Sarkozi İsa Qəmbər və Əli Kərimli ilə görüşəcək?

Fransa prezidentinin Bakıyı gəlişi Azərbaycan iqtidarını ciddi narahat edib

 Fransa prezidenti Nikola Sarkozi (Nicolas Sarkozy) oktyabrın 7-də Azərbaycana rəsmi səfərə gələcək. N.Sarkozinin Cənubi Qafqaza səfəri oktyabrın 6-da başlayacaq. O, əvvəlcə Ermənistana, oktyabrın 7-də isə Azərbaycana və Gürcüstana səfər edəcək.

Cənubi Qafqaza səfəri çərçivəsində Fransa prezidentinin region ölkələrinin liderləri ilə ikitərəfli münasibətlərin inkişafını, regional məsələləri, Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanmasını müzakirə edəcəyi gözlənilir.

Hələlik Sarkozinin Cənubi Qafqaz səfəri ilə bağlı o qədər də geniş bilgilər verilmir. Bununla belə səfər hər üç ölkədə kifayət qədər diqqətlə izlənməkdədir. Onu da əlavə edək ki, Yaxın Şərqdə ərəb inqilablarının əsas memarı kimi Fransanın adı çəkilir. Məhz Fransanın Minsk Qrupunun həmsədr ölkələrindən biri olması da bu səfəri kifayət qədər diqqətçəkən edir. Maraqlıdır ki, səfərdən öncə fransız mediası Azərbaycanda müxalifətə diqqəti bir qədər də artırıb. Hətta iki gün əvvəl Fransanın dövlət televiziyası olan «Frans 2»nin Moskva bürosu müxalifət liderlərindən olan AXCP sədri Əli Kərimli və Müsavat sədri İsa Qəmbərlə görüşləri olub. Fransız mediasının Azərbaycan müxalifətinə olan diqqətinin artmasından sonra dünən maraqlı bir məlumat aldıq.

Diplomatik mənbələrdən «XuralTAC»a daxil olan məlumatlara əsasən, Fransa prezidentinin Bakı səfərində ölkənin aparıcı müxalifət liderləri ilə də görüşləri nəzərdə tutulub. Məlumatda bildirilir ki, səfər prtokolu Azərbaycan tərəfi ilə razılaşdırılarkən rəsmi Bakı müxalifət liderləri ilə görüşlərə etiraz edib. Lakin Fransa protokoldakı görüşlərə əsaslı dəyişilkliklər ediləcəyi təqdirdə səfərin təxirə salınacağını bildirib. Tərəflər arasında aparılan danışıqlardan sonra isə qərara alınıb ki, müxalifətlə görüşlər xüsusi deyil, ümumi xarakterli olsun.

Onu da bildirək ki, Azərbaycan tarixində bu günə qədər elə bir rəsmi dövlət səfəri olmayıb ki, hansısa Avropa dövlətinin başçısı müxalifət liderləri ilə də görüşlərə qatılsın. Maraqlıdır ki, dünən Azərbaycanın bir sıra rəsmi informasiya mənbələri Sarkozinin səfəri ilə bağlı yayımladıqları xəbərlərdə qeyd edirdilər ki, səfər çərçivəsində Cənubi Qafqaz ölkələrinin liderləri ilə müzakirələr aparılacaq. Məlumatlara əsasən bu informasiyaların hazırlanmasında Prezident Administrasiyasının texnologiyasından və vahid mərkəzdənidarəetmə üsulundan yararlanılıb. Yəni PA-dan səfərlə bağlı verilən informasiyalarda bilərəkdən «əl yeri» qoyulub ki, liderlər məsələsində sonradan müxalifət liderləri anlayışını da əlavə etmək mümkün oslun.

Bu məlumatın dəqiqləşdirilməsi üçün apardığımız araşdırmalar zamanı məlum olur ki, əslində bu, səfər proqramına sonradan əlavə edilib.

Onu da əlavə edək ki, son zamanlar bir sıra müxalifət partiyaları rəsmən Fransanın Azərbaycandakı səfirliyinə müraciət edərək Sarkozi ilə görüşmək istədiklərini bildiriblər. Hətta «Qarabağ» Bloku bununla bağlı səfirliyə rəsmi müraciət də edib. Lakin Fransa prezidenti AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə görüşməyə qərar verib.

 Elvin Əfəndi

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button