Seçkidən sonra bəzi sabiqlər və nazirlər həbs edilə bilər

Son günlər sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov, sabiq nəqliyyat naziri Ziya Məmmədov və sabiq vergilər naziri Fazil Məmmədov yenidən medianın gündəminə gəlib.

24saat.org xəbər verir ki, hər üç şəxsin nazir olduqları dövrdə törətdikləri qanunsuzluqlar təkrar-təkrar xatırladılır. Hətta prezidentliyə namizədlərin də çıxışlarında bu mövzuya geniş yer ayırdığı müşahidə olunur. Konkret olaraq Hafiz Hacıyev çıxışlarında Ziya Məmmədovu dövlət çevrilişinə cəhddə ittiham edir. Onun gah Rusiyaya 30 milyon dollar ötürərək Vladimir Putindən prezident olmasına yardım göstərməyi rica etməsi, gah da oğlu Anar Məmmədovun ABŞ-ın siyasi dairələri ilə keçirdiyi görüşlərdə atasının daha yaxşı prezident ola biləcəyi barədə fikirlər səsləndirdiyi barədə iddialar səsləndirilir.

Buna oxşar ittihamlar Fazil Məmmədovun barəsində də səsləndirilir. Onun ölkədən külli miqdarda pul çıxararaq sabotaja cəhd etdiyi iddia olunur.

Eldar Mahmudova gəlincə, onun dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar hələ “MTN işi”nin ilk günlərində dövriyyəyə buraxılmışdı. Hətta onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi bildirilirdi. Lakin bu iddiaların heç biri nə rəsmi şəkildə təsdiqlənib, nə də təkzib də olunub. Görünür, ictimai rəyi qeyri-müəyyənlikdə saxlamaq kimlərinsə marağındadır. .

Bəs səbəb nədir? Sabiqlərin yenidən gündəmə gətirilməsi və hakimiyyətin prosesi sükutla izləməsi belə mülahizələrə yol açıb ki, aprelin 11-də keçirilən prezident seçkisindən sonra gözlənilən islahat və dəyişikliklər paketində onlara da rol verilməsi ola bilər. Amma təbii ki, bu rol müsbət çalarda olmayacaq. Hakimiyyətə islahatlara başlamaq üçün qığılcım lazımdır. Bu qığılcım isə vaxtilə daha çox narazılıq yaradan sabiqlərin cəzalandırılması ola bilər. Ziya Məmmədov, Eldar Mahmudov və Fazil Məmmədov işdən çıxarılsalar da, onların hələ də bu və ya digər formada proseslərə təsir imkanları qalır.

Digər tərəfdən bu üç nazir o qədər irimiqyaslı və ciddi narazılıq yaradan qanunsuzluqlara yol verib ki, cəmiyyət onların cəza olaraq yalnız işdən çıxarılması ilə barışmaq istəmir. Təsadüfi deyil ki, hər dəfə Ziya Məmmədov gündəmə gələndə “nəqliyyat qoçuları”nın əməlləri, Fazi Məmmədov adı çəkiləndə sahibkarlara qan uddurulması, Eldar Mahmudovda danışalanda isə milli təhlükəsizliyi qorumalı olan bir qurumu korporativ maraqları naminə cəza aparatına çevirməsi, əhalinin bütün təbəqələrində vəhşət yaratması önə çəkilir və onların hələ də həbs olunmaması təəssüflə qeyd edilir. Hakimiyyət də bunun fərqində olmamış deyil. Mümkündür ki, hər üç nazir haqqında səsləndirilən iddialar komplektləşdirilərək “dövlət çevrilişi ssenarisi”nə çevrilsin. Bu ssenarinin işə düşməsi nəticəsində isə həm sabiqlər, həm hələ də yüksək vəzifədə olan onlara yaxın şəxslər, həm də artıq iqtidarın maraqlarına cavab verməyən bəzi oliqarxlar sıradan çıxarılsın…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button