Şarl Mişel Aİ-nin Azərbaycanla əməkdaşlıq prioritetlərini açıqlayıb

Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Bu barədə Aİ Şurasının prezidenti Şarl Mişel iyulun 18-də Bakıda Azərbaycan prezidenti ilə danışıqları başa çatdıqdan sonra keçirilən mətbuat konfransınd bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin mahiyyəti barədə intensiv və dərin fikir mübadiləsi aparıblar. “Çünki biz arzu edirik ki, əlaqələrimizə əlavə, növbəti təkan verək. Hətta, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa strateji xarakter vermək istəyirik”, deyə Mişel bildirib.

O qeyd edib ki, səfər çərçivəsində Azərbaycanda innovasiya, peyk, həmçinin infrastruktur sahələrində gələcəyə yönələn layihələrlə tanış olub. “Bakı limanında, həmçinin regional miqyasda yeni imkanlar yaratmaq işləri ilə tanış oldum. Biz anlayırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır”, deyə Mişel sözünə davam edib.

İkinci mövzu dekabr ayında keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığına həsr olunacaq Zirvə görüşünə hazırlıqla bağlıdır. “Bizim üçün gözləntiləri müəyyən etmək məqsədilə fikir mübadiləsini aparmaq vacibdir. Hər iki tərəfdən həmin Zirvə görüşünə hazırlıq gedir”, deyə Mişel qeyd edib.

O bildirib ki, “Şərq Tərəfdaşlığı” ölkələrinə turnesi Avropa İttifaqının regionda işinin işarəsidir. “Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir”, deyə Mişel bildirib.

Danışıqlar zamanı üçüncü məsələ “Azərbaycan və Ermənistanla bağlı vəziyyət” olub. “Sizə, əslində, təşəkkürümü bildirmək istəyirəm ki, hətta, bu səfərdən öncə, bir neçə həftə əvvəl, bizim regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəfələrlə telefon söhbətimiz oldu. Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu. Bu halda, bir tərəfdən mina xəritələrinin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir. Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq”, deyə Mişel qeyd edib.

“Eyni zamanda, müəyyən həll variantlarına nail olmaq üçün qalan məsələləri də böyük təfərrüatla müzakirə etmək imkanımız oldu”, deyə o əlavə edib.

Avropa İttifaqı müxtəlif məsələlər, xüsusən sərhədlərin delimitasiyası məsələsi üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır.

“Bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq. Sərhədlərin delimitasiyasına gəldikdə, həmçinin mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var. Hesab edirəm ki, bu, mövzu da müzakirə edilməlidir”, deyə Aİ Şurasının rəhbəri bildirib.

Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır.

“Hesab edirik, sülh, dayanıqlı sülh nəzərdə tutur ki, yaxşı razılaşmalar olsun və həyata keçirilsin. Dayanıqlı sülhü rifah, sabitlik və təhlükəsizlik məqsədilə reallığa çevirmək üçün gec-tez müzakirə olunacaq digər məsələlər də var”, deyə Mişel sözünə davam edib.

Nəhayət, tərəflər danışıqlarda “daha geniş geosiyasi vəziyyətlə bağlı bir sıra məsələləri” nəzərdən keçirib. “Biz bir sıra sahədə, xüsusən də ölkənin dünyəvilik sahəsində Azərbaycanın göstərdiyi bəzi səyləri qeyd etdik. Bu mövzuda dünyada bir çox debatlar getməkdədir”, deyə Mişel qeyd edib.

“Avropa İttifaqı dəyərləri demokratiyanı, insan hüquqlarını, azadlıqları dəstəkləyən siyasi layihədir. Lakin bu layihə, həmçinin qarşılıqlı maraq doğuran layihələrə nail olmaq üçün müəyyən sayda tərəfdaşlarla güclü tərəfdaşlığı inkişaf etdirmək istəyir”, deyə Mişel bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button