar doğrulmur. Terrordan həm onu törədənin, həm də terrora məruz qalanın yararlanması və zərər görməsi halları mövcuddur. Odur ki, çox zaman terrorun törədildiyi zaman və məkan təhlil edilərkən onun daha çox kimin işinə yaradığı barədə mübahisəli yanaşmalar ortaya çıxır. Terrordan sonra ortaya çıxan prosesləri müşahidə edərkən, qanlı olaydan daha çox kimin faydalandığını və şübhələrin kimin üzərinə getdiyini nəzəri olsa da müəyyən etmək mümkün olur.

Demokratik cəmiyyətlərdə irimiqyaslı terror olayları siyasi nəticə doğura və yerli rejimlərin zəifləməsi ilə nəticələnə bilir. Totalitar və avtoritar rejimlərdə isə hətta kütləvi ölümlər də siyasi nəticə doğurmaya bilir. Terror nəticəsində demokratik rejimlər əsasən zəifləyir, totalitar rejimlər isə daha da güclənə bilir. Bu baxımdan terrorun miqyası və intensivliyi demokratik cəmiyyətlərdə daha geniş və əks-sədalı olur. Terrorun məqsədinə nə dərəcədə çatması adətən dövlətlərin siyasi-hüquqi formasından da asılıdır.

Rusiyada irimiqyaslı terror aktlarının törədilməsi ilk dəfə deyil. Belə terrorlardan sonra adətən Putin hakimiyyətinin xeyli gücləndiyinin şahidi olmuşuq. Terror aktlarından sonra nəinki Rusiyada baş qaldıran milli-etnik münaqişələr tamamilə boğulub, hətta müstəqil medianın, vətəndaş cəmiyyətinin və real siyasi müxalifətin də əl-qolunun bağlanmasında samballı bəhanə rolu oynayıb.

RF-də yaşanan terrorların nəticələrini analiz edərkən ilk qənaət bundan ibarət olur ki, həmişə qazanan tərəf nədənsə hökumətdir. Amma bu qənaətlər heç də o anlama gəlməməlidir ki, terrorun arxasında məhz Rusiyanın xüsusi xidmət orqanları dayanıb. Sadəcə olaraq Rusiya hakimiyyəti, bu teraktlardan maksimum yararlanmağı bacarıb və terrorçuların hədəflədiyi ictimai rəyi öz lehinə dəyişməyə nail olub. Təxminən belə bir nəticəni ortaya qoyublar ki, terroru kim planlaşdırırsa da ondan yalnız dövlət və hakimiyyət qazanacaq.

Bəs indi durum necədir?  Rusiya hakimiyyəti indiki situasiyada cəmiyyətdə öncəki qənaəti yarada biləcəkmi? Əlbəttə ki, hazırda bu sualın cavabı müsbət deyil. Dünyada olduqca ziddiyyətli geosiyasi proseslər cərəyan edir. Dünyanın qloballaşması tendensiyasının qismən arxa plana keçdiyi dövrə qədəm qoymuşuq. ABŞ administrasiyasının tətbiq etməyə çalışdığı yeni xarici siyasət kursu da Avropada, Orta Şərqdə, Rusiyada və Çində regional maraqların və ziddiyyətlərin yeni mərhəyəyə keçməsinə stimul yaradıb. Yaxın dövr üçün ziddiyyətlərin açıq üzə çıxacağı da istisna deyil.

Təsadüfi deyil ki, Rusiya da dünya syasətində ağır çəkisi olan bir oyunçu kimi artıq öz sərhədlərindən uzaqlarda maraq savaşına qalxıb. Bu yanaşmanın cavabsız qalmayacağı istisna deyil. Onu müxtəlif üsullarla durdurmaq, diqqətini daha çox daxili auditoriyaya yönəltmək istəyən beynəlxalq güclərin də arsenalında çox təsirli vasitələr var. Hazırda Rusiya hakimiyyəti öz sərhədləri daxilində istənilən addımı maneəsiz atmaq imkanında olduğu halda, onun belə bir terror aktında maraqlı olduğunu söyləmək doğru olmaz.

Hökumətin belə terrordan faydalanaraq daxili və xarici siyasətində uğur imkanları xeyli tükənib. Rusiya cəmiyyəti indi elə bir həssas sosial-psixoloji dövrünü yaşayır ki, burada hətta ən kiçik qığılcım belə nəhəng siyasi proses doğura bilər. Rusiyanın indiyədək öyündüyü və hakimiyyətin də sığındığı vətənpərvərlik “qalası” artıq cəmiyyətin özü tərəfindən də istehza ilə qarşılanır. Hər tərəfdən sıxılan Rusiya hakimiyyəti daxili və xarici rəqibləri üçün əlverişli hədəf olmağa yaxınlaşır. Rusiya xeyli çətin sınaq qarşısındadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button