Saz Tanrının səsidir!

Saz Türkün Ruhani Mahiyyətinin ifadəsidir…

I yazı

Bu gün Azərbaycanın ictimai-siyasi, mədəni, ruhani həyatı çox mürəkkəbdir. Biz həyatımızın bütün sahələrində bu mürəkkəbliyin təsirini hiss edirik. Bu təsirlər də əsasən millətimizin özünə yadlaşması səviyyəsində iz buraxır. Özünə yadlaşmanın ağrılarını isə hər kəs yaşamır. Gələcəkdə yaşanacaq bu cür sorunların məsuliyyətindən sanki bir uzaqlaşma tendensiyası yaranır. Bu gedişata qarşı baxışlar, düşüncələr isə çox müxtəlifdir. Baxışların bu cür müxtəlifliyi heç də inkişaf qanunauyğunluğu demək deyil. Plüralizm “sevinci” altında yad ənənələrin, gələnəklərin müdafiəsi gedir içimizdə. Biz isə Mütləqə İnam Ocağı olaraq yadlıqlara dirəniş yaradırıq və yurdsevər insanlarımızı da dirəniş göstərməyə çağırırıq. Hər bir problemimizə öz açımımızdan yanaşmaqla, milli varlığımızı öz mahiyyətimizdən gələn fikir, düşüncə sistemində dərk etməyə çalışmalıyıq. Yurdumuzda vahid milli-ruhani meyar formalaşmasa, dirənişi ümumxalq səviyyəsinə qaldırmaq çətindir. Biz millət kimi özümüzü həyatımızın bütün sahələrində tapmalı, özümləşməliyik.

Bu günlərdə bir sıra ziyalılarımız xalqımızın qədim, əzəli dəyəri olan Aşıq sənəti ilə bağlı yaşanan qayğıları dəyərləndirmək üçün Mütləqə İnam Ocağının qonağı olublar. Fikir mübadiləsi aparılaraq Aşıq sənətinin fəlsəfi, ruhani mahiyyəti qiymətləndirilib, Aşıq hadisəsinin incəsənət faktından yüksəkdə durması, habelə Aşıq sənətində şəxsiyyətin formalaşması, eləcə də saz üstə yeni sözün, yeni şeirin yaranması fikirləri səsləndirilib.

Azərbaycan çox böyük görünür…

Ocaq Yükümlüsü Soylu Atalı:

Toxunacağımız məsələ çox önəmli və bizim üçün çox aktualdır. Aşıq sənəti xalqımızın ruhani mahiyyətini ifadə edir. Asif Atanın Azərbaycanı bütöv şəkildə dəyərləndirən, milli gələcəyimizin tarixi zəmini kimi ifadəsini tapan bir Dəyər Sistemi var – “Azərbaycanımız – Azərbaycanlığımız”. Bu sistemin milli şüurumuza aşıladığı tarixi dəyərlərimizin mahiyyəti haqqında geniş danışmadan adlarını vurğulamaq yerinə düşər. Bu dəyərlər Zərdüştçülükdür, Dədə Qorqudluqdur, Babəklikdir, Hürufilikdir, Füzulilikdir, Muğamlıqdır və Sazçılıqdır. Bu xronologiyada hansının adının harada çəkilməsinin elə bir önəmi yoxdur. Bu, bizim Dünyabaxışımıza görə Azərbaycanın Ruhani mahiyyətidir – Azərbaycanın ağlımızda canlanan tarixi obrazıdır. Biz Azərbaycana bugünün gözüylə baxmırıq, İnamın gözüylə baxırıq. İnamın gözüylə baxanda isə Azərbaycan çox böyük görünür və bu böyüklük bizim ürəyimizə işıq salır. Bizim sevgimiz canlanır, nikbinliyimiz oyanır. Əlbəttə, Azərbaycan bu gün təkcə bizim baxışlarımızdan ibarət deyil, onun başqa gerçəklikləri də var. Və bu gerçəkliklərə fərqli baxışlar var. Haqqında söhbət edəcəyimiz sazımıza münasibət də həmin gerçəkliklərdən biridir. Burada biz sazın əsasən fəlsəfi, ruhani mahiyyətindən bəhs edəcəyik. Çünki saz çox az elmidir, o, əsasən ruhani hadisədir. Təəssüf ki, sazımız da bölgəsəl hadisə kimi dərk olunur. Siyasi həyatımızda tayfaçılıq əsasında yaşadığımız kimi, sazımıza münasibət də bölgəçilik tendensiyasına daxil olur. Bu, çox ağır bir haldır – Ruhsuzlaşma fəlakətinin təzahürüdür. Lakin ciddi dərk olunmalıdır ki, saz ümumAzərbaycan hadisəsidir. Əslində, dərindən baxanda saz din kimi bir məsələdir.

Dədə Qorqudun ən azı 3.000 il tarixi var…

Dədə Qorqud bizim ruhani dəyərlərimizdən biridir. Sazımız da Dədə Qorqudun sinəsində dəyər ifadəsini tapıb. Dədə Qorqudluq və Sazlıq vəhdəti var Azərbaycanın mahiyyətində. Dədə Qorqud hadisəsi də dünənki hadisə deyil. Baxmayaraq ki, onu 1300 il bundan öncəki tarixə bağlayırlar. Biz bunu qəbul eləmirik. Dədə Qorqudun ən azı 3 min il tarixi var, bəzi mənbələr hətta bir az qədim götürürlər. Lap üç min il tarixin üzərində yanaşaq. Aşıq işıq sözüylə həmahəngdir deyir Asif Ata. Bəli, Aşığın sinəsində saz bütöv İnsan halını izhar edir, insanın xislətini çalır. Daxili tərbiyə yolu ilə insanın özünü özünə göstərir. Saz haraydır, onun harayları, zəngulələri ayə kimidir. Yol harayıdır saz – Tanrıya qovuşma yoludur. Ona görə mən deyirəm ki, saz din hadisəsidir. Üç min il bundan öncə din yox idi, ibtidai dünyabaxışlar mövcud idi. Ancaq Dədə Qorqud vardı, saz vardı. O saza görə (qolça qopuz) bizim dədəmiz idi Qorqud. Sinəsində Qolça Qopuzu yol göstərirdi, öyüd verirdi, əsillik öyrədirdi bizə. Çağdaş aşıqlarımız Qorqudumuzun varisləri olmalıdır. Aşıq İşıq salmalıdır ürəyimizə, duyğularımıza. Dəyərə olan sevgimizi ayaqda saxlamalıdır.

Saz Tanrının səsidir…

Saz Tanrının səsidir – Ucalıqdan gəlir, ülviyyət gətirir. “Urfan”da saz bizi göylərə qaldırır. İnsan muğamda pillə-pillə qalxır kamilliyə doğru (Asif Ata Muğama “pillə sənəti” deyir), ancaq saz birdən qaldırır, biryolluq qaldırır – tanrıçılıq ülviyyətinə qovuşdurur insanı. Saz bir anda ovsunlayır duyğumuzu – sehrə düşürük, dünyanın gözəlliyini duyuruq. Dünyayla insanın ülvi vəhdətini yaradır saz.

Saz təbiətdə yaranıb, saz yolda yaranıb. Dağları çalır saz – “Dilqəmi”yə qulaq asanda Dağlarla ruhani ünsiyyətimiz başlayır. Təbiət içimizə dolur – təbiətləşirik. Saz restoranda yaranmayıb. Haray həmişə ucalıqlardan gəlib. Və ən əsası, saz bizim bir millət olaraq xarakterimizi çalır. Asif Ata deyir, “Sazda Türkün iki keyfiyyəti birləşir – zərifliklə möhtəşəmlik – bunların vəhdəti”. Türk ata minir Babək olur, Koroğlu olur (“Misri”də bu açıq görünür). Atdan düşəndə Füzuliləşir (“Kərəmi”də olduğu kimi). Bu səbəbdən də saza yalnız bir çalğı aləti kimi baxmaq azdır. Saz yalnız musiqi hadisəsi deyil, onda çox ciddi konseptual məna var. Saz bizə uzaq qədimliyimizin xislətini, ruhani sanbalının sorağını çatdırır. Ancaq bu cür böyük bir dəyərimizə bugünkü münasibət çox aşağı səviyyədədir.

Bundan sonra saza-sözə, folklora içəridən bağlı olan Həmid Ormanlı öz münasibətini bildirdi. Soylu deyir ki, Aşıq sənətini gündəliyimizə gətirməyi Həmid bəy mənə təklif elədi (Göylü Atalı).

Saz türk üçün Quran kimi bir hadisədir…

Həmid Ormanlı:

Mən də hesab edirəm ki, saz türk üçün obrazlı desək, Quran kimi nazil olmuş bir hadisədir. Türkün dövlətçilik tarixi heç vaxt sazsız olmayıb. Sazın öz mənasına bərabər çalındığı dövrlərdə türkün dövlətçiliyi də uca olub. Harada sazın boyu aşağı salınıb, orada türkün dövlətçiliyinin də gücü aşağı olub. Türk atın belində, qılınc dəstində, saz çiynində olanda yenilməz olub. Bu gün bizi atımızdan düşürüblər, sazımızı da müxtəlif səpkidə təbliğatlarla aşağılayırlar, adiləşdirirlər. Aşıq sənətinin möhtəşəm bir sistemi olub. Ustad-şagird münasibətləri ayrıca bir mədəniyyət sistemidir. Şagird ustadından təkcə saz ifaçılığı öyrənmirdi, həm də mərifət öyrənirdi, kamal öyrənirdi. Ustad Ələsgər təsadüfi demirdi ki:

Aşıq olub tərki-Vətən olanın,
Əzəl başdan pür kamalı gərəkdir…

Aşıq gərək elə-obaya həqiqətdən qandıra, mərifətdən qandıra. Yəni aşıq olmağın mərtəbəsi çox ucadır. Və bunun üçün ustad tərəfindən aşıqlıq pilləsinə qədəm qoyanın qarşısında çox yüksək tələblər qoyulurdu ki, bu da o münasibətlərdə öz əksini tapırdı. İndi bu sistemə qarşı elə bil əllər uzanıb, tam şəkildə pozmağa çalışırlar. Bu gün Türk Dünyamızın ayrı-ayrı problemləri, necə deyərlər, uçuğu-söküyü var. Aşıq-saz hadisəsi öz mənasına uyğun yaşadılarsa, hansısa mənəvi problemlərimiz yoluna qoyular qənaətindəyəm.

Saz bütöv bir türk hadisəsidir…

Abil Ulusoy:

Soylu bəy bayaq qeyd elədi ki, sazımızı da elə bil bölgələrə bölüblər. Əslində isə saz bütöv bir türk hadisəsidir. Bu gün Azərbaycanda ayrı-ayrı sahələrdə türk adına heç nə yaranmır. Şəriksiz türk dəyəri olan sazın özündə də türk adına, ruhuna uyğun hansısa ciddi bir inkişafın şahidi deyilik. Getdikcə bu dəyərimiz də öz mənasından uzaqlaşır, restoranlaşır. Dədə Qorqudda saz ağsaqqallıq ifadə edirdisə, bu gün əksəriyyətin sinəsində saz yüngüllüyün dəblərini ifadə eləyir. Adətən biz dəyərlərimizə qarşı yönələn əlləri kənardan axtarırıq. Mənə elə gəlir ki, saz məsələsində zərbə bizə içəridən dəyir. Asif Atanın belə bir qiyməti vardı ki, “sənətkarın təbii hissi, təbii ağlı, təbii sənəti olmalıdır”. Təəssüf ki, biz ifaçılıq görürük, ancaq bu keyfiyyətləri görmürük sənət mühitində. Fəxri adların arxasında gizlənmələr var, mükafatlara can atmalar var. Belə olan halda sənəti sənət səviyyəsinə qaldıran şəxsiyyət yetişmir. Ona görə də dəyər öz mənasından uzaqlaşır. Mən düşünürəm ki, geniş auditoriyalar qarşısında çıxış edən sənətkarların istər ifaçılığında, istər halında xalqın böyük dərdi, kədəri ifadə olunmursa, şəxsiyyətlə sənətin birliyindən danışmaq xeyli çətinləşir. Bayağılığın aradan qalxması üçün Dərin Sənət yaranmalıdır. Xalqa bunun harayını çəkən insanlar qabağa durmalıdır.

Sazımız ruhani hadisədir…

Soylu Atalı:

Əslində, Azərbaycanın ən böyük problemi onun parçalanmış durumudur. Biz parçalanmış xalq olduğumuza görə, daxili problemlərimiz azalmır, artır. Ola bilər ki, söhbətin bu hissəsini kimlərsə siyasi məsələ kimi qarşılasınlar. Əslində, siyasi məsələ deyil. Ümumiyyətlə, bizim dərdlərimiz siyasi dərd deyil, mənəvi-ruhani dərddir. Sazımız, ümumiyyətlə, ruhani hadisədir, bu hadisənin xalq ruhuna uyğun yaşamaması xalqımızın parçalanmışlığından doğan problemlərin tərkib hissəsidir. Buna siyasi problem kimi baxmaq olmaz. Bizim ən böyük parçamız da Güney Azərbaycandır – Aşıqlığın əzəli vətəni. İndi bu parçamızda milliliyi ifadə eləyən yeganə dəyər sazdır. Lap elə Borçalıda xalqın ruhunu yaşadan ikinci bir milli dəyər nədir ki?! Ona görə sazı xalqdan uzaqlaşdırmaq böyük günahdır. Sazın bu qədər televiziyalaşması, şoulaşması onun inkişafı demək deyil. Çoxlu saz çalanlar ordusu da yarana bilər, ancaq bu, hələ xalq ruhunun ifadəsi deyil, sadəcə saz çalma dəbləşir. Dəbləşdirmək olmaz dəyəri. Dəbləşən nə varsa, adiləşir. Heç kəsin saz çalmasının əleyhinə deyilik. Ancaq sazı efirlərdə öz balaca şöhrətinin oyuncağına çevirmək – dediyimiz kimi, qəbahətdir. Ustadlıq ənənəsi yaşamasa, saz ölə bilər. Dədə Qorquddan sonra hərtərəfli aşıqlaşan – işıqlaşan ustadlara dədə dedik – Dədə Ələsgər, Dədə Şəmşir, Dədə Hüseyn… Yüngülləşənlər, şöhrət azarına tutulanlar dədələşə bilməz.

Saz milli səngərdir…

Ağşın Ağkəmərli:

Mən bir az məsələyə başqa tərəfdən yanaşmaq istəyirəm. Həm də mən Quzey Azərbaycanda saza münasibətlə Güney Azərbaycandakı münasibətin fərqli olduğunu düşünürəm. Türkün kimliyini ifadə eləyən saz təkcə Güney Azərbaycanda deyil, bütün İran ərazisində səpələnmiş durumda olan azərbaycanlıları bir araya gətirir, haradasa bir milli səngər rolu oynayır. Həmçinin oradakı kaşqariləri türklüyünə qaytaran sazdır. Bu gün İraqdakı türkmənləri bizə bağlayan, onlara türklüyünü tanıdan yenə də sazdır. Bu gün Güney Azərbaycanda saza üz tutmaq, onu qorumaq – öz müqəddəsliyini qorumaqdır. Sazı qorumaq səngərdə durmaq kimidir, öz türklüyünü yaşatmaq kimidir. Mən də o fikirdəyəm ki, saz təkcə bir incəsənət hadisəsi kimi yaranmayıb, türk təbiətinin, halının ifadəsi kimi yaranıb. Şah İsmayılın dövlətçiliyində yaxşı məqamlardan biri də o idi ki, o, sazı təkrar bizə qaytardı. Qoymadı saza yadlaşaq. Aşıq Qurbani, Xəstə Qasım o qayıdışın fonunda milli ruhu sazlaşdıra bildilər. Saz ruhunun yaşaması təzədən doğuluş idi. Bizim dilimiz nə qədər əhəmiyyətlidirsə, birliyimizi ifadə eləyirsə, musiqilərimizin başında gələn saz da bir o qədər bizim varlığımızı ortaya qoyur. Ancaq onun necə yaşaması, necə qorunması başqa məsələdir.

Həmid Ormanlı:
Mən o fikirlə razıyam ki, Güney Azərbaycanda dilə yasaq qoyulduğu, məktəblərin olmadığı bir şəraitdə milli kimliyi qoruyan hadisə doğrudan da sazdır. Təsadüfi deyil ki, son vaxtlar İranda 10-15 aşığı həbs elədilər.

Saz xalqın yatmış ruhudur…

Ağşın Ağkəmərli:

Çünki saz xalqın yatmış ruhuna işıq tutur. Kimliyimiz üzərinə süni çəkilmiş pərdəni hardasa qaldıra bilir. Bu saat orada saz bizim yeganə varolma məktəbimizdir. Güney Azərbaycanda milli məktəbin olmaması ucbatından şüurlu bir ata öz uşağını dərhal saz öyrənməyə yönəldir. Çünki başa düşür ki, öz kimliyini öyrənib dərk eləmək üçün indi sazdan başqa elə bir imkan, şərait heç yoxdur. Təsadüfi deyil ki, Azərbaycandan uzaqda olan Savə türklərini bizə bağlayan sazdır.

Həmid Ormanlı:
Bütün bunlarla yanaşı, bir şeyi əlavə eləmək istəyirəm ki, Aşıq sənətində şəxsiyyət amili diqqətdən kənarda qalmamalıdır. Aşıq sənəti haqqında, saz haqqında çox danışılır. Hətta dövri mətbuatda fındıq kimi bir-birinə oxşayan o qədər yazılar gedir ki. Ancaq bunların hamısı böyük həqiqətdən kənarda baş verir. Aşıq gərək sinəsində sazı türkün vüqarı kimi dərk eləsin. Aşıq gələndə xan ayağa durardı. Çünki aşıq el faktıdır. Bayatılarımızda təsadüfi deyilmir:

Məclisə aşıq gəlir,
Elə yaraşıq gəlir…

Saz igidlik hadisəsidir…

Sonu gələn sayımızda

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button