Brüssel görüşündən sonra Şarl Mişel danışdı

Yayımlandı: 31 Avqust 2022 22:10

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra bəyanat yayıb

“Biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik. Xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq”.

Bu fikirlər Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşlə bağlı bəyanatında əks olunub.

Şarl Mişelin bəyanatında tərəflərin humanitar məsələləri, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə etdikləri vurğulanıb.

“Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib. Razılığa gəlinib ki, sərhədlərin delimitasiyası üzrə komissiyaların növbəti iclası noyabrda Brüsseldə keçirilsin”,-deyə Ş.Mişel qeyd edib.

Bəyanatda hər iki tərəfin xalqlarının əlaqəsi və onların uzunmüddətli davamlı sülhə hazırlığının vacibliyi bildirilib:

“Avropa İttifaqı uzunmüddətli davamlı sülhə dəstəyini daha da gücləndirməyə hazırdır.Həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin proqresini nəzərdən keçirdik. Bütün bu müzakirələrlə yanaşı vurğulamaq istərdim ki, hər iki tərəfin xalqların əlaqəsi və onları uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir”.

Şarl Mişel daha sonra qeyd edib:

“İctimai mesajlar, bu baxımdan belə həssas bir vəziyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə qarşı tərəf tərəfindən dinlənilir və diqqətə alınır. Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq”.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Şarl Mişelin rolunu yüksək qiymətləndirdiklərini bildirib.

“Biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası münasibətlərin normallaşmasına kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”, – deyə Hikmət Hacıyev bildirib.

Ermənistanın Baş naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin bildirdiyinə görə, görüşdə məhbusların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması müzakirə olunub:

“Eyni zamanda, demarkasiya və sərhəd təhlükəsizliyi, regionun blokunun açılması, dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələləri Ermənistan və Azərbaycan, Dağlıq Qarabağ problemləri də müzakirə predmeti olub”.

“Sülh müqaviləsi layihəsinin hazırlanması üçün xarici işlər nazirləri səviyyəsində substantiv danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. Xarici işlər nazirlərinin görüşü bir ay ərzində baş tutacaq”, – deyə İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti qeyd edib.

Tərəflər sonuncu dəfə mayın 22-də görüşüblər.

Görüşdən bir gün sonra Şarl Mişel keçirdiyi mətbuat konfransında deyib ki, müzakirələr zamanı bütün məsələləri nəzərdən keçiriblər.

Elə həmin konfransda Şarl Mişel iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəklərini də bildirmişdi.

22 may təması Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin tərəflərlə bu formatda üçüncü görüşü idi.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button